Biri var imiş, biri yox imiş!

Yazıq körpə o gün sakit-sakit axıb gedən çay sularına düşmüşdü, sağ qalmaq üçün mübarizə aparırdı. Ağlamaqdan boğulan səsi, çırpınmaqdan taqətini itirən bədəni ona axırı olduğunu desə də, yenə də boğulmamağa çalışır və son ağlayışı, son çırpınışı ilə ətrafdan imdad gözləyirdi. O kəndli bu mənzərəni görər-görməz suya atılıb qurtarır körpəni. Kim qurtarmaz ki?

Kəndli körpəni qucağına alıb tez-tələsik evinə apardı. Xanımı əlindən gələn hər şeyi elədi. Əlbəttə, kənd kiçik olduğu üçün hamı tezliklə bu hadisədən xəbər tutur. Sabahısı gün bir başqa kəndli də çayda iki körpə gördü. O da digər həmkəndlisi kimi özünü suya atdı və körpələri boğulmaqdan xilas edib kəndə gətirdi. "Dalbadal baş verən bu iki hadisə təsadüf ola bilərmi?" ‒ deyə bir-birindən soruşdu kəndlilər axşamçağı məclisdə. "Sabah çay kənarına göz qoyaq" deyə qərar verildi yığıncaqda. Ertəsi gün çayın kənarında keşik çəkən kəndlilər gördükləri mənzərə qarşısında mat-məəttəl qaldılar, çünki bu dəfə dörd körpə vardı  çayda. Sözü uzatmayaq: 8, 16, 32... hər gün iki qat artırdı, sanki, çay körpə “fışqırmağa” başlamışdı. Kəndlilər buna bir əlac qılmaq üçün toplaşdılar və uşaqları xilas etmək üçün yaxşı üzə bilənlərdən xilasetmə dəstəsi düzəltdilər. Lakin iş dəstə düzəltməklə qurtarmırdı. Əsas məsələ körpələrin xilasından sonra başlayırdı. Bu körpələrə kim baxacaqdı, necə baxacaqdı?

Nəhayət, bir çarə tapdılar: körpələri ailələr arasında bölüşdürdülər. Körpələr gündən-günə artdıqca yurd-yuvalar qurmağa başladılar. Körpələr böyüyür, böyüdükcə də təlim-təhsil ehtiyacı ortaya çıxırdı. Kəndlilər buna da bir çarə tapdılar; körpələr evi, məktəb, yataqxanalar tikdilər. Zaman sürətlə axıb gedirdi: uşaqlar böyüyüb yetkin yaşa çatdılar. Bu zaman kəndlilər xəstəxanadan, banka qədər ictimai həyat üçün nə lazımsa, qurmağa başladılar və bizim kənd böyüyüb oldu böyük bir şəhər.

Körpələrin çaydan xilas edilmə işi isə hələ də davam edirdi, çünki körpələrin ardı-arxası kəsilmirdi. Nəhayət, bir gün kəndlilər, yəni indiki şəhərlilər bir yığıncaq keçirib "Problemin kökü haradadır? Bu körpələr haradan gəlir?" sualını verdilər və bir dəstə düzəldib onları dualarla çayın mənbəyinə doğru yola saldılar. Dəstə çay boyu gedib böyük bir şəhərə çatdı. Bu şəhərdə bir hökmdar var imiş. Xalqına Hz. Musa dövründə Fironun elədiyi zülmü edirmiş. Yeni doğulan körpələrin yaşamaq haqqı yox imiş onun əmrinə görə. Onları zorla ana-atasından aldırıb çaya atdırırmış. Bunu öyrənən dəstə dərhal geri qayıtdı və hər şeyi camaata danışdı. Əhali: "Bu məsələnin kökünü axtarmalıyıq, problemin qaynağı zülm, zülmün dərmanı isə ədalətdir" dedi və zülmə səbəb olan yoxsulluq, cahillik, ayrı-seçkilik və s. ilə mübarizəyə başladı.

Özümdən də əlavələr etdiyim bu “biri var imiş, biri yox imiş” ilə başlayan hekayə burada bitdi. Gələk bu hekayənin açmasına. Bu hekayəni Amerikanın ilk paytaxtı Filadelfiyada keçən həftə keçirilən bir konfransda eşitdim. Konfransın mövzusu "Dünyada Dünya ilə birlikdə sülhü bərqərar etmə: Gülən Fəaliyyətinin ekoloji ədaləti təmin edilməsində rolu" idi. Bir gün davam edən konfransda Gülən Fəaliyyəti ekoloji ədalət aspektindən müzakirə edildi. Hekayəni isə "Müqəddəs yer – təbiətin və dini sülhün Fəthullah Gülən düşüncəsində və Fəaliyyətində gələcəyi" adlı mühazirə oxuyan dr. Jozef Stützenberger (Cozef Stautzenberger) danışdı. Təxmin etdiyiniz kimi hekayədə verilən kəndi və kəndliləri Gülən Fəaliyyəti kimi təsvir etdi dr. Stützenberger və sözünü belə yekunlaşdırdı: "Gülən Fəaliyyəti ilk addımlarını yardım fəaliyyəti kimi atdı, qlobal ədalətin bərpasını hədəf seçib yoluna davam edir. Ədalətlə məsələnin kökünə yönəldi, yönəlməyə çalışır, bir sivil toplum qurumu olaraq imkan daxilində əlindən gələni etməklə yanaşı, yardım fəaliyyətlərini də heç vaxt unutmadı və unutmur".

"Müqəddəs yer təbiətin və dini sülhün Fəthullah Gülən düşüncəsində və fəaliyyətində gələcəyi" adlı məruzəsini oxuyan dr. Con Palın (dr. Jon Pahl) təsbiti isə ən az birinci qədər mühüm və diqqətəlayiqdir. Pal bir etiraf mənasını da daşıyan təsbitində belə dedi: "Qərbdə müqəddəs məkan anlayışı, nədənsə, abidə, heykəl, kilsə və s. konkret, maddi quruluşa malik əsərlərlə məhdudlaşır. Son zamanlar buna 11 Sentyabr hadisəsi zamanı dağılan Əkiz Qüllələr də əlavə olundu. Amma Gülən Fəaliyyətində “müqəddəs” olan insan və insana xidmət edən hər şeydir. Bu, xəstəxana da, məktəb də, xəstəxanada xəstəyə, məktəbdə tələbəyə edilən xidmət də ola bilər".

Siz bu hekayə və hekayənin ideyası ilə baş sındırmaqda olun, mən başqa bir mövzuya keçim. Təxminən bir ay əvvəl idi. Günorta yeməyindən sonra Xocaəfəndi ilə çox kiçik bir halqada üç-beş adamla oturmuşduq. Türkiyə qəzetlərinin, demək olar ki, hər tirajının mövzusu olan adından, adı ilə bağlı fəaliyyətdən, görülən işlərdən və mövzulara müsbət-mənfi verilən şərhlərdən, haqqında yazılan kitablardan söz açıldı. Kimini təqdirlə qarşıladığını, kimisinə də qərəzdən heç cür qurtula, heç cür obyektiv ola bilmədiyinə görə təəccüb etdiyini dilə gətirdi. “Kaş”larla başlayan, “kaş”larla bitən bir çox təmənnası oldu ard-arda. Və bu yerdə dediyi cümlə həqiqəti güzgü kimi əks etdirirdi: "Elə bir vəziyyətə gəldik ki, söyən də qazanır, təqdir edən də!"

Elə bu əsnada yaşlı bir kişi Xocaəfəndi dua etsin deyə nəvəsini gətirdi. Xocaəfəndi uşağı qucağına oturtdu, dua etdi, şokolad verdi. Bir-iki kadr fotoşəkil çəkildi. Baba sevinclə salondan çıxarkən Xocaəfəndi söhbətə qaldığı yerdən davam etdi, amma araya girən bu şirin sürprizi də dəyərləndirərək: "İnsan dönüb geriyə baxmayanda harada olduğunu hər an  dərk edə bilmir. Dünən hamımız eynən bunun kimi uşaq idik. İndi isə 70-ə qədəm qoyan, qəbir qapısının qabağında içəri girmək üçün hazır gözləyən qocalarıq. Necə oldu, birdən bu hala gəldik? Zaman necə də axıb getdi? Necə də çarxına alıb üyütdü bizi? Madam insan ömrü bu qədər qısadır, dəyərmi bu qədər düşmənçiliyə? Dəyərmi bu qədər ortaq dəyərlərə rəğmən, bir-birimizə quyu qazmağa? Deyin görüm, dəyərmi?"

Salonda oturanlar səmimi bir səs tonu ilə deyilən, acıma, mərhəmət və sevgi hissinin bütün tonları hiss edilən bu sözlər qarşısında sadəcə sükut etdilər. Bu suallar cavab istəmirdi, bir dərdləşmə idi. Və belə yekunlaşdırdı sözlərini: "İnanın mənə, hər gün yeni bir ürpərti ilə oyanıram. Çünki hər gün yeni bir hadisə zühur edir. Hər gün qaranlıq qalmış nöqtələr aydınlığa qovuşur. Təbiri caizsə, hadisələr yumaq kimi açılır və qaranlıq pərdələrin qalxması, bağlı qapıların açılması ilə dünən "oh!" deyənlər bu gün "ah!" deyir; "kaş, bu qədər səbirsiz davranmasaydıq" deyir,  deyir, amma bihudə. İndi təkrar soruşuram; dəyərmi?"

Orada susduq, burada danışaq; dəyməz, dəyməz, amma dəymədiyini bilməyənlərə nə deyək, onu tam kəsdirə bilmirəm. Bunu deyə bilərəm; başda könüllülərin kainatı üxuvvət (qardaşlıq) beşiyi sayaraq bütün insanlıq üçün gördükləri faydalı işlər "biri var imiş, biri yox imiş" örnəkləri ilə danışıldığı kimi, onların Xocaəfəndi və Fəaliyyətə qarşı mənfi baxışları və davranışları da "biri var imiş, biri yox imiş" şəklində rəvayət ediləcək. Hətta, demək olar, rəvayət olunmağa başlanıldı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.