İslamiyyətdə insana sayğı! (2)

M. Fəthullah Gülənin “Kırık Testi” söhbətindən qısaldaraq sizinlə bölüşdüyüm yazının davamı:

“Hz. Pir hesab edir ki, xristianlarla ruhani rəhbərləri arasında mübahisəyə səbəb olan məsələlərdən bəhs etməməliyik. Məsələn, söhbətinizə teslis (Üçlük inancı – Allah, İsa, Məryəm) inancı ilə başlasanız, elə söhbətin başında müxatəbinizi özünüzdən uzaqlaşdırar, onunla bir çox həqiqəti, gözəlliyi bölüşmə imkanı varkən eşidilmək və söz demək haqqından məhrum olar və hətta mübahisə və münaqişəyə də səbəb olarsınız. Halbuki dialoq naminə həyata keçirilən bir fəaliyyəti mübahisə meydanına çevirsəniz, İslamı müdafiə təəssübkeşliyi ilə onların inandığı dəyərləri təhqir etsəniz, heç fərqinə varmadan müsəlmanlığa xəyanət etmiş, yəni onların da İslamiyyətə və Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) dil uzatmasına, Qurana hücuma keçməsinə şərait hazırlamış olarsınız.

Bunun əvəzinə siz onların həyat fəlsəfəsi və dünyagörüşünə hörmətlə yanaşsanız, onlar da sizə qarşı hörmət çərçivəsində hərəkət etmə yolunu seçərlər.

Bir daha ifadə edək ki, insanlara inandığınız, mənimsədiyiniz doğrular, həqiqətlər haqqında bir şey danışmaq, aşılamaq istəyirsinizsə, bunu müxatəbinizə üz çevirdiyiniz zamanda və şəraitdə deyil, onunlar üz-üzə və yaxın olduğunuz zaman həyata keçirə bilərsiniz. Buna görə də üslubunuzu elə tənzimləməli, fikirlərinizi elə çatdırmalısınız ki, müxatəbinizin üz çevirməsinə zərrə qədər də fürsət olmasın.

Üstəlik bu da yaddan çıxartmamaq lazımdır ki, biz buna istər xoşgörü, istər dialoq, istər də mövqeyə hörmət deyək, bunların hamısı vasitədir, əsl məqsəd isə Allahın rizası və Onun xoşnudluğudur. Bir az da açıqlasaq, bizim bu vasitələrlə məqsədimiz bir neçə əsrdən bəri səhv anlaşılan, yanlış tanıdılan İslamın düzgün anlaşılmasını təmin etməkdir. Yəni bu dinin sülh və əmin-amanlıq əsaslı, bəşəriyyətə əmniyət, güvən və dostluq dinamizminə malik bir din olduğunu könüllərə duyura bilməkdir.

Dolayısilə, məqsəd bu dində heç kim ağlına gəldiyi kimi müharibə elan edə, anarxiya və terroru mübarizə vasitəsi saya, canlı bombalarla günahsız insanları öldürə bilməyəcəyini, xülasə, həqiqi müsəlmanlığın terror və anarxiyadan çox uzaq olduğunu ifadə edə bilməkdir.

Əgər müxtəlif vasitələri dəyərləndirərək İslamın həqiqi simasını, əsl mahiyyətini insanlara çatdıra, aşılaya bilsək, bu dinimiz və bəşəri sülh üçün az qazanc olmayacaq. Yoxsa açılan müəssisələr, kurslar, mədəniyyət ocaqları, keçirilən seminar, toplantı və konfransların hamısı bir vasitədir. Əgər biz bu fəaliyyətlərlə böyük işlər gördüyümüz zənninə qapılar; insanların təqdir, təvəccöh və alqışlarına bel bağlayar, özümüzü ifadə və xudbin arzularımızı tətmin etmə kimi bəzi həvəslər arxasınca gedərsək, demək ki, çox şey itirmiş, əsas məqsədimizi də unutmuşuq. Bu isə az getmiş, uz getmiş, dərə, təpə düz getmiş, ancaq bir addım yol gedə bilməmiş və yol yorğunluğundan başqa heç nə qazanmamış insanın halına bənzəyir.

Halbuki bütün bu səylərlə əldə olan imkanların zərrəsini də hədər etmədən insanları mərhəmətə çağırmalı, insanlar arasında uzlaşma təmin etməli, qardaşlıq və barış körpüləri qurmağa çalışılmalı, xülasə doğru bildiyimiz dəyər və gözəllikləri saf niyyət və təmiz qəlblə bəşəriyyətə təqdim etməliyik; təqdim etməli və bütün bu fəaliyyətlədə də qəlbimizin ibrəsi daim Cənabi-Haqqın xoşnudluğunu göstərməlidir.”

Əlbəttə, fürsətlər və imkanlar əldən getmədən...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.