Kabuslu illər
Mədət Allahım, mədət, mədət ki çox böhrana düşdük!
Buraxdıq doğru yolu, yolsuzluqlara ilişdik.
Möhtəşəm keçmişimizə və ümidlərimizdə pərvazlanan işıqlı gələcəyimizə arxa çevirərək iddialarla ovunan bir cəmiyyət halına gəldik. Bu məşum (uğursuz) dövrdə hər hansı bir önəmli əsər ərsəyə gətirə bilmədik -elə bir səy etdikmi, onu da Allah bilir-, amma cahanları yenidən, başdan inşa edirmiş kimi bir halımız var. El-aləmin uçaraq keçdiyi yerlərdə yıxıla-dura getdiyimiz açıq-aydındır; gəl gör ki, davamlı Süleyman taxtının varisi olduğumuz iddiasındayıq.. və hələ öz səs və dilimizi təyin edə bilmədiyimiz halda, dünyaya nə isə anlatma arxasındayıq. Çoxumuzun iş və məharət barədə qabiliyyət və zaman burulğanına düşənlərdən olduğumuza şübhə yoxdur, amma, səs-küyümüzlə yeri-göyü inlədirik. Hələ elə qəhrəmanlıq dastanlarımız var ki, hər biri "Şahnamə" ədalı. Haqqı batil, batili haqq göstərməkdə mübahisə və söz qabiliyyətimizin "tərifinə" söz tapa bilmirəm. Bu təchizatla (!) hədəf seçdiyimiz və edamına qərar verdiyimiz məzlumların Allah köməyi olsun.
Çoxumuz özümüzü bəyəndirmək üçün əldən-ayaqdan düşürük.. hər işimizdə boğaza qədər riya, şöhrət hissi və üstünlük iddiası isə ondan da çox... daim içimizdə qabaran eqoizm duyğusu ilə, qarşı tərəf dediyimiz insanları qapımızın qulu kimi görürük. Xalqın səksən faizi üçün təqdir etdiyimiz səviyyə və mövqe, ən qatı kasta sistemlərində hələ adı qoyulmamış bir bayağılığa bərabərdir. “Digərləri” dediyimiz bu insanların ən kiçik qüsurlarını bəhanə edərək saç və saqqallarını yolub önlərinə tökürük. Təbii ki, özümüzə gəlincə daha fərqli davranır və günah içində üzdüyümüz anlarda belə üstümüzə toz qondurmuruq.
Bəzən unuduruq insan olduğumuzu, palçıqdan yaradıldığımızı! Fövqəlbəşər bir varlıq kimi görürük özümüzü; görür və yerə-göyə sığmayan bir təkəbbürlülüklə heç mümkün olamayan umacaqlara girir və ən əlçatmaz payələr arxasına düşürük; ümid etdiklərimizi əldə edə bilməyincə də coşub-daşır və ətrafımızı yerlə-yeksan edirik. Bəzən də həddimizi aşaraq, bizə aid olmayan işləri belə özümüzlə əlaqələndirərək hər kəsdən alqış gözləyirik.. bundan savayı, üzümüzə, gözümüzə bulaşdırdığımız işlərdə -buna səhvlərdə də deyə bilərik- belə demaqoqluq edərək özümüzə bəraət qazandırmağa çalışır və mütləq günahsızlıq iddiasına giririk.
İllərdir ki, heç cür səlim ağlın, sağlam düşüncənin gərəklərini yerinə yetirə, iradələrimizin haqqını verə bilmir və həmişə səhv dalınca səhv edirik. Tündməzaclıqla durub oturur, kinlə nifrətlə guruldayır, zorbalıqla hər kəsi susdurmağa çalışır, susdura bilmədiklərimizi də potensial günahkar sayır və yox etməyə çalışırıq. Yox insanlara şəfqətimiz… Bixəbərik dialoq və tolerantlıqdan.. hörmət göstərə bilmirik fərqli düşüncə və fərqli anlayışlara. Daima nəfsani hisslərimizin arxasınca qaçır və çatana çatır, çatmayana da bir daş atırıq.
Bu günə qədər bir sevgi dili meydana gətirərək, və ya taparaq özümüzü bu dillə ifadə etməyi heç düşünmədik; bəzilərimiz düşünsək də, onu da üz-gözümüzə bulaşdırdıq! Nə olardı bir dəfə də düşüncə, söz və bəyanlarımızı vicdanlarımızın qədirbilən süzgəclərindən keçirərək "bir az daha nəzakət" deyib, o kobud rəftar və davranışlardan uzaqlaşıb incə və qibtəetdirici ola bilsə idik!. Və "qürurumuz, şərəfimiz" dediyimiz eyni zamanda başqalarının da bu cür şeyləri düşündüklərinə (düşünəcəklərinə) göz yummasa idik…Nə olardı, mövqe, mənsəb, ad-san və mənfəət qayğısına düşmədən hər zaman insani üfüqümüzü qoruyaraq bir daha mələklərə " لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا " dedirdə bilsə idik; dedirdib yaradılışımızdakı fərqliliyi rəftar və davranışlarımızla ortaya qoyaraq o möhtəşəm təchizatımızın haqqını verə bilsə idik.
Əfsuslar olsun ki, bunların heç birini yerinə yetirə bilmədik və heç cür özümüz ola bilmədik; ola bilmədik və həmişə bədən və cismaniyyətimizə məğlub olduq. Belə ki, coşub-daşan həva və həvəslərimizlə şeytanları sevindirsək də ruhaniyyəti davamlı küsdürdük. Güman ki, hal-hazırda bu halımıza bələd olan rəqiblərimiz bizə baxıb bayram edir və pərişanlığımızı görən əhli-iman da içdən-içə ağrı-acı yaşayır.. Necə yaşamasın ki?! Bu gün böyük nisbətdə haqq yolunda görünənlərdə belə haqpərəstlik hissi sönmüş kimidir. Çoxumuzda qorxunc bir hissizlik və hərəkətsizlik müşahidə olunur.. ümumi olaraq ciddi bir həyəcan yorğunluğu içindəyik.. fərqli bir görüntü nümayiş etdirənlərin həyəcanı da nəfsin idarəsində olma kimi başqa bir dərdin riski ilə üz-üzədir.. bir çox insan məyus və gəlib ruhlarına çarpan bir sur səsi ilə sarsılmış.. bunların ümid üfüqləri də qiyamət əlamətləri ilə toz-duman...
Sabahlar ilahi yardım çağırışı ilə guruldayacaq dillər gözləyir, lakin bütün dillər susqun. Göylər, göz yaşlarından meydana gələcək bulud intizarında, ancaq o barədə də elə bir quraqlıq yaşayırıq ki, onu heç soruşma.. Çoxumuz fırtınalara məruz çör-çöp kimi sağa-sola sovruluruq və yırtılmış bir kitabın səhifələri kimi darmadağınıq və ayaq altında əzilmişik.
Görəsən, bu dağınıqlıqdan yaxın bir zamanda xilas ola biləcəyikmi; xilas olub bir daha ruhumuzun səsini fələklərə eşitdirə biləcəyikmi?!. Ah bir bilə bilsə idim, nə vaxt Allah qarşısında yenidən yerimizi, mövqemizi qavrayaraq "Ya Hayy" deyib diriləcəyik! Əslində Onun qapısına yönəlmədən həqiqi varlığa qovuşa bilməyəcəyimiz də açıq-aydındır. Bəli, Allaha güvənmədən, səy göstərmədən və iradənin haqqı verilmədən dirilmək qeyri-mümkündür. Qəlblər Ona yönəlməli, dillər Onu xatırlamalı, göz yaşları selə dönüb axmalı ki, xəzan bahara çevrilsin və gözlənilən ümumi diriliş də həyata keçsin...
Sızıntı, May 2008, 30-cu cild, 352-ci nömrə
- tarixində yaradılmışdır.