İzmirdə Azərbaycan gecəsi
Ötən həftəsonu Bakı ilə qardaşlaşmış İzmir şəhərindəydik. Oraya təxminən yetmişə yaxın jurnalist həmkarımızla Azərbaycan gecəsinə qatılmaq üçün getmişdik. Əslində, bu il onbirinci dəfə təşkil olunan Beynəlxalq Türk Dili Olimpiadası 1-16 iyun tarixlərində gerçəkləşəcək. Bizim İzmirdə iştirak etdiyimiz tədbir də, sözün həqiqi mənasında, böyük bir festival idi. 140-dan çox ölkənin öz mədəniyyətini, adət-ənənələrini tanıtdığı bu beynəlxalq mədəniyyət bayramı tam bir şənlik havasında keçdi.
Bu tarixi festivala şəhərin mərkəzində yerləşən və böyük ərazini əhatə edən “Kültürpark” ev sahibliyi etdi. 3 gün davam edən şənliyə izmirlilər böyük maraq göstərirdilər. Təkcə şənliyin ilk günü 1 milyondan çox insan bu möhtəşəm festivala şahid oldu.
Qrup halında daxil olduğumuz parkda sanki bir anda insan selinin önündə sürüklənməyə başladıq. Mənzərə möhtəşəm idi. Jurnalist dostlarımdan biri: “Ömrümdə bu qədər insanı bir yerdə görməmişdim”,- dedi. Haqlı idi.
Daha maraqlı bir məqam isə parkdakı insanların əlində Azərbaycan bayrağının olması idi. Azərbaycanlı jurnalistlərin çoxunun gözündə təəccüb, heyrət, bir az da qürur açıq şəkildə görünürdü. Başqa bir jurnalist, “Mən elə bilirdim ki, bu tədbirə insanları məcbur gətirirlər. İndi gördüm ki, bu qədər insanı bir yerə yığan başqa bir qüvvə var. Bunu məcburiyyətlə izah etmək axmaqlıqdır”,- dedi.
“Kültürpark”dakı möhtəşəm sərgi salonunda ən böyük sahə Azərbaycan üçün ayrılmışdı. Bayrağımız salonun hər yerindən görünürdü. Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin əməkdaşları, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr böyük sevgi və həvəslə gələnlərə respublikamız, mədəniyyətimiz, tariximiz və adət-ənənələrimiz haqqında ətraflı məlumat verməyə çalışırdılar. Dərnəyin sədri İsmət bəy qonaqları razı yola sala bilmək üçün bir yerdə dayanmır, sağa-sola qaçırdı.
Azərbaycan-Türkiyə Dostluq Dərnəyinə və əməkdaşlarına qrupumuz və xalqımız adından təşəkkür etmək istəyirəm. Dərnək üzvləri 3 gün ərzində ziyarətçilərə 50 min Azərbaycan bayrağı, üstündə bayrağımızın şəkli olan 50 min şar, 50 min Azərbaycan fotolu yelpik, 50 min ədəd qoz mürəbbəsi, 20 min dilim milli paxlava və 20 min ədəd şəkərbura payladılar.
Fərqli mədəniyyətlərin tanıdıldığı festival sahəsini böyük bir maraqla gəzdik. Gün batandan sonra isə bizi Azərbaycan gecəsi gözləyirdi.
Atatürk adına açıq amfiteatr parka ayrı bir gözəllik verirdi. Azərbaycan gecəsi başlamazdan əvvəl bütün izləyicilərə Azərbaycan bayrağı paylandı. Bir anda amfiteatr 3 rəngli bayrağa büründü. Böyük coşğu ilə keçən konsertdə məktəblilərimizin ifa etdikləri duyğulu mahnılar, muğam parçaları, söylədikləri şeirlər yoldan keçən bütün izmirliləri amfiteatra gəlməyə məcbur etdi. Salon aşıb-daşmağa başladı. Çoxlu sayda insan ayaq üstündə qalmışdı. Elə bir o qədər əhali də çöldə idi. Biri-birindən gözəl musiqi nümunələrimiz möhtəşəm ifalarla əvəzləndi. Milli rəqslərimiz də bütün izləyiciləri valeh etdi. Gecənin əslən qubalı olan türkiyəli aparıcısı tamaşaçılara mədəniyyətimiz və mətbəximiz haqqında son dərəcə bacarıqla yaddaqalan məlumatlar verdi. Əminəm ki, Azərbaycanı görməyən izmirlilər bu proqramdan sonra mütləq imkan tapıb ölkəmizə gələcəklər.
Aparıcı Azərbaycanın komanda olaraq olimpiadanın qızıl medalına layiq görüldüyünü bildirdi. Bütün amfiteatr alqışlarla inlədi. Hər kəs gecədən çox gözəl təəssüratlarla ayrıldı.
Amfiteatrdan çıxanda ağlımda bir şey var idi; kaşki Azərbaycan telekanallarından biri bu möhtəşəm gecəni canlı yayımlayaydı.
Ümid edirəm ki, gələn il bu arzumuz gerçəkləşər...
- tarixində yaradılmışdır.