Ərdoğanın Pensilvanya ziyarəti və 2006-cı ildə yazılan məktub
Möhtərəm Fəthullah Gülən Xocaəfəndi dostlarına dəyər verən, dialoqa can atan, qapıları hər kəsin üzünə açan və dostluğu, qardaşlığı təşviq edən insandır. Bütün rəng, çalar və məşrəbdən insanlar ziyarətinə gəlmiş, yeməyini yemiş, çayını içmişdir. Ziyarətinə hər bir kəsimdən insan gəldiyi kimi, partiyaya mənsub siyasətçilər də qapısını döymüş, ona qonaq olmuşlar. Kim hansı niyətlə gəlir-gəlsin, Xocaəfəndi gələn qonağa söz haqqı verir, onlara qulaq asır, düşüncələrinə dəyər verir, imkan tapdıqca da düşüncə və mülahizələrini dilə gətirir.
2000-ci ilin ilk aylarında – onda APK yeni qurulmuşdu – Rəcəb Tayyib Ərdoğan da Pensilvaniyaya gəlmiş, yaşadığımız məkanı görmüş, qəhvəmizi içmişdi. Hətta həmin güm kranlardan (qurna) su axmırdı, bu səbəbdən bizimlə birlikdə həyətdə şlanqdan dəstəmaz almışdı.
Həmin il Abdullah Gül də təşrif gətirmiş, hələ də bizə ağuşunu açan bu evdə yaşayışımızı görmüş və bizimlə bir cərgədə namaz qılmışdı. Cənab Gülün gələcəyi gün Möhtərəm Xocaəfəndi: “Abdullah bəy dostumuzdur. Dostu təmtəraqla qarşılmaq hörmətsizlik olar. Anadolu insanı belə şeylərdən xoşlanmaz. Yeməyi bir süfrədə yeyək, söhbəti salonda edək!” buyurmuşdu.
Dövlət, sərvət və şəhvət
Xocaəfəndi o görüşdə də, sonra da imkan daxilində gələn qonaqlara uğurlu fəaliyyətlər üçün birlik-bərabərliyi, dostluğu-qardaşlığı, hər kəsə qucaq açmağı tövsiyə etmişdi. Nifrət deyil, sevgi aşılayan üsluba üstünlük verməyə səsləmişdi. Ölkəmizin işıqlı gələcəyi üçün mənəviyyatı da özündə ehtiva edən demokratiyanın, dünya ilə inteqrasiyanın, Qərblə əlaqələrin inkişafı ilə yanaşı, müsəlmanların yaşadığı coğrafiyalarla da yaxın əlaqələrin qurulmasının, şəffaflığın və hüquqa üstünlük verən bir dövlət fəlsəfəsinin mənimsənilməsinin, insan hüquqlarını müdafiə edən bir konstitsiyanın və s. məsələlərin zəruriliyini vurğulamışdı.
AKP seçkilərdə sözü gedən dəyərlərə sadiq qalacağını vəd etmişdi. Xüsusilə əsassız qadağalar, korrupsiya və yoxsulluqla mübarizə aparacağını, çevrilişə təşəbbüskarları hesaba çəkəcəyini söz vermişdi. Seçkidən sonra çoxsayda alnısəcdəli insanı milli məclisdə görəndə şad olmuş, verilən sözlərin tutulacağına və ölkəmizin dünyada layiqli məqama yüksələcəyinə ümidlənmişdik. Hətta AKP höküməti ilk illərdə sözügedən vədləri yerinə yetirdiyini görüb sevinirdik də.
Ancaq çox keçmədi ki, qulaqdan-qulağa qəribə xəbərlər gəzməyə başladı:
“Dövlət, sərvət və şəhvət” bir çox AKP üzvlərini də saralıb soldurmuşdu. Bu amansız xəstəliklər siyasətə sırf xalqa xidmət naminə qurşandığını söyləyən neçə-neçə insanı xəzan vurmuş yarpaqlar kimi ayaq altına atmışdı.
Güc və iqtidar ağlı başından almış, gözlərinə duman çəkmişdi. Güc-qüvvənin cazibəsi “bizimkilər”i də əzmə, sindirmə və səsini boğma hislərini qabartmışdı. Beləliklə, get-gedə iqtidar cəmiyyətin fərqli təbəqələrindən üz döndərmiş və “Mən dedim, qurtardı!” düşüncəsi ilə hərəkət etməyə başlamışdı.
Sərvətə sərvət qatmaq, yeni tenderlər qazanmaq və biznesinisini inkişaf etdirmək dərdinə düşənlər ən amansız zülmləri belə alqışlamağa, sözügedənləri göylərə çıxarmağa başlamışdılar. Hökümət müşavirlər, katiblər, yaxın dairələr tərəfindən dövrəyə alınmış, daha doğrusu idarəçilər belə insanlarla özlərini dar bir oligarxiyaya həbs etmiş və xalqın səsi səlahiyyətli şəxslərə çatmaz olmuşdu. Beləcə dünən hər kəsin əlini öpənlər bir az güclənən kimi yalnız “biz” deməyə başlamış və dövlətə xidmətin yerinə şəxsi mənafe acgözlülüyü gəlmişdi.
Ustad həzrətləri deyir: “Qayeyi-xəyal olmasa, yaxud da nisyan və ya tənsi edilsə, əzhan ənələrə dönüb ətrafında gəzərlər.” Məfkurəsiz insanların -ələlxüsus da kreslo və kassaları ələ keçirənlər - Quranın təbirilə desək, qadın, övlad, yığın-yığın pullar, şan-şöhrət, məqam-mənsəbin toruna düşməsi qaçılmazdır. “Nicə sərvi rəvan canlar. Nicə gül üzlü sultanlar. Nicə cahangirlər. Nicə xanlar” kimi bir çox “ak (ağ)” siyasətçilər də eyni mərəz ucundan qaralmışdı.
Üstəlik kənar qüvvələrin xums, təqiyyə və mütəni ölkəmizə yayması ilə ən mətin görünən insanlar belə sarsılmış, bununla əl-qolları bağlanmışdır.
Camaatı məhv etmə planı
Bugünədək qat-qat artaraq yayılan mənəvi çürümənin ilk bəhrəsi 2004-cü ildə MGK-da (Milli Təhlükəsizlik Təşkilatı) “Türkiyədə Nurçuluğu və Fəthullah Güləni məhv etmə planı”nın imzalanması idi.
O illərdə Camaatı məhv etmə planı barədə söz-söhbətlər artıq yayılmağa başlamışdı. Ancaq biz buna baxmayaraq yenə də hüsnü-zənn etmiş, bunun hökümətin taktikası olduğunu düşünmüşdük, çünki AKP-yə bu qara ləkəni yaraşdırmırdıq.
Bir il sonra Ədliyyə Nazirliyinin birdən-birə “fərdi terror” və “silahsız terror təşkilatı” kimi maddələrin yer aldığı bir qanun lahiyəsi hazırlamağa başladığını eşidəndə şok keçirdik. Əslində hazırlanan qanun lahiyəsi böyük bir tələ idi. Zaman qəzeti 8 sentyabr 2005 tarixində “TMK taslağında yer alan tedbirler sıkıyönetim dönemini hatırlatıyor” adlı məqalə ilə bunu elan etdi. Məqalədə deyilirdi ki, əgər bu qanun lahiyəsi təsdiqlənsə, terrorun tərifinə yeni maddələr əlavə ediləcək, zorakılıq hadisələrində adı keçməyənlər belə potensial cinayətkar hesab ediləcək, keşmişdəki kimi düşüncə cinayət sayılacaq, 141, 142 və 163-cü maddələr təkrar “xortlayacaq”. Zaman qəzetinin xəbərindən sonra QHT-lər hərəkətə keçmiş, xalqın etirazı nəticəsində AKP lahiyəni geri çəkmişdi. Ancaq bu “əməliyyat” hüsnü-zənn hislərimizin üstünə bir zərbə daha vurmuşdu. (Maraqlanan həmin illər dərc olunan xəbərlərə və “Kırık testi” yazılarına baxa bilər.)
Həmin günlərdə rüşvət, tenderdə qanun pozuntuları və vəzifədən sui-istifadə halları haqda söz-söhbətlər yayılmağa başlamışı. Özü də bu iddialar ilk dəfə 2003-cü ildə gündəmə gətirən Ahmed Taşgətirən olmuşdu. Bu açıqlamadan sonra bir ara, sanki səngimə olmuşdu, ancaq daha sonra məlum oldu ki, “çayın məcrasını” başqa tərəfə dəyişiblərmiş. Rəhmətlik Muhsin Yazıçıoğlu 2007-ci ildə etdiyi çıxışda –yəqin xatırlayırsınız, son vaxtlar sosial mediada da məhşur olmuşdu – AKP-yə: “Xalq sizi haramzadaları hesaba çəkin deyə göndərdi. İndi isə sizdən pis iylər gəlir. Süddən çıxan ağ qaşıq olduğunu iddia edənlərin təmizlik ədəbiyyatına artıq heç kim inanmır”, - demişdi. Hazırda AKP cənahına keçən Numan Qurtulmuş o dövrdə: “Harun kimi gəldilər, Qaruna döndülər” demiş, Suleyman Soylu isə AKP-nin çirkabaı bulaşmasını gur səslə dilə gətirmişdi. Fəhmi Qoru isə: “Obama kimi gəldilər, Buşa döndülər”, demişdi.
Bir tərəfdən AKP-nin tutduğu yoldan sapması, bir tərəfdən də dindarları sıradan çıxarma plan və fəaliyyətlərin dildən-dilə gəzməsi Xocaəfəndini narahat etməyə başlamışdı. Bir gün: “Görəsən, Cənab Baş Nazirə bir məktub yazsaq, necə qarşılayar!” dedi. Bir-iki gün bu niyyətini təkrar etdi. Sonda 2 may 2006-da gecə yarısı məktubu yazdırdı, səhər namazından sonra bir daha oxutdu. Xocaəfəndinin həmin əsnada iki qat olmuş, yanaqlarından yaşlar süzülmüş və əllərini açıb: “Allahım Sən də bilirsən ki, sadəcə müsəlman kimi xəbərdarlıq edirəm. Sənin rizandan başqa bir məqsədim yoxdur. Axirətdə “Niyə xəbərdarlıq etmədin!” sualı ilə üzləşməkdən qorxuram!..” demişdi.
2006-cı ildə Ərdoğana yazılan məktub
Xocaəfəndi məktubunda sözügedən qanun lahiyəsinə və əməliyyat planına imza atmasının ürəklərə zağlı xəncər kimi saplandığını, bu da kifayət deyilmiş kimi bir vaxtlar müsəlmanların başının üstünü demokratiyanın qılıncı kimi kəsdirən və onları təhdid edən 163-cü maddəsinə bənzər bir qanun lahiyəsinin hazırlandığını təəssüflə qarşıladığını dilə gətirmiş və demişdi:
“Təəssüf edərək bildirməliyəm ki, sözügedən əməliyyat planını hökümət tərəfindən imzalanması müsəlmanların ürəklərində böyük yara açmışdır. Bəzi kimsələr bunu qor kimi sinəsinə bassalar da, bu da bir danılmaz həqiqətdir ki, sizi sevən bütün insanlar eyni cür məsələyə yanaşmır. Məni isə xəncəl saplanan, lakin “dərddən ah eyləməyən”lərdən sayın. Əgər bir vaxtlar müsəlmanların başının üstünü demokratiyanın qılıncı kimi kəsdirən və onları təhdid edən 163-cü maddəyə bənzər terror qanunu milli məclisdən keçərsə, bu xronik hala gələn yaraya nəştər vurmaq olar.
Üstəlik Türkiyənin bir digər dərin yarası – başörtü məsələsində əl-qolunuzun bağlanması və İmam Xatiblərin qapısına vurulan zincirlərin hələ də qırılmaması sizə etimad edənlərin ümidlərini puça çıxarmaqdadır. Çox guman ki, xalq bunu böyük bir müvəffəqiyyətsizlik sayacaq və düşmənlərinizin də propaqandası ilə məsələnin həll edilməməsini sizin üstünüzə yıxacaqlar.”
Xocaəfəndi bununla yanaşı, iqtidarın bəzi qara qüvvələrlə razılığa gəlib dindarları əzmə qərarı aldığına dair şaiyələrin dildən-dilə gəzdiyini və bunun etibarı zədələyəcəyini söylədikdən sonra bu cümlələri sərf etmişdi:
“Bu vəziyyətdən qurtarmağınıza şəraitin və imkanların əlverişli olub-olmadığını bilmirəm, ancaq bundan qurtulub rəhmətlik Nəcib Fazlin mərhum Menderesə “Ya ol, ya öl, amma etibarına qoru!” dediyi kimi, - bu yolda sizə mane olan Çankaya, hətta hegemon dövlətlər olsa belə - dəyişməmənizin həm zatialiniz, həm də xalqımız üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləməliyəm.”
Xocaəfəndi məktubun sonunda bir Haqq dostunun məna aləmində müşahidə etdiyi hadisəni də əlavə edərək Baş Nazirin bu sözlərdən inciməməsini, bu yazının bir dost məsləhəti kimi qəbul etməsini rica etmişdi:
“Yüksək bir binaya dünya şöhrətli insanlar girirlər. Ancaq simaları başqa varlıqların surətinə bənzəyir. Siz də həmin binaya daxil olursunuz, ancaq simanız dəyişməmiş, göyçək olur. Bir müddətdən sonra hamı çölə çıxır və ən sonda siz o siması dəyişənlərin başında dayananla əl-ələ tutmuş vəziyyətdə binadan çıxırsınız. Təəssüf ki, simanız çox dəyişmiş və tamamilə başqalaşmış olur.”
Yozma qabiliyyətim olmasa da, bu müşahidənin ürəkaçan olmadığını da söyləməliyəm. Allah sizi belə bir aqibətdən qorusun, getdiyiniz yolda köməyiniz olsun.
Üslub, istiğna və müştərək ağıl
Xocaəfəndi indiki hadisələrin işartılarını o günlərdə görürdü. Ancaq incikliyini və kədərini illərlə kimsəyə sezdirmədi, ən yaxın insanlara belə hökümət və ardıcılların əlehinə söz dedirtmədi. Birlik, bərabərlik və qardaşlıq bağlarını qorumağa çalışdı. Bəzən dost-tanış vasitəsi ilə, bəzən məkub və hədiyyələrlə, əksər hallarda da həftəlik söhbətlərdə mütəmadi bəzi məsələlərə toxundu, xəbərdarlıq etdi. (Rica edirik son 3-5 ilin “Bam teli” videolarına və “Kərık testi” yazılarına göz gəzdirin.)
Xocaəfəndi söhbət Hizmətdən açılanda, yalnız demokratik bir ölkədə verilməsi lazım gələn hüquqları dilə gətirdi, Hizmətin mənəvi heyəti, yaxud da xadimləri üçün heç bir imtiyaz tələb etmədi. Həmişə ölkəmizin gələcəyi və xalqımızın firavanlığı üçün lazım gələn məsələləri dilə gətirdi. Xüsusilə “üslub, (qadın, mal-mülk, məqam-mənsəb qarşısında) istiğna (göz-könül toxluğu) və müştərək ağıl (məşvərət)” əsaslarına diqqət çəkdi. “Nə olar, incidici və bölücü dil işlətməyin, cəmiyyətin bəzi kəsimlərini düşmən yerinə qoymayın, insanlar arasına kin və iftiraq toxumları səpməyin!” dedi. “Allah xatirinə, gördüyünüz işlər müqabilində maddi-mənəvi təmənna ummayın, xalqın malına əl uzatmayın, rüşvətə bulaşmayın, qanun pozuntusuna yol verməyin, iffətinizi, ismətinizi qoruyun, yolunuzu azmayın!” deyib inildədi. “Rica edirəm, “Mən dedimsə, qurtardı!” deməyin, ətrafdakı yaltaqların sizi aldatmasına imkan verməyin, hamının fikirlərinə hörmət edin, məşvərətdən yaxşı faydalanın və həmişə müştərək ağla əhəmiyyət verin!” söylədi.
Demək olar hər söhbərində bu məsələlərə toxunduğu kimi, vaxt-vaxt göndərdiyi məktublarla da eyni məsələləri diqqətə çatdırdı. Təəssüf ki, təkyə ədəbini, üləmanın zərif üslubunu və İslam ədəbini anlamadılar, “siddiq qardaşım” deyirsə, bu ifadə “Mən səni sözü əməli bir insan kimi tanıyıram, hüsnü-zənnimi puç etmə və dəyişmə!” mənasına gəldiyini dərk etmədilər və gözəl xitabları layiqli iltifat zənn etdilər.
Allah şahiddir, Xocaəfəndi bağıraraq da izah etdi, sukutla da... gecə də söylədi, gündüz də... mülayimliklə də dilə gətirdi, sərt üslubla da. Hər yola baş vurdu. Heyhat... Artıq dövlət, sərvət və şəhvət toruna düşən düşmüşdü, qurtula bilmədilər.
Dünyanın Tayyib ağabəyi olmaq dura-dura...
Son ilk ayda baş verən hadisələr, ortaya çıxan səsyazıları və sənədlər də göstərir ki, məktubda qeyd edilən bütün təhlükəli hallar bir-bir baş verdi. Əfsus, zaman göstərdi ki, Baş Nazir nə “ol”mağı bacardı, nə də milləti, idealları uğrunda ölməyi. Və əsəfa.. olmadı və soldu Baş Nazir. Simasındakı göyçəkliyi də itirdi. Görünən odur ki, şəxsi mənafeyini daha üstün tutdu və ona güvənənlərin ümidlərini puç etdi.
Meydanlarda “Kəfənlə gəzirəm”, demək asandır. Qəhrəmanlıq şirin nağıl kimidir. İgidlik qapı arxasına keçəndə də, tribunadan düşəndə də eyni mərdliyi nümayiş etdirməkdir.
Duruş gətirə bilmədi Ərdoğan!
Bağlı qapılar arxasında “Sizi camaat həbs etdirdi, hamınızı axırınıza camaat çıxdı”, dedi. Ancaq öz tərəfdaşlarına “Hamını necə də diz çökdürdük!” deyərək “qəhrəmanlığından” bəhs etdi.
Kameraların qarşısında “one minute” deyərək hayqırdı, özünü qorxmaz qəhrəman kimi göstərdi, lakin sonra “Mən moderatora öz etirazımı bildirdim”, deyərək sözlərini təkzib etdi. Üstəlik “gəmicik”lər getdi-gəldi, getdi-gəldi...
Futbol komandalarını belə öz istədiyi kimi idarə etmək istədi. Sonra yenə bağlı qapılar arxasında: “Camaat sizi ələ keçirmək istəyir, komandanızın prezidentini camia dama basdırdı” böhtanını yaydı.
Belə ki onu, dünya lideri kimi təqdim edir, xəlifeyi-ruyi-zəmin olduğunu deyirdilər. Belə çıxır ki, buna o da inanıb və heç kimə boyun əyməyən Hərəkatı özünə beyət etdirməyi ən vacib işlər sırasına qoyub. Təkcə öz şəhrətpərəstliyindənmi irəlin gəlirdi, yoxsa kiməsə verdiyi sözümü yerinə yetirirdi? Məlum olan və görünən odur ki, Camaata həddini bildirməyə çalışırdı.
Beyət tələbi həyata keçməyəndə əvvəlcə Camaatı bölməyə çalışdı. Bir ovuc narazı təbəqənin arasından seçdiyi hiyləgər və kəsif insanlardan istifadə etdi. Baş vurmadığı yol qalmadı, amma Camaat mənfəət ətrafında toplanan bir heyət deyildi – içində satın alınacaq insan yoxdu. Ona görə bölüb-parçalaya bilmədi.
Sonra haqsız olaraq təyinat vermə, sürgün etmə yolunu seçdi. Necə ki, Xocaəfəndi ölkə Prezidentinə yazdığı o məşhur məktubda buna işarə etmiş, “Hizmət hərəkatının önünü kəsmək üçün aparılan işlərin aşkar hala gəldiyini, bu xoş görüləməyən əngəlləmə fəaliyyətlərinin Hərəkatın böyüməsi ilə bərabər artdığını, müxtəlif sahələrdə, təkcə “filan yerə bağlıdır, filançılardandır, fəsmançılardandır...” göründüyü üçün haqsızlıqla qarşılaşmış çox sayda insanın gəlib göz yaşı tökdüyünə şahid olduğunu, lakin bunları heç dilinə gətirmədiyini, bununla yanaşı onlara səbr və birlik-bərabərliyi tövsiyə etdiyini” bildirmişdi.
Bundan sonra Baş Nazir hazırlıq kurslarını bağlamaq sevdasına düşdü. Vaxt ötdükcə “təhsildə islahat” sözünün maska olduğu aşkara çıxdı. Sırf bu məqsəd üçün dörd nazir dəyişdirdi.
Ərdoğanı artıq tanımaq olmurdu. Hücumlar, böhtanlar, təhqirlər... Meydanlardakı səviyyəsizliyə eyni şəkildə cavab verilməyəndə qəzəb onu daha da boğdu. Hücumların şiddətini gündən günə daha da artırdı. Sonda bir cinayət də işlədi – bir qisim ərgənəkonçulardan başqa bütün Türkiyə vətəndaşlarının və bütün mötədil düşüncəli insanların çox dəyər verdiyi Türk məktəblərinin fəaliyyətinin dayandırılması üçün səfirlərə təlimat verdi. Bununla bağlı ölkə başçılarına zəng etdi. Hətta, son vaxtlar ortaya çıxdı ki, Xocaəfəndini Türkiyəyə dəvət etdiyi vaxt, onunla bağlı sənəd hazırlatdı. Bir tərəfdən Pensilvaniyaya elçi, o biri tərəfdən Obamaya sənədlər göndərdi.
Təəssüflə bir daha deyim ki, Ərdoğan “ol”mağı yox, solmağı seçdi və möminlərin ümidlərini puç etdi. Məfkurə mühacirlərinin və 160 ölkədəyə açılan çiçəklərin “Tayyib Ağabəy”i olmaq, səmimi dualarını almaq və həmişə xeyirlə yad edilmək dura-dura, heyf ki o ümidləri boşa çıxardı və yaddaşlarda qara ləkə kimi qaldı.
Halbuki etimadı doğrultmaq müsəlman əxlaqıdır. Çünki İslamda nəinki insanların, heyvanların belə etimadını doğrultmaq fəzilət sayılır. Rəvayətə görə Əhməd ibni Hənbəl Mavərünnəhirdə bir alimin Peyğəmbərdən (s.a.s.) hədislər bildiyini eşidir. Həzrət tez yola düşür. Alimi tapıb ehtiramla salamlayır, iltifat göstərir. İtə yem verən alim salamı alır, iti bəsləməyə davam edir. Heyvanı doyurub işini qutaran alim Əhməd ibni Hənbələ: “Sənə etina göstərməyib iti bəsləməyim, deyəsən, xətrinə dəydi. Lakin mənə Əbuz-Zinaddan, ona Arəcdən, ona da Əbu Hüreyrədən gələn bir rəvayət görə Allah Rəsulu (s.a.s.) buyurur: “Kim ona etimad edənlərin etimadını doğrultmasa, Allah qiyamət günü onun etimadını doğrultmaz”. Bu yelərdə itlərə az rast gəlmək olar. Bu it isə məndən əl çəkmir. İstədiyini verməsəm, qorxuram ki, axirətdə istədiklərim verilməz.” Bu sözdən sonra Əhməd ibni Hənbəl “Bu hədis mənə bəsdir!” deyərək qayıdır. Sözüm odur ki, Allahın mərhəmətini uman möminləri, heç olmasa dostlarının etimadını doğrultmalıdır.
Acı həqiqətlə üzləşmək!..
Təəssüf ki, Ərdoğan və höküməti bu cür davranmadı. Hazırlıq kurslarının müzakirəsi ərəfəsində, xüsusilə 17 Dekabr əməliyyatından sonra o günə qədər gizlətdiyi üzünü üzə çıxardı.
Mətbuatdan oxuduğum xəbərlərə isnadən deyə bilərəm ki, korrupsiya əməliyyatı, bütünlükdə, qanunlar çərçivəsində, məhkəmə və polis əməkdaşlarının koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilib. Lakin AKP illərdən bəri əmr verdiyi və hər cür fəaliyyətində istifadə etdiyi polis əməkdaşlarının ona qarşı həyata keçirilən istintaqda yer almasını həzm edə bilməyib. Korrupsiya və vəzifədən sui-istifadə hallarının üstünü örtmək üçün xəyali düşmana ehtiyac ortaya çıxanca da istintaq prosesini Camaatla əlaqələndirərək minlərlə polisi, prokuroru, hakimi qışın ortasında haqsız və qanunsuz şəklidə sürgün etdi. Barəsində aparılan korrupsiya, rüşvət, çirkli pulların yuyulması, dövlət malını mənimsəmə, ehtikarçılıq əməliyyatını yuxarıda bəhs etdiyim səkkiz il əvvəl görülən yuxuda olduğu kimi bəzi qüvvələrlə əlbir olub onlara verdiyi sözü yerinə yetirmək üçün, Camaatın “axırına çıxmaq” üçün bir fürsət idi. Təyinata, sürgünə məruz qalan məmurların çox böyük bir hissəsinin Camaatla əlaqəsinin olduğunu düşünmürəm. Millətçi, sosyal demokrat, ya da müxtəlif təriqətə, ideolojiyə, etiqada bağlı olan çox sayda insanın haqsızlığa məruz qaldığını düşünürəm. Bununla yanaşı inanıram ki, yerindən yurdundan edilən, qarda-boranda külfəti ilə köçməyə məcbur edilən, təyinat çətinliklərinə əmruz qalan o insanlar məzlumdur bə başlarına gələcək şeyləri bilə-bilə hüququn yanında yer aldıqları üçün hamısı bir qəhrəmandır.
Nəticə etibarilə bu gün şahid olduğumuz hadisələr atəşböcəklərini ulduzlaşdırdığımız, milçəkləri qartallaşdırdığımız və bülbül yuvalarını sağsağanlara təslim etdiyimizin acı həqiqəti ilə üzləşməyimizdir.
Qeyd: Ərdoğanın məktublara qarşı qəribə münasibəti var. İlk öncə bəzi qəzetlərə Xocaəfəndinin Prezident Gülə yazdığı məktubu, sanki ona ünvanlanmış məktub kimi təqdim etdi. Sonra mitinq meydanlarında “Mənə mədhiyələr göndəriridiniz, indi bəs nə oldu?” deyərək xalqı yanıltmağa çalışdı. Məhz bu iddiaların yalan olduğunu sübut etmək üçün 2006-cı ildə yazılan məktubun məzmununu ictimaiyyətə çatdırmağı məsləhət gördüm.
- tarixində yaradılmışdır.