Könüllülər (xidmət) hərəkatı -3
Dialoq fəaliyyətləri nəyə xidmət edir?
Öncəki yazılarımızda qeyd etdiyimiz xüsuslar Türkiyə üçün böyük inqilab idi. Uzun illər boyu oturmuş xurafatların, yanlış inancların silkələnməsi idi. Təbii ki, bu addımlar bir çox daxili və xarici mənfəət qrupları tərəfindən pis qarşılanırdı.
Daha bir inqilabi addım 1994-cü ildə atılır. Fəthullah Gülənin təşəbbüsü ilə Jurnalistlər və Yazarlar vəqfinin təşkilatçılığı ilə Türkiyədəki fərqli inancdan bir çox din adamına iftar süfrəsi açılır. O günə kimi bir-birinə nifrətlə baxan, bir-birini düşmən görən insanlar bir süfrə ətrafına gətirilir. Acınacaqlısı odur ki, o zaman Güləni ən çox dindar müsəlmanlar tənqid edirlər. Güləni İslamı pozmaqla, əslini dəyişdirməklə günahlandırırlar. Onların görüşünə görə, müsəlman biri kafir hesab olunan xristian, yəhudi, ateist ilə əlaqə saxlamamalı idi. Fəthullah Gülən isə əsərlərində insanların Allah tərəfindən yaradıldığını, ona görə də, yaradılan hər kəsin dəyərli olduğunu bildirir. Fikirlərini belə əsaslandırır ki, Allah Quranda bir çox yerdə insana and içir. Demək ki, hər bir insan qiymətlidir, deyə bildirir.
1960-cı ildən başlayaraq, Türkiyədə hər 10 ildən bir hərbi çevriliş baş verir. İnsanlar solçu, sağçı, dindar, kommunist, və s. adlar altında parçalanırlar. Məsələn, 1980-ci il hərbi çevrilişindən əvvəl yenə Türkiyədə çaxnaşmalar geniş vüsət alır. Qardaş-qardaşa qırdırılır. Eyni silahlar günortaya kimi solçular tərəfindən sağçılara qarşı, günortadan sonra sağçılar tərəfindən solçulara qarşı istifadə olunur. Nəticədə, çevriliş olur. Sonrakı dövrdə silahları verənin də, çevrilişi edənin də eyni adres olduğu ortaya çıxır. 1994-cü ildə başlayan dialoq fəaliyyətləri ilə cəmiyyətin müxtəlif təbəqələri bir-birlərini daha yaxından, olduğu kimi tanımağa başlayırlar. İnsanlar bir-birlərini tanıdıqca uzun illər aparılan düşmənçiliklərin əslində başqalarının propaqandası olduğunu görürlər. Nəticədə, süni düşmənçiliklər yerini həqiqi insani münasibətlərə verir. Qazanan Türkiyə olur.
Dövləti ələ keçirmək istəyirmi?
Türkiyədə 28 fevral 1997-ci il hadisələri zamanı Fəthullah Gülən yenə təzyiqlərə məruz qalır. Xəstəliyi səbəbilə ABŞ-a gedir, bir müddət sonra qayıdır. 1999-cu ildə yenə xəstəliyi səbəbilə ABŞ-a gedir, əməliyyat keçirir. 2000-ci ildə haqqında cinayət işi açılır. Türkiyə Cümhuriyyətini yıxmaq üçün terror dəstəsi qurmaqla günahlandırılır. Silahsız terror təşkilatı! 2002-ci ildə Ədalət və İnkişaf partiyası hakimiyyətə gəldikdən sonra Gülənə haqqındakı cinayət işinin örtülməsi təklif olunur. O isə bunu rədd edərək, sonuna kimi məhkəmənin davam etməsini istəyir. 2006-cı ildə Gülənin vəkili təkrar məhkəməyə müraciət edərək, prosesin davam etdirilməsini istəyir. 2008-ci ildə hər hansı bir qanunsuz hərəkətə və şiddətə müraciət etdiyinə dair dəlil olmadığından haqqında bəraət hökmü verilir. Bu qərar Ali məhkəmə tərəfindən də yekdil olaraq təsdiqlənir. 2008-ci ildə dövlətə sızmaq iddialarına cavab olaraq Gülən, bir insanın öz ölkəsindəki bəzi müəssisələrə girməsi üçün təşviq edilməsinə “sızma” deyilə bilməyəcəyini bildirir: “Təşviq edilən insanlar da, o müəssisələr də bu ölkəyə aiddir. İşarə edilən mənadakı sızmanı bir zamanlar türk millətindən olmayanlar həyata keçirdilər. Bəlkə də, narahatlıqlarının səbəbi onların artıq gizlənə bilməmələridir. Bir millətin fərdi, öz milləti üçün mövcud müəssisələrə sızmaz, oraya bir vətəndaş kimi haqqı olaraq girər.”
Gülənin dövləti ələ keçirmək istədiyini iddia edənlər ortaya əsaslı bir arqument qoya bilmirlər. Tək iddiaları, dövlətin müxtəlif sahələrində onu sevənlərin olduğu, dolayısı ilə o insanların Gülənin əmri ilə hərəkət etdikləridir. Amma bu iddianı belə doğrulayacaq bir sübut göstərilmir.
İddiaların nə qədər əsassız olduğuna birlikdə baxaq. Birincisi, əgər Fəthullah Gülənin dövləti ələ keçirmək kimi bir hədəfi olsaydı, yəqin ki, 160 ölkəyə investisiya qoyulmasına təşviq etməzdən əvvəl, öz ölkəsində bir siyasi partiya qurdurardı. Türkiyənin hər vilayətində güclü təşkilatlanaraq hakimiyyətə gələrdi. İkincisi, 20 ilə yaxındır ki, Gülən belə iddialara məruz qalır. İndi onun 76 yaşı var. Bu günə kimi belə bir iddiaya əsas təşkil edəcək heç bir sübut ortaya qoyula bilməyib. Yəqin ki, 76 yaşında bir adamın bundan sonra çətin ki, belə məqsədi olsun.
- tarixində yaradılmışdır.