Hakan Şükürün istefa məktubu
Türkiyə gündəmini qismən başa düşmək üçün bugünkü köşəmdə Hakan Şükürün hakim partiyadan istefa məktubunu ixtisarla sizə təqdim edirəm:
“Son günlərdə yaşanan və vicdan sahibi hər kəsi dərindən sarsıdan hadisələrə açıqlama vermək zərurəti ortaya çıxdı. Əvvəla, onu qeyd edim ki, siyasət heç vaxt prioritetim olmayıb. Lakin hörmətli Baş Nazirimizin dəvətini rədd etmək ona və onun təmsil etdiyi quruma hörmətsizlik olardı. Hakim partiya son 11 ildə Türkiyədə çox önəmli uğurlara imza atıb. Ancaq hazırlıq kursları ilə əlaqəli atılan bəzi addımlar bir çox vicdan əhlini kədərləndirdi.
Türkiyədə təhsilin o qədər problemi varkən, məsələni hazırlıq kurslarına bağlamaq haqsızlıqdır. Əvvəllər gələn reaksiyalara görə qərarından dönən hörmətli Baş Nazirin bu məsələdə bütün israr və tələbləri görməzliyə vurmasını anlaya bilmədim.
Buna əlavə olaraq, mənim də iştirak etdiyim bir tədbirdə hazırlıq kurslarının KCK-ya (PKK-nın təşkilatı - A.Q.) bənzədilməsinə Baş Nazirin və partiya rəhbərliyinin heç bir reaksiya verməməsi vicdanımı dərindən yaraladı.
Mən 20 ildən artıqdır ki, könüllülər hərəkatını və möhtərəm Fəthullah Gülən Xocaəfəndini tanıyır və sevirəm. Referendum başda olmaqla, millətin xeyrinə olan bütün məsələlərdə hökuməti var gücləriylə dəstəkləyən, qapı-qapı gəzib insanları razı salan, ölkə xaricindən minlərlə insanı səs verməsi üçün gətirən, hakim partiya bağlanmasın deyə dualar edən bu səmimi insanlara indi düşmən kimi baxılması ən yumşaq ifadə ilə desək, vəfasızlıqdır.
Hazırlıq kursları bağlanılan, dövlət idarələrindən qovulan, daima təqib olunanlar bu millətin övladlarıdır. Atılan addımlar məsələnin kökündə təkcə kursların olmadığını göstərir.
Bəziləri tərəfindən moda halına gətirilmiş, “Bunlar rahatlığı görüb dəyişdilər” ifadəsinə hörmətli Baş Nazirin qatıldığına ehtimal belə vermək istəmirəm. Dünyanın hər yerində millətimizi, bayrağımızı təmsil üçün yarıac, yarıtox hərəkət edən, dünyəvi heç bir təmənnası olmayan bu insanlarmı rahatlığa qovuşublar? Ya da 20 kvadratmetrlik həsir döşənmiş otağında qürbət həyatı yaşayan, yaşadığı vəqf binası bəzi media orqanları tərəfindən insafsızcasına “malikanə” adlandırılan möhtərəm Xocaəfəndimi rahatlığa qovuşub? Həyatı boyu dininə, millətinə və insanlığa xidmətdən başqa məqsədi olmayan bu müstəsna könül insanını iftiralarla, ittihamlarla qaralamağa, könlünü yaralamağa iman və insaf sahibi heç kimin dili gəlməz.
Bu millətə və insanlığa xidmətdən başqa məqsədi olmayan bu hərəkatın milyonlarla könüllüsündən biri olaraq, hərəkata və möhtərəm Xocaəfəndiyə qarşı atılan iftiraları, edilən bütün təhqirləri mən öz üstümə alıram. Məni tanıyan hər kəs, xüsusilə hörmətli Baş Nazirimiz bilir ki, siyasi həyatım boyunca heç bir dünyəvi istəyim olmayıb. Şəxsim, ailəm və yaxınlarım üçün heç bir təmənnam olmayıb. Məqsədim, sadəcə, doğru işlər gördüyünü düşündüyüm bu siyasi təşkılata mütəvazi dəstək olmaq idi. Lakin bu nöqtədən sonra bunun mümkün olmadığı da açıq-aşkar ortadadır.
Dost bildiyim bəzi qrupların bu “camaatı bitirmək” xoruna könüllü və ya təzyiqlə qoşulduqlarını, ya da etiraz səsi ucaltmadıqlarını görürəm. Təəssüflə qeyd etməliyəm ki, Xocaəfəndini dəfələrlə ziyarət edən, yaxşı günlərdə hərəkat haqqında təriflər yağdıran insanların bir anda susmaları çox qəribədir. Ədalətsizlik qarşısında susanın dilsiz şeytan olduğunu məndən daha yaxşı bildiklərinə inandığım bu dostların atılan iftiralara laqeyd qalmaları anlaşılmazdır.
Açıqlayacağım bu qərardan sonra şəxsimə yönələcək qaralama kampaniyasının da başlayacağını bilirəm. Futbolçuluq həyatımdan bəri oxşar hadisələrlə dəfələrlə qarşılaşmışam və bu vəziyyətə alışmışam. 2002-ci ildə mərhum M. Ə. Birandın “32-ci gün” proqramında Xocaəfəndini sevdiyimi söyləmiş və bu sözlərimə görə məhkəməyə ifadə verməyə çağırılmışam. İfadəmdə də eyni sözlərimi təkrar etmişəm. Bu gün də düşüncəmdə heç bir dəyişiklik yoxdur. Bu duyğularla, böyük ümidlərlə girdiyim Ədalət və İnkişaf Partiyasından istefa verdiyimi, siyasi həyatımı müstəqil millətin vəkili kimi davam etdirəcəyimi bildirirəm.
Əziz millətimin dualarını gözləyir və hər birinə tək-tək ən dərin salam və hörmətlərimi çatdırıram”.
- tarixində yaradılmışdır.