Ərzurumda yeddinci gün: Mehmet Kırkıncı

Köhnə Ərzurumun düz mərkəzindəki küçədəyəm: Güləhməd küçəsində.. Deyilənlərə görə, bu küçə Türk tarixinə adını yazmağı bacaranların çoxuna "xoş gəldin" deyib. Güləhmədin hər addımı bir tarix olan Ərzurumun canlı tarixidir. Devirşah məscidinin qarşısından başlayan küçənin düz başında əsrlərin sınağından çıxmış bir türbə ucalır: Sədrəddin Konəvi həzrətlərinin türbəsi. Bütün Anadolunun sevdiyi iman adamlarından biri olan bu zatın Konyada doğulduğu söylənilir. Onu bu küçədə öz vəsiyyətinə görə dəfn ediblər. Vəfatından əvvəl, "məni yüz min övliyanın qəbri olan o yerdə basdırın" - deyə vəsiyyət edib. Görünür, Anadoluda mənəvi yükünə görə əhəmiyyətli yer tutan Ərzurumun çox sirri var.

Türbəyə bitişik dəmir qapıdan içəri girəndə qədim Osmanlı memarlıq üslubunda tikilmiş bir evlə qarşılaşırsan. Osmanlı arxitektura elementlərini hələ də yaşadan bu balaca bina, onun kiçik həyəti özündə Fəthullah Gülənlə bağlı çox xatirələr qoruyub saxlayır. Bu xatirələri yaşının 80-ci baharını geridə qoymasına baxmayaraq, hələ də canlı saxlayan möhtərəm Mehmet Kırkıncıdır.

...tərcümeyi-halından qısa məqamlar..

M.Kırkıncı 1928-ci ildə Ərzurumun Güllücə kəndində anadan olub. Bütün Türkiyədə həyatını dinə, İslamiyyətə həsr etmiş bir mənəviyyat insanı kimi tanınır. 1955-ci ildə Bədiüzzaman Səid Nursi ilə İspartada tanış olandan sonra mənəvi həyatında əsaslı dönüş əmələ gəlib. Bədiüzzamanın "evlərinizi mədrəsəyə çevirin" tövsiyəsinə uyğun olaraq indiki evini mədrəsə edərək İslamın fəzilətlərini yaymağa başlayıb, ərəbcə dərslər və Risaleyi-Nur tədrisi ilə məşğul olub. Türkiyədə ən məşhur hərəkəti 12 Sentyabr 1980-ci il çevrilişindən sonra 4 aprel 1982-ci ildə o vaxtkı dövlət başçısı Kənan Evrenə məktub yazmasıdır. Məktubunda dinə və əxlaqa əhəmiyyət verilməsini, məktəblərdə din dərslərini keçirilməsini tövsiyə etməsi o dövrə görə çox cəsarətli addım idi. Əsərləri: "Cihad mövzusunda Bədiüzzaman", "İrşad mövzusunda Bədiüzzaman", "Hansı təhsil", "Ruh nədir", "Könül damlaları", " İslamda birlik", "Həyatım, xatirələrim", "Nüktələr", "Hikmət parıltıları", "İnsan, millət və dövlət", "Bədiüzzaman və təsəvvüf", "Bədiüzzamanı necə tanıdım?", "Şiəlik nədir?", "Darül Hərb nədir?". Əsərləri arasında "Qədər nədir" adlı əsəri qədər mövzusunda elmi yanaşmaları ilə çox məşhurdur. Ömrünün ahıl çağlarını yaşayan Mehmet əfəndi bir azdan sizi tanış edəcəyim evində hələ də dərslər verməyə davam edir, bu qədər yaşlı, taqətsiz olsa da.

...onun kiçik otağında...

qarşıma orta əsrlərin Osmanlısı çıxır. Ağzına kimi dolu olan künbəzvari kitab dolabları, döşəmədə qədim türk xalçalarının ornamentləri əsasında toxunmuş xalılar, divar boyu düzülmüş mütəkkələr, otağın bir küncündə qiblə istiqamətini göstərən mehrab və bir də bir-birinin ardınca dolub boşalan çay stəkanları...

Sol tərəfində özümə yer elədiyim Mehmet əfəndi zahiri görkəmi ilə insanı bir anlıq da olsa Osmanlı dövrünə aparır. Başında təkkə, əynində ötən əsrin 60-ci illərində tikilmiş pencək-jilet olan bu yaşlının sifət cizgilərini oxumaq o qədər çətindir ki... İllərin dərin iz buraxdığı sifət cizgilərindən şəfqət, insanlığın imanını xilas etmək üçün alışıb-yanan ürək döyüntüləri oxunur. Sinəsinə toxunan ağ saqqalı isə onun bu ruhani havasını daha da ağırlaşdırır. İnsana mənəvi rahatlıq gətirən qiraətini dinlədikcə onun haqqında eşitdiklərimi və oxuduqlarımı beynimdə saf-çürük etməyə çalışıram. Hələ gənc yaşlarında böyük Ustadın yardımı ilə iman həqiqətləri ilə tanış olan Kırkıncı xoca bütün ömrünü insanların imanının xilasına həsr edib. Bu yolda çox iztirablar çəkməsinə baxmayaraq mədrəsə qurur, tələbələr yetişdirməyə çalışır. Belə tələbələrindən biri də Fəthullah Gülən olur. Son nəfəsinə qədər bu yolda yürüyəcəyinə söz verən M. Kırkıncı xoca yaşının belə çağında da başqaları kimi bir kənara çəkilməyib. Hətta çətinliklə yeriməsinə baxmayaraq, ölkəni diyar-diyar gəzir, insanlara xütbələr oxuyur, onları haqqa dəvət edir. Elə buradaca öyrənirəm ki, dünən İstanbuldan qayıdıb, sabah isə növbəti səfərə gedəcək. Otaq ölkənin müxtəlif yerlərindən onun söhbətlərini dinləmək üçün gəlmiş insanlarla doludur, dəstə-dəstə gəlirlər, gedirlər, otağı dolub boşalır.

1956-cı ildə Fəthullah Gülən Mehmet Kırkıncı vasitəsilə Risaleyi-Nurla tanış olub. Əziz xatirələr təqvimlərdə köhnəlir, yaddaşlarda isə həmişə təzədir. Odur ki, Fəthullah xoca ilə bağlı mövzulara tez-tez toxunur, onu dərin hörmətlə yad edir.

Bizimlə söhbətinə bir az doluxsunaraq həzin xatirələrlə başladı. Minbərin qabağındakı canamaza işarə edib: "O xalça Fəthullah xocadan yadigar qalıb, həmişə namazını orada qılardı, sonra bu küncdə oturardı" - deyib bir az düşünür və davam edir:

O vaxt Xocaəfəndi Osman Bektaş əfəndidən dərs alırdı, elə tanış olmağımıza da o vəsilə olmuşdu. Osman əfəndi bir gün dedi ki, mən İzmirə gedirəm, gəl mənim tələbələrimə dərs ver. Razılaşdım, o, evinin bir hissəsini mədrəsəyə çevirmişdi. İlk dərs günündən balaca Fəthullahın başqalarından fərqli olduğunu gördüm. Onlara dövrün böyük fikir adamının əsərlərindən dərs keçdim. Amma bütün bunları öz fikirim kimi təqdim etdim ki, çəkinməsinlər. Çünki o illərdə çox ciddi təzyiqlər var idi, həbslər, sürgünlər... Qısa vaxtda aramızda xoş münasibət qurulmuşdu, artıq hər gün dərsdən sonra bir yerdə olmağa başlamışdıq. Bir gün aramızda belə bir dialoq oldu. On üç yaşlı Fəthullah soruşdu: "Xocam, bu dünyada hər şeyi görürük, bəs niyə Allahı görə bilmirik?" Cavabım belə oldu: "Şiddəti- zühurundan". Bu cavab ona çox təsir etdi. Bunu haradan oxuduğumla maraqlandı. Mən bunu dövrün böyük aliminin kitabından oxumuşdum və gizlətmədim. Dedim, Murat paşa camisinin mədrəsəsində hər gün o əsərləri oxuyuruq, istəyirsən gəl, qulaq as. Dedi: "Məni çərşənbə günündən etibarən ora apar". Apardıq... gəldiyi gün Müzəffər Aslan abi də qonağımız idi. "On birinci Ləma"nı oxuyub izah etdi. Səhəri gün dərsdən sonra söhbət zamanı hər gün o dərslərə gələcəyini dedi. Sən demə, həmin gün səhərə qədər gözünə yuxu getməyib, Allaha dualar edib, yalvarıb ki, ey Allahım, məni bu camaatın içərisinə qəbul elə. (bu yerdə gözləri dolur, doluxsunur və davam edir). Bu hadisə 1955-ci ildə olmuşdu, ondan sonra oturduğumuz bu mədrəsəyə gəldik, o gün bu gün bir-birimizə məhəbbətimiz artdı, bərabər yedik, bərabər içdik, günbəgün dostluğumuz möhkəmləndi.

..hələ o vaxtdan comərd idi, səxavətli idi...

gözəl oxumağı var idi. (mehrabın qabağındakı canamaza işarə edərək) bax, o canamaz onun idi. Yerini heç dəyişməzdi. Ramazan günlərində iftardan sonra qıldırdığı namazlarda uzun surələr oxuyardı. Bir-iki dəfə zarafatla demişdim ki, surələri bir az qısa elə, dilimiz-dodağımız təpidi, bir çay içək. Amma heç dinləmirdi (gülür). Atası Ramiz əfəndi böyük din adamı idi. Saray üzü görməmişdi, amma şəxsiyyəti ilə saraylara layiq idi. Bəzən bizimlə təravih qılmağa gələrdi... Fəthullah xocanın bü cür yetişməsində ailəsinin çox böyük payı var. Kiçik yaşlarından onun mənən kamil yetişməsi üçün çox iş görürdülər. Anası mantı bişirərdi, Cəfəriyyə camisinin yanındakı evlərinə yığışıb yeyərdik. Ramiz əfəndi zarafatcıl, çox mütəbəssim bir insan idi. Fəthullahın namazları uzatmağı onunda diqqətini cəlb etmişdi. Bir gün yarızarafat-yarıciddi səsini qaldırıb dedi: "Əşşi, bu adam "Qulhüvallahı"nı bilmir, nədi bu yapışıb!? Sən de də buna barı "Bəqərə"dən oxusun!" O zamandan ibadətinə çox ciddi yanaşırdı, təhəccüdünü heç qaçırmazdı. Davamlı mütaliə edərdi, səhabələrin adı çəkiləndə gözləri dolardı. Bir gün baxdım ki, saqqalı xeyli uzanıb. Soruşdüm ki, niyə təraş olmursan. Dərin fikrə gedib cavab verdi ki, bir dəfə ustadı yuxuda gördüm, dedi "saqqal saxla". Dedim, bax, sən gərək yuxunu tərsinə yozasan, bu üzünü təraş etmənə bir işarədir. Ondan sonra qırxdı. Qayıdıb demədi ki, sən niyə o zatla mənim arama girirsən? Yenə bir gün söhbət zamanı dedim ki, Fəthullah xoca, Cənabi-Haqq bizim çiyinlərimizə elə bir xidmət vəzifəsi yükləyib ki, çox ağırdır. İnsanlığın irşadına vəsilə olmağı, onlara həqiqət yolunu göstərməyi yüklədi bizə. Gözünü bir nöqtəyə dikib, dərin fikrə getdi...

...1962-ci ilə qədər birgə həyatımız...

belə axıb getdi. Həmin ili dedi ki, xocam, mənə irşad vəzifəsi gəldi. Ədirnədə qohumumuz olan Hüseyn əfəndi xəbər yollayıb ki, burada adam yoxdur, gəl camaata İslamı öyrət, camaatın irşadı üçün çalış. Razılaşdıq ki, Hatəm xoca ilə birgə bir il Ədirnədə işləyib, geri qayıtsınlar. Hatəm xoca tez qayıtdı, amma o, mənə xəbər yolladı ki, xocam burada irşad vəzifəsinə ciddi ehtiyac var, mən gəlməyəcəm. Sonra eşitdim ki, bölgənin dini rəhbəri Suat Yıldırım onun elminə vurğun qalıb, buraxmaq istəməyib. Amma bir- birimizi uzun müddət görməməyə dözə blməzdik. Bir ildə üç dəfə o məni görməyə gələr, üç dəfə də mən onu görməyə gedərdim.

...illər beləcə keçib getdi...

indi düşünürəm, otuz ilə yaxın münasibətimiz var. Onun hər halı gözlərimizin qabağındadır. Bəzən gedib icazə alardım ki, Fəthullah xoca cümə namazlarından qabaq xütbə oxusun. Yaşı az olsa da, oxuduğu kitabları çaşmadan, unutmadan şövqlə danışardı... hamı bu işə məəttəl qalırdı. Qeyri-adi yaddaşı vardı. Allah razı olsun ondan, çox ciddi xidmətlərə imza atdı. Təqib illəri idi, buraya bir milli təhlükəsizlik əməkdaşı gəlmişdi. Dedim, qardaş, dövlətin başında duran adamlar Fəthullah xocaya qarşı niyə sərt davranırlar? Sual verdi ki, nə mənada? Cavab verdim ki, İslam bir yana dursun, onun təşəbbüsü ilə açılmış məktəblər məgər Türkiyənin adını uca tutmurmu, etibarını gücləndirmirmi? Bu işi hansı güc görə bilərdi? Bir az düşünüb başı ilə dediklərimi təsdiqlədi. 1971-ci ildə həbs olunmuşdu, İzmirdə həbsxanada yatırdı. O günlərdə Cəbrayıl əlehissalamı yuxuda gördüm. Surəti yox idi, amma səsini eşidirdim. Əlində bir saat vardı, dedi, bu saatı Fətullah xocaya ver. Bu adam çox xidmətlərə vəsilə olacaq. Görüşünə gedəndə bu yuxunu ona anlatdım, kövrəlib dedi ki, xocam yenə mənim dadıma çatdın. Bundan sonra on il də həbsdə yatsam, qəm yemərəm, bu təsəlli mənə yetər.

Mehmet Kırkıncı danışdıqca bu insanlar arasında nə qədər böyük səmimiyyətin, dostluğun olması göz önündə canlanır. Nahaq yerə demirlər, dostluq var günlük, dostluq var əbədilik. Dost üçün ən böyük əzab hicrandır. Mehmet əfəndi uzun söhbətindən sonra Fəthullah Gülənin dəfələrlə təzyiqlərlə üzləşməsindən, həbs olunmasından ürək ağrısı ilə danışdı. Amerikaya getməsini də bu mənada məntiqli addım hesab etdi:

Amerikaya gedişi bir zərurət idi. Burada həbs etsəydilər, Allah qorusun çox zülmlə üzləşərdi. İnsan zülm edər, qədər ədalət edər. Fəthullah xoca zülmü seçdi, amma nəticə ədalətli oldu. Allahın adını özü ilə o böyük dövlətə apardı, İslamın namını orada da duyurdu, inanan insanların səfləri çoxaldı. Necə ki, Peyğəmbərimiz Mədinəyə sürgün edildi, amma Allahın dini yayıldı. Onun təşəbbüsü ilə açılmış məktəblər bütün dünyanın istiqbalıdır. Orada çalışan insanların fədakarlığını indiyə qədər nə tarix eşidib, nə də yazan olub. Canlarını bu yolda qoyurlar, bu fədakar insanlar qurtaracaqlar dünyanı.

...onunla fitri məhəbbətimiz var...

Amerikaya gedəndən sonra onu tez-tez yuxumda görməyə başladım. Yaxın vaxtlarda da yenə yuxuda gördüm. Elə gəncləşmişdi, elə gözəlləşmişdi ki, heç soruşma. Qucaqlaşdıq. Dedim, Fəthullah xoca səninlə sarılmağımızı yuxuda görsəydim inanmazdım, bu həsrət məni elə üzüb ki... elə bu anda yuxudan ayıldım və gördüm ki, gördüklərim yuxudur (bu yerdə gülümsəyir, amma gözlərinin içindəki nisgil çox aydın görünür. Mənə elə gəldi ki, könlündən bu anda qanadlanıb okeanın o tayına uçmaq keçdi...)

- Amerikadan gəlməsini istəyirsinizmi?

- Təbii ki... Bunu hər gün istəyirəm, yetər ki, gəlsin artıq. Mən bu gün də bu yaşımda onu hər gün dualarımda yad edirəm. Onun kimi şəxsiyyətlər Allahın bu millətə böyük lütfüdür.

{widgetkit=52}
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.