Güləni fikrən qavramaq
Dünyanın hər tərəfində açılan Türk məktəbləri, gündən-günə genişlənən dialoq fəaliyyətləri və fikir planında bütün bunlara ilham qaynağı olan Fəthullah Gülən Türkiyə daxilində və xaricində bir çox ziyalı, mütəfəkkir və elm xadimi tərəfindən tədqiq olunur, elmi işlərdə mövzu olaraq seçilir.
İndiyə qədər aparılan tədqiqatlar arasında, şəxsən, ən çox diqqətimi çəkən Texas, Hyuston Rays Universitetindən Müqayisəli Dinlər müəllimi Cil Karrolun, ingiliscə əsli “Light” nəşriyyatı, türkcə tərcüməsi isə “Qəzetçilər və Yazarlar Vəqfi”nə bağlı “Üfüq kitablar” da çıxan “A dialogue of civilizations: Gülens İslamic İdeals and humanistic discourse” (Mədəniyyətlər qovşağı: Gülənin İslami idealları və humanist mülahizələr) adlı əsəri oldu. Bu əsərə və onun əhəmiyyətinə keçmədən əvvəl Fəthullah Gülən ilə əlaqəli mülahizə və müqayisələrdən ikisinin üstündə durmaq istəyirəm.
Fəthullah Gülən və Mevdudi
Ali Bulaç bəy Fəthullah Güləni tanıtmaq üçün onu Mevdudi ilə müqayisə edir. Bu müqayisə tamamilə hörmətli Bulaçın, “ziyalı-alim” deyə adlandırdığı bir təsbitdən ibarət olsa da, ağla gələ bilən yalnışlara diqqət çəkmək və İslam aləmində yüz əlli il boyunca ortaya çıxan hərəkatlarla Fəthullah Gülənin ilham qaynağı olduğu fəaliyyətləri düzgün qiymətləndirə bilmək üçün bir məsələni müəyyən etmək lazımdır.
Şübhəsiz böyük alim və İslam mütəfəkkiri olan mərhum Əbul-Ala əl-Mevdudinin İslamda hökümət, İslam nizamı, hicab, xilafət və səltənət və s. mövzulu əsərlərinə heç bələd olmasaq da müsəlman ziyalılara böyük təsiri olan “Qurana görə dört termin” adlı əsəri belə onun İslam adına çıxış mövqeyini görməyimizə kafidir. Bu hərəkət nöqtəsi daha çox siyasi olub, mərhum Mevdudi, bəhs olunan əsərində din, ilah, rəbb, ibadət kimi məfhumları, Cənabi-Allahın Rububiyyətini daha çox bəşərin sosial-siyasi sahədəki hakimiyyəti nöqteyi-nəzə¬rindən ələ alır. Bunun əksinə, Fəthullah Gülənə görə Cənabi-Allahın Rububiyyəti (Allahın məxluqatı yaradıb onlar üçün təyin etdiyi mükəmməlliyi geçəkləşdirəcək nemətləri verməsi) anlayışı, Tövhidi-Rububiyyət hər şeydən əvvəl kainat nöqteyi-nəzərindən ələ alınmalıdır. Yəni, əvvəla Cənabi-Allah (c.c.) mütləq və yeganə Yaradan, bütün varlıqları böyüdən, ruziləndirən və onların həyatı ilə birgə bütün kainatın hərəkəti üçün lazım olan qanunları qoyan yeganə Rəbb olaraq qəbul edilməlidir. Bu mənada Tövhidi-Rububiyyət əvvəla kozuistika (səbəb-nəticə) prinsipini mütləq sayan elmi pozitivizmi, materializmi, təbiətpərəstliyi təməlindən rədd edir. Beyinlərdə və qəlblərdə, hər şeydən əvvəl yerləşməli olan Rububiyyət məfhumu budur. Beləcə, tarixdə ilk dəfə texniki fənlərdən və fəlsəfədən gələn, Allahın varlıq və birliyini, sifət və adlarını tanımağımıza başdan ayağa dəlil toplusu olan kainatı, tamamilə əks istiqamətdə özünə tramplin olaraq seçən modern inkar qarşısında insan, həyat və kainat həqiqəti öz yerini tutacaq və tutmalıdır da. Bu da İslami hərəkatın Tövhidin hər şeydən öncə siyasət nöqteyi-nəzərindən deyil, ağıl və qəlblərin işıqlandırılması adına elm və mənəviyyat nöqteyi-nəzərindən ələ alınması zərurətini ortaya çıxarır. Məhz bu mühüm məqam, Fəthullah Gülənin düşüncə və hərəkatı ilə, mərhum Mevdudi kimi alimlərin düşüncə və hərəkatını və çıxış mövqelərini bir-birindən ayırır.
Fəthullah Gülən və Abdulkərim Süruş
Fəthullah Gülən bəzi yönləri ilə İranlı mütəfəkkir, filosof Abdulkərim Süruş ilə də müqayisə edildi. Əsil adı Hüseyn Hac Fərəcullah Dəbbağ olan Abdulkərim Süruş əczaçılıq, kimya, tarix və elm fəlsəfəsi kmi sahələrdə təhsil aldı. Qeyri-rəsmi olaraq fiqh, İslam fəlsəfəsi və kəlam dərsləri də aldı. Muhamməd Həsən Saleh Ali Şaha, yəni Alişahi təriqətinə bağlandı. Məşhur müasir müfəssir və filosof Ayətullah Hüseyn Ali Tabatabainin fikirlərindən bəhrələndi. İslam fəlsəfəsinin üstünlüyünə o qədər inanmışdı ki, “Bütün dünya qanadlarımın altındadır” deyirdi. Süruşun İran inqilabının banilərindən Mutaharri, Behişti və Şəriati kimi alim və ziyalılarla da yaxın münasibəti vardı. İnqilab rəhbəri Ayətullah Xomeyniyə çox bağlı idi. Türk dilinə “Kainatın səngiməyən quruluşu” adı ilə tərcümə edilmiş və 16-cı əsr İran işraki (Kainatı yaradanı qəbul etməmək üçün hər şeyi inkar edən bir fəlsəfə) filosoflarından sayılan Molla Sadranın (Sədrəddin Şirazi) fəlsəfəsini ələ aldığı “Nahadina-Arami-Cihan” adlı əsəri Xomeyni tərəfindən çox bəyənilmişdi. Ayətullah Xomeyni inqilabdan sonra Süruşu “Mədəniyyət inqilabı məşvərət şurası”na təyin etdi. Süruş bu vaxtlar Mövlananın şeirləri haqqında konfranslar verir, “Havzayi-İlmiyə”də kəlami-cədiddən (müasir kəlam) dərs deyirdi. Bir müddət sonra, Süruşla inqilabçılar arasında anlaşmazlıqlar meydana çıxdı. Artıq o, ənənəvi İslam metafizikasından çox, modern sosial elmləri daha sağlam bünövrəli görür və onlara üstünlük verirdi. Ənənəvi İslam elmlərini insan mənşəli və modern elmlərdən fərqsiz görürdü. Tədricən hermetik fəlsəfə (Hermetik-ibtidai xristian teologiya sahəsindəki mübahisələrdən ortaya çıxan bir məna ve metodika elmidir. Sonraları bu termin teologiya sahəsinin xaricinə çıxmış və daha ümumi mənada şərh incələməklə əlaqəli fəlsəfi bir cərəyan halına gəlmişdir.), elm fəlsəfəsi, “dini elmin təkamülü” kimi mövzularda tədqiqatlar apardı. Dini bilginin hər dünyəvi elm sahəsi kimi bir sahə olduğunu, müəyyən bir müqəddəsliyə sahib olmadığını iddia edirdi. Buna görə də bir çox alim¬lər tərəfindən böyük tənqidlərə məruz qaldı.
Abdulkərim Süruşu tanımaq üçün düşüncəsinin əsasını təşkil edən iki görüşünə nəzər yetirmək kifayətdir. Süruş yazır ki:
“Yeknəsəkliyə, təqlidə, fiqhin və faqihin müqəddəsliyinə ehtiram göstərirsən. Mən isə imanın, azadlığın, incəliyin, inanc və iradənin çevikliliyinin rəngarənglik və çoxyönlülüyünü təqdir etməyini rica edirəm”
Bu sözlər ilk baxışda, fiqhi quru qanunlardan ibarət sayanlar üçün haqlı tənqid kimi gələ bilər. Halbuki, “Şiə İslamının Lüteri” adlanan Süruş, sanki dini fiqh yönündən məhrum edir və beləcə inanc nöqtəsində mühafizəsiz qoyur.
Süruşu tanımaq üçün ikinci addım, fəlsəfi görüşlərinin bünövrəsini təşkil edən bu sözləridir:
“Fiqhin daralma və genişləməsi realist bir nəzəriyyədir və o bir şeyi o şeyi qavramaqdan ayrırır. İdealizm isə bir şeyin zehindəki varlığı ilə həmin şeyin xarici aləmdəki varlığını bir-birindən fərqli görməz ikən, –çünki zehni və gerçəkliyi eyni qəbul edir- realist epistemologiyanın minimum şərti əşya ilə onu bilməyi bir-birindən ayırmaqdır.”
Süruşun Kant və Karl R. Popper fəlsəfəsinə yaxın və “tənqidçi realist filosof” olaraq qiymətləndirilməsinə səbəb olan bu görüş heç də yeni deyil. Onun bu düşüncəsinin təməli əslində Mutəziləyə aiddir. Mutəzilə düşüncəsinə görə bir əşya, əvvəldə, yəni özü və insandan müstəqil olaraq nədirsə, odur və onu bilməkdən fərqlidir. Beləliklə bilgi biləndən, dəyər onu dəyərlən¬dirəndən, ibadət abiddən aslı deyil, müstəqildir. Mutəziləyə görə, namaz qılan əslində onu öz keyfiyyət və mahiyyətinə görə qıla bilməz. Buna görə də, heç vaxt tam mənası ilə “namaz qıldıq” deyə bilmərik. Tamamilə vəsvəsəyə açıq olan bu düşüncəyə qarşı Əhli-Sünnə isə, “Namazın təməldə keyfiyyəti nə olur olsun, namazın şərtlərini yerinə yetirməklə namazı qılmış sayılırıq” deyir. Süruşun mənimsədiyi bu Mutəzilə görüşü İslami elmlərə və dinə tətbiq edilincə əlbəttə dini elmlərin əsaslandığı həqiqətdən bilinə bilən, obyektiv və hərkəsin tabe olacağı bir həqiqət qalmayacaq, dini bilginin dəyəri bilənlə eyniləşəcək, onun İlahi vəsfi ortadan qalxacaq və hər bilgi tamamilə nisbi hal alacaqdır. Beləliklə də, din adına ortada mütləq dəyərlərdən daha çox şəxsi fikirlər qalacaqdır. Tarixiliyi (Hər hansı bir şey və ya hadisənin meydana gəlməsinin və inkişafının, onu doğuran konkret şəraitlə bağlı olaraq öyrənilməsi, hadisələrə tarixi yanaşma prinsipi.) dinə tətbiq etməyə yol açan görüş yenə də bu görüşdür. Süruş, “Dini elm digər elmələr kimi dini bilməyi təmsil edir. Yəni bilənin bilgisindən ibarətdir” deyərək, dini elm adına hər şeyi şərhlərə bağlayır.
Karrolun əsərinin əhəmiyyəti
Süruşu təhsil aldığı dövrdəki düşüncələrindən bu nöqtəyə qədər gətirən əsas faktor İran inqilabını müvəffəqiyyətsiz görməsidir. O, müvəffəqiyyət adına ölçü və gerçək qəbul etdiyi müasir durumlar, faktlar, müasir siyasi sistem və düşüncə ilə ənənəvi İslam arasında rabitə qura bilməmiş, beləliklə İslamı da günahlandıra bilmədiyi üçün onu şərh etmə səviyyəsinə qədər endirməyə cəhd etmişdir. Məşhur Oliver Royu “siyasi İslamın bitib post-İslamçılığın başladığı” iddiasını dilə gətirməyə və “post-İslamçılığın da siyasi İslamın müvəffə¬qiyyət-sizliyindən törəmiş bir növ dünyəvilik” olaraq tərif verməyə vadar edən məhz Süruşdakı bu dəyişmədir.
Neo-Sələfiliyə bağlı İslamçılıq, mövcud durumları, İslamın özünəxas yolunu və hərəkət cizgisini nəzərə almadan su üstündə ev tikmə təşəbbüsü kimi bir İslam dövləti, siyasəti, iqtisadiyyatı qurmağı hədəfləmiş və əsassız bir idealizm nümayiş etdirmişdir. Süruş isə dinin əsasən həyata əks edən yönündə izafiliyi ön plana çıxarmış, üləmanın nüfuzuna qarşı çıxarkən, əlbəttə özünün də daxil olduğu yeni bir nüfuzlu təbəqə ortaya çıxarmışdır.
Fəthullah Gülən isə mövcud durumları real, yəni reallığı qəbul edərək, bu reallıq içində həqiqəti təmsil edə biləcəyi nisbətdə, incitmədən, ixtilaflı durumlara qurban edəcək şərhlərə girmədən təmsil etmə və ona bağlı qalma cizgi¬sin¬dədir. Bu cizgidə nəzəriyyə ilə praktika, əməllə düşüncə birləşir, fiqh qanunlar toplusu olmaqdan sıyrılır və dinamik bir perioda çevrilir. Gülənin cizgisində iman, elm, mənəvi həyat və əməl fiqh ilə iç-içədir. Bu cizgini tanıyıb şərh etmək üçün İslam fiqhinin üsulunu, yəni metodologiyasını bilmək lazımdır. Bu təməl asas dərk edilmədiyi təqdirdə Fəthullah Güləni də, Süruşu da, digərlərini də düzgün qiymətləndirmək qeyri-mümkündür. Buna görə, “Gülən hərəkatı”nı düzgün anlamaq üçün bəlkə də onun təzahüründən əvvəl (ki, bəşərə bağlı təzahür hər zaman təzahürün arxasındakı düşüncəni tam təmsil edə bilməyəcəyi kimi, niyyəti də səhv anlaşıla bilər) onu fikir planında qavramaq lazımdır. Cil Karrolun əsəri məhz buna görə əhəmiyyətlidir. Bu əsərin qiymətini yüksəldən ikinci xüsus isə, Güləndə inandığı həqiqətləri yaşama, əməli ilə nümunə olma ön planda olduğuna görə və Gülən nəzəriyyə ilə məşğul olan bir alim, bir elm xadimi olmayıb, elmini əməli ilə ortaya qoyduğu, elmi iman, mərifət və əməl ilə eyniləşdirdiyi və beləliklə sadəcə bir alim, bir mütəfəkkir kimi çıxış etməyib irşad dilini işlətdiyi üçün ondakı və ona istinad edilən hərəkatdakı düşüncənin böyüklüyü, dərinliyi və genişliyi təəssüf ki, görünməməkdədir. Karrol bu maneəni aşaraq, hərəkatın ilham mənbəyi olan beyni tanımağa cəhd etdiyi üçün onun əsəri çox əhəmiyyətli və fərqlidir.
Cil Karrolun əsərində diqqət çəkici başqa bir xüsus da onun hər nə qədər Fəthullah Gülənin fikir dünyasını təhlil etməyə çalışsa da, onun konkret bir düşüncəni deyil, bir hərəkatın ilham mənbəyi və hərəkət verici qüvvəsi olaraq gördüyü düşüncə sistemini bir bütövlük meydana gətirən silsilələrlə təhlil etməsidir. Bu silsilə Gülənin düşüncəsində Karrolun ön plana çıxardığı beş əsas ünsürdən ibarətdir:
- Sahib olduğu əsl dəyər və əxlaq ucalığı ilə insan,
- insanın əsas xüsusiyyətlərindən olan azadlıq,
- azadlığı istifadə edəcək və cəmiyyətə yön verəcək ideal insan,
- ideal insanı yetişdirmək üçün təhsil və
- həm ideal insanı yönləndirmək, həm də hürriyyəti ölçülü şəkildə işlətmək üçün vacib olan məsuliyyət şüuru.
Karrol qərbə xitab edən bir mütəfəkkir kimi Güləni bu beş əsas mövqeyindən 18-ci əsr Alman filosofu Emmanuel Kant, 19-cu əsr ingilis siyasət nəzəriyyəçisi Con Styuart Mil, eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşayan Çin mütəfəkkiri Konfüçi, eramızdan əvvəl 5-4-cü əsrlərdə yaşamış qədim yunan filosoflarından Əflatunla və nəhayət 20-ci əsr fransız filosofu Jan Paul Sarterlə müqayisə edir.
Gülən və Kanta görə insanın dəyəri
Karrola və eyni zamanda filosof Kanta görə təbiət, orqanizmdəki hər orqanı, varlıq, səbəb və ya qayəsini mümkün olan ən gözəl şəkildə həyata keçirə biləcəyi tərz və xüssusiyyətdə tərtib etmişdir. Ağıl da bir orqandır. Təbiət insana ağıl və iradə veribsə, belə bir varlıq üçün mühafizə, rifah, hətta xoşbəxtlik varlıq səbəbi və qayəsi ola bilməz. Çünki bunları təmin edə biləcək daha mühüm bir orqan var və o da instinktdir. Dolayısilə heyvanlar insandan daha yaxşı, daha firavan yaşayırlar. Elə isə, ağıl və iradə ilə təchiz edilmiş olan insan, instinktin daha yaxşı təmin etdiyi rifah, cismani zövqlər və dünyəvi səadət kimi şeyləri həyatın qayəsi olaraq seçə bilməyəcəyi kimi, bunlar keçici və dəyişkən xüsusiyyətləri ilə əxlaq üçün vacib olan zəmini də hazırlaya bilməzlər. Elə isə, insanın bütün bu saydıqlarımızdan daha ali bir vəzifəsi olmalıdır. Onu bu vəzifəyə sövq edəcək və həyatını bu vəzifəyə görə şəkilləndirəcək olan da gözəl niyyətdir. Vəzifənin də gözəl niyyətin yönəltməsi ilə yönələcəyi bir dəyər var. Bu dəyər maddi dəyəri, bazar qiyməti olmayan bir dəyərdir. Çünki ağıl və iradə sahibi bir varlığın qayəsi bir bazar qiyməti olan və instinktin daha yaxşı təmin etdiyi dəyərlər ola bilməz. Maddi qarşılığı və ya bazar qiyməti olmayan bir dəyər varsa, o da əxlaqdır. Əxlaq məhz özü bir hədəf olduğu üçün insani varlığın əsas qayəsidir. Elə isə, məhz özü qayə olan əxlaqı ilə insanın dəyəri öçülüb-biçilə bilməz.
- tarixində yaradılmışdır.