Dar çərçivədə qadın

Qadın daxili aləmi ilə bir şəfqət abidəsidir; şəfqəti də yaradılış və təbiətindən qaynaqlanır. Bu təmiz, zərif təbiət yanlış müdaxilələrlə kirləndirilməmişsə, həmişə şəfqətli olar, şəfqətli danışar, şəfqətlə oturub-durar, ömrünün sonuna qədər insanlara şəfqətlə baxar və hamıya qucaq-qucaq şəfqət bəxş edər.

Hamını şəfqətlə qucaqlayıb hər kəsə şəfqət içirdiyi anda da zərafət və səmimiliyinin təbii iztirabını çəkər. Hər kəsin üstündə yarpaq kimi əsir –… ana-atasının, qardaşlarının, yoldaşlarının və bütün yaxınlarının, əlbəttə ki, yeri gələndə yoldaşının, övladlarının. Həyəcan və sevincini bu əzizləri ilə bölüşəndə qönçə kimi açılar və ətrafa təbəssümlər yağdırar. Ancaq onlarda narahatlığı, kədəri görüncə, bir yarpaq təki saralar, solar və kədərlə inlər. O, daim gözəl, xoş şeylər görmək dilər, xoş şeylərlə qarşılaşmaq istər, ancaq bəzən aradığını tapar, bəzən də ümidləri puça çıxar. Bəzən rüzgar sovurar ətrafını və könül bağladığı nə varsa, yerlə- yeksan edər.  Məhz belə vaxtlarda inləyər və özünə yer tapa bilməz. Ah-fəqanları ilə coşar için-için, göz yaşı ilə dərin nəfəs alar. Bəzən də üfüqündə zühur edən gözəlliklərlə uşaq kimi sevinər və hamıya piyalə-piyalə sevinc paylayar. Ruh üfüqü etibarilə yoldaşını tapan və uşaqları ilə susuzluğunu yatıran bir qadının Cənnət hurilərindən və onun pərvaz etdiyi yuvanın, ailənin, evin də Firdövsdən heç bir fərqi yoxdur.

Hər halda, belə bir cənnətlik qadının kölgəsində şəfqət və nəvazişlə böyüyən uşaqların da ruhani varlıqlardan heç bir fərqi olmayacaqdır… Bəli, belə bir yuvada, ailədə doğulub böyümə xoşbəxtliyi nəsib olan bir şəxs, başı Firdövslərə çatmış kimi yüksəklərin nəşəsi ilə yaşayar və daim ətrafına təbəssümlər bəxş edər.

Belə bir ailədə vücudlar ayrı-ayrı görünsə də, hamıya və hər şeyə hökm edən can birdir. Həmişə qadından fışqırıb bütün yuvanı, ailəni qucaqlayan bu can mənəvi bir ovsun, bir ruh kimi həmişə hamının yanında, başının üstündə özünü hiss etdirər və bir növ onları müəyyən yerlərə istiqamətləndirər. Qeyb aləmlərinə biganə olmayan və ruhunun qapısı açıq mübarək bir qadın ailə içində sanki bir Qütb ulduzudur, yeri sabitdir, həmişə öz yerində durar və öz halqasında dönər, bu sistemin digər üzvləri isə varlıqlarını daim onun ətrafında formalaşdırar və ona bağlılıq içərisində öz məqsədlərinə doğru yürürlər… Bəli, hər kəsin yuva, ailə ilə münasibəti müvəqqəti, məhdud və nisbidir. Qadın isə başqa bir işi olsa da, olmasa da içində şəfqət, mərhəmət, sevgi məcununun coşub-daşan mətbəxi ilə evinin ortasında daim dimdik dayanar və hisslərimizə neçə-neçə gözəl şeylər bişirib təqdim edər..!

Duyğu və düşüncə dünyası ilə sonsuzluğa tam yönəlmiş bir qadın heç bir mürşidin və heç bir müəllimin eşitdirə, hiss etdirə bilmədiyi şeyləri eşitdirər, hiss etdirər ruhumuza… və könüllərimizi zəmanənin soldura bilməyəcəyi, heç kimin silə bilməyəcəyi ən gözəl mənaların ən nəfis naxışları ilə bəzəyər və şüuraltımızda bizi dünyanı fəth etməyə yetən o qədər mükəmməl zənginlik və rəngarəngliklərə qovuşdurar ki!.. Biz belə yetkin və kamil bir qadının qarşısında ruhumuza o biri dünyanın mərhəmət, şəfqət və gözəlliklərinin hər an sızdığını, axdığını hiss edər və daxili aləmimizin dərinliklərində daim axirət aqibətli olmanın sevinci ilə titrəyərik.

Bizə görə, qadın analıq ənginliyi ilə səmalar qədər geniş və göylərdəki ulduzlar qədər hisslərin, düşüncələrin könlündə coşduğu bir hiss və mərhəmət yumağıdır. O həmişə acılı-şirinli taleyinə baş əyən, sevinci və kədəri ilə barışan, sevinci və qəmi ilə iç-içə, qəlbi kinə və nifrətə bağlı olan, hər halı ilə qurmaq və ucaltmaq üçün çalışan və yer üzündə ilahi xilafətin ən saf mayası, bəşəri incəliyin də bir növ əsasıdır. Xüsusən də, inancı və sonsuzluq düşüncəsi ilə qəlbinin qapılarını əbədiyyətə açan xoşbəxt bir qadın maddə ilə mənanın, cisimlə ruhun bitişik aləmi adlandıra biləcəyimiz sehirli bir nöqtədə, təsəvvürlərin, xəyalların fövqündə elə parlaq bir yerə sahibdir ki, bundan başqa ona verə biləcəyimiz ən yüksək rütbələr, səlahiyyətlər belə onun günəş kimi parlayan əsl dəyərinin yanında sönük bir şam kimidir.

Bizim düşüncə və xəyal dünyamızda qadın xilqət hadisəsinin ən mühüm rəngi, bəşəriyyət aləminin ən bərəkətli və sehirli rüknü, evimizdə Cənnət gözəlliyinin qüsursuz bir timsalı, varlıq və sonsuzluğumuzun da ən sağlam təminatıdır: O, yaradılmamışdan əvvəl Adəm Peyğəmbər yalqız, ekoloji sistem ruhsuz, bəşəriyyət müsibətlərə təslim, ailə bir ağacın koğuşu, hər hansı bir canlı və insan da öz ömür lampasının məhbusu idi. Onunla ikinci bir qütb əmələ gəldi və qütblər bir-birinə bağlandı. Varlıq yeni və fərqli bir səslə, bir görünüşlə şərəfləndi.. Yaradılış sonuncu mərhələsinə qədəm qoydu və yalqız insan da bir növə çevrilib kainatın ən mühüm ünsürü oldu… və yoldaşına da yüksək dəyərlər qazandırdı.

Qadın fizioloji və psixoloji cəhətdən fərqli təbiətə malik, ayrı xüsusiyyətlərə sahibdir, ancaq bu, kişinin qadından üstün, ya da qadının kişidən aşağı olduğunu göstərmir. Əgər qadını və kişini havadakı azot və oksigen şəklində təsəvvür etsək, hər ikisi də xüsusi yeri, vəziyyəti etibarilə fövqəladə əhəmiyyətlidir, qiymətlidir və eyni dərəcədə bir-birinə möhtacdır. Havadakı ünsürləri bir-biri ilə müqayisə edərək: "azot daha qiymətlidir", ya da "oksigen daha faydalıdır" mübahisəsi nə qədər mənasız və luzumsuzdursa, qadın ilə kişi haqqında belə müqayisə aparmaq və mübahisə etmək o dərəcədə əbəsdir. Bəli, yaradılış və dünyadakı missiyaları nöqteyi-nəzərindən qadın ilə kişinin bir-birindən heç bir fərqi yoxdur və bir vahidin bir-birinə möhtac iki üzü kimidir. "Zən mərdə, civan pirə, kaman da tirinə möhtac; Əczayi-cahan cümlədən bir-birinə möhtac". Ancaq görəsən, qadın dünyanın hər yerində və həmişə bu dəyəri ilə tanınmışdırmı? Qətiyyən zənn etmirəm, buyurun, mərhum S. Çandan verdiyimiz kiçik iqtibaslar tarixin acılı-ağrılı məqamlarından xəbər verir: "Dünyanın bir hissəsində o (qadın), heç vaxt evlənmə, miras və digər bəşəri hüquqların ən kiçiyinə belə sahib ola bilmədi. Hər hansı bir haqqa sahib olmaq bir tərəfə, o, qasırğadan, ölümdən, ilandan, zəhərdən daha zərərli bir məxluqdur (Vedalarda (Qədim Hind ədəbiyyatında) o, belə təsvir olunur). Başqa bir aspektdən eyni yerdə o, hisslərinin əsiri olan bir məxluq kimi təsəvvür edilir, ona baxılmaması zəruri hesab edilir, baxıb görmək məcburiyyətində qalanda isə, onunla danışılmaması, danışanda isə uzaq dayanılması məsləhət görülür.  (Buda ilə Amenda arasında cərəyan edən söhbətdən görünən təsəvvür və təsvirdə bunlar aşkardır…). Başqa bir coğrafiyada kişi ailənin mütləq hakimi, qızlar isə evlərdə xidmətçi, hətta bəzən ataları tərəfindən satılan bir əsir kimidir. "Əslində onlar belə bir rəftara layiq idilər, çünki qadın Adəmi aldatmış, pis yola çəkmişdi. Buna görə də, o, mütləq lənətli sayılmalı idi... "(Bəzi İsrail mənbələrində qadın haqqında verilən hökm də bu mahiyyətdədir..) Başqa bir dünyada isə onu hətta insan hesab etmirdilər, hətta ona ad vermirdilər; "1", "2", "3" − deyə çağırırdılar, hətta bəzən onunla donuz kimi rəftar edirdilər (Bu ürək bulandırıcı səhnə isə Qədim Çindəndir…). Bir başqa dünyada isə o, uşaq istehsal edən dəzgah və heç bir qiyməti olmayan bir əşya idi (Yunan və Romaya aid bu münasibətin ədəbimizə yaraşmayan əxlaqsız tərəfləri də var). Bu sözlər də məhz bu mədəniyyətin nəhəng filosoflarına aiddir: "Qadın Cəhənnəmin qapısıdır və o, bir … maldır" (Əflatunun düşüncəsi kimi qeyd edilib…). "Qadın yaradılış etibarilə yarım qalmış bir kişidir" (Bu isə Aristotelə aiddir). "Qadın kişilər böyük işlər bacarmasın deyə yaradılıb. O yaradılmasaydı, kişilər ilahlaşa bilərdi" (Siseron). Qadını alçaldan belə yanaşmalar daha sonra da davam etmişdir. VIII Henri dövrünə qədər (1509-1547) qadın Cənnətdə ilk günahın işlədilməsinə səbəb olduğu üçün İncilə əlini vura bilməzdi. Bu atmosferdə belə fikirlər çox yayılmışdı: "Qadın (haşa!) yaradılışda bir xətadır" ("İtirilmiş Cənnət" müəllifi Con Milton). Bir rahibin dilindən çıxan bu sözlər isə tükürpərdicidir: "Əgər qadınlar Axirətdə cinsi hissləriylə dirildiləsi olsalar, qorxuram ki, orada da kişiləri yoldan çıxarsınlar."

Müasir dövrdə də qadını qaralama eyni səviyyədə davam edib: Nitşse: "Qadınla danışanda qırmancı əlinə almaq yadından çıxmasın!" – deyərək bir növ dünyanın düşüncəsinə tərcüman olurdu. Lev Tolstoy evliliklə bağlı xatirə dəftərində: "Evləndiyimə görə çox xoşbəxtəm. Ailə səadəti bir günəş kimi ruhumu işıqlandırır," – deyirdi ki, bu sözlər doğru və yerində deyilmişdir. Ancaq daha sonra qələmə aldığı bir romanda qəhrəmanını: "Aa, qətiyyən evlənmə, yoldaşın yaxşı bir əsər yazmağa mane olar. Hərəkətlərini təzyiq altına alar və səni səviyyəsiz, şəxsiyyətsiz bir məxluqa çevirər. O, bayağı, səviyyəsiz bir varlıq olduğuna görə, ərinin ruhunu da səviyyəsizləşdirmək istəyir" şəklində danışdırıb qadınlar haqqında həqiqi düşüncəsini açıq-aşkar ortaya qoyur.

İslamın meydana çıxdığı ilk vaxtlarda da Ərəbistan yarımadasında−Cahiliyyət dövründə vəziyyət heç də fərqli deyildi; qadının dünyaya gəlməsi də, böyüməsi və böyüdülməsi də, evlənməsi də bütöv bir faciə idi. Qız uşaqları bir tərəfdən ailənin üstündə bir yük kimi qəbul edilir, digər tərəfdən də varlıqları bir utanc vəsiləsi sayılır, bəzi bölgələrdə diri-diri torpağa basdırılırdı. Bütün bəşəriyyətə əbədi var olmanın bəyanları ilə gələn İslam (Bu mövzu ətrafındakı mülahizələrin bir kitab halına gətiriləcəyinə söz verib hələlik burada kəsirik) qadının cəmiyyət tərəfindən qəsb edilmiş hüquqlarını da özünə qaytarıb onu açıq-aşkar qoruyan və bu haqda möhkəm qaydalar qoyan ilk dindir. Quran: "(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır." (Bəqərə 2/228) fərmanı ilə  qeyd-şərtsiz bu həqiqəti vurğulayır və qadını yaradılış planındakı mərtəbəsinə ucaldır. Vida Xütbəsində Bəşəriyyətin İftixarı Rəsulullah (s.ə.s.): "Sizə qadınların hüquqlarını qorumağı və bu xüsusda Allahdan qorxmağı nəsihət edirəm... Qadınlar sizə Allahın əmanətidir" buyurur. Qadının, demək olar ki, bütün dünyada bir əşya kimi alınıb-satıldığı o məsum dövrdə onları ehtirama layiq mərtəbəyə ucaltmaq qadınlıq aləmi üçün mühüm tarixi hadisədir, hətta deyərdim ki, inqilabdır. Quran və Sünnətdə qadının yeri və hüquqları o qədər aydın və dəqiq şəkildə göstərilir ki, onun məhz İslamla əsarətdən xilas olduğunu desək, zənn edirəm ki, mübaliğəli olmaz. Onsuz da, bütün insaf dünyası qadın haqqında belə düşünür.

İslam aləmindəki əksər yazarların istinad etdiyi G. Demombyne yazır: "Quran qadın hüquqları mövzusunda müasir Avropa qanunlarının gətirdiyi əsaslardan daha uyğun əsaslar gətirmişdir". Yenə məşhur tədqiqatçı Stanley Lane Poole isə: "İslamiyyətin qadın hüquqları mövzusunda etdiyi dəyişiklikləri heç bir qanun vəz etməmişdir," – deyərək mühüm bir etirafı dilə gətirmişdir. L. E. Obbaldın da eyni mülahizələri bölüşərək: "Qadınları əsarətdən xilas edib onlara məhrum edildikləri hüquqları geri qaytarmaq ancaq İslamiyyətlə gerçəkləşmişdir," – deməsi qədirşünaslıq ifadəsidir. Bəli, Allah qadını kişiyə yar olaraq yaratdı. Adəm Həvvasız, Həvva da Adəmsiz ola bilməzdi. Bu ilk cütlük həm Yaradanın, həm də varlığın aynası və tərcümanı olmaq kimi mühüm bir missiya ilə vəzifələndirilmişdir…. İki vücud bir ruh kimi idilər və bir həqiqətin iki üzünü təmsil edirdilər. Müəyyən müddət sonra qaba anlayış və alçaldıcı düşüncə bu birliyi pozdu. Onun pozulması ilə də həm ailə düzəni, həm də ictimai nizam-intizam pozuldu.

Əslində İbn Faridin də dediyi kimi, qadının gözəlliyi də, kişinin gözəlliyi də Gözəllər Gözəli Yaradıcının camalının bir parıltısı idi. Bu iki xilqət xariqəsinin biri-birini öz yerində qəbul edib, əl-ələ və çiyin-çiyinə olması, onları olduqları yerdən ayrı bir gözəlliyə aparırdı. Yaradılış planı əsasında tərtib edilmiş çərçivənin xaricindəki fərqli şərhlər və təqdirlər isə onları çirkinləşdirir, kobudlaşdırır… və xüsusən, gözəllik və əndamın ən mənalı tərəfi "mücərrəd hiss" olduğuna görə, Haqq camalının çox səviyyəli bir güzgüsü hesab edilən qadın, bəşəri təbiətinin kəsif rəngləri ilə öz-özünü solğunlaşdırır və hər şeyi cismaniyyətə bağlayaraq o mühüm aynadarlıq vəzifəsini daraldır və bir növ fitnə səbəbkarı kimi qələmə verilirdi ki, onun fitnə adlandırılmasının səbəbi də yəqin ki, bu xüsusi vəziyyətinə görədir. Bəli, qadın öz ucalığının şüurunda olub, öz təbiətinin hüdudları içərisində qaldığı müddətdə varlığın əsasındakı gözəllikləri əks etdirən elə parlaq bir güzgüyə çevriləcəkdir ki, halal (məşru) çərçivəsində ona, doğru baxıb doğru düşünə bilənlər bir həmlədə cismaniyyətlərinin qaranlıqlarından xilas olur, Haqqın gözəlliklərinə tamaşa etmə üfüqünə yüksəlir və könüllərinə: "Afitabi-hüsnü-huban aqibət eylər uful, Ben muhibbi-la-yəzalim "lə uhibbu’l-afilin"* dedirdilər.

* Gözəl üzlərin gözəllik günəşi nə vaxtsa solub gedər. Mən fani gözəlləri deyil, solmayan və sonsuz olan gözəlləri sevirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.