Fəthullah Gülənlə görüşün pərdə arxası

Səhərin erkən saatlarında Nyu Yorkdan Pensilvaniyaya doğru uzun yola çıxdıq. İki saat yarım çəkən yoldan sonra bir səhər yeməyində həyatımda ilk dəfə Fəthullah Gülənlə qarşılaşdım. Gözləri şiş, sağ əlinin baş barmağı sınıq idi.. Onunla görüşümüz təqribən 2 saat çəkdi.

İlk dəfə "Fəthullah Gülən məktəbi" ilə bağlı xəbəri nə vaxt verilişə daxil etdiyimi xatırlamıram. Yaddaşım məni yanıltmırsa, baş redaktorluq etdiyim "32-ci Gün" proqramında verilib.

"28 Fevral" fırtınasının yeri-göyü sovurduğu bir vaxtda -bugünkü jurnalistikadan daha cəsarətlə hazırladığımız dövlətə etiraz məzmunlu verilişlərdən birində hər dəfə bir həmkarım gedib bu məktəbləri araşdırmışdı. Veriliş müxtəlif ölkələrdə İstiqlal Marşı oxuyan fərqli din, dil və coğrafiyanın uşaqları ilə sona yetirdi.

Veriliş qurtaranda tüklərimiz biz-biz olurdu...

Sonralar "Fəthullah Gülən məktəbləri" bir jurnalist kimi həmişə diqqət mərkəzimdə olurdu. Özüm getməsəm də, hazırladığım proqramlar üçün həmişə həmkarlarımdan birini göndərərdim ki, gedib görsün və bir dünya gerçəyi qaralanmasın...

Bizdən başqa gedib tanış olan, xəbər hazırlayan yox idi...

Dünyanın hər tərəfinə yayılan bu məktəblər haqqında inanılmaz xəbərlər yayımladıq.

Hələ bu harasıdır... Fəthullah Gülən haqqında yazılan mənfi-müsbət bütün kitabları oxudum. Son illər onunla görüşən bütün jurnalistləri verilişimə dəvət etdim. Gülən camaatı ilə bağlı elə qəribə iddialar və ya gerçəklər eşitdim ki, hətta bəzən "kaş, bunu bilməsəydim", "kaş, bunu mənə deməsəydiniz" dedim...

Sonuncu dəfə Təhlükəsizlik Kəşfiyyatı haqqında "Əhəmiyyətli İşlər Dairəsi" kitabını yazarkən Fəthullah Gülənlə əlaqədar çap olunan müsbət-mənfi kitabların, demək olar ki, hamısını bir daha oxudum, daha doğrusu, oxumaq məcburiyyətində qaldım.

Fəthullah Gülənə inanan, rəğbət bəsləyən polislərlə görüşdüm. Bir vaxtlar ona inanan polislərlə söhbət etdim. Fəthullah Gülənə nifrət edən polislərlə də əlaqə saxlayıb bu mövzuda söhbətlər etdim...

Bəzən içimi bir heyranlıq hissi bürüdü, bəzən də bir şübhə gəmirdi.

Paranoyyalar, iddialar, gerçəklər, hadisələr və sui-qəsd fərziyyələri...

Son 8 ildir, bir jurnalist kimi bunların hamısını soruşub müsahibə hazırlamaq üçün Fəthullah Gülənin, bəlkə də, yeganə "rəsmi" qurucusu olduğu "Gezeteciler ve Yazarlar Vakfı (Jurnalistlər və Yazarlar Vəqfi)"nin qapısını döydüm. Hər dəfə də necə deyərlər, nəzakətli bir bəhanə ilə "təxirə salındı" bu istəyim.

Fəthullah Gülən Pensilvaniyada, biz də bütün gerçəkləri və sui-qəsd hekayələri ilə burada, Türkiyədə idik...

Vəziyyət həqiqətən çox qəribə idi, hətta qəribəliyi geridə qoymuşdu.

Nə isə!

Nəhayət, keçən ay "Fəthullah Gülənlə bir müsahibə təşkil oluna bilər" xəbəri gəldi. Ancaq gəl gör ki, Gülən camaatını bilavasitə hədəf seçən Hanəfi Avcının kitabının çıxdığı günlər idi.

Hanəfi Avcıdan müsahibə almış və çox təəssüf ki, CNNTÜRK-də, öz proqramımda deyil, internetdə öz saytımda www.dipnot.tv-də yayımlamaq məcburiyyətində qalmışdım.

Güləndən müsahibə almağa kömək edənlərlə əlaqə saxlayıb "Baxın, mən Hanəfi Avcı ilə geniş müsahibə alıb öz saytımda yayımlamışam, buna rəğmən möhtərəm Gülən mənə müsahibə verməyə razıdırmı, əminsinizmi?" deyə soruşdum.

Gələn cavab maraqlı idi "Cüneyt bəy, siz bizi necə bu qədər dəyərləndirirsiniz, bizim üçün əhəmiyyətli olan sizsiniz...".

CNNTÜRK rəhbərliyinə vəziyyəti bildirdim və Prezident A. Gülün BMT-dəki görüşlərini də nəzərə alaraq təyyarə ilə Nyu Yorka uçdum.

Beş nəfərlik bir jurnalist heyəti idik.

Ancaq Nyu Yorka çatanda Güləndən müsahibə almağın mümkün olmayacağını dedilər. .

Əhvalım tamam korlandı, incidim. Ümidlərim puç olmuşdu...

Minlərlə kilometr yol gəlmişdim. İllərdir bu anı gözləyirdim və indi də mənə bunun mümkün olmadığını deyirdilər.

Əslində buna baxmayaraq proqram bir jurnalist üçün olduqca maraqlı idi. Gülən camaatının ABŞ-da açdığı məktəblərə baş çəkib "Türk həftəsi"ni təşkil edən heyətlə qarşılaşanda, hətta uzun-uzadı söhbət edəndə olduqca fərqli ümumbəşəri uzaqgörənliklə qarşılaşmış, heyrətə gəlmişdik. Hazırda bəzilərinizin fərqində olmadığı STV-nin daxilində İngilis dilində yayımlanan "Ebru tv" beynəlxalq televiziyasının mərkəzinə girib kadrlar götürdük. Camaatın baxışları, uzaqgörənliyi daha da heyrətləndirici və təsirli idi...

ABŞ-da Gülən camaatına könül verən insanlara bəzən ağlıma gələn sualları verirdim, hamımız birlikdə gərilirdik bu suallarla, amma yenə də ilk dəfə 3-cü dünya ölkəsi olan Afrikada deyil, ABŞ-da gördüyüm təhsil fəaliyyətləri qarşısında heyrətlənir və çaş-baş qalırdım.

Qarşımızda illərdir, Türkiyə çərçivəsində müzakirə etdiyimiz yerli bir gücün fövqündə qlobal bir uzagörənlik dayanırdı.

"Sınamaqdan, əl çəkmə!"

Mənim illərdir dəyişməz jurnalistika prinsipim belə idi.

Nyu Yorkda da son ana qədər öz sınağımdan əl çəkmədim. Fəthullah Gülənlə görüşə bilən bütün insanlara dərdimi söyləyib müsahibə almaq istəyimi bildirdim. Həyat çox qəribədir... Nyu Yorkda Fəthullah Güləndən müsahibə almağa çalışarkən o gecə Fəthullah Güləndən heç də xoşu gəlməyən, amma qardaşım qədər sevdiyim bir dostumla görüşdüm. Həmin Nyu York gecəsində gözüm telefonda, son ana qədər - pis-yaxşı xəbər gözləyirdim. Yəqin, bunu o da ilk dəfə eşidir. Gecə yarısına doğru xəbər gəldi...

Fəthullah Gülən sabah səhər bizi Pensilvaniyada nahar süfrəsində gözləyirdi.

Ancaq təəssüf ki, çəkiliş və səsinin yazılmasını istəmirdi... 2 ay boyu səssiz qalmaq və Türkiyə haqda hər hansı bir sözü ilə manşet olmaq istəmirdi.

Həm sevindim, həm kədərləndim...

Bir jurnalist üçün ələdüşməz fürsət, həm də bir "diləmma"nın ürək sıxan an idi. Belə bir vaxtda "Off the record" bir görüş keçirilsə, - bu xəbərin sızması yüz faiz idi - bu çox qeyri-obyektiv mənalara yozula bilərdi, buda ki biz bitərəf, obyektiv jurnalistlər üçün heç də yaxşı deyil!..

Təsəvvürünüzə gətirin Pensilvaniyada Fəthullah Güləni gizli ziyarət edən insanların vəziyyətinə düşə bilərdik. (Nə qədər istəyirsən, qarala, istifadə elə) Halbuki bunu bir jurnalist kimi heç birimiz istəmirdik. Amma digər tərəfdən bir jurnalist kimi bu təklifi rədd etmək mümkün deyildi.

"Tarixi bir hadisəyə şahidlik edirəm" deyə düşündüm. Bəzən bir söz almaq üçün aylarla əlləşdiyim və onlarla "off the record" görüş keçirdiyim vaxtlar olmuşdu. Necə ki, Hanəfi Avcı "Susurluq hadisəsi"ndə "32-ci Gün" verilişinə çıxmağa razılıq vermədən əvvəl təxminən 6 ay boyu, demək olar, hər həftə Ankarada Xoşdərədə bir şirniyyat mağazasında görüşüb danışmışdıq.. Hələ adını çəkmədiyim neçə-neçə insanlar var...

Etimad əhəmiyyətlidir. Üstəlik həqiqi tədqiqatçı jurnalistin sığına biləciyi yeganə limandır etimad.

"Bu da bir ilk addımdır..." deyə düşündüm.

İnandım.

Gülən camaatından gələn "Bu görüşün hələlik "off the record" qalmasını rica edirik. İstəmirik ki, yanlış anlaşılma olsun" sözlərinə etiraz etmədim.

Bir müddət "hələlik" susdum.

Nəhayət, Nyu Yorkdan Pensilvaniyaya doğru səhərin erkən saatlarında uzun bir səfərə çıxdıq. 2 saat yarımlıq bir yoldan sonra bir nahar süfrəsində həyatımda ilk dəfə Fəthullah Gülənlə qarşılaşdım. Gözləri şiş, sağ əlinin baş barmağı sınıq idi...

Təxminən 2 saat çəkən bir söhbət gerçəkləşdi.

Görüşün əvvəlində hamımız həyəcanlı idik. Sonra daha rahat danışmağa başladıq... Bir çox sualım oldu. Hamısını cavabladı. Jurnalist həmkarlarım da suallar verdilər, Gülən onlara da cavab verdi...

Etiraf edim ki, bu görüş jurnalist fəaliyyətimdə olduqca əhəmiyyətli və "çox təsiredici idi..."

Pensilvaniyada, yəni dünyanın o biri ucunda kiçik bir otaqda münzəvi ömür sürən, amma o otaqda verdiyi qərarlarla bu gün Türk siyasətinə təsir edən, sabah da dünya siyasətinə təsir edə biləcək belə bir şəxsiyyətlə görüşüb söhbət etmək bir jurnalist kimi mənə həqiqətən böyük təsir etdi.

Könül istərdi, bu canlı verilişdə olsun!..

Hələlik mümkün görünmür, amma çəkiliş və səsin qeydə alınması olmasa belə o gün nahar masasının ətrafında oturan, bu görüşə şahidlik edən jurnalistlərin deyəcəyi sözlər sevənləri üçün də, sevməyənləri üçün də maraqlı olacaq.

Mən çox təsirləndim, təsirlənməmək mümkün deyildi..

Müsbət-mənfi, məncə, yəni bir jurnalist olaraq əhəmiyyətli deyil. O səhər qarşımızda Türkiyəyə və Dünyaya fərqli bir gözlə baxan olduqca maraqlı bir şəxsiyyət dayanmışdı..

Vəzifəmdir, hamısını yazacağam, yazmalıyıq, yazacağıq...

Bu bizim tarixə olan borcumuzdur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.