İnsanlığın iftixarı
Həzrət Məhəmməd Mustafanın (s.a.s.) uca və böyük şəxsiyyətini tanıtmaq, tanıtmaqdan da çox Onu bəşəriyyətin qurtuluşuna bir çarə, insanlığın sağalmaz dərdlərinə ən gözəl dərman kimi təqdim etmək və Onun həyat yolunu insanlara layiqincə çatdırmaq çoxları kimi mənim də düşüncə və duyğu dünyama hakim kəsilən və qarşısı alınmaz bir arzuya çevrilən mühüm mövzulardan biridir...
O, insanlığın iftixarıdır. On dörd əsrdir, ən böyük dahilər, nəhəng filosoflar və düşüncə dünyamızın nəhəngləri olan neçə-neçə mütəfəkkir və elm adamları həmişə Onun arxasında kamali-ədəblə dayanmış və Ona xitabən: "Sən Sənin yolunda olmaqla öyündüyümüz insansan", – demişlər.
Bu gün o qədər hücumlara məruz qalmasına baxmayaraq, biz hələ də minarələrdən "Əşhədu ənnə Muhammədun Rasulullah" sədasını eşidir, Ruhu-Rəvani-Məhəmmədinin[1] hər yana pərvazlandığını müşahidə edir və ruhanilərlə birlikdə gündə beş dəfə coşuruq ki, bu da Onun böyüklüyünü göstərməyə kifayət edir. Daxildə və xaricdə saysız-hesabsız din düşməninin nəsilləri haqq yoldan azdırmaq üçün çalışıb-çabalamasına baxmayaraq, bu gün bığ yeri yenicə tərləmiş neçə-neçə gəncin işığa uçuşan pərvanələr kimi, Həzrət Məhəmmədə (s.a.s.) can atması dünyada bənzərsiz bir hadisədir və Onun böyüklüyünü bir daha göstərir. Zaman bizim qəlbimizdə, köksümüzdə Ona aid heç bir həqiqəti köhnəldə, silib ata bilmədi. Bəli, O, hələ də təp-təzədir, təravətlidir. Tez-tez dostlarıma da söylədiyim kimi, nə vaxt Mədineyi-Münəvvərəyə gedirəm, Onun qoxusu məni elə çulğalayır ki, elə bil bir addım irəlidə şəxsən özünü görəcək və o həyat verən səsi ilə "Mərhaba, əhlən və səhlən!" dediyini eşidəcəyəm. Bəli O, bizim qəlbimizdə bu qədər təzədir, gündən-günə də təravətlənməkdədir.
Bəli, zaman yaşlanır, qocalır, bəzi düşüncələr köhnəlir və dəyərdən düşür, lakin Həzrət Məhəmməd (s.a.s.) inananların sinələrində gündən-günə açılan bir tumurcuq kimi daima təravətini saxlayır.
Zənnimcə, başqalarının başqa şeyləri təbliğ etdiyi qədər Onu tanıda bilsəydik – təəssüf ki bunu edə bilməmişik – başqalarının tanıdılmasına imkan verildiyi qədər Onun tanıdılmasına imkan verilsəydi və sənətə, həyata aid müəssisələr Onu tanıtmaq üçün tam səfərbər ola bilsəydi, bugünkü nəsillərin qəlbində yalnız O, taxt quracaq və könüllərin sultanı yalnız O olacaqdı. Hər şeyə baxmayaraq, dünyanın şərqindən qərbinəcən gündən-günə hər kəs əlində kuzəsi o "Mənhəlül-Azbil-Məvruda"[2] – o dupduru bulağa tələsir, o günəşlərə tac qoyan Sultanın məclisində yer almağa çalışır.
Bəli, bu gün Amerika, İngiltərə, Fransa, Almaniya başda olmaqla, demək olar, bütün dünyada Onun yolunun dirilişi müşahidə edilir; müsəlmanlar hər yerdə Onun düşüncələrini nəqş edir, İslam motivli incə naxışlar hörür və sanki müsəlmanlıq yeni Səadət dövrünün ruhunu yaşayır. İslam dünyasında da vəziyyət fərqli deyil. Bir iki əsr əvvəl mühakiməsiz və sadəlövhcəsinə müsəlmanlığa və müsəlmanlara rəğbət bəsləyən insanları bu gün İslami məsələləri araşdıran, öyrənən və elmin işığında Həzrət Məhəmməd Mustafanın (s.a.s.) yolunu tutan oxumuş insanlar əvəz edir... Bu zamana qədər ziyalı təbəqəni istismar edənlər, universitetləri, fakültələri və digər məktəbləri bir qisim "izm"lərin alətinə çevirənlər və milli müəssisələri küfr istiqamətində işlətməyə çalışanlar aysberqlər kimi artıq bir-bir əriyir və sürətlə Ona doğru axırlar.
İllərdən bəri min dəfə mövqe dəyişdirənlər, mövqe dəyişdirib yapışmağa bir budaq axtaranlar, o sistemdən bu sistemə, bir axından o axına keçənlər bu "gediş-gəliş"lərin uğursuzluqla nəticələndiyini görür və bugunədək uğursuzluq nədir bilməyən Həzrət Məhəmməd (s.a.s.) məktəbinə üz tuturlar. M. Bukeyl (Bucaille), R. Qaroudi (Garaudy) və adını bilmədiyimiz neçə-neçə insanlar buna misaldır...
Ancaq görəsən, biz o sultanlara sultanlıq öyrədən Könüllər Sultanını istənilən səviyyədə bilə bildikmi? Sizi niyə qınayıram axı? Beş yaşından başını səcdəyə qoyan və özünü Onun qapısının "Qitmir"i[3] sayan mən Onu kifayət qədər tanıda bildimmi? Və ya bildiklərimi yetərincə çatdıra bildimmi? Mübəlliğ mövqeyində olan hər kəsdən soruşur və özümü də onların arasına qataraq deyirəm ki: ruhlara qüvvət verən Rəsulullahı, görəsən, layiqincə tanıdıb könülləri coşdura bildikmi? Xeyr! Əgər bəşəriyyət Onu tanısaydı, Məcnun olub yollara düşərdi, qəlblər Onun yadi-cəmili (xoş xatirəsi) ilə həsrətdən sızlayar, gözlər yaşla dolardı. Və bəşər Onun pak səmtinə, peyğəmbərlik dünyasına, tərtəmiz iqliminə girə bilmək üçün ürpərər, Onun eşqinin atəşi ilə yanan qəlbinin külləri cana gəlsin deyə ruzigarın önünə atılar və elə hey Ona doğru sovrulardı.
İnsan sevdiyini tanıdığı qədər sevmiş, bilmədiyinin də həmişə düşməni olmuşdur. Ona görə də düşmənlərimiz Onun uca adının unutdurmağı və yeni nəsilləri İki Cahan Sərvərinə düşmən kimi yetişdirməyi qarşılarına məqsəd qoymuşlar. Ancaq Allahın lütfünə bax ki, düşmənlərimiz Onun adını qəlblərdən silmək üçün əllərindən gələni etsələr də, bu gün Ona aparan yollara çəkilmiş sədlər dağılmış və xüsusilə, gənclik günlərlə səhranın qovurucu istisində ac və susuz ölümlə əlbəyaxa olan və birdən yanında abi-kövsər fışqırdığını görən bir insanın sevinci ilə Onun qucağına atılmışdır. Əlbəttə, o şəfqət dolu Peyğəmbər də Ona ürəkdən can atanları bağrına basacaq və onları əliboş qaytarmayacaqdı.
Cümə günləri məscidləri ağzına qədər dolduran insanlara, bilmirəm, heç diqqətlə baxmısınızmı? Əgər diqqətlə baxmısınızsa, böyük əksəriyyətinin gənclər olduğunu görməmiş deyilsiniz. Azğınlıq və günah bütün nəsilləri o qorxunc vakuumu ilə özünə çəkməsinə baxmayaraq, görəsən, bu gəncləri qarda-qışda soyuqdan titrəyə-titrəyə dəstəmaz aldırıb ən çətin şəraitdə məscidlərə gətirən nədir? İstərsəniz, mən söyləyim: Həzrət Məhəmmədin (s.a.s.) müqəddəs cazibəsidir.
Ağıl və dərrakəmiz alsa da, almasa da, qəlblər O Nurun, O Günəşin pərvanəsidir... Çox yaxın gələcəkdə indiyəcən yollarda qalan və heç cür Ona çata bilməyən dərbədər və pərişan ağıllar yolda qalmalarına peşman olacaq və əllərini dizlərinə vuraraq: "Biz niyə pərvanə olub Ona sarı uçmadıq?" – deyəcəklər. O zaman, bəlkə də, bir çoxları üçün hər şey gec olacaq.
Dünya Ona sarı can atacaq, elm məclisləri Onu araşdıracaq, düşüncə iqliminə açıq olan qəlblər Onun arxasına düşəcək, düşmənlərin bir çoxu atəşin dost olub Ona sığınacaq və elə sığınırlar da. Artıq bu gün əks tərəfin meyarları içində belə Həzrət Məhəmməd Mustafanın ağırlığı hiss edilməkdə və rəqib dünyada Onun böyüklüyü etiraf olunmaqdadır. Allah Rəsulu bir hədisi-şərifində: "Məni ümmətimdən on adamla çəkdilər, ağır gəldim. Sonra yüz, sonra min nəfərlə çəkdilər, yenə ağır gəldim. Bu vaxt iki mələk dedi: "Əgər bütün ümməti ilə çəkilsə, yenə ağır gələcək"".[4] Bu da olmuşdu. Peyğəmbərimiz (s.a.s.) gördüyü yuxunu nəql edir: "Tərəzinin bir gözünə məni, digərinə bütün ümmətimi qoydular və mən ağır gəldim".[5]
Bəli, səhabə, tabiun, təbeyi-tabiun və onlardan sonra gələn, qiyamətə qədər də gələcək olan ən böyük insanlar, bütün sufi və təsəvvüf əhli, övliya, əsfiya, əbrar və müqərrəbin[6] – hamısı bir kəfəyə qoyulsa, yenə O Könüllərin Sultanı, Gözlərin nuru ağır gələcək. Çünki varlıq Onun hörmətinə yaradılmışdır.
O, kainatın illeyi-qayəsidir (ən böyük səmərəsidir). Və hədis kimi məşhur olan bir sözdə O bu cür mədh edilir: "Sən olmasaydın, varlığı yaratmayacaqdım".[7] Bəli, anlaşılmaz bir kitab yazmaq əbəs iş, boş-boşuna zəhmət çəkmək sayılır. Allah (c.c.) isə əbəs iş görməkdən xalidir. Başqa sözlə, Rəsulullah kimi gur səsli bir dəvətçi gərəkdir ki, kainatın mənasını izah etsin. Yenə Onun kimi bir şareh (şərhçi), bir mübəlliğ olmalıdır ki, bu ucsuz-bucaqsız səma, içindəki ay, günəş, ulduzun və nəhayət, bütün varlığa hakimlik səlahiyyəti ilə şərəflənən insanın haradan gəlib hara getdiyini, nəyə namizəd olduğunu bildirsin, elan etsin və varlığın pərdə arxasını, mahiyyətini ruhlara hiss etdirsin. Demək, O olmasaydı, kainatın da, insanın da bir mənası qalmazdı. Həzrət Məhəmməd (s.a.s.) varlığın, kainatın içini məna cövhəri ilə dolduran böyük insandır. O, bizim üçün məhbubların fövqündə dayanan bir Sevgilidir.
Burada özümü möminlərin ən günahkarı saydığımı etiraf etməkə birlikdə, bir hissimi dilə gətirmədən keçə bilməyəcəyəm. Mən belə Allah Rəsulunu bu dərəcə sevə bilirəmsə, gör Haqqa yaxın qəlblər Onu necə sevir. İndi danışacağım hislərim də bu baxımdan qiymətləndirilməlidir. Yoxsa şəxsimə aid bir məsələni hüzurunuzda danışmaqdan həya edirəm.
Allah o müqəddəs torpaqlara günahkar üzümü sürtməyi nəsib edərkən mənə Rəsulullahın diyarı elə işıqlı, elə cazibədar gəldi ki, orada olmaqdan elə ruhani həzz aldım ki, əgər o anda məni Cənnətin bütün qapılarından içəri dəvət etsəydilər, inanın, heç birinə getməz, orada qalmağı seçərdim. Əslində, Cənnət hamımızın arzusudur, elə bir Müsəlman yoxdur ki, ora getmək istəməsin. Hər səhər-axşam: "Bizi Cəhənnəmdən qoru və Cənnətinə qəbul et!" – deyə Rəbbimizə dua etmirikmi!? Bütün bunları qəbul edirəm, ancaq o anda o ali mükafatı vermək üçün məni çağırsaydılar, ehtimal, Rəbbimdən izin istəyib Allah Rəsulunun Rövzeyi-Tahirəsində[8] qalmaq arzusunda olduğumu söylərdim. Əsla zənn edilməsin ki, bununla həmin məqamlara layiq olduğumu deyirəm, xeyr, yalnız Allah Rəsuluna olan məhəbbət və sevgimi dilə gətirmək istədim. Yoxsa ömrüm boyunca Allah Rəsulunun ən kiçik səhabəsinə boynu boyunduruqlu bir kölə olmaq şərəfi üçün yalvarıb dua edənlərdənəm. Və "Allah bizi üzümüzü onların ayağının tozuna sürtmə düşüncəsindən bir anlıq da olsa, ayırmasın!" (Amin) duası çox vaxt dilimizin əzbəri olmuşdur.
Eyni hisləri Beytullahda da keçirmişdim. Bəlkə də, bu hislər hamımıza tanışdır. Qaldı ki, bu duyğularla dolub-daşan təkcə mən və mənim kimi bir neçə adam deyil. Allah Rəsulunun nə qədər divanələri var ki, bu ifadə etdiyim hislər onlara çox bəsit və adi gələr.
[2] Şirin su mənbəyi
[3] Allahın birliyinə iman gətirib bütlərə tapınmamaq və hökmdarın zülmündən qurtulmaq üçün Kəhf mağarasına sığınan gənclərdən ayrılmayan itin adı.
[4] Darimi, Müqəddimə 3; Bəzzar, əl-Müsnəd, 9/437; Heysəmi, Məcməüz-zəvaid, 8/255.
[5] Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/76; Heysəmi, Məcməüz-zəvaid, 9/58.
[6] Allaha yaxın insanlar. Allah dostları
[7] Acluni, Kəşfül-xafa, 2/214.
[8] Allah Rəsulunun məzarı olan yer
- tarixində yaradılmışdır.