Dua abidəsi
"Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm" ("Bəqərə" surəsi, 2/186) ayəsinin təfsiri müzakirə edilir. Söhbətin mövzusu Almalılının təfsiridir, 7-8 ayrı təfsirdən iqtibas gətirilən ayə şərhləri də mütaliə edilir.
Necə oldusa, söhbət birdən ailədə ər-arvad münasibətindən düşdü. Mövcud ailə münasibətləri və ideallıqdan söz açıldı. Babaların, nənələrin cənnət misal münasibətləri təsvir edildi. Müasir ailələrdə bu hüzur və xoşbəxtliyin heç cür təmin edilməməsinin səbəblərindən danışıldı. Quran "Siz bir-birinizin libasısınız ("Bəqərə" surəsi, 2/187)" bəyan etdiyi halda, ər və arvadın bir-birinin nöqsanlarını, qüsurlarını örtən libas kimi olmamasının səbəblərinə təmas edildi. Beləcə söhbət axarını tamam dəyişib dünya həyatı və müasir ailədaxili münasibətlər cığırında cərəyan etməyə başladı.
Bu söhbəti sətirlərə çevirə biləcəyəmmi, o məclisin abı-havasını olduğu kimi təsvir edib sizi də halqaya daxil edə biləcəyəmmi, bilmirəm, amma bir yoxlayım, çox şirin bir söhbət havası var. Necə olmasın, məclis əhlinin, demək olar hamısı, yaşadığı - müsbət və ya mənfi - gündəlik həyatın ən mühüm mövzusunu təhlil edir, maraqlı fikirlər bildirir. Problemlər nümunələrlə verilir, səbəbləri axtarılır, çarə və həll yolları göstərilir və insan istər-istəməz özünü bu işin bir parçası kimi görür. Bir ara: "Bu gün evliliklərin (ailələrin) altı boşdur. Bu, mütləq doldurulmalıdır," - deyir və ardınca da (bu boşluğu dolduracaq) amilləri sadalayır. Uşağı əsas amillərdən biri sayır: "Məsələn, uşaq. Uşaq ər-arvadın müştərək varlığı olması etibarilə yuvaya başqa bir abı-hava, başqa bir rəng qatır. Uşaqları həyata hazırlama kimi ortaq dərd ər-arvadı bir-birinə yaxınlaşdırır". Sonra başqa əsas amildən söz açır: "həyatı paylaşmaq".
Bu məqamda bir anlıq dayanın və onun ər-arvadı bir-birinə yaxınlaşdıran, bir bütövün həqiqi hissələrinə çevirən, onları hüzur və xoşbəxtlik aparan "həyatı paylaşma" ilə bağlı verəcəyi misalı təxmin edin. Mənim ağlıma gələn: həyata aid hər şey. Söhbətin bu istiqamətdə olacağını fikirləşib gözləməyə başladım. "Maddi problemlərimizi necə çözə bilərik, evə alınası mebel necə olmalı, illik tətildə nə edə bilərik, uşaqların məktəb, dərs, müəllim və s. problemlərini necə həll edə bilərik, bilgisayar, televiziya vərdişi məsələsində nə edə bilərik, gəlin-qaynana münasibətləri" və s. bu kimi nümunələr veriləcək deyə düşünürdüm. Əlbəttə, axı söhbət ailə daxili ünsiyyətdən, ər-arvad arasında sevgi təməllərinin atılmasından və boşluqların doldurulmasından gedir. Əsas amil - "həyatı paylaşmaq" üçün bundan daha yaxşı misal olar?
Amma gözlədiyim olmur. Birdən bir yerdə qərar tutmayan dəliqanlılar kimi, həyəcan və hələcanla tamam başqa bir aləmdən misal çəkir. "İslam aləminin hal-hazırda düşdüyü vəziyyətə bir baxın. Səlib yürüşləri dövründə belə bu qədər aciz deyildik biz. Bu mənzərə qarşısında gündə ən az əlli dəfə qəhr olur və "Allah canımı alsın" deyirəm". Dəyişən səs tonu salondakıları ciddiyyətə vadar edir. Həmsöhbətlərin maddi və mənəvi ciddiyyəti bir kənara, sözlər çağlayanlar kimi başını alıb gedir və sanki, yerində dayana bilmir: "Bir də bu hissiyyatımı bölüşən, bu məsələ dilə gələndə yerindən sıçrayıb "Mən də sənin kimi düşünürəm, eyni iztirabı çəkirəm, sən boşaldıqca eyni hissiyyatla doluram" deyən insanı görməyəndə bir daha qəhr olur, yenə "Allah əlli dəfə canımı alsın" deyirəm". Deyəcəksiniz: "Haradan-hara", amma mövzu unudulmayıb. Çünki sonuncu cümləsi belədir: ""Həyatı paylaşmaq" bax budur". Sözün məhz bu məqamında, istərsəniz, Peyğəmbərimizlə Hz. Xədicə anamızı yada salın. Bir xatırlayın, onlar həyatı necə paylaşır, ən ağır günlərdə bir-birinə necə dəstək olurdular.
Deyəsən anladınız. "Həyatı paylaşma"ğa verilən misal budur. Bəlkə də, çox kobud səslənəcək, siz bu sözlərin kökündə bunun dayandığını görürsünüzmü: "Dərvişin fikri nədirsə, zikri də odur". Məncə, bu sözlərdə onu görmək lazımdır.
Sonra söz təkrar başa, yəni " Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm" ayəsinin izahına dönür. Çox maraqlı şeylər söylədi Xocaəfəndi dua barəsində. Amma söylədiyi sözlərdən, etdiyi təsbitlərdən daha maraqlısı bütün bunları yaşamasıdır. Müxatəbin vicdanını cuşa gətirən, ürəyini yerindən oynadan və sözə əsl təsir gücünü verən onun dua mehvərli həyatıdır.
Xocaəfəndinin indiyə qədər fiqh, hədis, təfsir və təsəvvüfdəki yeri, anlayışı, metodu, ya da sivil toplum quruluşunun öndəri kimi sahib olduğu mövqe haqqında müqayisəli elmi tədqiqatlar aparıldı. Lakin onun Rəbbi ilə münasibətinin həm səbəbi, həm də nəticəsi olan dua yönü bunlar qədər araşdırılmadı. Nə səhih hədislərdən topladığı dua məcmuəsi, nə 700 səhifəlik seçmə "əl-Qulubud-Daria" dua toplusu, nə də bu yaxınlardan çapdan çıxan "Kırık Bir Dilekçe"si. Ümid edirik ki, bir gün "Xocaəfəndi və dua" mövzusu ətrafında araşdırmalar aparılacaq. Və yenə ümid edirik ki, biz də bir gün Xocaəfəndi kimi duanı həyatımızın mərkəzinə qoyub kənardan baxanlara "mahza dua", ya da "dua abidəsi" dedirdəcək mahiyyətinə bürünərik.
- tarixində yaradılmışdır.