Fəthullah Gülənin gücü
İslam alimi Fəthullah Gülənə görə, onun Türkiyənin baş naziri ilə amansız hakimiyyət davasında olduğu barədə iddialar xeyli şişirdilib.
Pensilvaniyadakı hücrəsindən danışan 74 yaşlı cənab Gülən deyib ki, Türkiyənin hakim AK partiyası “onun hərəkatını olduğundan böyük göstərməyə və xalqı qorxutmağa çalışır”.
Bununla belə, keçmiş müttəfiqi, baş nazir Recep Tayyip Erdoğanla aralarındakı gərginlik növbəti video moizəsi zamanı cənab Gülənin qəzəb partlayışına səbəb olub.
Cənab Gülənin 50 yaşlı Hizmet hərəkatı 4 hərbi çevrilişin şahidi olub və hər dəfə siyasətdən aralı durması hesabına bu təlatümlərdən daha güclü çıxıb.
Lakin indi, bu hərəkatın Türkiyə siyasətindəki rolu öz tarixi ərzində ən yüksək həddinə çatıb.
Hökumətə bağlı fiqurlar barəsində korrupsiya təhqiqatı başlanandan bəri polis və ədliyyədə çalışan və Hizmet rəğbətliləri olduqları iddia edilən şəxslər vəzifələrindən uzaqlaşdırılıb və ya başqa vəzifələrə keçirilib.
İndi bu hadisələrin şahidi olduqca deyə bilərik ki, cənab Erdoğan bu çarpışmaya ən azı 2012-ci ilin əvvəllərindən hazırlaşırmış. Bu o vaxt idi ki, Hizmet hərəkatına bağlılıqları iddia edilən prokurorlar cənab Erdoğanın yaxın müttəfiqi və Kürdüstan İşçi Partiyası (PKK) ilə gizli danışıqları aparan Milli Kəşfiyyat Təşkilatının rəhbərinə qarşı təhqiqat başlamaq niyyətinə düşmüşdülər.
Barışıq üçün ayaqyeri?
Gezi Parkı etirazlarının kəllə-çarx anında cənab Erdoğan sol-təmayüllü, liberal və dünyəvi-millətçi müxalifətə güzəştlər etməkdənsə, özünün mühafizəkar seçicilərinin dəstəyinə söykənmək qərarını qəbul etdi.
Lakin məsələ burasındadır ki, Ədalət və İnkişaf Partiyası bu mühafizəkar elektorata Hizmetlə şərikli sahibdir və bu məqamda iki tərəf arasında siyasi çarpışma meydana gəldi.
Mən cənab Güləndən soruşdum ki, o hazırkı gərginliyə gətirib çıxarmış hər hansı hərəkətindən peşmançılıq çəkirmi?
“Yox, təəssüflənmirəm. Və mən taleyimi də günahlandırmıram. Mən iddia etmirəm ki, bu hərəkatın bütün davamçıları həmişə düzgün hərəkət ediblər”. O bu sözləri deyərkən, elə bir tonda danışır ki, sanki hökumətlə danışıqlara açıq olduğunu bildirmək istəyir.
Türkiyədə icma kimi başlandıqdan sonra, onun hərəkatı biznesləri, məktəbləri və mediası olan milli şəbəkəyə çevrilib. Hizmet indi 150 ölkədə mövcud olan qlobal ictimai hərəkatdır.
Hizmetin genişlənməsi 1991-ci ildə Sovet İttifaqının çökməsi ilə eyni vaxta təsadüf edib. Türkiyəyə mədəniyyət baxımından yaxın olan Azərbaycanda isə Hizmetin davamçıları SSRİ-nin dağılmasından əvvəl oturuşmağa başlamışdılar.
Hizmet İslam hərəkatlarının ənənəvi kateqoriyalarına uyğun gəlmir. Bu hərəkatın diqqəti ənənəvi İslam dövləti qurmaq və ya İslamın “qızıl dövrünü” diriltmək deyil.
Bunun əvəzinə hərəkat gələcəyə baxır və dünyanı dəyişmək üçün müsəlmanların yeni “qızıl nəslini” təhsilləndirmək istəyir.
Aşağıların dəstəyi
O və cənab Erdoğan Türkiyə cəmiyyətinin islah olunmasına müxtəlif cür yanaşırlar. Cənab Erdoğan dövlət nəzarəti ilə cəmiyyətin təpədən dırnağa islamlaşdırılmasını istəyirsə, cənab Gülənin görüşü cəmiyyət boyunca aşağıların daha böyük fəallığına nail olmaqdır.
Məhz belə bir yanaşma Gülən rəğbətlilərinin bütöv bir nəslinin Türkiyə dövlətində, mediasında və biznes icmasında nüfuzlu postlara sahiblənməsi ilə nəticələnib.
İçəridən gələn bu nüfuz isə daxildə və regionda yaranan təlatümlər zamanı Türkiyəni dəmir əllə idarə etməyə çalışan Erdoğana getdikcə daha çox meydan oxumağa başlayıb.
O Hizmetin dövlət içində olan davamçılarını hökumətə qarşı “çevriliş” cəhdində ittiham edir.
Əslində, polisdə, ədliyyədə, dövlət televiziyasında və inzibati aparatın başqa sahələrində baş qaldırmaların miqyası artıq elə çevrilişi xatırladır.
Hazırkı Erdoğan-Gülən qarşıdurması Türkiyə Respublikasının təşəkkülü illərində Mustafa Kemal Atatürklə siyasi fəal, kürd vaizi Said-i Nursi arasında olan düşmənçiliyi xatırladır.
Bu da dövlət adamı ilə İslam alimi arasında baş verən daha bir çarpışmadır. Lakin bu dəfə İslam şəbəkəsi beynəlmiləldir və çox sayda davamçıları var. Cənab Erdoğan üçün hərəkatın kökünü Türkiyədə kəsmək çox cətin olacaq, o ki, qaldı qlobal miqyasda ola.
Kürd gərginliyi
Cənab Erdoğana görə AK partiya ilə Hizmet arasındakı parçalanmanın başlıca faktoru PKK qiyamçıları ilə sülhün necə əldə edilməsi məsələsidir.
Türkiyədə belə bir inam geniş yayılıb ki, ölkə boyunca kürd siyasətçilərə qarşı son vaxtlar aparılan geniş miqyaslı əməliyyatlara məhz Hizmetə yaxın olan prokurorlar və polis zabitləri tərəfindən komanda verilib.
Lakin mən cənab Güləndən soruşanda ki, o, həbsxanada olan PKK lideri Abdullah Ocalanla danışıqların əleyhinəmi olub, çox aydın cavab alıram: “Biz dağlardakı Ocalan və ya PKK adamları ilə danışıqların heç vaxt əleyhinə olmamışıq. Lakin hansı səbəbdənsə bizi sülh prosesinin əleyhinə olanlar kimi qələmə verirlər”.
Türkiyədə martın 30-da bələdiyyə seçkiləri, ilin axırlarında prezident seçkisi və bunun ardınca 2015-ci ildə parlament seçkiləri keçirilməlidir.
Öz seçki çoxluğunu qoruyub saxlamaq üçün cənab Erdoğanın qarşısında son dərəcə çətin vəzifə durur. O həm mühafizəkar, həm də millətçi kimi görünməli, Hizmetlə hazırkı qarşıdurmanın vurduğu ziyanı məhdudlaşdırmalı və eyni zamanda bir il əvvəl başlanmış kürd sülh prosesini davam etdirməlidir.
Cənab Gülən sadəcə olaraq bildirib ki, onun davamçıları, kim olursa olsun, “qanunun və hüquqların aliliyini tanıyan, düzgün və sağlam düşüncəli, demokratiyaya hörmət göstərən birisinə səs verəcəklər”.
- tarixində yaradılmışdır.