Gerçəkləri xoş niyyətlə anlamaq cəhdi
Dünyanın ən mötəbər qəzet və jurnallarında ötən ay Fəthullah Gülənlə bağlı çox önəmli məqalələr yayınlandı.
"İnternational Herald Tribune" qəzeti öz məqaləsində Gülənin "müasir dünyada özünü evində hiss edən müsəlmanlara ilham verdiyini" yazır.
Məqalədə Gülənin Ərzurumda keçən uşaqlıq illərindən tutmuş İzmirdəki fəaliyyətinə, Türkiyə sərhədlərini aşan xoş məramlı çalışmalarına qədər həyatının ən müxtəlif mərhələri geniş araşdırılır və onun "dünyəvi dövləti yıxmaq niyyətinin olmadığı" xüsusi vurğulanır. 18 yanvarda yayınlanan həmin məqalə dünyada məşhur olan Forbes dərgisi üçün qaynaq oldu.
30 yanvarda "The Economist" dərgisində çap olunan "Türkiyə, kürdlər və İslam: Dini bir oyanış" adlı analiz yazıda əsasən kürd məsələsi üzərində durulur, bugünkü gerçəklərlə bağlı maraqlı mülahizələr irəli sürülür. Son seçkilərdə Türkiyənin cənub-şərq rayonlarında səslərin AK Partiyanın balansına yönılməsinin səbəbləri araşdırılır. Sonra da "öz qərarı ilə sanki bir sürgün hüyatı yaşayan liberal bir müsəlman din adamı" kimi təqdim elədiyi Fəthullah Güləndən bəhs edilir. Dərgi Qurban bayramında cənub-şərq rayonlarında 60 min ailəyə qurban əti paylandığını, Gülənin tövsiyələrini eşidən çox sayda həkimin bölgəyə gedərək yerli əhaliyə təmənnasız xidmət göstərdiklərini, "kürdlər və türklər qardaşdırlar" mesajını yayınladıqlarını vurğulayır.
Dünyanın müxtəlif ölkələrində çap olunan məqalələr, heç şübhəsiz, bir diqqətin, bir marağın, anlamaq cəhdinin nəticəsidir. Doğru təsbitlər də var, yanlış mülahizələr də, Neyləyək, belə də ola bilər. Ancaq günlər keçdikcə bir daha məlum olur ki, Fəthullah Gülənə maraq daha da artır və onu anlamaq üçün göstərilən cəhdlər məqalələrə, kitaba, araşdırmalara mövzu olur. Elə indidən rahatlıqla deyə bilərik ki, Fəthullah Gülənlə bağlı araşdırma aparmaq istəyənlər qısa müddətdə çox sayda məqalə və kitab əldə edə bilərlər. Con Espesito, Hakan Yavuz, Əkbər Əhməd, Zəki Sarıtopraq, Tomas Mişel, Osman Bakar, İhsan Yılmaz, Elizabet Özdalqa, Əli Ünal, Qrahm Füller, Sidney Qriffis və daha neçə-neçə araşdırıcılar bu mövzuda yazılar yazıblar.
Yaxın günlərdə bu mövzu ilə bağlı daha iki kitab nəşr edildi: biri Cil Karol tərəfindən qələmə alınıb: "Sivilizasiyalararası dialoq", o birisinin müəllifi isə Əli Bulacdır: "Din, şəhər və camaat: Fəthullah Gülən örnəyi". Karol dünya fəlsəfə tarixində xüsusi mövqeyə sahib olan beş filosofla Fəthullah Gülənin fikirlərini müqayisə edir. Məsələn, Kantın "Metafizik əxlaq" nəzəriyyəsi ilə Gülənin əxlaq anlayışını, Stuart Milin azadlıq anlayışı ilə Gülənin eyni mövzuda düşüncələrini qarşı-qarşıya gətirir və çox maraqlı nəticələr ortaya qoyur. Gülənin filosof olmadığı, İslam qaynaqlı mərifət xəritəsinə yeni və daha müasir qavramlar, anlayışlar gətirdiyi hər kəsə məlumdur. Ancaq müasir düşüncə tarixinin xüsusi əhəmiyyət verdiyi şəxslərin bəhs etdikləri çox önəmli mövzularda yeni fikirlər ortaya qoyması xüsusi əhəmiyyət kəsb edir.
Əli Bulacın kitabında Fəthullah Gülən və onun dünyagörüşü ilə bağlı çox maraqlı və diqqəti çəkən fikirlər yer almışdır.
Sosial gerçəklərə göz yummaq olmaz
Bəli, ortada çox ciddi və önəmli bir kitab var. Bu kitab Fəthullah Gülən həqiqətini daha yaxından anlamaq imkanı verir oxucuya. Çox önəmlidir. Ağlı siyasətə kilidlənmiş və qarşısına çıxan hər bir məsələni iqtidar qovğası prizmasından görən insanlara yeni bir qapı açır bu əsərində müəllif. Məsələnin ən mühüm nöqtəsi də elə buradadır. Güləni, yəni ictisai bir hərəkatın könül öncüsünü, könüllü öncüsünü sadəcə siyasi analizlərlə tanımağa, anlamağa çalışmaq məsələyə tərs prizmadan yaxınlaşmaq deməkdir. Bu yanaşma sizi heç zaman həqiqətə aparıb çıxarmaz. Çünki üslub yanlışdır, yanaşma tərzi yanlışdır, Gülən həqiqətlərini anlamaq üçün uzun bir mənəvi hazırlıq, iradə və könül lazımdır. Amma təəssüf ki, hər kəs bu həqiqəti bu cür qəbul etmək istəmir və ya səbirsizlik göstərir.
Türk ziyalısının, məmurunun, ortada olan ictimai bir həqiqəti görməməyə çalışması, onu kənara itələməsi, öz nəzarətində olmayan hər şeydən hürkməsi, çəkinməsi, bilgisizlikdən, məlumatsızlıqdan qaynaqlanan qorxu ilə, narahatçılıq ilə o həqiqətə qarşı çıxması hər zaman önümüzü kəsmişdir. Elə buna görə də bir zaman ziyalıların qəbul edə bilmədiyi həqiqətlərin acısını sadəcə özləri deyil, sonrakı nəsillər də yaşamalı oldular. Neçə tarixi fürsətlər qaçırıldı, bəzən də çox faydalı düşüncələr, ideyalar hələ doğulmadan edama məhkum edildi.
Əslində dürüst bir ziyalı üçün qarşısındakını anlamağa cəhd göstərmək, onu öyrənmək şərtdir. Əgər əsassız ittihamlar bir kənara atılarsa, fərqli düşüncələrə münasibətdə "belə də düşünək" mövqeyi ortaya çıxırsa, demək, o insan yeni kəşfə hazırlaşır. Əslində bu münasibəti ortaya qoymadan da həyat davam edir, ancaq bir sosial toplumun ortaya çıxardığı müsbət enerji hər kəsin diqqətini cəlb edirsə və ölkə sərhədlərini aşan bu elmi təmayül yeni kəşflər, həqiqətlər vəd edirsə, ziyalıların buna laqeyd qalması heç də arzuolunan deyil. Kimsə kimsəyə "gəlin mənə tabe olun" demir, deyə də bilməz. Ancaq "gəlin baş verənləri və ortadakı gerçəkləri doğru anlamağa çalışaq" demək zərurəti var. Çünki öz məmləkətimizdə qurulmuş bir ictimai təşkilatı, hərəkatı içəridən anlamaq kimi daha məntiqli və daha uyğun bir yol varkən, onun xaricdən kəşf edilməsini gözləmək ən azından böyük bir xətadır. Kənardan baxış yaxından tanıya bilməməyin gətirdiyi təbii xətalara boyun əyə bilir bəzən. Bundan başqa, kənardan baxış içəridən münasibətin zəifliyini ortaya qoyur. Bu acı durum bizdə ilk dəfə yaşanmadığı üçün o kövrək və nisgilli söz yadımıza düşür: biz insanın qədir-qiymətini yalnız ölümündən sonra bilirik.
Anlamaq cəhdi. Bəli, eynən belə! Ehtiyac duyulan yeganə şey ortaya qoyulan və ya mövcud olan bir şeyi xoş niyyətlə anlamaq cəhdidir. Bu "nə gəlin alqışlayın" mənasına gəlir, nə də "anlamaq istəmirsinizsə, gedin cəhənnəmlik olun" sitəmidir. Ortada inkar edilməyəcək qədər önəmli bir sosial gerçək var. Əgər əsassız ittihamları, haqsız mülahizələri, tanımadan, bilmədən söylənən əsassız düşüncələri bir tərəfə atmasaq və bu gerçəyi anlamaq üçün xoş niyyətlə cəhd göstərməyəcəyiksə, demək, bu günə qədər davam edən xətalar, yanlışlar bundan sonra da davam edəcək.
Fəthullah Gülən Hocaəfəndinin anlaşılmasında çətinlik törədən məqamlardan biri də "camaat" qavramıdır. Təəssüflə deyək ki, bu kəlmənin daşıdığı məna, anlam bəziləri tərəfindən qapalı və dünyadan təcrid olunmuş bir toplum kimi təqdim olunur, bəziləri isə bu barədə danışanda qeyri-qanuni bir təşkilatlanmadan bəhs edirmiş kimi hay-küy qoparmağa, əndişə doğurmağa çalışırlar. Hər iki üslub müəyyən məqsədlərə, qara niyyətlərə xidmət edir.
Əli Bulacın kitabında da deyildiyi kimi bəzi sosioloqların bu mövzuda proqnozları özünü doğrultmadı. Müasir toplumlarda camaatlaşma hərəkatının son məqsədi toplumdakı birlik və əmin-amanlıq, yeni dəyərlər qazanmaq olmalıdır. Ancaq etiraf edək ki, insan çoxaldıqca tənhalaşır. Artıq qədim dövrlərdə olduğu kimi qəbilə bağlılığı, qan təəssübkeşliyi çox zəifləyir. Bu gün bəzi dəyərlər və şəxsiyyət üçün ortaq qəbul olan nöqtələr ətrafında birləşmək mümkündür. Yəni bu anlamda camaatlaşma insan oğlunu o tənhalıqdan, o yalnızlıqdan qurtarmaq cəhdidir, hərəkatıdır.
Bizdəki camaat anlayışı Qərbdəki analoji düşüncədən çox fərqlidir. İslamda rahiblik, tərkidünyalıq düşüncəsi olmadığı kimi, ayrı-ayrı fərdləri əzərək, camaat halında birləşmək düşüncəsi də ola bilməz. Hər bir fərdin birbaşa Allah ilə ünsiyyət qurduğu və təkbaşına Ona yönələ bildiyi hər hansı vasitəsiz-filansız Allah-Təala ilə ünsiyyətindən bəhs edildiyi bir dində fərdin tapdanması, əzilməsi ağlasığan deyil.
- tarixində yaradılmışdır.