Xocaəfəndinin oruc ibadəti haqqında fikirləri

Dövrümüzün böyük mütəfəkkiri, yüzdən çox ölkədə açılan lisey və universitetlərin, ictimai fəaliyyətlərin təşviqedicisi və ideoloqu, islami məsələləri, İslam dünyasının problemlərini, bunların həll yollarını ehtiva edən onlarla dərin məzmunlu kitabın müəllifi Fəthullah Gülən, təbii ki, oruc ibadətinə toxunmuş, onun mahiyyətindən, xüsusən ruhi-mənəvi yönündən dönə-dönə bəhs etmişdir. Bununla yanaşı, o demək olar ki, hər il Ramazan ayı başlayanda söhbətini Ramazana həsr edir, dərin bilik və məntiqinin işığında orucun İslam dinində – Quran və hədisdə yerindən, fəzilətindən, orucla bütünləşməkdən, dərinləşməkdən söz açır. Orucla bağlı Xocaəfəndidən sizə təqdim edilən bu məqalədə orucun bir çox yönlərindən bəhs edilir.

Oruc - bədən - ruh

İnsan yeyib-içməklə, hal və hərəkətlərlə, ibadətü-taətlə həm bədəninə, həm də ruhuna xidmət edir. Yediyi loğma zahirən mədəyə getsə də, ruha müəyyən qədər təsir göstərir. Bunun əksinə etdiyi fiziki hərəkətlər vücudu ilə yanaşı, ruhuna da təsiri edir.

Şəxsiyyətin inkişafında və yetkinləşməsində riyazətin böyük rolu var. Bu da ancaq orucla mümkündür. Bu mənada orucun bir mənası da ruhun riyazəti və vücudun pərhizidir. Nə qədər çox oruc tutulursa, onun hasil etdiyi gözəllik və fəzilət o qədər aydın müşahidə edilir. Mədəsinin əsiri olan, tamamən maddiləşən, hər an hər yerdə boğazını düşünən insanda təmiz ruhdan, saf qəlbdən söhbət gedə bilməz. Belə insanların işi-gücü ancaq yemək, içmək, sonra da qəbul etdiyi nemətləri şükür etmədən, nankorcasına bir çuxura boşaltmaqdan ibarətdir. Məhz oruc insana bunun yanlış olduğunu xatırladır.

Oruc bədənin istirahətidir

Hər bir cihazın səmərəli işləməsi üçün müəyyən müddətdə fasilə vermək və onu vaxtlı-vaxtında gözdən keçirmək, ehtiyac olarsa, təmir etmək lazımdır. Əkisinə, fasilə verilməsə, ya tamam xarab olar, ya da ömrü qısalar. Bir tələbəyə müəyyən tədris müddətindən sonra istirahət verilir. Bir fəhlə səhərdən axşama qədər çalışsa da, axşam olan kimi istirahətə çəkilir. Bəli, fasiləsiz, dincəlmədən eyni tempdə işləmək, üstəlik də səmərəli mümkün deyil.

İnsan orqanizmini bir fabrikə bənzətsək, onun orqanları fabrikin maşınları kimidir. Oruc isə bədən fabrikinin istirahəti, əldən düşməməsi və mükəmməl çalışması üçün böyük əhəmiyyət kəsb edir. Oruc vasitəsi ilə orqanizmdə yığılan zərərli yağlar, köklüyə səbəb olan artıq ət əriyir və bədən formaya düşür. Dövrümüzdə köklükdən şikayət edən və buna çarə axtaran insanların sayı az deyildir. Bu baxımdan oruc həm maddi-mənəvi dərdlərə dərman, həm də savab qazanmaq üçün əvəzolunmaz vəsilədir.

Oruc qənaəti öyrədir

Oruc insanlara qənaətkarlığı öyrədən önəmli intizam qaydasıdır. Ağlına gələni tərəddüdsüz etməyə alışan  insan oruclu günlərində məcburən özünü cilovlayacaq. Məsələn, ürəyindən keçəni mədəsinə ötürən, cismani arzularının əsirinə çevrilən insan orucluqda məcbur qalıb axşamı gözləməli olacaq, dolayısilə bunun sayəsində qənaəti öyrənəcək və məsuliyyətsiz həyata əlvida deyəcək.

Oruc əmanətə sədaqəti öyrədir

Oruc gizli-aşkar əmanətə riayət etməyi öyrədir. Çünki Allahdan başqa heç kim yemək-içməyi qadağan edə bilməz. Oruclu adam səhərdən axşamadək Allahın buyruqlarına diqqət edir. Hər an orucu pozma imkanına malik olmasına və heç kəsin görməməsinə baxmayaraq, mömin ciddiyyətlə orucunu davam etdirir. Və axşama qədər əmanətə sədaqət hissi ilə dolub daşır. Oruca göstərilən bu hörmət müsəlmanın bütün işlərində əks olunur. Dolayısilə, oruc tutan insan ömür boyu əmanətə qarşı olduqca sadiq olmağa çalışır.

Oruc Allaha qovuşmağı xatırladır

Oruclunun hər saatı, hər saniyəsi Allahı, Onun nemətlərini və ən böyük nemət olan Allaha qovuşma (liqa)  nemətini xatırlatdığına görə çox qiymətlidir. Səhərdən axşama qədər ac-susuz olan insan zahirən sıxıntı çəksə də, orucun üxrəvi səmərəsi ona bütün çətinlikləri unutdurur. Oruclu adam bütün gün şəhvani hislərini, yeməyi-içməyi unudur, daim Rəbbi ilə qovuşma anını düşünür. Rəsuli-Əkrəm (s.ə.s.) də "Oruc tutan iki dəfə rahatlıq tapır. İftar vaxtı və Rəbbinə qovuşduğu zaman" bəyanı ilə bunu nəzərdə tutur.

Oruc şəfaətdir

Qiyamət günü oruc oruc tutana şəfaət edəcək və Allah Təalaya: "Ya Rəbbim! Mən ona gündüzləri yeyib-içməkdən, ləzzətdən məhrum etdim. Buna görə ona şəfaət etməyimə razı ol" deyə niyaz edəcək.

Misilsiz ibadət

Allah üçün görülən hər bir işin bir savabı mütləq var, əvəzsiz qala bilməz. Əbu Umamə (r.a.) rəvayət edir: “Rəsulullaha: “Mənə bir əməl öyrət”, – dedim. O da: “Oruc tut, onun tayı-bərabəri yoxdur”, – dedi. Mən yenə eyni sual verdim: O, “Oruc tut, onun tayı-bərabəri yoxdur”, – dedi. Üçüncü dəfə soruşdum, o yenə eyni cavabı verdi: “Oruc tut, onun tayı-bərabəri yoxdur”, – dedi. Ruhi-mənəvi kamilliyə çatmaq istəyənlər mütləq oruc tutmalıdır.

Orucun vəfa yönü

Oruc vəfa hissinin təzahür etdiyi ən gözəl ibadətdir. Çünki oruc Allahla qul arasında əhdnamədir. Bəndə müəyyən zaman kəsimlərində müəyyən şeylərdən ictinab edir və bununla əhdinə sadiq olduğunu göstərir. Oruc insanda vəfa hissini kamala çatdırır. Bu məqama yüksələn insan ictimai, ailəvi və şəxsi hayatında tədricən vəfa timsalına çevrilir.

http://tr.fgulen.com/content/view/14187/3/

Peyğəmbərimiz (s.ə.s.) Ramazani-Şərifin fəziləti haqqında buyurur: “Ramazan ayı müqəddəs aydır. Allah Təala Ramazan orucunu sizə fərz buyurdu. Bu ayda mərhəmət qapıları açılır, Cəhənnəmin qapıları bağlanır, şeytanlara zəncirlənir. Bu ayda bir gecə var, min aydan xeyirlidir. O gecənin (Qədr gecəsinin) xeyrindən məhrum qalan hər xeyirdən məhrum qalar”, “Bu aya günahları yuyub təmizləndiyinə görə Ramazan deyilmişdir”, “Ramazanın əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cəhənnəmdən qurtuluşdur”. Tabərani Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir: “Allah Təala gözlərin görmədiyi, qulaqların eşitmədiyi və xəyala gəlməz nemətlərlə dolu süfrəsini ancaq oruclulara lütf edir”. Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli də savabdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.