Milli ruh düşüncəsi

Bir millət dünəninə güclü tellərlə bağlı olmaqla, özünü həssas şəkildə qorumaqla sabahını təminat altına almış və bünövrəsini ən möhkəm təməllərə oturtmuş olur. Nə qədər ki keçmişindən üz döndərib dünənini tamam unudur, ruh kökündən uzaqlaşıb özünə yadlaşır, o zaman da əsən küləklərlə ora-bura sovrulan çör-çöp kimi, gah o yana, gah bu yana sürüklənir ki, belə bir millətin dsə parlaq gələcəyindən danışmaq əbəsdir.

Bəli, bir millət gələcəyinə – gənc nəsillərə bütün keçmişini, onun eniş və yoxuşlarını, yüksəliş və tənəzzülünü dəqiq fənlər kimi öyrədir; zirvələri fəth etdiyi dövrləri dastanlaşdıraraq onların eşq və həyəcanını körükləyib yeni-yeni qəhrəmanlıq duyğu və düşüncələrini oyadırsa, düşmənin xəyanətini, zülmünü və maddi-mənəvi hər cür təxribatını gələcək nəsilləri mənən coşdurmağa yönəldə bilirsə, gələcəyi üçün ən mükəmməl işi görmüş, ən böyük addımı atmış və öz düşüncə dünyasına yüksəltdiyi hər fərdinə ölümsüzlük iksiri içirmiş olur.

Millət olaraq yeni bir "Basü-badəl-mövt" (diriliş) üçün çırpındığımız bu günlərdə gənc nəsillərə xəyalımızdakı gələcəklə yanaşı, şanlı keçmişimiz, dövrün dərki çərçivəsində inanc, düşüncə, adət və ənənələrimiz, müasir elmlərlə birlikdə milli mədəniyyətimiz də aşılanmalıdır ki, dövrün şərtləri ilə ayaqlaşmağa məcbur qalıb ortaya qoyduğu yeniliklərlə özünə və öz dünyasına yadlaşmasın, bütün yeni əsərlərini milli ruh ilmələri ilə hörsün və öz ruh dünyasından uzaqlaşmasın...

Buna görə də, millət miqyasında planlaşdırılan hər bir addım və fəaliyyətdə tarixi şüura mütləq əhəmiyyət verilməli və milli kültür nəzərə alınmadan heç bir dəyişikliyə gedilməməlidir. Yeni canlı növlərinin əmələ gətirilməsi istiqamətində aparılan süni mutasiyaların əksəriyyəti ölümlə nəticələndiyi kimi, milləti kökündən uzaqlaşdıran hər bir dəyişiklik də həmin millətin sonunu gətirmişdir.

Odur ki, millətin həyatında planlaşdırdığımız dəyişiklik və yeniliklər nə qədər faydalı olur-olsun, bunun uğrunda milli ruhu qətiyyən fəda etməməli, əksinə, milləti müasir səviyyəyə gətirdikcə milli ruhu daha həssaslıqla mühafizə etməliyik. Xüsusilə min bir paradoksun ayaq açıb yeridiyi belə bir dövrdə, analar övladlarına ta beşikdən milli ruhu tərənnüm edən laylalar oxumalı, nənələr nağıl qəhrəmanlarını şanlı keçmişimizin dastanlarından götürməli, mədəniyyət yuvalarımız bu möhtəşəm, ancaq talesiz, şövkətli, lakin zülmə düçar olmuş millətimizin parlaq dövrlərini həyəcanlı bir üslubla dilə gətirməli, ədəbiyyatımız milli ruh və milli düşüncəni həyatın hər sahəsində, o sahələrə xas rəng və cizgiləri ilə işləməli və bizə dair ən xırda məsələləri belə mədəniyyət səmamızın göy qurşağına çevirərək yeni nəsillərə təqdim etməli, romanlarımız, pyeslərimiz bizim öz hislərimizin tərcümanı olmalı, bizim türkülərimizi söyləməlidir. Nəhayət, yalnız bu ölkənin çörəyini yeməli, suyunu içməli, bu ölkənin havası ilə tənəffüs etməli, bu yurdun çiçəklərini qoxulamalı və nəyin bahasına olur olsun milli bünyəmizə zərərli heç bir şeyin kökümüzə sızmasına imkan verməməliyik. Vaizlər kürsülərdə, xətiblər minbərlərdə, konfrans verənlər geniş xalq kütlələri qarşısında bu millət kimi düşünməli, bu millət kimi həyəcanlanmalı, bu millət kimi danışmalı, bu millət kimi sevinməli və bu millət kimi kədərlənməlidir. Yoxsa, həris düşmənlərimiz bir tərəfdən bizim hər cür xeyirxahlığımıza, hər cür gözəl təşəbbüsümüzə hiyləgərliklə əngəl olub digər tərəfdən də ən kiçik yardımları belə milli ruhumuzu “əsir almaq” üçün etdikləri halda, millətin gələcəyi naminə bir iş görmək mümkün deyildir.

O halda bizim öz ruhumuzla bütünləşib özümüz kimi olmaqdan, özümüz kimi düşünməkdən, öz əlimizlə işləyib öz ayaqlarımızla yeriməkdən başqa çarəmiz qalmır.

Əslində, dünənə qədər din, vətən, millət və namusumuzun amansız düşməni olan bu düşüncəsi kinli, davranışları saxta, əli-üzü qanlı riyakar üzlərin nə vaxtsa bizə kömək edəcəyini ehtimal etmək, üstəlik bunu davam etdirəcəyini düşünmək öz-özünü aldatmaqdan başqa bir şey deyildir

Bəli, əsrlərlə sönməyən məlun ehtirasın, soyumayan kin-küdurətin, ələlxüsus da son günlərdə yurdumuzun hər tərəfində necə xəbis və xain əməllərə əl atdığını görüb biləndən sonra bizə bizdən başqasından fayda gəlməyəcəyinə inanaraq milli ruh ətrafında birləşməli və öz dirçəlişimizi özümüz gerçəkləşdirməliyik.

Kim bilir, bəlkə də, bu günə qədər min dəfə hərislik və mənfəət düşüncəsi ilə üstümüzə at sürən bütün insani duyğu və fəzilətlərdən məhrum bu kin və nifrət dünyası da bunu gözləyir!?.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.