Səni bir daha dərindən duyduq
Viladətin bəşəriyyətin də viladəti oldu. Dost-düşmən hər kəs doğrularını, yanlışlarını Sənin saçdığın nurun aydınlığında görüb dəyərləndirə bildi; dəyərləndirdi və müəyyən ölçüdə də olsa itminana[1] qovuşdu. Biz hamımız könüllərimizdə hiss etdiyimiz Cənnəti və Onun əbədi səadətini ancaq Sənin o səmavi bəyanın vasitəsilə doğru anlayıb doğru duya bildik; duyduq və o füsunkar bəyan çağlayanının sayəsində Haqqın muradını anlama üfüqünə yönəldik.
Əgər bu gün gözlərimiz az da olsa, Haqqa təqdis və təqdirlə baxır, könüllərimiz vüslət həyəcanı ilə çırpınırsa, bu yüksək duyğu və düşüncələri hərəkətə gətirən Sənsən.. Sənsən bizə gerçək insanlıq zirvələrini göstərən, ruhlarımıza sevda qorları saçaraq bizə eşq və vüslət nəşvəsini[2] daddıran; daddırıb iqliminə sayğı ilə yönələnlərə həqiqi yaradılış sirrini açan.. milyonlarla, milyardlarla insanın təqrir, təqdir və təsvibi[3] ilə haqqı bilən, insaflı ruhlara bir qisim sabitələr[4] verərək hər kəsə dəyərlərə sədaqət yollarını göstərən.
Sənin sayəndə mənəviyyatı və sevgini dərk edən, dərk edib oyanan insanların ruhu, dünyası sevgi və sayğı ilə yoğruldu. Və onlar ruhlarından yüksələn ülvi səslərlə və insani ənginliklərini dilə gətirən sözləri ilə əsrlər boyu dəyərlərin layiqli təmsilçiləri oldular. Bəşəriyyət onların səslərində və sözlərində o günə qədər kəşf edə bilmədiyi vicdanının həyəcanlarını duydu və öz iç dərinliyinə vaqif oldu. Bəli, Sənin sayəndə bir-birindən fərqli görünən bütün insanlar, hətta bir mənada cinlər və ruhanilər o vaxta qədər heç cür hiss edə bilmədiyi, hiss edib söyləyə bilmədiyi, yerli-yerində dilə gətirə bilmədiyi hər şeyi səsləndirə bilir və bir çox məsələni həll edə bilirdi…
Sən dünyanı şərəfləndirdiyin andan insan oğlunun "əhsəni-təqvim" adlanan məna və mahiyyət dərinliyinin sirrini çözərək dilləri açdın; sağsağanlara bülbül olma ədəbini öyrətdin və dost-düşmən hər kəsdə fərqli cəhətlərdən də olsa, özlərini daxili dərinlikləri ilə duyub ifadə etmə fikrini oyatdın. Ümumbəşəri müştərək insani dəyərlərin ortaya çıxmasını təmin etdin və minlərlə şərh və anlayışı bir qəlibdə əridərək, qarışdıraraq, bir ruh ətrafında toplayaraq hər kəsə öz könül üfüqündə bir çox gözəlliklər duyurdun. Bütün bəşəriyyət, hətta cin və ruhanilər[5] Sənin bəyanından süzülən əsas və mənalarla qəlibləşmiş anlayışlardan sıyrılaraq dəyişiklik mərhələsinə qədəm qoydu. İstər fərqinə varsın, istər varmasın – böyük əksəriyyət Sənin ortaya qoyduğun iman sistemi və göstərdiyin insani hədəflər sayəsində bir çox yeniliklərə və uğurlara imza atdı.
Sən bəşəriyyətin üfüqündə tülu etdiyin günə qədər hər yer qaranlıq idi; hər kəs yoxluğun vəhşəti, vahiməsi içində tir-titrəyirdi və üst-üstə yığılmış problemlərdən bizar idi. Sənin bütün məsələləri çözən, bütün ehtiyaclara cavab verən və bütün əməlləri həyata keçirmə vədi ilə qəlblərə inşirah verən bəyanın bir anda ruhlara, könüllərə, qəlblərə ümid, həyat bəxş etdi. Ümidsizlik içində qıvrılan könüllərdə ümid gülləri açdı və hər yandan təsəlli nəğmələri səsləndi. Artıq hər tərəfdə əsən mehin təsiri ilə duyulan bu sehrli nəğmələr daim məğmum[6] könüllərə səadət vəd edir; sevmək və sevilməkdən söz açır, öləzimiş insani münasibətləri canlandırır, eşq və məhəbbəti körükləyir; əsrlərlə yuxuya gedən yüksək insani duyğuları hərəkətə gətirir və bütün insanları bir daha öz iç dünyaları, dərinliyi ilə üz-üzə gətirərək onları öz qədrini, dəyərini təqdir etməyə yönəldir.
Sənin o içdən və səmimi nəfəsin sevgiyə, ümidə, xoşbəxtliyə susamış könülləri canlandırır, bəyanını ehtiramla qarşılayan təşnə sinələrdə qüdsi bir həyəcan oyadır, ali ruhları Haqqa qulluq coşqusu ilə ciddi təcəssüslərə,[7] təfəhhüslərə[8] sövq edir və işıq axtaran dimağların getdiyi yollarda par-par parlayırdı.
Sən sərhəd və mane tanımayan o əzəmətli imanın, əzmin, cəsarətin, qətiyyətin və vəfalı dostlarınla səsini bütün insanlığa çatdıran gözəl və fövqəladə əməllər gerçəkləşdirdin. Ömrünün hər səhifəsi imkan və gücünün fövqündə bütün bəşəriyyəti əbədi səadətə aparma niyyəti və cəhdi ilə yazıldı və o əngin vəfa və sədaqətin uğrunda bir an da dayanmadın, dayanıb nəfəs almadın. Çünki Sən yuxuların çin olması, əməklərin dəyər qazanması, əbədiyyətə təşnə ruhların arzularının gerçəkləşməsi müjdəsi ilə gəlmişdin. Bəşəriyyətin qəlbi, ruhi-mənəvi, maddi ehtiyaclarının təmini, sevib-sevilmə xəyallarının gerçəkləşməsi, dünyada və ötədə xoşbəxtliyin zəmanəti Sənin bəyanının əsas məzmununu təşkil edirdi.. və Sən bu yolda qətiyyətli idin.
Yolun ümumbəşəri yol idi. Hər kəs dərk edib dəyərləndirdiyi qədər onu öz könül aləminə yaxın, həmdəm görürdü. O, təbiiliyi, ehtiva etdiyi təşrii əmrlərin təqvini qaydalara uyğunluğu, qəlb, ruh və əqlin birləşmə nöqtəsində bu ruhi-mənəvi istedadlara müvafiq şəklə düşməsi, bunların ümumi lisanına çevrilməsi sayəsində hər vicdan onu fitrən yaxın hiss edir və Onun işıqlı dünyasında varlığın sirlərinə daha dərindən vaqif olurdu. Bəli, Səndən eşitdiyimiz, davranışlarında gördüyümüz hər məqam, hər şey – ali mənbədən, ilahi qaynaqdan süzülsə də – dərk edib zövq aldığımız, anlayıb şərh etdiyimiz şəkildə önümüzə sərildi, hissiyyatımızı oxşadı, könül dünyamızda açan çiçəktək munisliyini bütün mənliyimizə duyurdu və öz hərarətini qəlblərimizə yaydı. Bəşəri mahiyyətimizi qucaqladı, gözlərimizin içinə baxdı, şirin lisanı ilə bizi məst edərək başdan-ayağa ovsunladı. Bunlar Sənin xüsusiyyətlərin idi və bu yerdə, bu müstəvidə Sənin mislin, bərabərin yox idi.
Sən heç kəsə zidd olmayan ali üslubunla hər kəsə səsləndin, səslənib anlayışlı ruhlara təsir etdin və özünəxas rəmz, işarə, eyhamlarla məhdud ifadələri şaxələndirdin, dərinləşdirdin. Və Sən insanlara əşya və hadisələrin sehrli qapılarını araladın, hətta bəzilərinin üzünə taybatay açdın və inanan könüllərə o biri aləmlərin misilsiz nəşvəsini duyurdun. Hələ də ruhlarımızda qorunub saxlanılan səmavi ərməğanlarını dövrün tələbinə uyğun hər dəfə dilə gitirəndə Səni bir daha yad edir, hüzurunda ehtiramla baş əyirik. Bu, Sənin ləyaqətin, ürəkləri vəfa ilə döyünən qapı qullarının vəzifəsidir.
Sən Uca Yaradanın kainata misilsiz hədiyyəsisən, getdiyin yol da Onun əmanəti. Buna inananlar Səni daim canlarından əziz saydı və ömür boyu özlərini Sənə borclu bildilər və bu vəfanın mükafatını da qat-qat aldırlar.
Ancaq bir gün kökü, mədəniyyəti məlum olmayan tərbiyədən məhrumlar qəlblərindəki küfrü büruzə verməyə, Sənə sataşmağa başladılar: Zatına (yüz min dəfə haşa) "bədə..", qeyb aləminin səsi-nəfəsi olan müqəddəs bəyanlarına "çöl ka...." dedilər, Sənin böyüklüyünü məhdud zamana aid edərək "o günə və o qövmə aid idi" söylədilər; cəsarətləndirdilər kinlə, nifrətlə qaynayan bir dünyanı.. qapı açdılar tərbiyədən və sayğıdan məhrum karikaturalara, şəkillərə. Sən öz vəfasız dünyanın və düşmən cəbhənin hücumuna birdən məruz qalmışdın. Əcdadımız Sənin yolunda müstəsna xidmətlər göstərsə də, biz millət olaraq Səni anlada bilmədik. İndi küfr və küfranın Sənə qarşı hərəkətləndiyini düşündükcə heyfslənir, öz-özümüzə: "Nə vəfasız insanlarıq!" – deyirik.
Buna baxmayaraq, ruh və məna kökləri sağlam, genində əcdadının saflığı olan, suyu, torpağı, havası yeni gül dövrünə hazır dünyanın gec-tez dönüb-dolanıb Sənin şəfqət və mərhəmət dünyanda yeni bir "basu-badəl-mövt" keçirəcəyinə şübhə etmirəm. İndidən minlərlə insan bu "ən şərəfli anlar"ın həsrəti ilə yanıb qovrulur.
Nə mənim, nə də başqalarının Səndən üzr istəməyə üzü yoxdur, ancaq kərəminə də şübhə etmədik. Üfüqümüzün qaraldığı, hər yanı xəzan bürüdüyü, yolların dağılıb körpülərin viran olduğu anlarda belə gözlərimiz hər yerdə, hər an Sənin izini axtardı.
"Əzizim, rəhbərim, pirim, əfəndim, şəmi-tabanım
Ziyayi-himmətim hər iki aləmdə dövranım
Mənimlə müttəfiqdir bu ricada cümlə ixvanım"
(Ketencizadə)
deyib Sənə vəfa və sədaqətimizi səsləndirməyə çalışdıq. Nöqsanımız, qüsurumuz hədsizdir, ancaq yenə də Sənin əngin müsamihənin yanında dəryada damladır. Elə isə gəl:
Kərəm et, kəsmə Sultanım, kərəmin binəvalardan,
Kərəmkanə yaraşarmı kərəm kəsmək gədalardan!..
(M. Lütfü)
[1] İnam, etimad
[2] Sevinc
[3] Münasib görmək
[4] Yerində durub hərəkət etməyən bir şey, ulduz
[5] Ruh aləminin sakinləri
[6] Qəmli, qüssəli
[7] Diqqətlə araşdırma
[8] Tədqiq etmə, təhqiq etmə
- tarixində yaradılmışdır.