İnanmayacaqlar!

"İnanmayacaqlar" deyə başladı sözə. "İnanmayacaqlar, bizim bəşəriyyətin sülhü və əmin-amanlığı üçün çalışdığımıza. İnanmayacaqlar, dünyanı bütün insanların qardaşcasına yaşadığı bir sülh adacığına çevirmək üçün səy göstərdiyimizə. İnanmayacaqlar, nə dünya, nə də üqba üçün heç bir təmannamızın olmadığına. İnanmayacaqlar, yalnız Allah rizasını istədiyimizə".

Bunları söyləyərkən vücudu tel-tel tökülmüş, yorğun, səsi üç-beş nəfərin ancaq eşidə biləcəyi qədər xəfif, lakin məntiq və mühakiməsi, ifadə tərzindən və məna bütövlüyündən də göründüyü kimi, olduqca möhkəm, əzmkarlığı və qətiyyəti hər zamankı kimi sabit, ruhu və həyəcanı isə yerə-göyə sığmayan bir gəncin həyəcanı qədər atəşindi.

Sonra döndü öz-özünü mühakimə edərcəsinə soruşdu: "Niyə inanmırlar? Niyə daxildə və xaricdə (ölkə) “paranoyya” keçirirlər? Niyə şəkk-şübhələrini yox edə bilmirlər? Deyilən sözlər, görülən işlər göz qabağındadır; əllərində şübhələri təsdiqləyən heç bir dəlil olmaya-olmaya nədir bu zillənən şübhəli baxışlar və inkarlar?"

Cavabını özü verdi: "Dünyaya bizim baxdığımız pəncərədən baxmırlar. Üqbaya bizim inandığımız kimi inanmırlar. Bizim üçün böyük məna ifadə edən dəyərlər onlar üçün heç bir məna ifadə etmir. Biz “axirət”, “Cənnət”, “Camalullah” deyirik, “Allahın rizası bizə bəsdir” deyirik; onlar əksinə “dünya”dan başqa heç nə demirlər. Biz “ad-san, şan-şöhrət, pul-para bir kənara” deyirik, onlar həyatın mərkəzinə qoyurlar. Biz “fani dünya, aldanmağa dəyməz; fani dünyada hər şeyi axirətə görə, axirətdə Allahın təvəccöhünə görə nizamlayaq” deyirik; onlar isə tamamilə əksinə düşünür və inanırlar. Biz "dünya zəhərli bala bənzər, ləzzəti qədər əzabı da var" pəncərəsindən dünyaya baxıb məşru və ya qeyri-məşru dünyəvi ləzzətin bir imtahan olduğuna inanırıq, onların əllərində isə belə bir ölçü yoxdur."

Bu sözlərdən sonra dərindən köks ötürüb yorulduğunu bildirdi. Həqiqətən, yorulmuşdu, çünki günlərdir, xəstəxana şəraitində müalicə olunası bir xəstəliklə çarpışırdı. Köks ötürmüşdü, çünki başa düşülmürdü. Bilənlər bilir, belə insanları üzən, çətinliyə və məngənəyə salan əsas şey anlaşılmama və anlaşıla bilməmədir. Üstəlik bunları başa düşməyənlər eyni dəyərlərin, hətta eyni atmosferin, yaxın çevrənin insanları olanda, güman ki, iztirabı Ziya Göqalpın cəhalət barədə dediyi “mük'ab" səviyyəsinə çıxır. Məhz belə hallarda dəfələrlə bu misraları dilə gətirdi: "Dərdliyəm desən, bəlayi-dərddən “ah” eyləmə; Ah edib dərdsizləri dərdindən agah eyləmə".

“Yaxşı bəs niyə danışır” deyə bilərsiniz? Məncə, bu sual insanın hansı pəncərədən həyata baxdığını, hətta dərəcəsini və səviyyəsini göstərir. Rica edirəm, adi insandan deyil, dərdinə aşiq insandan danışırıq. Onun ruh dünyasından, könül pəncərəsindən, baxış istiqamətindən, məfkurə üfüqündən söhbət edirik. Belə dərdinə aşiq insanlar fəğan qoparırlar. Məkan, zaman bilməz belə şəxslər. Üsul və üslubu, həmsöhbətlərinə görə səviyyəni şəxsən özləri tarazlayaraq hər yerdə dilə gətirərlər dərdlərini. Sonra da yönəldirlər insanları həmin dərdin çarələrinə. Dəfələrlə eşitmişik bu sözləri ondan: "Əlimdən gəlsə, torpağın bağrına əkilən toxumlartək insanların sinəsinə iztirab toxumu, dərd toxumu, sancı toxumu əkər və cücərməyini gözləyərdim. Bu gün bu dünyanın ən böyük dərdi dərdsizlikdir."

Bilmirəm diqqət etdiniz, ya yox; dərdli demədim, əksinə dərdinə aşiq dedim. Çünki dərdinə aşiq insanlara dərdli demək təhqirdir. Həmçinin dəfələrlə eşitmişik bu misraları: "Ya Rəbb! Bəlayi-eşq ilə qıl aşina məni. Bir dəm bəlayi-eşqdən etmə cüda məni!"

Sözün bu yerində təkrar ətrafa baxdı, salondakıları diqqətlə bir-bir süzdü. Kim bilir, ağılından nələr keçdi? Ehtimal, sözlərinin yanlış anlaşılacağından əndişələndi və dərhal "ancaq ümidsiz olmamalıyıq" deyə təkrar başladı danışmağa: "Bəli, ümidsiz olmamalıyıq. “Ümidsizlik” Quran bəyanlarına görə kafir sifətidir. Bu, “ümidsizliyə düşən kafir olar” demək deyil. Ümidsizlik küfrün xüsusiyyətdir. Hansı şəraitdə olur-olsun, ümidsiz olmamalısınız. Niyyətiniz xalis, məqsədiniz O və Onun rizası olandan sonra, niyə ümidsiz olasınız ki? Hz. Yusuf kimi quyunun dibində də olsanız, ümidsizlik olmaz. Bir baxın Yusufdan (ə.s.) bəhs edən ayəyə. Hz. Yusufla bağlı hər hadisə demək olar ki, ən incə detallara qədər izah edilir. Lakin quyuya atıldığına görə nə əvvəl, nə də sonra heç bir şikayət cümləsi yoxdur. Deməli, heç təsirlənməyib. “Ümid” deyib yoluna davam edib. Zindana atılıb yenə ümidsizləşməyib, “Rəbbim” deyib yolundan çıxmayıb. Və nəticə; “müşarun bil bənan”, yəni barmaqla göstərilən vəzirliyə yüksəlib."

Sonra təkrar başa döndü: "Onlar inanmasalar da, şəklə, şübhə ilə baxmağa davam etsələr də, siz yolu dəyişdirməyəcəksiniz. Ümumbəşəri dəyərlərin əhya və iqaməsi naminə plan və layihələrinizə davam edəcəksiniz. Dünyəvi ad-san, şan-şöhrət üçün çalışmadığımızı halınızla, hərəkətinizlə, davranışınızla göstərməklə davam edəcəksiniz. Paranoyyalara səbəb olmadan, bəşəriyyətin sülh və əmin-amanlığından başqa heç bir şey düşünmədiyinizi müxtəlif dillərlə yüksək səslə hayqıracaqsızınız. Rəsmdən musiqiyə, romandan şeirə, kinodan idmana qədər sənətin bütün sahələrini “dil” kimi istifadə edəcəksiniz. Bəlkə də, etiraz edənlər olacaq! Olsun. Haqqınızda tərəddüd və şübhə yayanlar çıxacaq? Çıxsın. İndiyə qədər təxribat üçün işlədilən vasitələr niyə təmir və əhya üçün istifadə edilməsin? Mən zəmanənin oğluyam. Ağılı başında, dünyanı dərk edən heç kimin bunlara etiraz edəcəyini düşünmürəm. Etiraz etsələr də əhəmiyyəti yoxdur. Və səbir edəcəksiniz. Çünki əsrlərlə davam edən və qanqren olmuş yaraları birdən müalicə edə bilməzsiniz".

Kimdən bəhs edirəm? Təxmin etdiyiniz kimi Fəthullah Gülən Xocaəfəndidən.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.