Pensilvaniyada Fəthullah Gülənlə bir gün

Fəthullah Gülən Pensilvaniyanın yaxınlığında 110 hektarlıq bir yerdə yaşayır. Türkiyədən ayrılanda camaatın tələbələr üçün təhsil məqsədi ilə aldığı bu yerə gəlib. Girişdə kiçik bir daxma var. Əraziyə təqribən 10-15 taxta tipli evlər səpələnib. Ən böyük ev üç mərtəbəli qəhvəyi rəngli bir evdir. Hazırda Gülən icmasına ev sahibliyi edən bu ərazi əvvəllər bir xristian məktəbinin yay düşərgəsi kimi fəaliyyət göstərirmiş. Ağacların arası ilə gedirik, qarşımıza bir göl çıxır. Çaş-baş qalırıq. Gülən camaatından bizi müşayiət edən şəxs: "Bələdiyyə tez-tez gəlib yoxlama aparır, su çirkli çıxsa, dərhal buranı tərk etməyi tələb edə bilər, ona görə çox diqqət yetiririk" deyir. Necə ki binaların içində olan bütün tualetlərdə suyun israf edilməməsi barədə xəbərdaredici lövhələr asılıb.

Ərazidə yeni böyük bir bina da ucalır. Əslində burada belə bina tikmək qadağandır. Ərazidəki digər taxta evlərlə müqayisədə böyük şəhərlərdən əks olunmuş bir görkəmli bina kimi dayanır. Tikilməsi üçün min bir çətinliklə icazə almışlar. İlahiyyat tələbələrinin qalması üçün otaqları və böyük bir "söhbət" salonu var. Ancaq istifadə edilmir. Səbəbini öyrənəndə çaş-baş qalıram.

"Xocaəfəndi hazırda qaldığı evin kirayəsini aldığı təqaüdlə vəqfə ödəyir. Otağındakı əşyalardan ayrılmaq istəmir. Əşyaların onu gördüyünü, tanıdığını düşünür, buna görə tualet aftafasını belə illərdir dəyişmir" deyir camaata mənsub şəxs.

Həyətə girib 3 mərtəbəli ən böyük binanın qapısına tərəf gedirik. Binanın çölündə oturacaqlar və bir qaçış maşını var.

İçəri giririk, bizi 30 yaşlarında kostyum geymiş - daha sonra ilahiyyat tələbələri olduğunu öyrənəcəyəm - gənclər qarşılayır. Fəthullah Gülən də qarşılayanlar arasında idi. Birdən qapıda görüncə hamımız çaş-baş qaldıq. Hamımıza bir-bir "xoş gəldiniz" deyir. Ayaqqabılarımızı çıxarır, bizə uzadılan başmaqları geyib salona keçirik.

20-30 nəfərlik geniş bir salon. Sağda bir masa var, üstündə nahar yeməyi. Ortadakı geniş ağ rəngli dəri kreslolarda əyləşirik. Fəthullah Gülən üzbəüz bir nəfərlik kresloda oturur.

Salona uzun müddətli səssizlik çökür, qarşılıqlı bir narahatlıq havası var otaqda. Səssiz-səssiz bir-birimizi süzürük. Başında ağ namaz təsəyi var. Gözlərinin altı şiş, sağ əlinin baş barmağı gipsli.

"Keçmiş olsun" sözündən sonra söhbətə başlayırıq. Hamımız barmağına nə olduğunu maraqla soruşuruq.

Fəthullah Gülən günlərdir ağrıdan gözünə yuxu girmədiyini, ancaq həkimə getməyi də düşünmədiyini söyləyir.

Sonra təkrar səssizlik çökür.

Otağının sağında bir kitabxana var. Üst-üstə çoxlu kitab yığılıb, adlarını oxuya bilmirəm. Sol tərəfə isə bir dolab qoyulub Türkiyənin müxtəlif yerlərindən gələn hədiyyələr orada saxlanılır. Divarda bir çərçivə var, üstünə dənizçiliyə aid kəndir düyünlərindən nümunələr asılıb. "Görəsən, Gülənin dənizçiliyə marağı var?" deyə düşünürəm. Çərçivənin yanında Gülənin sözləri yazılıb. Böyük hərflərlə yazılmış mətnin xülasəsində "Aktual məsələlərdən danışmaq əvəzinə, ibadətin əhəmiyyəti" vurğulanır.

Xüsusən, onun ətrafındakı insanların meydana gətirdiyi abı-hava bizi qəribə bir məsafə saxlamağa vadar edir. Qarşılıqlı düzgün sözlər tapmağa çalışırıq. Səssizlik uzandıqca uzanır...

Bir gün əvvəl Nyu Yorkdan hazırladığım verilişi seyr edib. "Hərdənbir yoldaşlar internetdə verilişlərinizi göstərirlər, izləyirəm" deyir. Heyrətə gəlirəm...

Gülənin "Buyurun, nahar süfrəsinə keçək" təklifi ilə nahar masasına keçib üzbəüz əyləşirik. Masada açılmış Türk nahar süfrəsi bizi gözləyir. Bir azdan incə belli stəkanlara çay süzüləcək, süfrədə evdə bişirilmiş böyrək və qoğallar, quru ərik və badamla dolu kiçik bir qab, ortada da pendir və pomidor, xiyar salatı düzülüb.

Havadan-sudan söhbətə başlayırıq. Gülən bir ara əsgərliyini 1963-cü ildə çevriliş təşəbbüsünə görə istintaqa cəlb olunan Talat Aydemirin bölüyündə etdiyini deyincə, Serdar Turqut "çevriliş tərəfdarı idiniz, yəni" deyə zarafatından qalmır. Gülüşürük.

Bu zarafatla havada görünməz səssizlik kristalı bir anda əriyib yox olur. Aradakı məsafə qısaldı, artıq bir-birimizlə daha asan münasibət qura bilirik.

Söhbətə dünyaya yayılmış Gülən məktəblərindən başlayırıq. Fəthullah Gülən ağır tempdə boğuq səslə Osmanlı ruhundan danışır. Gülənə görə, hazırkı dünyada Osmanlı ruhunu canlandırmaq üçün ən doğru yol "təhsil" və "mədəni dəyərlər"dir. Qarşımızda namaz təsəyi ilə oturan və bizə boğuq səslə dünya gələcəyindən uzaqgörənliklə danışan bu qoca və yorğun adamın, həqiqətən, böyük xəyalları var. Osmanlı ruhundan və gələcək xəyallarından bəhs edərkən gözlərinin içi parıldayır. Bu yolda atdığı ilk addımları anarkən "Məsciddə duran insan deyildim, getdiyim yerlərdə çayxanalara ayaq döyər, oyun oynayan insanlara belə bu məsələlərdən söz açırdım. Sovetlər Birliyinin dağılması imkanların açılması demək idi.. Elə ilk məktəblərimizi də könüllülük əsasında açdıq..." - deyir. Birdən "qulaq kəsənlərin" qulaq kəsildiyi "Eşrefpaşalılar" filminin fraqmenti gəldi gözümün qabağına.

Bir məşhur prinsip vardı? "Sənət həyatı təqlid edir, yoxsa həyat sənəti...?!

Sözünü bitirən kimi araya girib "Bu məktəblərin şöhrəti və gücü danılmazdır, görəsən, Türkiyə dövləti ilə müştərək fəaliyyət göstərsəydiniz, məktəblər daha miqyaslı və güclü olmazdı? Türkiyə üçün də daha faydalı olmazdımı?" - deyə soruşuram.

Hazırda Türkiyə-Özbəkistan münasibətlərinin diplomatik böhran keçirdiyini misal çəkir. Bəzən dövlətlər arası qarşıdurmaların bu fəaliyyətlərə mane olmasından narahatdır. "Biz dövlətlərin girə bilmədiyi yerlərə girməyi və fəaliyyət göstərməyi bacardıq" - deyir. Yəni məktəblərin təşəkkülünü xüsusən dövlətlə ayrı tutur.

Qırmızı qalstuklu, kostyumu düyməli bir gənc hərdənbir boşalan incə belli stəkanlara çay süzür. Fəthullah Gülən şəkər yerinə saxarin atır çayına. Yüksək təzyiq xəstəsi olduğunu vurğulayır. 11 ildir yaşadığı bu evdən ən çox 2 və ya 3 dəfə çıxıb həyətdəki gölə qədər gedib. Bir dəfə də müalicə üçün Nyu Yorka bir həkimin yanına gedib. Nəinki evdən, heç otağından da çıxmır. Buna baxmayaraq xeyli yorğun halı var.

Sanki, dünyanın yükünü çiynində daşıyır...

Sanki, bizim görə bilmədiyimiz başqa bir aləmin içindən bizimlə danışır... Sözlərindən əmin, amma qətiyyən məsafəli.

İçdən, amma məsafəli.

Anlatmaq istəyir, amma öz-özünü susdurur.

Daha sonra yanındakı insanlardan onun gündəlik həyatını öyrənəndə daha yaxşı başa düşürəm bu ruh halətini. Ümumiyyətlə, gecə yarısı 2.30-da qalxıb sübh namazına qədər müxtəlif ibadət və söhbətlər edirlər. Zikr edilir. Namaz qılınır. Ardınca sübh namazı qılıb yatırlar, naharı da buna görə gec edirlər.

Xocaəfəndi günortadan sonra bizə naharda xidmət edən ilahiyyatçı gənclərdən ibarət "seçkin" bir qrupla söhbət edirmiş. Dəfələrlə burada qalan bir nəfər "Dini mövzularda, inan, o qədər dərinin söhbətlər olur ki, bəzən mən belə heç nə anlamadan dinləyirəm ..." - deyir.

Buna bir növ adı verilməmiş mədrəsə deyə bilərik.

Bu ruhani hava, - onu görə bilməsək də, - hər yeri bürüyüb. Biz bu abı-havaya heç cür həmdəm ola bilmədik.

Söhbət dönüb dolaşıb İsrail və "Mavi Mərmərə" gəmisinə gəlir. Fəthullah Gülən "Mavi Mərmərə"də bir çox könüllünün dayanmadan təkrar etdiyi "şəhid olmağa gedirik" sözlərinə kəskin etiraz edir. Belə bir şeyin şəhidlik kimi qəbul edilməsinin qeyri-mümkün olduğunu söyləyir. Həmin günlərdə BMT-də görüşlər keçirmək üçün Nyu Yorkda olan Abdullah Gülün İsrail dövlət başçısı ilə görüşmə ehtimalı haqqında nə düşündüyünü soruşuruq. Təmkinlə belə bir görüşün baş tutacağı təqdirdə bunun AK Partiyada təşkilati böhrana səbəb olacağını bildirir. ABŞ və İsrailin qlobal və regional gücünə isə əhəmiyyət verir. Bəlkə, nə vaxtsa sarsılacağını, indi isə danılmaz bir hərbi üstünlüyə malik olduğunu vurğulayır. ABŞ-ın müxtəlif ölkələrdəki donanmasının gücündən misallar verir.

Həm söhbət, həm də nahar edirik. "Bu yeməklər Türkiyədən gətirilir?" - deyə soruşuram. "Bir hissəsi..." - deyir. Türkiyənin hər qarışı üçün darıxdığını dilə gətirməkdən çəkinmir.

"Qayıtmağı düşünürsünüzmü?" - deyə soruşuram.

Xeyr, hələ bu haqda düşünmürəm.

Çünki "şərait münasib deyil".

Bu sualı ABŞ-da görüşdüyüm, demək olar ki, hər bir camaat mənsubuna verdim. Çoxu Türkiyədə şəraitin demokratik mənada və müsbət istiqamətdə dəyişdiyini, ancaq Gülənin qayıdası olsa, hər hansı bir səbəblə, ya da bəhanə ilə ədliyyədə əli qandallı bircə şəklinin dünyaya yayılan məktəblərin gələcəyi üçün fəlakət ola biləcəyini vurğulayırlar. Ən azı, bizə əks olunan ən böyük səbəb budur...

Elə sanki, Fəthullah Gülən də Türkiyədə onun üçün "demokratik" şərait yaranacağından əmin deyil.

Referenduma səs vermədə və seçkilərdə ən çox "qırmızı", qoy açıq yazım CHP-yə səs verən İzmirlilərə Fəthullah Gülənin bir sürprizi var; Fəthullah Gülən günün birində Türkiyəyə qayıdası olsa, ən çox yaşamaq istədiyi yer illərlə çalışdığı İzmirdir.

Bir ara mövzu STV-də gedən "Tək Türkiyə" teleserialına gəlir. Bildiyiniz kimi, bu tele-serial STV-nin "Kurtlar Vadisi"nə alternativ kimi çəkdiyi filmdir. Gülənin sözlərindən İsraillə Türkiyə arasında müxtəlif diplomatik böhranlara səbəb olan bu serialın hamısını izlədiyini başa düşürük. Hətta serialdakı bəzi radikal səhnələrin şəxsən dəyişdirilməsini istədiyini də söyləyir. "Kurtlar Vadisi"nin uğurunu isə təqdir edir.

""Tək Türkiyə" serialında işlənən kürd sözləri sayəsində bir neçə kürd kəlməsi də öyrəndik" - deyir gülümsəyərək.

Kürd məsələsinin həlli üçün Fəthullah Gülənin iki təklifi var.

Dialoq və "bürokratik açılım".

Təhlükəsizlik Kəşfiyyatı idarəsində "Önemli İşler Dairesi" kitabımı çapa hazırlayarkən görüşdüyüm bəzi təhlükəsizlik nümayəndələrinin fikirlərinin, demək olar, eynisini oxşar sözlərlə təkrar edir. Bölgədə kürd dili bilən imam, polis və məmurların olmasına və onların yerli xalqa qucaq açmasına tərəfdardır. Başa düşdüyüm qədər Gülənin bu bölgə üçün düşündükləri "demokratik açılım"dan daha çox "bürokratik açılım"dır. "Əslində, Diyanət işləri ilə bunu qismən bacardılar. Bölgəyə kürd dilini bilən imamlar göndərildi, xütbələrdə kürd dilini bilməsələr də, bir neçə söz də olsa xütbələrdə işlətməyə başladılar. Amma bu, polisdən hakimə qədər bölgəyə qucaq açan, şəfqət göstərən dövlət məmurları ilə tamamlanmalı," - deyir.

Söhbət uzandıqca Fəthullah Gülən daha rahat danışır. O danışdıqca biz də rahatlayıb sualları daha dəqiq verməyə başlayırıq. Birbaşa soruşuram.

"Türkiyədə çox müzakirə edilən mövzulardan biri də camaatın daxili qaydaları, idarəetmə üsulları ilə bağlıdır. Siz narahat olmursunuz? Sizin camaat adına camaat mənsublarının gördüyü bütün işlərdən xəbəriniz varmı? Narahat olduğunuz məsələlər varmı?" - deyə soruşuram.

Yüngül səssizlik çökür, amma Fəthullah Gülən özündən əmin: bəzən iradəsinin əksinə bəzi insanların ifrata varmasının mümkünlüyünü söyləyir. "Mən nə qədər çalışsam da, məndən daha çox məşğul olanlar ola bilər," - deyir. Onlara birbaşa "Bunu niyə belə elədin?", və ya "Bunu belə eləmə!" şəklində xəbərdarlıq etmədiyini, söhbət məclislərində təlqinlə bildirdiyini söyləyir.

Söylər-söyləməz də xəstəliyinə görə içəri dəyməli olduğunu söyləyir. Masadan qalxanda yanında qalanlar nəzakətlə də olsa, qəti şəkildə siyasətdən çox danışmamağı və başqa sual verməməyi vurğulayırlar.

Öz aramızda Fəthullah Gülənin söylədiklərinin çox əhəmiyyətli olduğunu və bu cür sual-cavabların hər kəs üçün faydalı olacağını danışmağa başlamışdıq ki, Fəthullah Gülən gəldi. Camaat mənsubları ehtiramla toplaşırlar. Gülən yerinə əyləşdikdən bir neçə dəqiqə sonra, bizə yoldaşlıq edən şəxslər Fəthullah Gülənə bizə zaman ayırdığı üçün təşəkkür etdi. Halbuki, ona və bizə qalsa, bu söhbət bir az da davam edə bilərdi.

Fəthullah Gülən bir-bir əl verib ayrılır.

Biz də həyətə çıxırıq. Görüşü təşkil edən şəxslə böyük çinar ağaclarının arası ilə uzanan yolla yeriməyə başlayırıq.

"Xocaəfəndi sənin verilişini izləyir..." deyir.

"Madam izləyir niyə əməlli başlı sual verməyə imkan vermədiniz, tələm-tələsik bu görüşü yekunlaşdırdınız?" - deyirəm. "Üstəlik çəkimə də icazə vermirsiniz..." - deyə gileylənirəm.

"Bu tanışlıq görüşü idi. 2 ay boyu gündəmdə olmaq istəmir. Üstəlik bura kimlərin gəldiyini və gəlmək istədiyini bilsəydin, bunun da çox önəmli tanışlıq olduğunu anlayardın..." deyir.

Fəthullah Gülənin sözlərinin yanlış anlaşılmasından çəkinir. "Məsələn sənin verdiyin sualı başqaları götürüb "Gülən öz camaatını belə idarə edə bilmir" - deyə əleyhimizə istifadə edə bilərlər. Halbuki belə bir şey yoxdur. Belə şeylərə diqqət etməliyik. Biz, hamımız könlümüzlə işə davam edirik, edəcəyik də..." - deyir.

Bu payız günündə Pensilvaniyada hər şey dinc görünür. Gülənin yoldaşlarından biri göldəki balıqları göstərir. "Gülən gələndə gölə buraxılan bala balıqlar əməlli-başlı böyüyüblər". Səssiz-səssiz göldə üzürlər.

Yanımızda dayanan avtomobildən getmək vaxtının çatdığını anlayırıq.

Avtomobilə minib yola düşəndə xüsusilə, Serdar Turqut və mən öz-özümüzə donquldanırıq. Çəkiliş apara bilməsək də, istədiyimiz qədər sual verə bilməsək də, bu görüş mənim üçün olduqca maraqlı keçdi. Cibimdən qeyd dəftərimi çıxarıb yadımda qalanları bir-bir qeyd edirəm. Avtomobilə dərin bir səssizlik çökür.

Nyu Yorka çatmağa hələ 2 saat yarım var...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.