Ərzurumda üçüncü gün: Dadaşköydə...

Qorucuqda olduğum gün ən çox bu məsələ ilə maraqlanmışdım ki, görəsən kənddə Fətullah Gülənin ailə üzvlərindən kim yaşayır. Məqsədim sadə idi.. məncə bir insanın xüsusiyyətlərini bütün cizgilərinə qədər açmaq, gələcəyinə işıq salmış dəyərləri gün işığına çıxarmaq üçün onun haqqında ən yaxşı ailə üzvlərinin dedikləri əhəmiyyətli olardı. İlk şüuraltı informasiyaların formalaşdığı körpəlik, mənəvi-ictimai dəyərlərin formalaşdığı uşaqlığı və onun doğurduğu davranışları, hərəkətləri, inama doğru yürüdüyü günlər... Bütün bunları yalnız onunla ömrün ilk günlərində bir yerdə addımlamış insanlar inandırıcı danışa bilər..

Ata, ana, qardaş, bacı.. ən inandırıcı və ilkin informasiya mənbəyi bunlardır mənim üçün. Rəhmətlik babamın bir sözü indi də yaddaşımın bir küncündə ilişib qalıb: ”Qohum qardaşımı qohumu kimi, qonşu qardaşımı qonşusu kimi, bacım qardaşımı bacısı kimi deyər. Amma qardaş qardaşımı əsl qardaş kimi deyər, qardaşım haqda mənim sözüm birinci olmalıdır”. İllərin sınağından çıxıb yaddaşımın bir küncündə hələ də təzəliyini qoruyan bu fikrə sadiq qalaraq Qorucuqda ailə üzvlərindən kimisə, konkret olaraq onun qardaşlarını soraqladım. Amma, aldığım cavab bədbin notlarla yüklənmişdi: ”..indi kənddə onlardan heç biri yaşamır, yaşayan qohum-əqrabası var, amma onlarda nisbətən gənc nəslə mənsub olduğu üçün onu olduğu kimi xarakterizə edə bilməzlər”. Elə orada əmisi oğlu Necdət Güləndən eşitmişdim ki, Ərzurum yaxınlığındakı bir kənddə Fəthullah Gülənin kiçik qardaşı yaşayır. “Amma Seyfullah bəyin indiyə kimi Fəthullah hoca haqqında danışdığını kimsə eşitməyib. Bu yolda çox əziyyətlər görüb, hər hərəkətində bir siyasi məna axtarmağa çalışıblar. Odur ki, illərdir bu mövzuda bir kəlmə belə danışmır. Bəlkə, sizin azərbaycanlı olduğunuzu və qonaq olmağınızı nəzərə alıb, yumşala.. istəyirsiniz, bir cəhd edin”. Qorucuqdan çıxanda Necdət bəyin bu sözləri içimdə işaran yeganə ümid olmuşdu, düşünürdüm, əlbəttə cəhd edəcəm! Yazmağa razılaşmasa, heç olmasa özüm üçün eşitmədiyim məlumatlar eşidərəm, – deyə düşünürdüm. Yol yoldaşımız Habab bəy və Ceyhun müəllim də bu fikirimlə barışıb, növbəti gün ora getməyə qərar verdik.

Ərzurumda təqvimin üçüncü günündə yaxınlıqda yerləşən Dadaşköyə üz tutduq.

...Dadaşköydə..

Ərzurumdan yeddi kilometr məsafədə Dadaşköy adında kiçik bir kənd var. İqtisadi baxımdan o qədər də inkişaf etmədiyi ilk baxışdan bəlli olur. Ərzurumdan kəndə qədər çəkilmiş yeni asfalt yol kəndin girişində başa çatır. Anadolunun əksər kəndlərinə xas köhnəlmiş yolların başlaması burada qışın necə çətin keçməsi haqqında təsəvvür oyadır. Amma dadaşköylülərin bəxti onda gətirib ki, kəndin yerləşdiyi ərazi çoğrafi baxımdan qumsal bir yerdir, qara torpaq olsaydı, payız və qış aylarında burada tərpənmək belə olmazdı. Qumsal ərazi olması əhalini belə bir çətinlikdən qurtarır. Yoxsa, füzulilər demişkən sığ-sımırtdağ xirtdəyə çıxardı.  Odur  ki, axşam güclü yağış yağsa da, addımladığımız küçələrdə ciddi çətinlik çəkmədik. Anadoluya xas bir mərtəbəli, sadə görünüşlü, yarısı suvanmış, yarısı suvanmamış evlər yan-yana düzülüb, dəmirdən hörülmüş bəstəboy hasarlar evlər arasında sərhəd olsa da, kəndə sadə bir görünüş verir. Daş hasarlar demək olar ki, gözümə dəymədi bu kənddə. Azərbaycanda məşhur olan “gor qonşusu” ifadəsi bu kəndin timsalında özünü qabarıq göstərir, hasarlar rəmzi xarakter daşıyır, hamı bir-birinin həyətini görür. Deyirlər, anadolular qonşularla hündür hasarlar çəkib bir-birini ayırmağı sevmirlər, onların anlayışına görə bu artıq məsrəf olması ilə yanaşı, qonşular arasında münasibətləri soyudur, uzaqlaşdırır. Dadaşköylülərin də buna inandıqları elə hasarlarından başa düşülür. Bu düşüncələrlə addımlayarkən, qeyri-ixtiyarı ötən qış yaşadığımız binada baş vermiş hadisəni xatırladım... qışın sərt, qarlı-çovğunlu keçdiyi günlərdə heydən düşmüş qoca qadın birotaqlı evində qəflətən keçinmişdi, içi mən qarışıq hamı qapısını bərk-bərk bağladığı üçün yalnız ölümünün üçüncü günü eşitmişdik...

Əhalinin belə bir qumsal, əkinçilik baxımından o qədər də əlverişli olmayan yerdə məskunlaşması kəndin adının haradan ortaya çıxması haqqında suallar formalaşdırır adamda. “Dadaş” sözü ərzurumluların dilində böyük, güclü, qüvvətli mənasını verir. Xatırlayırsınızsa, XX əsrin əvvələrində bizim dilimizdədə bu söz olub və indi bəzi bölgələrimizdə işlədilməkdədir. Məsələn, C. Cabbarlinin “Sevil” əsərində Balaşın bacısı Gülüşün ona “dadaş” deyə müraciət etməsi belə deməyə əsas verir ki, əsrin əvvələrində Azərbaycanda böyük qardaşına kiçiklər dadaş deyə müraciət edirmişlər.

Qayıdaq kəndin adının haradan meydana çıxmasına. Bu kəndin ərazisi Osmanlı dövründə varlı bir ərzurumlunun tövlə sahələri olub, burada cins türk atları yetişdirərmiş. Onun tövlələrində işləyənlər gediş-gəliş çətinliyi ucbatından Ərzuruma gedib-gələ bilmirdilər, ona görə də, ağanın təşəbbüsü ilə ev tikib burada yaşamaq qərarına gəlirlər. Ağanın təsərrüfatı genişləndikcə əhalinin sayı da çoxalır. Bütün gününü atlara qulluqla keçirən savadsız kasıb camaat ağalarına hörmət mənasında “dadaş” deyə müraciət edirlər, öz adı ilə çağırmırlar. Sonralar ağa olmasa da, Dadaşköy və onun tövlələri qalır. Cümhuriyyət dövründə bu tövlələr yavaş-yavaş insanlar tərəfindən evlərə çevrilməyə başlayır. Hətta son dövrlərə qədər bu tövlələri evə çevirib sığınacaq kimi istifadə edənlər vardı.

...kiçik qardaş...

Belələrindən birinin, sadə dadaşköylülərdən birinin qapısını döyürük. İndi ev olan bu sığınacağın sahibi Seyfullah Güləndir. Qapının ağzında qarşıladı və bizi çoxdan gözləyirmiş kimi hörmətlə içəri dəvət etdi. Evin həyət-bacası yoxdur, küçədən bir-başa evə girirsən, girdiyin yer, yəni balaca otaq kimi bir şey həm girişdir, həm də mətbəx. Kiçik dörd ayaqlı stol, üzərində stəkanlar, nəlbəkilər... buradan sol istiqamətdə balaca bir qonaq otağı var, sağ istiqamətdə də kiçik bir otağın qapısı görünür. Başa düşürəm ki, vaxtı ilə tövlə olmuş bu hissə yaşamaq üçün birtəhər uyğunlaşdırılıb, ona görə də burada hansısa inşaat-planlaşdırma detalları haqqında mühakimə yürütməyin heç yeri yoxdur. Beş-altı adamın ancaq sığdığı qonaq otağında sadə bir kitab rəfi və bizim “mesni mebel” dediyimiz, o qədər də kamfortu olmayan divan və iki kreslo qoyulub. Otaqda gözəçarpan heç bir qiymətli əşya yoxdur, şkafın qarşısına qoyulmuş böyük qardaşın şəklindən başqa..

Seyfullah bəy.. Fəthullah Gülənin özündən üç yaş kiçik qardaşı. İndi yaşının ahıl çağında sakit bir halı olsa da, cavanlıqda dəliqanlı olması o saat anlaşılır. Bütün Anadolu insanları kimi kompleksi yoxdur, sakit təbiəti var  və danışmağa o qədər də meylli deyil. Daha doğrusu, görüşümüzün ilk dəqiqələrində bir-iki  ümumi sual verməklə gözləmə mövqeyi nümayiş etdirir. Amma mən hiss edirəm ki, onda danışmaq üçün mövzular çoxdur. Ərzurumluların çox aydın başa düşdükləri dilimizdə izah eləmək istəyirəm ki, fikirləri mənim üçün çox maraqlıdır, düzdü əvvəlcə müqavimət göstərir, danışmaq istəmədiyini sezdirir. Amma kim nə deyirsə desin, türk əxlaqının ayrılmaz parçası olan qonağa sonsuz hörmət hissi Seyfullah bəyin bütün varlığına hakimdir. Tab gətirməyib danışmağa razılaşır. Amma əvvəlcə “sizi gücüm çatan bir şeyə qonaq eləməliyəm” – deyib qonşu otağa gedir, əlində doğranmış yemiş, çay gətirərərk qarşımıza qoyur. “Mən hazır” mənasını verən baxışlarla üzümüzə baxır...

Ev haqqında ilk sualıma cavab verir. Bu kəndə necə gəlib. Vaxtı ilə tövlə olmuş bu evə yığışmasının səbəbini  soruşuram. Cavabında deyir ki, ali təhsili yoxdur, ona görə də heç vaxt vəzifədə-filanda işləməyib. Cavanlıqda fəhləlik eləsə də, sonralar sürücü sənətinə bağlanıb və təqaüdə çıxana qədər müxtəlif yerlərdə, sonuncu dəfə isə universitetdə sürücü işləyib: “Bizim bu yerlərdə sürücü işləyən adamın güzəranı o qədər də yaxşı olmur. Bir qarın çörəyini çatdırır ancaq. Mən də belə bir həyat sürmüşəm, sürücülüklə yeddi uşağımı bir təhər böyüdüb boya-baş çatdırmışam. Onsuz da, başqa cür ola bilməzdi, olsaydı Xocaəfəndiyə (özündən böyük qardaşını belə adlandırır) sayğısızlıq olardı. Biz qardaş-bacılar hamımız həyatımızı onun dediyi prinsiplər üzərində qurmuşuq ki, onun adına kölgə düşməsin, qəlbi rahat olsun. Bu kəndədə yerləşməyimə gəldikdə isə, bir oğlum ruhi xəstədir. (Həmin övladı evə girəndən bizi qəribə-qəribə müşahidə edir, müxtəlif qeyri-adi hərəkətlər edirdi, şükür ki, içimdəki bu şübhəyə özü aydınlıq gətirdi. Amma mən dəqiqləşdirmək üçün soruşdum ki, oğlunuzdu yoxsa nəvəniz, gülümsəyərək “oğlum” deyə cavab verir. Amma bu mövzuda danışarkən üzündə mənəvi bir rahatlıq cizgiləri gördüm, day bizdəki kimi, taledən şikayət notları görmədim). Əvvəllər, Ərzurumda yaşayırdım, amma xəstəliyi şiddətləndikcə qonşuları, yoldan keçənləri narahat etməyə başladı. Bu vəziyyətdən çıxış yolu axtararkən sürücü yoldaşlarım mənə bu kənddə sahibsiz tövlələrin olduğunu və bura köçə biləcəyimə dair tövsiyyələr verdilər. Mən də elədim. Burada əhali sıx məskunlaşmadığına görə, heç kimi narahat etmir (oğlunu göstərir). Ancaq bir neçə ildir, əl gəzdirib evə oxşatmışıq, bu qədəri də mənə bəs edir.. (bu yerdə xəfifcə gülümsəyir, amma bu təbəssüm taleyə etiraz kimi gəlmir mənə. Təbəssümü deyir ki, o, burada da özünü xoşbəxt hiss edir)”.

Əlbəttə ki, kiçik qardaşdan böyük qardaşı haqqında uşaqlıq xatirələrini soruşmaq lazımdır. Mən də soruşuram, amma heç yaddaşını qurcalamadan o dəqiqə cavab verir ki, Xocaəfəndinin uşaqlığı haqqında heç nə xatırlamır: ”Uşaqlığımız haqqında vallah, ciddi bir şey yadıma gəlmir, axı bizim bir yerdə bir ayda olsun uşaqlığımız keçməyib ki, nəsə yadımda qalsın. Ağlım kəsəndə artıq Xocaəfəndi Ərzurumda mədrəsədə oxuyurdu. Qorucuqdakı evimizə ayda-ildə bir dəfə gəlirdi, onda da bütün günü oxuyur, özünə qapılıb nəsə haqqında düşünürdü” – deyə cavab verir. Onda razılaşırıq ki, gənclik xatirələri haqqında danışsın, bir az düşünüb danışmağa başlayır:

– 1957- ci ildə, gənclik illərimdə bir ara İstanbulda işlədim. Beş-altı ay işləyib bir az pul toplaya bildim. Bu vaxt anam çox narahat idi, geri qayıtmağımı istəyirdi. Mənə məktub yazıb ağlayırdı ki, böyük qardaşın da yoxdu. Sən də bizi təkbaşına qoyub getmə. O vaxt Xocaəfəndi Ədirnədə idi. Bir müddətdən sonra az miqdar pul toplayıb geri qayıtmaq qərarına gəldim, amma əvvəlcə ona baş çəkmək ürəyimdən keçdi. Bir gün ona baş çəkmək niyyəti ilə yola düzəldim, bir az da özümlə pul götürdüm. Hədiyyə etmək üçün bir dənə də pul kisəsi aldım. Sanki, Xocaəfəndinin çoxlu pulu varmış kimi.. (bu yerdə ürəkdən gülür). Ədirnədə axşam oteldə qaldım, səhər olunca soruşa-soruşa Üç Şərəfəli Camini tapdım, amma cami bağlı idi. Günorta namazında cami açıldı və mən də dəstəmaz  alıb namaz qılmaq üçün içəri girdim. Xocaəfəndi camaat namazı qıldırdı, namazdan sonra görüşdük, məni görüb sevindi, qaldığı yerə apardı. Yer deyərkən, bura caminin dar bir küncü idi. Köhnə bir kilim, iki bərkimiş  mütəkkədən başqa heç nəyi yox idi. Pəncərədən pərdə əvəzinə nazik bir kilim asmışdı, iki dənə də ədyalı vardı. Qatlayıb pəncərənin kənarına qoymuşdu. Dedi, gedək bir yerdə yemək yeyək. Bilirdim ki, özü xüsusi bir yemək həvəskarı deyil, könlüm xoş olsun deyə belə edir. Camidən cıxıb bir neçə restorana baş çəkdik, hamısında stolların üzərində içki şüşələri vardı. Xocaəfəndi hər dəfə restorana girib-çıxanda: “Burada  yemək yemək doğru olmaz,” – deyirdi. Bu minvalla heç birindən yemək almadı, sonra bir köftəcidən əti özünün kəsib-kəsmədiyini soruşdu, o da “özüm kəsirəm” deyincə ondan bir neçə köftə aldı. Əlbəttə, özü bunlardan yeməyəcəkdi, mənim üçün almışdı, elə də oldu. Axşam olunca mənə sən pəncərədə yat dedi, mən özümə bir yer taparam. Mən çox yorulmuşdum, uzandım, uzanan kimi yuxuya getdim, o da səhərə qədər bir tərəfdə bükülüb oturdu.

Səhərisi gün məni Ərzuruma yola saldı. Elə həmin ili əsgərə getdi və onun ardınca mən də əsgərə getdim, odur ki, uzun müddət əlaqəmiz olmadı...

– Fəthullah Əfəndi bütün dünyada tanınır. Onun qardaşı olduğunuz üçün heç həyatınızda “sizə xüsusi hörmət” göstərənlər və ya təzyiqlər olubmu?

– Xocaəfəndidən dolayı bizə hər hörməti göstərirlər, səmimi mənada. Amma, bu hörmətə nə qədər layiqəm onu deyə bilmərəm. İmkanım çatan qədər belə vəziyyətdən qaçmağa çalışıram. Digər qardaşlarım da elədilər. Heç vaxt biz filankəsik, filankəsin qardaşıyıq demədik, demərik. (Bu yerdə Ərzurumda eşitdiklərimi xatırladım. Deyirlər, Fəthullah Əfəndinin qardaşları bir yerə gedəndə nəinki özlərini təqdim etmək, hətta imkan daxilində soyadlarını belə gizlətməyə çalışırmışlar ki, kənardakılar onların kim olduğunu bilməsinlər). Rəsmi yerlərə gedəndə belə Gülən soyadını işlətmərik. Mən həmişə, Xocaəfəndiyə görə bizə böyük hörmət göstərənlərə qarşı yaxınlıq verməməyə çalışıram ki, bizə çox yaxınlaşmasınlar. Fərdi mənada onun adından heç vaxt istifadə etməmişik. Mən çayxana kimi içtimai yerlərə gedib-gələn adamam. Onunla bağlı sual verənlərə həmişə deyirəm ki, mənim böyük işlərlə işim yoxdur. Çünki bir şeyin pis və yaxşı olmasını müdafiə etmək üçün gərək nəsə biləsən. Mən elə şeylər bilmirəm. Məni böyük şeylərlə yükləməyin. Çalışmışıq ki, bizə görə heç kim zərər görməsin. Çünki elə zamanlar oldu ki, bizə salam verənlər belə cəzalandırıldı. İnsanların əziyyət çəkmələrini istəmirik. Amma mən həmişə şükür eləyirəm ki, Xocaəfəndiyə görə böyük ilahi nemət içərisindəyik, bu bizə yetir.

Amma mən inkar eləmirəm, ona görə bizə, lap elə mənim özümə iş təklifləri olub. Elə bir müddət əvvəl yaxşı tanıdığım ərzurumlu bir iş adamı mənə ortaqlıq təklif etdi, amma qəbul etmədim. Biz ümumiyyətlə, Xocaəfəndi ilə məsləhətləşmədən heç bir iş görmürük, odur ki, təklifi ona çatdırdım gözlədiyim kimi “Yox” dedi. Xocaəfəndi bu məsələdə çox ciddidir. Həmişə bizə deyir ki, dünya adına mənim əqidə qardaşlarımı şübhəyə salacaq heç bir səhvə yol verməyin! Odur ki, bizdə maddi mənada bütün arzularımızdan könüllü imtina etmişik

– Eşitdiyimizə görə, Fəthullah əfəndi uzun illər əvvəl “Allahım, mənim qardaşlarıma dünya var-dövlətindən heç nə vermə” – deyə dua edib. Bu düzdürmü?

– (gülümsəyir..) Düzdü... o duanı elə bu evdə edib. Bir dəfə bu oturduğumuz otaqda yaxın dostları ilə söhbət edirdi. Söhbətin axırında dedi ki, mən çox vacib bir dua edəcəyəm siz də amin deyin. Məndə qapının ağzında durmuşdum. Dediyiniz duanı etdi və hamıdan birinci mən bu duaya amin dedim (bu yerdə ürəkdən güldü).

Seyfullah bəy söhbət əsnasında maraqlı bir mövzuyada toxundu. Dediyinə görə, ailədə bütün uşaqların adını atası Ramiz əfəndi qoyurmuş. Əslində, onun adı Seyfullah yox Sıbğatullah olub. Lakin Ramiz əfəndi bir neçə il Fəthullah və Sıbğatullah adında uşaqlarını adlarını heç bir rəsmi qeydiyyat sənədlərinə saldıra bilməyib. Çünki ötən əsrin 40-50-ci illərində Türkiyənin bir çox yerlərində olduğu kimi Ərzurumda da yeni doğulmuş  körpələrə tərkibində Allah sözü olan adların qoyulması yasaqlanırdı. Yalnız bir neçə ildən sonra Ramiz əfəndi kənd ağsaqqalları şurasının üzvü olandan sonra çox çalışıb Fəthullahın adını sənədlərə saldıra bilsə də Sıbğatullahın adı Seyfullah olaraq sənədləşdirilir. Elə bu üzdən də Seyfullah əsgərə çağrılarkən çağırış vərəqəsində Sıbğatullah Ramiz oğlu yox, Seyfullah Ramiz oğlu yazılıbmış. Gənc Seyfullah məsələdən xəbərdar olmadığı üçün kağızı qəbul etmək istəmir, yalnız sonradan polis məntəqəsində məsələni ona izah edirlər.

Sual-cavabı davam etdiririk.

– Fəthullah əfəndinin qardaşı olduğunuza görə, heç təzyiqlərlə üzləşmisinizmi?

– Ümumi mənada ciddi təzyiqlər olmayıb, amma ona bənzədiyimə görə bir neçə dəfə həbs olunmuşam (astadan gülüb saqqalını sığallayır). Amma sonradan üzr istəyib buraxdılar. İndi üzümün rəngi gedib, amma deyilənə görə cavanlıqda Xocaəfəndiyə çox bənzəyirmişəm. Bir neçə dəfə Ərzurumun mərkəzində gəzişəndə polisə xəbər çatdırıblar ki, Fəthullah Gülən gizlicə Ərzuruma gəlib, onu tutmaq lazımdır. Tuturdular, pasportuma baxandan sonra səhv etdiklərini görüb buraxırdılar. Xocaəfəndinin mənə bağışladığı paltarı var idi, iki dəfə də onu geydiyim üçün tutulmuşam”.

Seyfullah bəy bizimlə söhbət zamanı ailəsi haqqında da danışdı. Ən böyük övladı müəllimdir, ondan kiçiyi Türkiyə telejurnalistikasında tanınmış Kamal Güləndir. Onlardan əlavə üç qızı var, bir oğlu isə Kanadada fəaliyyət göstərən televiziyada işləyir, ən sonuncu övladı isə liseydə təhsil alır.

Bir neçə saat çəkən söhbətimiz zamanı Ramiz əfəndini də andı. Onun hələ də bütün Ərzurumda məşhur olan halal-haram həsasslığı haqqında da yadında qalanları danışdı. Bir dəfə dəcəl Seyfullah səhvən qonşunun gilas ağacının budağını sındırır. Ramiz əfəndi Seyfullahı yüngülcə vurub, israrla qonşuya getməyi, qırılmış budağın haqqını öyrənməyi tələb edir. Bu yolla qonşunu razı salır. Bir dəfə də kənd cammatının buğdasını üyüdən, amma bunun qarşılığında böyük zəhməthaqqı tələb edən dəyirman sahibi Ramiz əfəndiyə bir kisə un göndərir. Ramiz əfəndi isə dəyirman sahibinin əzazil adam olmasını nəzərə alıb payı qəbul etmir, bir ulağa yükləyib geri qaytarır.

Bu həfəlik bu qədər. Növbəti yazımızda Fəthullah Gülən haqqında Ərzurumun mənəvi simalarının və onun uşaqlıq dostlarının maraqlı xatirələrini sizinlə bölüşəcəyik.

{widgetkit=47}
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.