Xaos ancaq xaos doğurar

Sual: Son günlərdə Türkiyəni yenə bir xaosa sürükləmək istəyirlər. Bunu necə dəyərləndirirsiniz?

Cavab: Türkiyəni üç yüz ildən bəridir ki, mütəmadi olaraq xaosun içinə çəkmək istəyirlər. Güclü Türkiyə ilə bacara bilməyəcəyini çox yaxşı bilən xarici güclər Anadolu insanını ruh və məna kökündən qopararaq keçmişin o zəngin mirasından uzaqlaşdırıb ona böyük zərbə vurmağa çalışırlar. Buna bənzər intriqa və tələlər yeni deyil. Zamana görə bu plan və bu sui-qəsdlər dəyişir. Dəyişən şərtlər, mövcud şərait, həmin dövrdə rəğbətlə qarşılanan silahlar, rəvac verilən oyunlar və hiylələr... bütün bunlara nisbətdə millətin ruhuna hücum və intriqaların da şəkli və forması dəyişir. Əslində bu intriqa tarixinin başlanğıcı ta səkkiz əsr əvvələ qədər gedib çıxır, ancaq xüsusilə, son üç əsrdə işlədikləri bədxahlıqlar daha çox gözə çarpır.

Əvvəllər təhlükə daha çox xaricdən gəlirdi; Birinci Dünya Müharibəsində, Qurtuluş Savaşında olduğu kimi düşmən məlum idi və düşmənçilik açıq-aşkar aparılırdı. Məsələn, İstanbulu işğal edəndən sonra Şamda Səlahəddinin qəbrinin tapdaq altına düşməsi xəbərini alan İngilis generalı: "Ey Səlahəddin, Səlib yürüşləri hələ yeni bitdi!" deyə məramını bildirir; Osmanlının məğlubiyyətini İslamın sonu, xaçın zəfəri elan edirdi. Dolayısilə, o dövrdə bu millətin qəsdinə duranlar bilinirdi, gizli deyildi. Lakin müəyyən vaxtdan sonra hücumlar daxildən gəlməyə başladı. Nur Müəllifinin sözü ilə: "Əvvəllər təhlükə xaricdən gəlirdi buna görə də müqavimət göstərmək asan idi. İndi təhlükə içdən gəlir. Qurd gövdənin içinə girdi. İndi müqavimət çətinləşdi. Qorxuram ki, cəmiyyətin bünyəsi buna tab gətirə bilməz.. düşməni sezə bilməz. Can damarını qoparan, qanını içən ən böyük düşmənini dost zənn edər". Bəli, artıq "Türk milləti" deyən, "vətən, millət, bayraq" şüarlarını dilindən düşürməyən və hətta "din, iman, Quran" fədaisi kimi ortaya atılan bir çox əliqanlı insana bənzər məxluq var meydanlarda. Bunlar "milli ruh" deyə-deyə millətə quyu qazır, "ruh kökü"ndən dəm vurub millətin kökünü kəsirlər və cəmiyyəti ruhsuzlaşdıraraq, ürəkləri daşlaşdıraraq heç kəsə sezdirmədən ən hiyləgər planlarını həyata keçirirlər.

Əlbəttə, hər kəsi potensial vətən xaini görmək, hər kəsdən şübhələnmək və hətta paranoyyalara girərək "bu ölkə hamımıza yetər" mülahizəsindən tamamilə uzaqlaşmaq yanlışdır; bəli, məsələni belə bir paranoyyaya gətirməmək lazımdır. Lakin nə vaxt ki Türkiyədə işlər yaxşılaşmağa doğru gedir, dərhal təxribatlar səhnəyə qoyulur. Heç unutmuram, hələ altmışıncı-yetmişinci illərdə bir iqtisadiyyat professorundan eşitmişdim. Deyirdi: "Türkiyə nə vaxt ki, azca başını qaldırır, maneləri aşır və bəzi sahələrdə dünya ilə rəqabət səviyyəsinə gəlirsə, kökü xaricdə olan güclər dərhal hərəkətə keçir, daxildəki bir qisim gücləri təhrik edir; qısa zamanda ölkədə terror ab-havası əsdirir və “hər şey əldən getdi” fikrini formalaşdırmağa çalışırlar," deyirdi.

Bu gün heç də dünəndən fərqlənmir. Bəziləri yenə qiyamət ssenariləri yazır və çox qorxunc oyunları səhnəyə qoyurlar. “Hüccətiyə”də və sosioloqların “min il öncülüyü” adlandırdıqları axınlarda olduğu kimi bəziləri Mehdinin, İsa-Məsihin gəlişinə dünyada tarazlığın pozulmasını səbəb göstərir və dünyanı qurtaran şəxsin və ya nizamın gəlməsi üçün qan axmasının vacibliyinə inanırlar. Belələri zülmətdən mədəd umur, nizamın xaosdan doğacağını zənn edir və dolayısilə, düşünürlər ki, yer üzü hərc-mərclə, fitnə-fəsadla dolmalıdır. Əslində bu həzəyandır, cinnətdir. Bu cəfəngiyata inananların ya ehtiras, kin və nifrətdən gözləri kor olub, görmür.. ya da ruhi xəstələrdir, təcili müalicə olunmalıdırlar. Əfsus ki, bu ruhi xəstələr bu gün dünyanın çox yerini qan gölünə çevirdikləri kimi, bizim ölkəmizi də qana bulamaq üçün hər yola əl atırlar. Millət azca belini dikəldib dünyaya səs salmağa başlayınca dərhal hərc-mərclik çıxarmaq istəyənlərin halını nə ağılla, nə məntiqlə, nə insafla, nə milli hislərlə, nə də dini həssaslıqla izah etmək mümkün deyil.

Sual: Bu xaosu necə dəf etmək olar?

Cavab: Bəzi demokratiya kültüründən bixəbər insanlar özləri kimi düşünməyən insanların demokratik haqq və azadlıqdan istifadə etməsini qəbul edə bilmirlər. Üstəlik bunlar dinə məsafəli duran şəxslərdirsə, xalqın dini vəzifələrini yerinə yetirməsini, duyğu və düşüncələrini dilə gətirməsini, özlərini ifadə etməsini heç həzm edə bilmirlər. Dolayısilə, bu duyğularına görə coşub-daşırlar. Əgər ümumi ab-hava istədikləri kimi müdaxiləyə uyğun deyilsə, tezliklə bir çox savaş amili icad edir, əldən gəldiyi qədər təxribat üçün zəmin hazırlayırlar. Qarışıqlıqların, savaşın və anarxiyanın kölgəsində yeni bir fövqəladə vəziyyətə şərait hazırlayır və bu fövqəladəliyi “səfərbər” edərək istədikləri “nizam”ı təsis etmə xəyallarını gerçəkləşdirməyə çalışırlar.

Ancaq bu qədər ağrı-acılı təcrübədən sonra hələ də başa düşmürlər ki, nə coğrafi-fiziki dünyada, nə də ictimai həyatda xaosdan nizam olmaz. Xilqəti inkar edənlər, abiogenezə inananlar, ya da təkamülü qəbul edənlər xaosdan nizama doğru gedildiyini iddia etsələr də, təcrübələr xaosun nizam doğurmadığını göstərir. Təbiətin quruluşu buna zidddir və xaosla yalnız xaos meydana gələ bilər. İctimai həyatda da təxribatla, xalqı təhrik edib küçələrə tökməklə, qan axıtmaqla asayiş əsla təmin etmək olaz. Əksinə, qarışıqlıqdan yalnız qarışıqlıq doğar.

Təəssüf ki, bəziləri bu gerçəyə göz yumub hərc-mərcliyə səbəb olmağa çalışırlar. İnsanların problem və məsələlərini küçələrə, meydanlara çıxarmağa çalışırlar. Cəmiyyəti elə bir fitnəyə salmağa çalışırlar ki, orada ölən nə üçün öldüyünü, öldürən də niyə öldürdüyünü bilməyəcək. Bir qisim şaşmış və zavallı tətikçilər tapıb hazırlayır, vədlərlə ağıllarını başından alıb onları mərhəmətsiz bir qatilə çevirir, bəlkə də narkotik maddələrlə hədəf göstərib ruhlarına terror ab-havasını yeridir, onlardan istifadə edirlər. Sonra da üç-beş sərgərdanı çıxarıb xalqı bir yerə yığır, kütlə psixologiyasından istifadə edib yığınları təhrik edirlər...

Əfsus ki, son üç yüz illik tariximizdə buna dəfələrlə şahid olduq. Bəzi uğursuz yeniçərilərin öz hökmdarlarını taxtdan salmasında, Hafiz Paşa kimi dünya şöhrətli sərdarlarını, nə qədər dövlət xadimini öldürməsində eyni səhnələrə şahid olduq. İndi şahid olduğumuz hadisələr də bir mənada onun davamıdırsa, deməli, eyni azğın planlar dövrə uyğun davam etdirilir. Forma fərqliliyi də xalq "eyni şeylər olur" deməsin deyə eyni anarxiyanın müxtəlif şəkildə təqdimatından başqa bir şey deyil.

Bu xaosun dəf edilməsi üçün "demokratiya, insan haqları" deyənlərin bunlara əvvəla özlərinin inanması lazımdır. Türkiyə Böyük Millət Məclisində ilk dəfə: "Hakimiyyət qeyd-şərtsiz millətindir" deyə dilə gətirilən, bu gün "Suverenlik millətindir" cümləsi ilə vurğulanan xüsus demokratiyadır. Bu söz hakimiyyətin bir qisim gizli güclərin əlindən alınıb millətə verilməsini ifadə edir. Əgər ölkəmizdə demokratiya anlayışı varsa, bu anlayışa görə arzu və istəklər küçədə, bayırda deyil, seçkidə, məclisdə ifadə edilməli, həyata keçirilməlidir. Madam belə, istər rəsmi, istər qeyri-rəsmi hər kəs sözünü seçkidə deməli və demokratik üsluba riayət etməlidir. Öz dəyərlərinin doğru olduğuna inananlar, sui-qəsd və intriqalarla milləti sindirməyə çalışmaq əvəzinə demokratiya əxlaqına görə hərəkət etməli, siyasətlərini ona görə yürütməli, əgər varsa, doğrularını ortaya qoyaraq xalqı razı salmalı və onların aldanmasına meydan verməməlidirlər. Beləcə, hədəflərinə doğru demokratik çərçivədə getməli və millətin sevgisini də qazanmalıdırlar.

Sual: Belə xaosda təxribatlar da olur. Bütün hadisələrin arxasında dindar şəxslər olduğu iddia edilir. Hətta bəziləri sizə “hörmət edən” insanlar olduğunu deyib adınızı da məsələyə qarışdırmaq istəyirlər? Bu mövzuda fikriniz nədir?

Cavab: Dinə və dindara düşmənçilik edən kiçik bir azlıq hər fürsətdə bunu edir. Həm gözdən pərdə asmağa çalışır, həm "palçıq at, izi qalsın" siyasəti aparır, həm də inananlara qarşı kin və nifrətlərini bir daha ortaya qoyurlar. Əslində, bu millət bizim daim nizam-intizamın tərəfində olduğumuza şahiddir. Anadolu insanı nəinki insan qanını tökməyəcəyimizi, hətta qarışqanı əzməyəcəyimizi çox yaxşı bilir. Bizə pislik edənlərə də daim yaxşılıqla cavab verməyə söz verdiyimizi, döyənə əlsiz, söyənə dilsiz və hər zaman könülsüz olduğumuzu dəfələrlə dilə gətirdiyim kimi, hər səhifəsi xalqın gözü qarşısında keçən həyatım da buna dəlildir.

Əvvəllər də danışdığım bir hadisəni, icazənizlə, xatırlatmaq istəyirəm: məscidlərdə vəz verib xütbə oxuduğum illər idi. Bir gün bir yoldaşımız: "Xocam, sizi nə vaxt bu minbərdə görsəm, elə bilirəm, alınınızdan bir güllə dəyəcək, qan içində yıxılacaqsınız, çox qorxuram" demişdi. Sakitcə ona: "Mən bu təhlükəni bilərək və bunu gözləyərək minbərə çıxıram," dedim. O dövrdə də məscid kürsüsündən məni sevənlərə belə demişdim: "Əgər bir gün məni bu kürsüdə öldürsələr, məni bir kənara atın və başınızı aşağı salıb asayişin, əmin-amanlığın nümayəndələri kimi evlərinizə gedin. Əgər səhv bir iş görsəniz, sizə haqqımı halal etmərəm; axirətdə əlim yaxanızda qalsın, Allah hüzurunda sizinlə hesablaşaram!" Bəli, həyatımı, ya da ölümümü deyil, əvvəla millətin səadətini düşündüm və altmış illik həyatımda asayişi pozan bir hərəkətim də olmadı, əmin-amanlığın pozulmaması üçün əlimdən gələn hər şeyi etməyə çalışdım.

Məsələn, Üsküdarda vəz verirdim. Kəşfiyyat nümayəndələri məscid kürsüsünün altına bomba qoyulduğunu bildirdilər. Mən belə bir ölümü şəhidlik sayıram. Lakin məsciddə çaxnaşma olar, insanlar ölər; sonra da xalqı təhrik edib küçəyə tökərlər... kimi düşüncələrlə vəzdən imtina etdim. Müəyyən vaxtdan sonra yenə vəz verməyə başladım, Süleymaniyyə məscidində də eyni sui-qəsdin hazırlanması xəbərini aldım. Xalqın təhlükəsizliyi və asayişin təmini üçün oradakı vəzlərə də son verdim.

Bəli, bizim üslubumuz budur: əlimizdən gəldiyi qədər əmin-amalığın təmsilçisi olduq. Heç vaxt qarışıqlıq və anarxiyaya tərəfdar olmadıq. Bizi dişləyən qarışqanı belə öldürmədik, hər canlının yaşamaq haqqının olduğuna inandıq. Kimsə bizim başqa cür hərəkət edəcəyimizi, başqa cür düşünəcəyimizi, onlar haqqında başqa cür fikirləşdiyimizi zənn edirsə, deməli, onlar müsəlmanı heç tanımırlar. Deməli onlar bir neçə canlı bombaya, bir neçə terroristə görə hökm verirlər. İslamdan nəsibini almayan insanların rəftarları ilə İslamiyyətə həqiqətən könül vermiş insanları qarışdırırlar. Halbuki bilərək terrorla məşğul olanların həqiqi müsəlman olmadığını dəfələrlə ifadə etdim. Cinayətin çox pis günah olduğunu, Qurani-Kərimdə bir insanı öldürməyin bütün insanları öldürməyə bərabər tutulduğunu və din adından cinayət işləyənlərin İslamın nurlu çöhrəsini qaraldığını, heç kəsin də buna haqqı olmadığını dəfələrlə dilə gətirdim. Həmçinin bizim inancımıza görə şəxslər heç kimi cəzalandıra bilməz, cəzalandırma dövlətə, dövlət təşkilatlarına aiddir, bunu da dəfələrlə demişəm. Lakin təəssüf ki, fəsada uymuş bəzi şəxslər bir neçə pis nümunəyə baxaraq bizi də belə görür, belə başa düşür və belə göstərib guya intiqam alırlar.

Sual: Bütün bu mənfiliklər qarşısında bizim vəzifəmiz nədir?

Cavab: Başdan qəbul etməliyik ki, hücum etmək və sancmaq bəzilərinin xarakterinə çevrilib. Nə edək, Alla-taala bizə insanları dişləmək üçün diş, parçalamaq üçün də pəncə verməyib! Elə isə bu əziyyətlərə səbir etməli və dərhal coşub-daşmamalıyıq. Bizim inancımıza görə, eynilə cavab vermək (məsələn, zülm edənə zülm etmək) zalım bir qaydadır; döyənə əlsiz, söyənə dilsiz və qəlbsizlərə qarşı belə könülsüz davranmaq isə məsləyimizin, yolumuzun ən vacib əsaslarındandır.

Bəli, hər kəs öz xarakterinə uyğun sərgiləyir; bəziləri öz xarakterlərinə uyğun ona-buna hücum edərkən və hər qabağına çıxanı sancmağa çalışarkən, bizə də öz xarakterimizə hörmət və nəzih üslubumuzu qorumaq düşür. Üslubumuz bizim namusumuzdur, mənəvi şəxsiyyətimizdir, güzgümüzdür. Biz indiyə qədər həmişə sevgi nəğmələri söylədik; “sevgi” deyib güldük, “sevgi” deyib ağladıq, daim məhəbbət çiçəkləri dərməyə çalışdıq; yalnız nifrətə nifrət etdik, heç kəsə düşmənçilik bəsləmədik və üstəlik qan tökməyə cürət etmədik; küçələrə tökülüb xaos törətməyi vətənə, millətə xəyanət saydıq, əmin-amanlığın tərəfində olduq. İnşaallah bundan sonra da bu üslubumuzu qoruyacaq və qəlbimizi hər kəsi üzünə açacağıq.

Deyilənlərə görə, bəziləri Mövlana Cəlaləddin Rumi həzrətləri haqqında hər şeyi deyir; onu təhqir edirmiş. Bir gün bir nəfər: "Sən inancsızlara belə qucaq açırsan, onların yanına gedirsən; günah işləyənlərə belə "gəl" deyirsən... Dinin izzətini, İslamın şanını iki qəpiklik edirsən," deyə təhqir dolu bir məktub göndərir. Həzrəti Mövlana məktubu oxuyur, təbəssümlə kağızın arxa tərəfini çevirir və bir cümlə yazıb geri göndərir. Həzrəti Mövlana o bir sətirlik cümlədə: "Sən də gəl, sənə də qollarımı açıram!" deyir. Bizim də cavabımız bu olmalı və hər kəs üçün qəlbimizdə bir yer ayırmalıyıq.

Ölkəmizdə sülh və amin-amanlıq istəməyənlər bu könüllülər hərəkatının ən gözəl fəaliyyətlərini belə dinamitləməyə cəhd göstərən və anarxiyaya yelkən açıb millətin əmin-amanlığını pozmaq istəyənlərin şər əməlləri heç cür əskilmirsə, bir çarəmiz var, o da duaya sarılmaq və onları Allaha həvalə etməkdir. Bəzən öz-özümə: "Allahım, ata-babalarına həddini bildirdiyin kimi, bu dövrün Əbu Cəhillərinin, Utbələrinin, Şeybələrinin... də həddini bildir!" deyirəm. Ancaq bu məsələdə belə üslubumu qorumağa çalışır və belə dua edirəm: "Allahım, onların da hidayətini murad edirsənsə, Səndən başqa Hadi yoxdur, hidayət et və onları da insanlıq üfüqünə yüksəlt, qəlblərinə mülayimlik ver; din düşmənçiliyini içlərindən qopar at, vətən-millət sevgisi ilə könüllərinə can ver. Əgər muradın bu deyilsə və onlar da buna layiq deyisə, o zaman həddlərini bildir və bizi onların şərindən qoru".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.