“Hizmət Hərəkatı: sülh və dialoq naminə”
Amerika Birləşmiş Statları maraqlı ölkədir. Onun paytaxtı Vaşinqtonun hava limanına qədəm qoyan kimi dövlətin gücünü və ciddiyyətini hiss edirsən. Sərhədi keçəndən sonra isə insanların daxili azadlığını duymaq olar. Lakin bizim üçün cəmiyyətdə elmi mühitin hökm sürdüyünü hiss etmək digər məqamlardan çox əhəmiyyət daşıyırdı. Xüsusilə, ona görə ki, dünyada sülh və dialoqun vacibliyinə həsr edilmiş elmi konfransda iştirak etmək məqsədi ilə ora getmişdik.
Tədbir Vaşinqtonun "Milli Mətbuat Klubu"nda təşkil edilmişdi. Öncə qeyd edək ki, bu, möhtəşəm bir binadır. Görünür ki, ABŞ-da KİV-i yüksək qiymətləndirirlər. Konfransı ABŞ-da yerləşən "Rumi Forum" təşkil etmişdi. Mövzu "Hizmət Hərəkatı və dünya quruculuğu" idi. Əsas məqam olaraq dünyada qlobal miqyasda sülh və dialoq yaratmağa xidmət edən fəaliyyətin fəlsəfi və praktiki ölçülərini axtarmaq seçilmişdi. Bu ideya isə Hizmət Hərəkatının fəaliyyəti işığında müzakirə edilirdi.
Konfransa dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ-dan çoxlu sayda alim qatılmışdı. Onlar fəlsəfi-elmi və sosioloji müstəvidə Hizmət Hərəkatının mədəniyyətlər və dinlərarası dialoqun təmin edilməsi istiqamətində ortaya qoyduğu prinsiplər, konkret proqramlar; və fəlsəfi mövqeni müzakirə etdilər.
Hizmət Hərəkatının dünya üzrə fəaliyyətinin genişlənməkdə olduğu konfrasın gedişində ayrıca vurğulandı. Hazırda onun dünyanın 180 ölkəsində fəaliyyətləri vardır. 145 ölkədə isə məktəb fəaliyyət göstərir. Bu, artıq qlobal təhsil şəbəkəsidir. Orada təhsil alan gənclər sülhpərvər, təmənnasız xidmət göstərən, fərqli mədəniyyətlərə açıq olan, humanist insanlar kimi yetişirlər. Məsələnin vacib tərəfi ondan ibarətdir ki, Hizmət Hərəkatı nəzəri-ideoloji deyil, sırf praktiki-sosial aspektdə məqsədlər qarşısına qoyur. Dinindən, irqindən və sosial mənsubiyyətindən asılı olmayaraq insanlara və insanlığa təmənnasız xidmət onun başlıca prinsipidir. Konfransda məsələnin bu aspekti ana xətt olaraq söylənən fikirlərdə öz əksini tapdı.
Konfransda müşahidə edilən başqa maraqlı məqam məruzəçilərin Hizmət Hərəkatına fərqli mövqelərdən yanaşması idi. Burada sosioloqlar, filosoflar, ilahiyyatçılar, pedaqoqlar və jurnalistlər öz fikirlərini sərbəst ifadə edirdilər. Diqqətimizi, xüsusilə müasir sintetik elmi yanaşma əsasında sülhyaratma və dialoq problemini analiz etməyə həsr olunmuş məruzənin olması idi. Onu Harvard Universitetindən doktor Əbdül Kərim hazırlamışdı. O, problemə Fəthullah Gülən Xocaəfəndinin memarı olduğu Hizmət Hərəkatının nəzəri əsaslarını elmdə yeni anlayış olan "fraktal mürəkkəblik" prizmasında yanaşırdı. "Fraktal mürəkkəblik" sistemin özünüinkişaf etdirməsində mahiyyətini ititrməməsini ifadə edir. Hizmət Hərəkatının analizinə müasir fəlsəfi və elmi mövqedən yanaşmaqdadırlar ki, bu da bir daha onun sivilizasiya üçün əhəmiyyətini göstərir.
Konfransda aparılan müzakirələrin digər aspektini təhsil problemləri təşkil edirdi. Konfransda Hizmət Hərəkatının əsas olaraq yeni insan yetişdirilməsi sahəsindəki təcrübəsindən bəhs edildi. O cümlədən, Con Hopkins Universitetindən olan Almazbek Beşanaliyev Hizmət Hərəkatının Mərkəzi Asiya təcrübəsindən danışaraq, Hizmət Hərəkatının perspektivlərindən bəhs etdi. Məhz Hizmət Hərəkatının təşkil etdiyi tədris müəssisələrində həmin aspektə ciddi fikir verilir. Təsadüfi deyil ki, Hərəkatın açdığı məktəblərdə təhsil almış insanlar dünyanın müxtəlif guşələrində könüllü fəaliyyət göstərməkdədirlər. Həmin kadrlar pedaqoji fəaliyyətlərini vicdanla yerinə yetirməyə çalışırlar və onları təvazökarlıq, çalışqanlıq, tolerantlıq, təmənnasızlıq fərqləndirir.
Doktor S.Robinson isə Fətullah Gülənin nəzəri yanaşmaları ilə bir sıra Qərb filosoflarının yanaşmalarının təhlili müqayisəsini apardı.
Bizim məruzəmiz qlobal miqyasda fərqli mədəniyyətlərin dialoqunun təşkilində Hizmət Hərəkatının potensialının təhlilinə həsr edilmişdi. Məruzə sırf fəlsəfi analiz xarakteri daşıyırdı. Məruzədə göstərilirdi ki, bəşəriyyətin xaosdan, münaqişələrdən, qarşılıqlı qınaqlardan xilası insanın fərd olaraq özünü xilas edə bilməsindən asılıdır. Özünü xilas edən insan dünyanı bəlalardan qurtara bilər.
Beləliklə, dünyanı getdikcə daha geniş miqyasda əhatə edən fəlakətlərin, qarşıdurmaların, müharibələrin, terrorun və digər mənfi halların qarşısını almaq üçün 4 səviyyəni əhatə edən İdeya Hərəkatı formalaşdırmağa ehtiyac vardır. Onlar aşağıdakılardır:
- fərdin daxili bütövlüyünü təmin etmək;
- fərdlərarası və fərd-cəmiyyət münasibətlərində uyumsallığa nail olmaq;
- cəmiyyətlərin və mədəniyyətlərin faydalı əməkdaşlığını təmin etmək;
- sivilizasiyalar və dinlərarası dialoqa nail olmaq.
Məruzədə vurğulanır ki, bütün bu məqamların pozitiv həlli Hizmət Hərəkatı çərçivəsində mümkündür. Lakin bütövlükdə həmin problem Bəşəriyyətin məsələsidir. Ona görə də qarşılıqlı əməkdaşlıq və yardımlaşma zərurətdir. İrqindən, dinindən və mədəni kimliyindən asılı olmayaraq hər bir kəs bu işdə iştirak etməlidir.
Konfransda gəlinən qənaətlər sırasında hazırda dünyada müşahidə edilən zorakılıq, ikili standar, insanların məzhəb, irqi, dini, mədəni fərqliliyə görə üz-üzə qoyulmasının bütövlükdə bəşəriyyət üçün zərərli olduğu xüsusi yer tuturdu. Tədbirdə edilən bütün məruzələri əhatə etmək imkanı olmasa da, onun ana xəttini məhz belə ifadə etmək mümkündür. Bu prosesdə Hizmət Hərəkatının təcrübəsindən yararlanmaqda xeyli faydanın olduğu da konfransda gəlinən nəticələrdən biri idi.
Füzuli Qurbanov, fəlsəfə elmləri doktoru
- tarixində yaradılmışdır.