Etidal carçısı: Fəthullah Gülən

1970-ci illərdə Türkiyə yağışdan əvvəl hər yanı bürüyən qara buludlara bənzəyirdi. Bu yazının məqsədi də o dövrdə Türkiyənin siyasi və ictimai vəziyyəti ilə Fəthullah Gülənin xalqa təskinlik vermək üçün nümayiş etdirdiyi mülayim rəftarı nəzərə verməkdir. Bir insanın təqribən 40 il dediklərinin və yazdıqlarının (şəraitə görə xırda metod dəyişiklikləri xaric) nəinki istiqamətində, görüş və düşüncələrində belə zərrə qədər dəyişiklik etməməsi ondakı düşüncənin nə dərəcə güclü olduğuna, dövrün şərtlərini çox gözəl dəyərləndirmə hünərinə, problemlərin və həll yollarının təsbitindəki məharətinə dəlildir. İdeologiyaların tez-tez təkmilləşməyə ehtiyac duyduğu; zamanla ideoloqların fikirlərində təbəddül yaşandığı; görüşlərin tez-tez forma və metod dəyişdirdiyi bir çağda M.F.Gülənin görüşlərinin bütün bunlardan çox uzaq olduğunu desək, səhv etmiş olmarıq.

Müasir Türkiyədə, Osmanlı dövlətinin son dövrlərini nəzərə almasaq, 60-cı illərdən 2000-ci illərə qədər öz təsirini açıq və ya qapalı göstərən süni problemlər mərkəzə qoyulmuş, hal-hazırda da qoyulmaqdadır. Hətta tarixə baxsaq, bu mərhələnin periodik olaraq cərəyan etdiyini də görə bilərik. 70-ci illər də belə hərcmərcliyin yaşandığı bir zaman kəsiyi idi; bu ilk deyildi və əldə olunan təcrübələrə baxmayaraq, ictimai şüur yetərli qədər oyaq olmadığına görə son da olmayacaqdı. Fəhlələrin etiraz aksiaları, tələbə hərəkatları, universitet rektorlarının yürüşləri ümidləri qırmaqda; müxtəlif qeyri-qanuni dərnəklər cəmiyyətdə təbəqələr arası münaqişələri formalaşdırmaqda idi. Üstü açılmamış cinayətlər şüura yeridilən potensial cinayətkarların üstünə yıxılırdı; vəziyyət o səviyyəyə çatmışdı ki, ölkənin bəzi bölgələrində ixtişaş və zorakılığın qarşısı alınması üçün fövqəladə hal və hərbi vəziyyət elan edilmişdi. İqtisadi böhranlar, işsizlik nəticəsində keçməyən zamanın boğucu təsiri, yoxsulluğun gətirdiyi əzilmişlik hissi və istehlakın azaldılması üçün qüvvədə olan talon sistemi insanlarda narahatçılığa səbəb olurdu. Ancaq mənzərənin alatoranlığı bəzi insanlarda sarsıntı meydana gətirə biləcək qədər bədbin olsa da, mərhəmətin yağış olub yağmasına az qalmışdı.

Ölkənin 70-ci illərdəki vəziyyəti yalnız ictimai, iqtisadi və siyasi çətinlik deyil; xalqın və dövlət nümayəndələrinin bunlarla tamamilə mübarizə etmək məcburiyyətində olduğu aşkardır:

Əslində, fərqli millətlərin gəlib-keçdiyi və bir çox mədəniyyətin qucaq açdığı Türkiyənin zənginlik mənbəyi olan etnik, inanc və məzhəb müxtəlifliyinin formalaşması və Türkiyə cəmiyyətini içdən yıxan amilə çevrilməsi müasir dövr və gələcək üçün çox təhlükəlidir. Bundan başqa, iqtisadi sahədə tarazlığın pozulması, əmək haqqı və əmək haqqında nöqsanlar, qruplar və şəxslər arasında bu sahədə körpü quracaq müəssisələrin olmaması və ya fərdi planda qalması daxildən parçalanmamızı gücləndirən başqa faktorlardır. Buna idarədəki avtoritet boşluğu, demokratiyanın yoxluğu, qanun-güc-hikmət arasındakı tarazlığın istənilən səviyyədə olmaması, partiyalaşmanın və partiya idarəsinin etibarlı prinsiplərə bağlı olmaması, çox şeyin şəxslərə görə formalaşıb fərdi planda qalması, buna idari və siyasi sahədəki nöqsanlar və xətalar da əlavə etsək, cəmiyyət olaraq çəkilən sancının səbəbləri daha aydın olacaq. Bundan başqa, xüsusilə, dünyəvi-antidünyəvi parçalanmalar, siyasi sistemi müəyyən edən dünyəvilik kimi təməl əsasların nəzəri və praktiki cəhətdən milli prinsiplərlə uyğunlaşmaması da acıların təməl səbəblərindəndir.[1]

Bütün mənfiliklərə baxmayaraq, yaxın gələcəkdə ümumbəşəri bir hərəkatın ilk addımları atılırdı. Bu xaos şərayitində yalnız bir məscidi deyil, bütün Anadolunu məbəd bilən; xalqın məbədlə bütünləşməsini təşviq etməklə yanaşı, onlarla müxtəlif yığıncaqlarda bir araya gələrək cəmiyyətin bütün təbəqələrinə mötədil olmağı tövsiyə edən; bir gün çayxanada başlayan söhbəti digər gün toy salonunda, nəhayət geniş konfrans salonlarında bitirən; insanlar arasında formalaşdırılan süni qütbləşmənin qanuni olan bütün imkanlardan istifadə edərək önünü kəsməyə çalışan; geniş düşünən və düşündüklərini həyata keçirmək üçün maksimum səviyyədə əzmkarlıq göstərən "aksiyon" insanlardan biri də, şübhəsiz ki, Fəthullah Gülən idi.

Fəthullah Gülən insanları ümidsizlikdən və bədbinlikdən qurtarmaq, onları bəhim həyatdan və ətalətdən uzaqlaşdırmaq üçün eşq və şövqlə fəaliyyətə başlayır. Bu fəaliyyət həm şifahi, həm də yazılı idi. Məsələn, 1978-ci ildə çap olunan "Sülh çizgisi" adlı kitaba yazdığı ön sözə baxanda, əvvəla, insanlara ümid bəxş edən ifadələrlə qarşılaşarıq. O, "dükanları bağlayın; məktəblərə getməyin; yürüyüşə çıxın; mitinqlərə qatılın; bunu həlli ancaq ixtişaş və münaqişədir…" demək əvəzinə yazının ilk cümləsində belə deyir: "Bu gün müxtəlif fikir axınları və ixtişaş var və olacaq da, çünki millət böhran içindədir".[2]

Əvvəla, deyir ki, bu cür böhranların belə bir mühitlərdə normal qarşılanmaldır. Oxucuya səbir təlqin edir, bu böhranlardan nəticə çıxarmağa dəvət edir. Çünki səbir sayəsində, əlbəttə, əzab-əziyyət boşa getməz; həm dünyəvi, həm də uxrəvi səadəti əldə etmək üçün bir məhək daşı olacaq. Buna görə də: "İnanan və haqq yolda olana mütləq çətinlik yoxdur. Onlar hər çətinlik və əziyyətdə belə ümid və əmin-amanlığın nişanəsini görür və hadisələri təbəssümlə qarşılayırlar".[3] Bölünüb parçalanma deyil, ittifaq şəraitində səbirlə ağıla və məntiqə bağlı bir birlik məsələlərin həllində çox vacib bir pillə olacaq. Məsələlər daxili iğtişaşlarla, anarxiya ilə, adam qaçırmaqla, bankı soymaqla, divarlara yazı yazmaqla və ya havaya yumruq qaldırmaqla deyil, birlik ruhu ilə həll olunacaq.

Bu mənada dini, dili, tarixi, mədəniyyəti və adət-ənənəsi bir olan millətin bütün fərdlərinə əvvəla "ittifaq arzusu" və "aktiv səbir ilə bəzənmiş əxlaqi davranış" qabiliyyəti aşılanmalıdır. Hər fərdin başına bir polis qoya bilməyəcəyinizə görə, qəlblərdə din əsaslı bir hərəkət tərzi, möhkəm bir Allah inancı və öldükdən sonra hesaba çəkilmə qorxusu insanların bu qabiliyyətləri mənimsəməsində və bir vicdan kültürünün qurulmasında vacib bir pillə hesab edilir. Şeirlərində birliyin dağılmasından və nizam-intizamın pozulmasından şikayət edən Akifin ifadə etdiyi kimi:

Nə mədəniyyətdir verən əxlaqa yüksəklik, nə vicdandır,
Fəzilət hissi insanlarda Allah qorxusundandır.[4]

Qəlblərin hüzura qovuşamasının ən təsirli yolu Allahı anmaqdır. Bu anlayış vicdanlara kök salınca, ətrafa sülh, sükunət və etidal hakim olacaqdır.

"Huzur Toplumu" başlıqlı yazıda Fəthullah Gülən insanların rifah içində yaşayan, sülhsevər, utopiyalardan çox uzaq, real həyatda tətbiq edilə bilən prinsiplərə sahib ideal birliyi təsvir edərkən günün probləmlərini və həll yollarını təqdim edir:

Belə bir toplumda təbəə (əhali, vətəndaş) dövləti və dövlət xadimlərini çiyinində daşıyar. Dövlət və dövlət xadimləri də təbəəsinə fəxri xidmətçilik edər; mərhəmətli bir çoban, şəfqətli bir ata kimi, səadət və həzzini güddüyü və idarə etdiyinin səadət və hüzurunda görər.

Belə bir toplumda müdir işçinin yanındadır. Ailəsinin bir üzvü kimi yediyindən yedirər, geydiyindən geydirər və bacarmadığı işi ona tapşırmaz. İşçi isə işinin başında, acgözlük və düşmənçilik hissindən uzaq daima fəaliyyət göstərməyə can atar. İşinə ciddi yanaşmağını, qan-tər içində çalışmağın ilahi dərgahda təqdir edildiyini bilər, hər şeyi könül xoşluğu ilə icra edər.

Belə bir toplumda bütün müəssisələr maarif, fəzilət duyğusunu inkişaf etdirər; sevgi və mürüvvət qapılarını açar; bəşəriyyətə şəfqəti və hər kəslə razılaşıb uzlaşmağı təlqin edər. Onu mərhəmətsiz əməllərdən, süfli duyğulardan, hər cür kobudluqan qoruyar və xüsusilə, müqəddəs məfhumlara qarşı hörmətlə yanaşmağı öyrədər.

Və nəhayət, belə bir toplumda məmurlar ədalət fəlsəfəsi ilə hökm edər; zalımın, təcavüzkarın təqibçisi; günahsızın və məzlumun himayəçisi olar.[5]

Həm daxildən, həm də xaricdən qaynaqlanan problemlərin həll edilməsi naminə səbirli davranmaq, qəzəb deyil, dostluq hissi bəsləmək, qarşılıqlı anlayış göstərmək, kollektiv şüurun təsis edilməsini asanlaşdıran müsbət hərəkətə baş vurmaq, bəlkə də, bütün zamanlarda olduğundan daha çox Türkiyə üçün ən lazımlı mövzuların başında gəlirdi. Fəthullah Gülən müxtəlif söhbət, konfrans və moizələrində bu anlayışın mənimsənilməsi üçün təşviqçi olmuşdur. Müxtəlf cərəyanlar arasında qurulan tolerantlıq körpüsü, bir-biri ilə çəkişmək əvəzinə, isti münasibətlərin qurulması və ölkədə mövcud buzların əriməsi naminə parlayan günəş olacaqdı. İnsanlar arasında müxtəlif fərqliliklərin olması necə labüddürsə, toplumlar və qrupları arasında da ixtilafların olması, əlbəttə, danılmaz faktdır. Bu müxtəlif düşüncələrdəki yeknəsəqliyi atana, fikirlərə bir rəng və ahəng qatana əhəmiyyət verməyib, ortaq məxrəcə gətirmək imkanı olduğu halda onu mübarizə səviyyəsinə qaldırmaq daxili və xarici düşmənləri sevindirməkdən başqa bir şey deyildir. Bədiüzzaman Səid Nursinin keçmişdən gələn əks-sədalarını, o dəyərli ifadələrini Fəthullah Gülən bir meyar kimi götürmüşdü:

"Ey əhli-haqq! Bu müdhiş "ixtilaf xəstəliyinə" qarşı bir-birinizin qüsuruna əhəmiyyət verməyərək eyiblərinizə göz yumun!.. "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz). ("Fürqan" surəsi, 25/72) – deyə buyrulan Quran ədəbi ilə ədəblənin! Və xarici düşmənin hücumunda daxili münaqişələri tərk etmək və əhli-haqqı süqutdan və zillətdən qurtarmağı ən birinci üxrəvi vəzifə bilib yüzlərlə ayə və hədislərdə əmr olunan qardaşlığı, birliyi əsas götürb bütün varlığınızla, əhli-dünyadan daha şiddətli bir surətdə həmkarlarınız və dindaşlarınızla ittifaq edin, yəni ixtilafa düşməyin".[6]

Fəthullah Gülənin anladığı və təbliğ etdiyi qardaşlıq və ittifaq fərdlərin qabiliyyət və potensialını söndürmə məqsədi daşımır, əksinə fərdi mənafeyə, eqoizmə, yalnız özünü düşünməyə qaşı çıxma xarakteri daşıyır. Hər hansı bir insanın, dahi də olsa, təkbaşına, camaatdan ayrı ağır işlərin öhdəsindən gəlməsi mümkün deyil.

Qurani-Kərim və Əfəndimizin sünnəti onun hərəkət və düşüncələrinə yön verən təməl qaynaqlardır. İdealogiyasının fəlsəfəsi bu çərçivəyə uyğun və ifadələri ayə və hədislərlə ortaq məxrəcdə olduğu hər kəsə məlumdur. Məsələn, "Ənfal" surəsindəki bir ayənin təfsiri Fəthullah Gülənin yuxarıdakı fikirlərində əz əksini tapmışdır. 46-cı ayədə məalən belə buyurulur: "Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!"

Bu prizmadan baxanda Fəthulla Gülənin həm yazılarında, həm də sohbətlərdə Quran əxlaqını və prinsiplərini dərin idrak və şüur içində təqdim etdiyinə şahid olarıq; dilindən ilahi əmirlərin zamana və məkana uyğun, məntiqi bir tədqiqlə süzüldüyünü görərik. Bu mənada o yalnız saf bir həqiqətin tərcümanıdır; onun çağrısı saf bir ideologiyadan ziyadə dövrün məsələlərini həll edə biləcək ümumbəşəri bir məfkurənin dilə gətirilməsi və üxrəvi qaynaqlardan sızan parıltıların xüsusi bir tərənnümüdür.

Fəthullah Gülən 1977-ci ildə Çorumda verdiyi bir konfransda da bənzər mövzuları bu dəfə Nəbilər Nəbisinin (əleyhi əkməlüttəhaya) həyatından və səadət əsrindən nümunələrlə xalqa təlqin edir; peyğəmbəranə bir səbirlə birlik və bir hərəkət etməyin əhəmiyyətini vurğulayır. Bir çox hikmətə görə Peyğəmbər Əfəndimizin qəbul edilməyən duası olan ixtilafın aradan qaldırılması üçün fərdlərin öz iradələrini şüurlu bir şəkildə istifadə etməli olduqlarını qeyd edir[7]. Dərin quyulardan qurtuluş ancaq həmrəyliklə və köməkləşməklə olacaq. "Altın nəsil" adlandırdığı konfransda ideal insanın müxtəlif xüsusiyyətlərini ifadə edərkən ilk növbədə sevgi, qardaşlıq, mərhəmət, şəfqət və eşq duyğuları ilə rəftar etmək olduğunu bildirmişdi. Yalnız bu ali duyğular çərçivəsində insanlarla isti münasibət qurula bilər; çünki kin, nifrət dolu baxışlar insanlardakı canlı duyğuları ölü hissiyata çevirməkdən başqa bir işə yaramır. Fəthullah Gülən "Altın nəsl"i cəmiyyətin dəyər mühakimələrini parçalayan "ifsadediciləri islah edən, pozulmuş tarazlığı yenidən bərpa edənlər"[8] kimi tanıdır. "Siz cüzi fərqləri, fikir, düşüncə, partiya ayrılıqlarını nəzərə alıb insanlara mərhəmət edin, hücum etməyin ki, Allah da sizə mərhəmət etsin"[9] deyir. Günün siyasi boğuşmalarından və şiddətindən insanların uzaq durmasını məsləhət görür; mərhəmət və sevgini könüllərə nəqş etməyə çalışır.

Anarxiyanın, zorakılığın və mənfi ideologiyaların, universitet tələbə hərəkatları ilə yanaşı, orta məktəb tələbələrinə qədər nüfuz etdiyi 70-ci illərdə Fəthullah Gülən əsas tədbirlərdən biri olaraq irəlidə çox daha geniş, əhatəli və irimiqyaslı strukturlar üçün bir prototip mahiyyətinə bürünən tələbə yurdlarının açılmasını nəzərdə tuturdu. O yaşdakı insanlara peyğəmbər əxlaqı öyrədilməli idi, ölkənin fərqli bölgələrində Fəthullah Gülənin fikir və tövsiyələri ilə ortaya qoyulan nümunə Anadoldan başlayaraq inkişaf etdirilmiş, sürətlə yayılmış, zamanla dünyanın bir çox yerində də təhsil modeli olaraq mənimsənmişdir. Çünki Fəthullah Gülənin uzaqgörənliyi ilə bu strukturların irəlidə çox əhəmiyyətli funksiyalar əda edəcəyinə və daha böyük proyektlərə beşiklik edəcəyinə inamı tam idi və başqalarının da bu inama sahib olmaları üçün onların həm hislərinə, həm də məntiqlərinə səslənərək sarsılmaz bir səy göstərirdi. İnsan yalnız ağıldan və yalnız qəlbdən ibarət olmadığından onun məntiqi və hissi yönü də unudulmurdu. Dinləyənlər ondakı məntiqi şərhlərdən təsirlənir, coşğunluğundan və enerjisindən ovsunlanır və ölkədə böyükdən kiçiyə bütün qardaş döyüşlərinin sona çatması üçün bütün üsullardan istifadə edirdilər.

Fəthullah Gülən özünü zirvələrdə görən bir nəzəriyyəçi deyil. İstinadlarından və ortaya qoyulan işlərindən onun Quranı, kainatdakı hadisələri və hadisələrin prinsiplərini analitik şəkildə şərh edən; fikirlərində yalnız hikməti aşılayan bir insan olduğu gözdən qaçmır. Qarşımızda dünyəvi məqsədlər güdən deyil, millətin birliyini istəyən, münaqişə və ixtşaşlara son qoymaya tələsəyən, Allaha imanın qəlblərdə yerləşməsini arzulayan bir insan var; vaxtını, imkanını və enerjisini bu inanca fəda etmiş bir insan…

[1] Bu yazı üçün bax: Fethullah Gülen, "İnsanın Özündeki Sevgi", İstanbul 2003, s.39–40.
[2] E.a.ə. s. 35
[3] Fethullah Gülen, Sızıntı, Ağustos 1979, sayı 7
[4] Mehmet Âkif Ersoy, Safahat, s. 344
[5] Fethullah Gülen, Sızıntı, Ağustos 1979, sayı 7.
[6] Bediüzzaman Said Nursi, Lem'alar, 20. lem'a
[7] Müslim, Fiten 20.
[8] Tirmizi, İman 13
[9] Fethullah Gülen, Altın Nesil Konferansı, Nil Sesli ve Görüntülü Yayınlar
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.