İnsanlıq sevgiyə həsrət gedir
Bu gün insanlıq insanca davranmağı unutmuş kimidir. Varlıq içindəki fərqliliyimizi ifadə etməkdən çox uzağıq. Mələklərə qibtə etdirəcək bir fitrətdə yaradılmağımıza baxmayaraq, xəbis ruhları belə utandıracaq işlər görürük. Kinlə-nifrətlə oturub qalxır, qeyzlə coşur və bir-birimizə həmişə intiqam hisləri ilə baxırıq. Sevgi adına sinələrimiz bomboş, düşmənlik sisi-çəni bürüyüb bütün duyğularımızı və neçə illərdir ki, xəbərsizik sevginin o əfsunkar iqlimindən. Düşüncə dəyirmanımız mütəmadi olaraq şər duyğular üyüdür . Ətrafı yaxıb yıxma, hər şeyi özümüzə bənzətmə və "digəri" dediklərimizi təzyiq altına alma sanki adi hala çevrilib. Çoxumuz ağla-məntiqə baxmayaraq həmişə hislərimizin yönəltdiyi şəkildə yaşayırıq. Ən bariz şüarımız bizim kimi düşünməyənləri əzmə, susdurmadır. Bəzi məsələlərin fərqli həll yolları da ola biləcəyini heç düşünmədən bildiyimizi edir və bu yolda nəçə-neçə təxribatlara səbəb oluruq. Bir-birimizin qəlbinə girərək can dili ilə, könül bəyanı ilə özümüzü ifadə etmə, keçmişdə qalmış dəbdən düşmüş bir məfhuma dönüb...
Eqoistliyimizdən qaynaqlanan bir çox müxalif düşüncə və bunların təmsilçiləri ilə qarşı-qarşıya olmanın böhranları ilə oturub qalxırıq. Tez-tez hiddətlənir, nifrətlə coşur və gücümüz çatsa qalxıb başlarına çıxırıq. Əzə bildiklərimizi əzir, güc çatdıra bilmədiklərimizin şərəfi ilə oynayır, hətta varsa media güc və imkanlarımızla onları yerin dibinə batırır, ölümdən betər hala qoyuruq.
Hal-hazırda bu cür mənfi şeylər qarşısında bütün dünyada eşidilən ya zalımların "hayhuy"u, ya da məzlumların fəğanıdır. Neçə illərdir ki, məzlum, zərər çəkmişlər diyarı bəzi ölkələr davamlı təzyiq altındadır və xalqları da inir-inir inildəyir. Ağıllar kütləşdirilmiş, his və həyəcanlar söndürülmüş, əksər insanlar öz dəyərlərinə qarşı yadlaşdırılmış və hər kəs bir-birinin qurduna döndərilmişdir. Fərqli düşüncə və fərqli anlayışların bir ixtilaf və ayrılıq səbəbi sayıldığı bu cür cəmiyyətlərdə vuran vurana, qıran qırana önü alınmaz mübarizələr çıxarılır, insanlar bir-birinə düşmən edilir. Biri o birinin gözünü çıxarır, canına qıyır; o da bəridəkinin üzərinə canlı bombalar və ya bomba yüklü avtomobillərlə yeriyir. Hər yerdə vəhşiləri utandıracaq vəhşiliklər törədilir...
Çoxlarında insani ruhdan əsər-əlamət qalmamış.. Vicdanlar isə sanki iflic olmuşdur. İradələr zalım planlar arxasında, mərifətullah (Allahı tanıma) rəsədxanası olan zehinlər kirli duyğulara təslim edilmiş, sevginin o dumduru qaynağı olan his dünyası ilan-çayan yuvasına, potensial olaraq Haqqın müşahidəçisi sayılan könül də tamamilə işığı söndürülmüş bir dəhlizə dönmüş və bütün insani sistemlər, yaradılış məqsədlərinə zidd sui-istifadəçiliyin qürbətindədirlər.
Əslində, tarix boyu buna bənzər mənfiliklər həmişə yaşandı, lakin indiki təxribat və şər cərəyanlar, bir az da qloballaşan dünya və inkişaf edən texnologiyanın da təsiri ilə çox fərqli və ürpərdici oldu. Hər gün televiziya və internet ekranlarına, qəzet və məcmuə səhifələrinə baxdıqca dəhşətlə ürpərir və çox vaxt üzümüzü başqa bir yönə çeviririk. Biz gözlərimizi bağlasaq, qulaqlarımızı tıxasaq da qeyri-ixtiyari zehnimizə nüfuz edən bəzi mənfiliklər yenə sinələrimizə bir ox kimi batır, qəlb və ruhumuzda sağalmaz yaralar açır. Bəzən üst-üstə yığılmış dərdləri birdən eşidir, qan və göz yaşı içində qıvranan insanlarla birlikdə qıvranır və yıxılıb yerlə bir olan ümranlarla (mədəniyyətlərə) birlikdə biz də yıxılırıq. Sanki hər yanda xəzan əsir.. quruyub tökülən yarpaqlar kimidir insanlar da.. Mehmet Akifin ifadəsi ilə:
"Xarab ellər, sərilmiş xanümanlar (yuvalar), başsız ümmətlər
Yıxılmış körpülər, çökmüş kanallar, yolçusuz yollar
"Qəza" adı ilə dindaş öldürən biçarə dindaşlar
Kimsəsiz aşiyanlar (ev, yuva), kimsəsiz kəndlər, çökük damlar
Əmək məhrumu günlər, fikiri-fərda bilməz axşamlar!.."
İçimizə axan şeylər bir haraya çevrilir və bir şey edə bilməmənin iztirabı ilə inləməklə kifayətlənirik.
Halbuki, hər kəs və hər şey, bizdən uzadılacaq əl gözləyir, amma çox vaxt laqeydliyimiz və ya acizliyimiz, hissiyatsızlığımız, hərəkətsizliyimiz və fəryadları cavabsız qoyuşumuz qarşısında kədər hissləri ilə bir daha yıxılırıq. Az da olsa bunları eşidib hiss edənlər də var, amma onlar da gücsüz və imkansızdırlar. Ona görə, olanları gördükcə ölüb ölüb dirilir, duyğularını, Suzinin:
"Yağmır yağışlar, bitmir lalə
Görən bu halımız beləmi qala
Rəhmət dəryasından gələn bu ilə
Vaxtlarda əsən yellər pərişan!.."
nəğmələri ilə səsləndirirlər.
Bütün bunlar qarşısında insan sarsılır və "Deməli, artıq hər kəs belə bir-birini yeyəcək.. hər tərəfə çaxnaşma düşəcək.. heç kim heç kimi ürəkdən sevməyəcək.. insanlar bir-birini düşünməyəcək.. zərər çəkmişə kimsə əl uzatmayacaq.. məzlumun başı oxşanılmayacaq.. fərdlər bir-birinə qucaq açmayacaq.. heç harda əmin-amanlıq olmayacaq.. dünyanın taleyinə qan düşünən, qan danışan, qan tökən qanlı dəlilər hakim olacaq.. və dünya yenidən tiranlar çağına dönəcək.." demək istəyir. Bu belə davam edə bilməz. Belə davam etməsi, insanlığın və insani dəyərlərin ölümü deməkdir.
Elə isə gəlin, yolayrıcında olduğumuz bu günlərdə bir daha Yunusların, Mövlanaların səs və nəfəsində sədalanan bu ümumbəşəri, ilahi çağrılara qulaq asaraq qəlbdən, səmimiyyətlə "sevgi" və "qardaşlıq" deyək.! Gəlin, insan olma fərqliliyini, incəlik və rəngarəngliyi ilə bir daha bütün dünyaya göstərək.! Gəlin, kin-küdürətin, nifrətin dünyanın çöhrəsini qaraltdığı bu günlərdə bütün səmimiyyətimizlə könüldən bir daha sevgi və dialoq deyək.! Gəlin, vicdanlarımızı ilahi rəhmətin vüsətinə görə bir genişliyə yüksəldərək hər kəsə qəlblərimizin qapılarını taybatay açaq.! Gəlin, özümüzü qurumağa, yox olmağa məhkum bir damla kimi görməkdən sıyrılaraq şəlalələrlə bütünləşib dərya olmağa çalışaq.! Madam ki, hamımız insanıq, genlərimizdə Adəm Nəbinin (ə.s.) genləri və məna kökümüzdə də Həqiqəti-Əhmədiyənin toxumu var deməkdir. Elə isə gəlin, bütün şeytani təhriklərə baş qaldıraraq yer üzünün xəlifəsi olduğumuzu və göylərə çıxmağa namizəd olduğumuzu dünyaları vəlvələyə verəcək bir səslə hayqıraq və insan olma fərqliliyini bir daha mələklərə eşitdirək.! Gəlin, yeridiyimiz yolları genişləndirərək əl-ələ, könül-könülə ancaq Allaha yönələk.
Sızıntı, Mart 2008
- tarixində yaradılmışdır.