Malınızı və övladlarınızı əbədiləşdirin

Bəziləri namaz qılmamağı, oruc tutmamağı, küçələrdə boş-boş gəzməyi, ona-buna sataşmağı azadlıq hesab etsələr də, inanan insanlar üçün bunlar əxlaqsızlıqdan başqa bir şey deyil.

Biz Qurani-Kərimin nuru altında və onun prinsipləri çərçivəsində analiz edərək əxlaqı, əxlaqsızlığı, tərbiyəni və ondan anladıqlarımızı ortaya qoymağa çalışacağıq.

Əxlaqın ən önəmli əsası inanc və əqidədir. Ancaq hər şey, sadəcə, əqidədən ibarət deyil. Əgər əqidə praktik həyatda, əməldə və davranışda özünü büruzə vermirsə və insan inandığı dəyərlərə görə bir yol seçmirsə, o inanc, sadəcə, bir fikir olaraq qalır. Bu vəziyyət fərdin nə şəxsi həyatında, nə də ailəvi və ictimai həyatında təsirli olmadığı kimi, istiqamətverici də ola bilməz. İman işıq və qüvvət qaynağı, imansızlıq isə bir zəiflik və boşluqdur. Amma həqiqi iman öz gücünü əməllə ortaya qoyur. İnanmamış bir insanın yaşadığı topluma faydalı olduğu çox görünməyib; faydalı olanlar da barmaqla sayıla biləcək qədər azdır. Məsələn, biri inancsızdır, amma iffətlidir. Təməl qanunlar baxımından bu cür zatlar fəzilətli sayılırmı-sayılmırmı, deyə bilməyəcəyəm. Çünki gerçək fəzilət imana və özünü hesaba çəkməyə əsaslanır. Bəli, Allaha, axirətə, kitablara, öləndən sonra dirilməyə, Cənnət və Cəhənnəmə iman həyatımızı bir ölçüyə salan və ona mələklərə xas şəkil verən, sonra nizamlı yaşamağımızı təmin edən çox önəmli ünsürlərdir.

İnandığımız bu dəyərlərin tələblərini yerinə yetirmək çox önəmli məsələdir. Axirət - dünyadakı davranışlarımızın hesabının verildiyi məhkəmə, burada bizi insan olaraq yaradan və ən mükəmməl şəklə salan Allaha şükür edib-etməməyimizin hesab yeridir. Dünyada yığın-yığın zülm və inkar içində yaşayan, Cənabi-Haqqı anlamamaqda, Onun gözlər önünə sərib nümayiş etdirdiyi sənət əsərlərini görməməkdə israr edən, minlərlə rəng, səs, naxış, şivə, nizam və ahəngə baxmayaraq, xeyli sayda kor, kar və qəlbsiz də var... Allah həm bunlar üçün, həm də inananlar üçün qiyamət günündə məhkəmə quracaq, Cənnətini, Cəhənnəmini hazırlayacaq; gözəl, fəzilətli və mənəvi həyata, İlahi yüksəlişə meyilli insanların hesab-kitabı tamamlandıqdan sonra onlar bu dünyada insanlığın zirvəsində yaşadıqları kimi, axirətdə də həmin fəzilətə uyğun mükafatlandırılacaqlar.

Fərddə və cəmiyyətdə əqidə sağlam olmalıdır

Bəli, mömin bunları düşünən və həyatını ona görə tənzimləyən insan deməkdir. Bu baxımdan əvvəla həm fərddə, həm də cəmiyyətdə əqidə, inanc çox sağlam olmalıdır ki, insan onu düz yoldan sapdıran müxtəlif hisslər qarşısında imanın gücü ilə dayana, istiqamətini qoruya bilsin. Bəzən inanan, bəzən inanmayan fərdlərdən ibarət ailədə də, cəmiyyətdə də, onların meydana gətirdiyi millətdə də xeyir yoxdur. İnsanlar sabaha çıxacaqlarından daha çox, bu dünyanın sabahı olan axirətə gedəcəklərinə inanmalıdırlar ki, həm Allaha yaxın olsunlar, həm də topluma faydaları dəysin. Bir fərdin çalışmadığı zaman ac qalacağından əndişə etdiyi qədər əməl etmədiyi və inandığını yaşamadığı zaman da Allahın hüzurunda ağır sorğuya çəkiləcəyinə inanacaq qədər sağlam bir əqidəyə sahib olması çox önəmlidir. Belə bir imana sahib olan fərd bu qənaətin verdiyi mərkəzdənqaçma qüvvəsi ilə saleh əməllərə doğru yönələcək və Allahın hüzuruna çıxa bilmək üçün üzünü yerlərə sürtəcək.

Övlad və mal dünyanın bəzəyidir, zinətidir. Allah (c.c.) insanların könüllərini bunlarla sevincə, xoşbəxtliyə qovuşdurar. Onları gözə zinət, qəlbə qida halına gətirər. İnsan bu zinətləri gördükcə dünya səadətini, ümidlərində isə axirətin xoşbəxtliyini hiss edə bilir. Amma bir şey də var ki, əgər siz bu zinətləri əbədiləşdirməsəniz, xoşbəxt ola bilməzsiniz; olsanız da, bu, bütöv olmaz... Bəli, övladınız, nəvəniz, dünyanız sizi narahat da edə bilər. Əgər siz fani olan bu şeyləri əbədiləşdirib, Kainatın Yaradıcısının verdiyi nemət olaraq görsəniz, bu nemətlərin şükrünü ifadə etsəniz, bu nemətləri Allahın yolunda və Onun istədiyi istiqamətdə sərf etsəniz, inkişaf etdirsəniz, son olduğu zənn edilən hər nöqtənin bir başlanğıc olduğunu görəcəksiniz. Dünya həyatının sona çatması ilə başlayan bütün fani zinət, dəbdəbə və ehtişam o biri aləmin açılması ilə ən mükəmməl şəklə bürünərək orada da davam edəcək.

Bir millət və toplumun mükəmməlliyi ailədən, ailə üzvlərinin əl-ələ verib, qurduqları yuvadan başlayır. Ona görə də tərbiyə yuvadan başlamalıdır ki, daimi olsun. Yuva tərbiyə əsasları üzərində qurulmayıbsa, cəmiyyətin tərbiyəli olması da düşünülə bilməz. Hətta qüsursuz bir təlim və tərbiyə siyasəti ideal insan yetişdirməkdə çox önəmli olsa belə, yuva verdiyi və verəcəyi şeylər baxımından hər zaman önəmini qoruyacaq.

Bəli, ailədəki uğur ümumi həyatda uğurun ilk mərhələsidir və bu mərhələ də sağlam bir izdivaca bağlıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.