Ey Kimsəsizlər Kimsəsi
"Avni" təxəllüsü ilə şeirlər yazan Fateh Sultan Mehmetə aid bu misraları oxudu daim üfqə baxan buğulu və nəmli gözlərlə:
"Heç kimsə yox kimsəsiz,
Hər kəsin var bir kimsəsi
Mən bu gün kimsəsiz qaldım,
Ey kimsəsizlər kimsəsi".
Sonra heç düşünmədən səs tonunu azca yüksəldib Avniyə etiraz edərcəsinə "mən heç vaxt kimsəsiz qalmadım, ey kimsəsizlər kimsəsi!" dedi və axıtdı göz yaşlarını.
Bu sualı mənə çox verən oldu: illərdir bir yerdəsiniz, sizcə, Xocaəfəndinin ən əsas xüsusiyyəti və ya sizə tövsiyə etdiyi və ilk sıraya qoyduğunuz, "olmasa, olmaz" dediyiniz tövsiyəsi nədir. Bir-birindən fərqli görünən bu iki sualın bircə cavabı var: t-ö-v-h-i-d. Başqa sözlə Allaha iman; Ona güvən və etimad; insanın özünün sıfır olduğuna qəlbən inanıb hər şeyi Onun namütənahi elm və qüdrətinə aid etməsi; hansı iş olur-olsun, yalnız və yalnız Onun rizasına dilbəstə olmaq və qətiyyən nəticəyə qarışmamaq; kədərlənməmək, "var bir hikməti" deyib keçmək.
Nə gözəl deyir İbrahim Haqqı Həzrətləri "Töfviznamə"sində.
"Haqq şərləri xeyir eylər
Arif anı seyr eylər
Zənn etmə ki, qeyr eylər
Mövla görəlim neylər
Neylərsə gözəl eylər".
Səbəblər dairəsində yaşayan varlıq olaraq ağlımıza "Bəs səbəblərə riayət etmək harada qaldı?" sualı gələ bilər. Yuxarıdakı keçən sözlər bu sualın cavabını daşıyır. Yəni açıq şəkildə deyir ki, insanın - iradəsi və məsuliyyəti olan bir varlıq kimi - vəzifəsi səbəbləri nəzərə almadan avam təvəkkül anlayışının şüarı olan "Allah kərimdir" demək deyil, əksinə səbəbləri sonuna qədər yerinə yetirib arxasınca "Allah kərimdir" deyib təvəkkül etməkdir. Bu sözlər Xocaəfəndiyə aiddir: "Allah bizə nə veribsə - ağıl, məntiq, hiss, mühakimə, vicdan, sirr, xafi, əxfa, fiziki güc, qüvvət... hamısını səfərbər edərək istifadə etmək. Atalarımız "mə xuliqa ləh"inə deyərdilər, yaradılışın qayəsinə uyğun şəkildə istifadə etmək deməkdir. Əsas məsələ budur".
Bunlar maddi cəhətdən yerinə yetirildikdən sonra İmam Şafinin "dinin yarısı" hesab etdiyi "əməllər niyyətlərə görədir" hədisinə görə qəlbin müvazinətini qoruma... Bir daha Xocaəfəndiyə qulaq verək: "Əsas olan səmimiyyətdir, mənfi mülahizələrin aktyoru olmamaqdır. Bunu bacara bilsəniz, heç narahat olmayın, Allah o işdən xeyirlər çıxarar". İbrahim Haqqıya bir daha müraciət edək:
"Demə "nə üçün bu belə?"
Yerindədir o elə
Var, sonunu seyr eylə
Mövla görəlim neylər
Neylərsə, gözəl eylər".
Sonuncu təhlildə "dünyalı varlıq kimi insanıq və meydana gələn, meydana gəlməyə də davam edəcək olan zəhirən mənfi, müsibət kimi görünən şeylərdən kədərlənməməyimiz, əndişələnməməyimiz mümkün deyil" deyirsinizsə, mən yenə də "İbrahim Haqqıya qulaq asaq" deyirəm:
"Haqqın olacaq işlər
Ol hikmətini işlər
Boşdur qəmu-təşvişlər
Mövla görəlim neylər
Neylərsə gözəl eylər".
Sonda dilə gətirdiyiniz duyğu, düşüncə, ortaya qoyduğunuz plan və layihələrin anlaşılmaması qarşısında özünüzü halı, sözü başa düşülməyən bir qərib kimi görürsünüz?
"Vəfa umarkən candan
Doldu gözüm hicrandan
Qaldım yaya dərmandan"
Tezliklə bitsin bu an?"
deyə qürbətdə qürbəti çəkənlər, bunun imtahan olduğunu düşünənlərlə əhatələndiyinizi hiss edirsiniz? Cavabınız "bəli"dirsə, edəcəyiniz bir şey var, o da Xocaəfəndinin "hər qürbətin çarəsi qürbətdir (Allaha yaxınlıq)" düstüruna müraciət etmək. Hz. Yusuf üçün yanıb qovrulan Hz. Yaqubun dediyi kimi "Mən dərdimi, kədərmi yalnız və yalnız Allaha açaram," - deyib dualarla yalvarmaq. Bu günə qədər getdiyi yoldan ayrılmadan Haqqa yaxın, daha yaxın, daha yaxın olmaq. Anlaşılmağı insan oğlunun aşa bilmədiyi və aşa bilməyəcəyi zamana həvalə edib sükut etmək və gözləmək. Başqa hər şey lafü gəzafdır.
- tarixində yaradılmışdır.