Ailə uşaq “istehsal” edən bir fabrik deyil

O, cəmiyyətin ən mühüm hissəsi və millətin ilkin nüvəsidir. Ailə şəhvani arzuları doyurmaq üçün vasitə də deyil. O, müqəddəs bir yuvadır və nikah əsasında qurulur.

Müəyyən prinsiplər çərçivəsində qanuni bir sənədlə iki fərqli cinsin bir araya gəlməsinə nikah deyilir. Allah nikaha əsaslanmadan bir araya gələnlərə zina nəzəri ilə baxır. İslam nikahla qurulan ailələri sağlam bir millətin bünövrəsi kimi qəbul edir. Ancaq bu nikah da müəyyən bir qayəyə, məqsədə xidmət etməlidir. İzdivacdakı məqsəd Allahın rizası istiqamətində yaşayacaq bir nəsil yetişdirmək olmalıdır. Qayəsiz evliliklər əsasında sağlam ailənin qurulacağını ummaq yersizdir və məqsədi olmayan izdivaclar niyyətsiz əməllər kimi bərəkətsiz olur.

Qayə olmadıqda insan kiminlə gəldi, yalnız zahiri görkəmə görə evlənir və nəticə də yaxşı olmur. Bu, əslində evlilik deyil, bunu yalnız evliliyə bənzətmək olar. Odur ki, belə evliliklərin ömrü də uzun olmur. Hissi yanaşmalarla baş tutan evliliklər bir çox hallarda cənnət ola biləcək bir yuvanı cəhənnəmə çevirir. Belə ailələrdə xaos hökm sürür, xoşbəxtlikdən, hüzurdan əsər-əlamət olmur və didişmənin, qovğanın və mübahisənin ardı-arası kəsilmir.

Həyat yoldaşı seçərkən düşüncə və əqidə ortaqlığı ən əsas şərtdir. Əks halda kişi dağdan danışanda, qadın arandan bəhs edir. Nəticədə ortaya anlaşılmazlıqlar çıxır. Vəhdətin olmadığı ailələrdə ortaq yuva anlayışı olmur, orada fərqli qütblər formalaşır. Bu da, təbii ki, uşaqlara da öz təsirini göstərir. Onlar ya valideynlərdən birinin tərəfini tutur, yaxud da iki qütb arasında hissiz və duyğusuz şəkildə böyüyürlər. Bu da, birbaşa cəmiyyətə təsir edir, ailəyə və cəmiyyətə düşmən nəsillər yetişir.

Ailə həyatı yalnız dünya ilə çərçivələnən bir həyat deyil. O, övladlarla, nəvələrlə davam edən, hətta axirətdə belə, davam edəcək bir həyatdır. Ona görə də izdivac həm dünya, həm də axirət səadətinin çox önəmli əsasıdır. Evlilik məsələsində yanlış qərar verən biri dünyasını və axirətini qaraltmış olur.

Evliliyin əsası halallıq olduğu kimi, onun davam etdirilməsi də halallığa əsaslanmalıdır. Ailə başçısı övladını halal qazancla böyütməli, həm özünü, həm də ailənin digər fərdlərini haramlardan qorumalıdır.

Ana və ata övladı böyütmək və tərbiyələndirmək məsələsində ortaq mövqedən çıxış etməlidirlər. Bu vəzifələrini icra etməyən valideynlərin övladları əslində yetim sayılırlar. Təsadüfi deyil ki, Allah da qadını ana olan kimi şəfqətlə təchiz edir. Ana da İlahidən gələn bu şəfqəti övladına verməlidir. Ananın ən önəmli vəzifəsi də məhz budur.

Ana ailədəki şəfqət sarıdan boşluğu doldurarkən, ata da fərqli bir məsuliyyətin daşıyıcısıdır. Təmkini, səbri və fiziki imkanları ilə o, ailənin maddi ehtiyaclarını halal yolla təmin etməlidir. Ata hər zaman ailədəki yerini qorumalı və evliliyin möhkəmlənməsi üçün əlindən gələni etməlidir. O, ana kimi şəfqət qəhrəmanı ola bilməz. Ana doqquz ay qarnında gəzdirdiyi və əziyyətlə dünyaya gətirdiyi övladına qarşı daha şəfqətli və mərhəmətlidir.

Ailə yalnız hisslər və duyğular üzərində qurulmamalı, sağlam məntiqi əsaslara dayanmalıdır. Əgər belə olmasa, ölkə dul qadınlarla dolub-daşar. Belə halların qarşısını almaq üçün əvvəlcədən düşünmək, yüz ölçüb, bir biçmək lazımdır. Doğru seçimlə qurulan ailələrdə bir tərəfdə ana, digər tərəfdə isə ata vətənə, millətə və bütövlükdə bəşəriyyətə faydalı olan övladlar böyüdür. Bu övladların bəhrəsini isə əvvəlcə həmin ana və ata, sonra isə bütün insanlıq görür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.