Öz dəst-xəttimizi canlandırma yolunda
Bir vaxtlar "din" deyəndə ilk ağla bizim dinimiz gələrdi və hər ağla gəlişdə də vicdanlar ehtiramla ürpərərdi. Hər şeydən əvvəl, onun salim vicdanlarda qoyduğu iz çox dərindi və hər cür əsassız inqilaba meydan oxuyacaq qədər də güclü idi. Onun hədəfində dünya sülhü və insanlığın əbədi səadəti vardı. Vəd etdiyi şeyləri həyata keçirmək üçün elə güclü argumentləri vardı ki, onu dəlili və mədlulu ilə tanıyanlar dünyada ən əlçatmaz zirvələri fəth etmiş sayılardı. O Allahdan gəlmiş, bəşəri Allaha dəvət edən elə güclü və inandırıcı səda idi ki, qərəzsiz bu sədaya qulaq verənlər bir daha onun təsirindən xilas ola bilməzdilər; xilas ola bilməzdilər, çünki bu sədada dünya və üqba səadətinin əks-sədası və insanları mələkləşdirmənin sirləri gizli idi. Bu səs səmaların səsi-sədası idi və qurduğu sistem də İslam dini idi.
Bu din sayəsində bəşər iç-içə ən bərəkətli yeniliklərlə tanış oldu və ən həyati təbədüllərə (dəyişmələrə) şahid oldu. O idi mütləq sülhə gedən yolları göstərən və o idi əsrlərdən bəri üst-üstə yığılmış bəşəri problemlərə ən son həll yollarını vəd edən. Təsəvvür edin ki, əsrlər boyu onun nurlu çöhrəsini qaraltmaq və önünü kəsmək istəyən bu qədər təcavüzkarlara baxmayaraq, o hələ də yeganə ümid mənbəyi olma mövqeyini qoruyur və ona sığınanlara ölümsüzlük iksiri təqdim edir…
Qaranlıq bir dövrdə ondan qopub uzaqlaşanlar, və ya bir inad uğruna ona qarşı çıxanlar öz bəxtinə qəsd edir etsinlər, o həmişə ən təravətli və könüllərə itminan aşılayan bəyanları ilə yol gedənlərə yeganə işıq mənbəyi və güvən böhranı yaşayanlara da əmniyət qaynağı oldu və olmağa da davam edir. Kim nə dəyirsə desin, bu dinin həqiqi təmsilçiləri sayəsində bütün dünya bir gün bu böyük gerçəyi mütləq anlayacaq və onun sərin-sərin hüzur əsən iqliminə can atacaqdır. Kim bilir, bəlkə də, o ilk diriliş çağlarında olduğu kimi, bu din bir daha hamımızı bağrına basacaq və bu can çəkişən dünyaya yeni bir həyat bəxş edəcək!.. Yetər ki, bu dinin müntəsibləri öz tərəddüd və ziqzaqları ilə ona ümid bağlayanları inkisara məruz qoymasın və cəmiyyətin vicadınında onun haqqında meydana gəlməyə başlamış etibarı sarsmasınlar.
Bu din bir zamanlar boğazına qədər qəflət, cəhalət və sapqınlıq içində boğulan kütlələri bir həmlədə bu durumdan qurtararaq, onları ağlasığmaz üfüqlərə yüksəltdiyi kimi, bu günün dağınıq və hədəfsiz kütlələrinə də mütləq, ilham qaynağı olacaq və onlara insan olmanın fərqliliyini hayqıracaqdır.
Bəli, bir gün bu din bünövrəsi möhkəm olan səmavi quruluşu ilə bu dövrün ipə-sapa yatmayan kütlələrinə də həqiqi insanlığa göz açdıracaq və mayasındakı ilahiliyi hər kəsə duyuracaq.. duyuracaq, çünki bu din bəzi mücərrəd ölçü, prinsip və nəzəriyyələrdən ibarət, içi boş bir sistem deyil; o, insan təbiəti ilə bütünləşmiş, onun maddi-mənəvi ehtiyaclarına cavab verə biləcək zənginliyə sahib sistemlər məcmuəsi; fərd, cəmiyyət qısacası hər kəsə nurlu bir gələcək vəd edən lahuti aləmlərin səsi-sədasıdır.. və hal-hazırda o özünə xas şivəsi və hər kəsə təsir edən əfsunu ilə bir zamanlar bəşəriyyəti yüksəltdiyi səmaviliyə bir daha yüksəltməklə ona dünya və üqba qapılarını açacaq sirli bir açar təqdim edir.
İndiki dövrdə olduğu kimi o, bəzi vəfasız müntəsibləri və ən böyük rəqibləri üzündən özünü tam ifadə edə bilməsə də, şərəfli bir saat və şərəfli bir zaman dilimində qəlb və ağıl izdivacına müvəffəq olmuş bəxtiyar şagirdləri sayəsində bir daha səsini səmalara və mənəvi aləmlərə çatdıracaq və o günün insanlarına iç-içə "şəbi-arus"lar yaşadacaqdır.
Bütün bunlar ən qaranlıq dövrlərdə reallaşdığına görə niyə yenə həyata keçməsin ki?!. Əslində, öz kəramət və ruhani dəyəri etibarilə oyandırıldığı təqdirdə insan yenə eyni insandır.. keçmişdə olduğu kimi, bu gün də hədəf dünya və üqba səadətidir.. bu məqsədi reallaşdırmaq üçün nizam-intizam yenə eyni nizam-intizamdır.. geriyə yalnız iman, ümid və əzmlə şahlanmış təmsilçilərin "Vira Bismillah" deyib işə başlamaları qalır… Qəlblər Allahın əlindədir, inşaallah bir gün o da olar.
"Haqq təcəlli eyləyincə hər işi asan edər
Xəlq edər əsbabını bir anda ehsan edər." (İbrahim Haqqı)
Qaldı ki, günümüzdə bu keyfiyyətə sahib təmsilçilərin olmadığını deyə bilmərik. Şübhəsiz ki, bir az həyəcan yorğunluğumuz və ahəstəliyimiz var, lakin bu da danılmaz bir həqiqətdir ki, bu günə qədər bir çox əhəmiyyətli layihələrin altına imza altıldı/atdırıldı.
Hər şeydən əvvəl, bu gün dünyanın hər yerində bizə məxsus o qədər qiymətli şeylər həyata qaytarıldı ki, bunları görməzlikdən gəlmək nankorluq, görüb hələ də bədbin olmaqsa, bir bədbəxtlikdir. Axı son dövrlərdə neçə hadisə göstərilə bilər ki, bu qədər sürətlə həyata keçsin!.. neçə dirçəliş var bu qədər ardıcıl təsdiqlənmiş!. və neçə düşüncə və dünya görüşü var bu qədər qısa müddətdə kütlələrin mənimsədiyi! Beləliklə, yer üzü eyni yer üzü, insanlıq eyni insanlıq, məfkurə eyni məfkurədir, keçmişdə reallaşan o müsbət hadisələr bu gün niyə reallaşmasın ki?!. Hələ sözü və özü bir olan həsrətini çəkdiyimiz o işıq saçan təmsilçilər müxtəlif fitrətlərə görə səslərini az-çox çatdırsalar, çatdırıb səlim düşüncə və ruhları öz dəyərlərinə göz açdırsalar, bax o zaman, əsrlərdən bəri işıq gözləyən bütün insaflı vicdanlar o dünyəvi darlıqdan sıyrılaraq bu işıq saçan ruhların səfalı iqlimlərinə can atacaq və çox fərqli bir həyatla tanış olacaqlar.
Bu da bir həqiqətdir ki, bu dövrdə buna bənzər dirçəliş hərəkatlarına qarşı bəzi cismaniyyata məftun insanlar müsbət hər fəaliyyəti qaralamağa, ləkələməyə çalışırlar.. xüsusilə, tamamilə dünyaya qapılmış, hər şeyə qarşı çıxan azsaylı oliqarx zümrə var ki, nə sən soruş, nə mən deyim. Bəli, belələri öz düşüncə dünyalarına -ona də düşüncə demək mümkünsə- zidd olan ən müsbət fəaliyyətləri belə ayaqaltına alır və ən günahsız hərəkatları belə qaralamaqdan imtina etmirlər. Bunlar bəzən "mürtəcelik" kimi sözlərlə, bəzən də "irtica" və "mürtəce" kimi həzəyanlarla din və diyanət adına ortaya qoyulan hər şeyə hücum edib hər gün yeni bir fitnəyə səbəbkar olmağa davam etsinlər, həqiqi insani dəyərlərə oyanmış təmiz vicdanlar bütün bunları da həmişə təbəssümlə qarşılamış və belələrinin belə -insan olaraq yaradılmış olmanın kəraməti- bir gün əməllərinə peşman olub üzr diləyəcəkləri günü "Ya Sabur" deyib gözləyirlər.
Hal-hazırda bizə Allaha söykənmək, əzmimizə əzm qataraq doğru bildiyimiz yolda getmək və əlimizdən gəldiyi qədər hər kəsə şəfqətlə qucaq açıb onlara belə içimizdə köpürən insani məhəbbəti duyurmaq düşür ki, bundan sonrası Haqqın təqdirinə riza və zamanın dözülməzliyinə qarşı da aktiv səbr və təmkinə qalır.
Sızıntı, İyul 2008, 30-cu cild, 354-ci nömrə
- tarixində yaradılmışdır.