Lider

Lider

“Lider xarakter və şəxsi keyfiyyətləri ilə özünü hiss etdirən və ürəklərə yol tapmağı bacaran bir şəxsiyyətdir. O, inandırıcı görünüşü, dərin anlayışı, incə rəftarı, əhatəli düşüncəsi, sağlam fikirləri.. öyrənmə eşqi, öyrətmə qabiliyyəti və çiyninə götürdüyü hər işin öhdəsindən gələ bilmə bacarığı ilə − istəməsə də – insanların diqqətini özünə cəlb edən, sevilən, sayılan, ucalan, bir sözlə, uğrunda minlərin, milyonların hər zaman ölməyə hazır olduğu ulu insandır.

Lider yeyib-içməsində, oturub-durmasında, davranış və hərəkətlərində həmişə diqqətli, təmkinli davranar, başqalarına həmişə inam və etibar hissi təlqin edər. Doğru düşünər, doğru danışar, düzlüyü sevər, yalandan uzaq durar, ürəyi vəfa ilə döyünər, gözləri səmimiyyətlə qırpılar, hər zaman inam və etimadını canlı timsalı olar...

Lider insanlarla gülər üzlə, ehtiramla, təmkinlə və ciddi rəftar edər. Onun yanında olanlar yaxınlıqdan laübalilik, uzaqda olanlar uzaqlıqldan diqqətsizlik görməzlər. Rəhbərlik etdiyi toplumun böyüklərini ata, kiçiklərini övlad bilər, himayə və şəfqətinə pənah gətirən hər kəsi bağrına basar, hamını qanadlarının altına alıb qoruyar... Şəfqət və qayğısı o qədər əngin olar ki, ayaqları altında gəzən qarışqalardan göydə uçuşan quşlara qədər canlı-cansız hər şey o incəlikdən öz payını alıb şükran hissi ilə hayqırar və bu zərafət qarşısında baş əyər.

Lider vəzifəsinə məsuliyyətli, həsbi[1] və digərqəm[2] insandır. Nə qarşısına çıxan çətin və keçilməz əngəllər, nə də maddi nemətlərin bolluğundan qaynaqlanan rahat və firavan həyat onu vəzifəsini yerinə yetirməkdən döndərə və mükəlləfiyyətlərini unutdura bilməz. Çiyninə götürdüyü vəzifəni peyğəmbəranə himmət və qeyrətlə yerinə yetirər.. Həmişə səmimi və fədakar davaranr.. Sonra da ortaya qoyduğu xidmətlərinin əvəzində heç bir haqq və mükafat gözləmədən yoluna davam edər.

Lider üstün dərrakəsi, cəsarət və qətiyyəti, səbir və mətanəti ilə həmişə ətrafının yeganə dayağı və ümid yeridir. Sürətli və düzgün qərar vermə, diqqət və təmkinlə bərabər cəsarət, səbir və dözümlə yanaşı, qorxmazlıq kimi zidd xüsusiyyətlər onun şəxsiyyətində birləşir və bir-birini tamamlayır. Onun fətanəti ilə gələcək və gələcəyə aid hadisələri göz önündə canlanır, cəsarət və qətiyyəti ilə alınmaz qalalar fəth edilir, bütün yollar açılır, dözüm və mətanəti ilə “olmazlar” olur, mümkünsüzlər və müşküllər qeyb olub gözdən itir.

Lider əxlaq və fəzilət qəhrəmanıdır. O, mərhəmət və həlim xasiyyəti ilə bütün canlıların çarpan ürəyi, cəsarət və hünəri ilə ölkə və millətinin dönməz keşikçisi, hiss və könül dünyası ilə zəiflərin ən mətin dayağı, təvazökarlığı ilə qapılardan qovulmuş kimsəsizlərin yeganə təsəlli yeri, səndələyib yıxılanların və büdrəyib günah işləyənlərin ümid çırağıdır.

Lider ədalətdə mərhəmətini yerə qoymaz, mərhəmətlə coşanda da doğru yoldan ayrılmaz. İnsanı və insani düşüncələri şəfqətlə qucaqlayanda ilan-çayan dəliklərini tıxamağı da yaddan çıxarmaz.. onun dünyasında nə zalımların toy-bayramı, nə də məzlumların ah-fəğanı var. O, əlindəki iti qılıncının bir üzü ilə ilanların başını əzə-əzə o biri üzü ilə bülbüllərə yuva qurmağı öyrədər.

Liderin ruh dünyası Ağrı dağı qədər əzəməti, Lut gölü qədər xəşyəti hiss edən qəribəliklər xəlitəsidir. Onun əzəmətinə baxanlar özlərini keçilməz bir zirvə qarşısında dayanan görərlər, heyrət və heyranlıq içində ürpərərlər.. onun ixlas və səmimiyyətini görənlərsə ruhanilərdən biri ilə üz-üzə dayandıqlarını sanar və məst olarlar”.[3]

[1] Həsbi – fədakar. Könüllü, ürəkdən, heç bir təmənna ummadan sırf Allahın rizası üçün bir iş görən/ görmək
[2] Digərqəm/ isar – insanın özünün ehtiyacı ola-ola, başqalarına köməök etməsi, başqalarını düşünməsi.
[3] A.ç.ə. səh. 2-3

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.