İman bürcü-2

Onun nura bürünmüş doğma sifəti hər kəs üçün bir təcəllidə ayırd etmək müşküldü: ağlayırmı, gülürmü Gülən Xocaəfəndi.

Türkiyə geniş oxucu kütləsinə yaxşı məlum olan Faruq Mərcanın böyük axtarış əzablarının və o mübarək mütəfəkkirimizə ucadan-uca sevgisinin barı-bəhrəsi olan bu bioqrafik kitabı oxumadan belə silkələdi məni. Zaman-zaman o İman bürcündən mətbuat vasitələrindən yaddaşıma hopanlarla bu kitaba bir mübarəkbadlıq da mən bildirmək istədim Azərbaycan oxucusuna.

...Kitablar da insanlar kimi doğulur.

İnsan övladı nurun arxasınca gəlir bu işıqlı aləmə. Kitablar isə doğulunca hər şeyə qadir nuru özləri ilə gətirirlər: qaranlıq fikirləri aydınlatmaq, zülməti büsbütün əritmək qeyrəti ilə dünya qapısını aralayınca ürəklərin qapısını da çalmağa başlayırlar. Başqa sözlə, “Kitab ruhun qidası, ağlın dərmanıdır!” (Mövlana).

...Dünyaya bir qönçə kimi boylanan balaca Fəthullahın gələcəyi necə olacaqdı? Ramiz bəy oğluna İslami tərbiyə vermək, ona Allahın əmr və yasaqlarını dərindən öyrətmək istəyirdi. Bütün insani fəaliyyətlər və davranışlar gün işığında öyrədilir. Nuru almışdılar Anadolu türkünün əlindən. Duyulsaydı ki, bir valideyn övladına namaz ibadəti öyrədir, Quranı təlim edir, məmurlar o ailəyə fəlakət kimi çökər, buna cürət etmiş ailə başçısını alıb götürər, o talesiz əlli ayaqlı gedər, bir daha geri qayıtmazdı.

Ana Rəfia xanım gecənin yarısında pəncərələrini sıx-sıx qapatdığı evdə uşağa Quran oxutmağa başlayır. Fəthullah özüylə dünyaya gətirdiyi böyük qüdrəti ortaya qoymağı bacarır: cəmi bir ay ərzində dörd yaşlı uşaq Quranı xətm eləyib qurtarır.

Ramiz bəy qürurundan az qala Ərzurum dağlarına sığışmayacaqdı. Üstəlik də sevinci bir şadyanalıqla tamamlamaq istəyir: səhəri qonum-qonşuya bildirir ki, oğlumu sünnət elətdirirəm.

Məclisə gələnlərdən birisi balaca Fəthullahın başını sığallayıb deyir ki, atan sənə toy eləyir. Bir parça uşaq sözün müstəqim mənasını anlayıb zülüm-zülüm ağlayır.

Dinindən, dilindən, rəngindən asılı olmayaraq bütün insanlar mənsub olduğu xalqın dini müqəddəsat işığında yaşayıb, dünyada dövran etmişlər.

Bütünlüklə türkün ağlar taleyinə baxın: Hər kəs işığa dustaq: burda biz, Anadoluda o talesiz soydaşlarımız... Belə yaşamışıq o mənhus illərdə...

İşığı, nuru düşmən obrazına bürümək qədər bəşər övladının cahilliyi və böyük günahı təsəvvürəgəlməzdir! Xüsusilə iyirminci əsrin başlanğıcından bəri.

Nurun kölgəsi yoxdur!

Amma nur olmasa, kölgə də olmaz axı!

İnsanı dəyərləndirmə yönündə nurla bağlı işlədilən deyimlər var: “Nurlu adam”, “Üz-gözündən nur yağır”, “qəbri nurla dolsun”, “çevrə-çevrə nur!..”, “nursuz”, “Rəbbimiz bu bədbəxtə bir zərrə nur qıymayıb...”

Bir sözlə: Canlının cövhəri nurdur! Fəthullah Gülən Hoca da bir nuri-təcəlla əsəri!

...Fəthullah Gülən Hocaəfəndinin insan sevgisi təkcə öz soyu ilə məhdudlaşmır. Bütünlüklə yaranmışı Yaradandan ötrü sevmək Onun varlığının mübarək xislətidir.

20 yanvar 1990-cı il rus imperiyasının bütün müasir qırğın silahları ilə Bakıda və ətraf bölgələrdə törətdiyi qətliamın dəhşət və vəhşətini eşidincə Fəthullah Gülən Xocanın İzmirin Şadırvan məscidində Bazar söhbətləri silsiləsindən etdiyi vaazı tarixin görmədiyi bir fəryad idi. Necə dəyərlər, ağlar bir dillə və burxulan bir ürəklə dodağından qopan hər cümlənin axırında məhşəri qələbəlikdən görünməmiş şivən dalğası məsciddə qorxunc əks-səda burulğanı yaratmışdı. Gülən Hocanın hönkürtülərin səngiməsini gözləməyə macalı qalmamışdı. “Yazıqlar olsun mənə! Yazıqlar olsun millətimizə!” - deyərək hər iki əliylə mübarək başına döyürdü. Türk soyunun birliyinin olmamasından, birinin-digərinə qahmar çıxa bilməsindən çılğına dönmüşdü.

Bu şiddət içində onsuz da xəstəlikdən üzgün ürəyi dözmədi. Qəflətən bayıldı. Təcili yardım da kara gəlmədi... Sevənlərinin qolları üstündə xəstəxanaya götürüldü.

Fəthullah Gülən Hocaəfəndinin islami yöndə yaradıcı təbiətinin, demək caizsə, ən üstün mənəvi bəhrəsi Onun eşsiz vaazlarıdır. Bunlarda, necə deyərlər, qələm ləngitmələri olmadığından Hoca Əfəndi çox sərrast və sirayətedici bir şəkildə demək istədiyini zirvədən ifadə etməyi bacarır, könülləri ələ alır.

Vaaz dinimizin dirəyi olan bir nəsnədir! Dinimiz nəsihət, təsəlli dinidir. Həzrət-i Məhəmməd (s.a.v) bir sualı cavablandırarkən bu həqiqəti nə qədər gözəl buyurmuşdur: “Din təsəllidir...” Bəli, təsəlli dediyin toxtaqlıq “həbi” elə ən uca humanizmin ta özüdür!

Bu soy yanğısı, bu milli məsuliyyət tablosu misli görünməmiş bir başsağlığı mesajı idi Azərbaycana. Həm də bütün türk toplumlarının Azərbaycan türkünə başsağlığı gücündə bir qeyrət idi.

O zaman bir xalqı qanına qəltan eləyən rus imperiyası bizi informasiya blokadasına almağı da bacarmışdı. Səsimiz heç hara çatmırdı. Fəthullah Gülənin məlum fəryadının səsi az vaxta çox geniş əks-səda verdi. İşıq sürətində!

Əlimə çatan o mərasimin videolentini olduğu kimi Azərbaycan televiziyasında yayına verdim. Deyim ki, bütünlüklə Azərbaycan türkü birdən-birə nə boyda qəmxarı olduğunu, dərdinə şərik çıxmağı zirvədən bacaran bir mənəvi şəxsiyyətin varlığını çox aydın dərk edə bildi.

...Fəthullah Gülən Hocaəfəndinin ürək yanğısı ilə dediyi bir dəyərləndirmə var: “XX əsr özünü inkar edənlərin əsridir...” Elə olmasaydı, ürəyi, qafası və düşüncəsi yaddaşanlar, soyun bu boyda abidə insanını ancaq başımızın tacı görərdi; onu məhrumiyyət və məhkumiyyətlərə düçar eləməzdi.

...Yaxın zamanlarda Türkiyədə dünyanın müxtəlif ölkələrində Fəthullah Gülənin nuruna pənah gətirib, türkçə təhsil alan minlərlə gəncin oxuduqları aydınlıq mənbəyi olan o məktəbləri biryolluq bağlamaq fikrinə ciddi düşənlər vardı. O məktəblər ki: rəngindən, dilindən, milliyətindən asılı olmayaraq türkçənin şeyda bülbülləri kimi ötən bu heyrətli tələbələr Türkiyədən gələn istər dövlət ərkanı olsun, istər hər hansı müsafir, onları ilkin qarşılayırlar. Anadoludan gələn hər kəsi öz doğmaları bilirlər. Onların timsalında türkçə dünyamızla uyuşum yaradır; Türkiyənin əksi-sədasıdır ruhumuza köklənmiş o işıqlı gənclər...

O günlərdə Hocaəfəndi bir televiziya söhbətində son dərəcə pəjmürdə halda qovrulurdu. Deyirdi ki, mənim heç bir yan fikrim yoxdu; o məktəbləri biz cani-könüldən dövr edək dövlətə, təki gələcəyimiz olan o cavanlar təhsildən və bəsirət işığından kənarda qalmasınlar.

“Allahın iradəsinin əksinə olmasaydı, bu amansız hərəkat qarşısında özümü bir uçurumdan atıb, intihar eləyərdim...” - deyə Fəthullah Gülən Hoca yanıb yaxılırdı.

Fəthullah Gülən Hoca dünya mənfəətindən gözünü biryolluq çəkmiş bir insandır. Bir-iki örnəklə sözümə söykək vermək istəyirəm:

...Bir dəfə bərk xəstələnmişdi. Maddi durumu o qədər zəif ki, əczəxanadan dərman almağa belə imkansızdı. Dostlarından birinin Quran oxumaq üçün ona bağışladığı bir teypi (maqnitofon) bazara göndərib satdırmaqda gördü çarəni. Halbuki onun məhsuldar qələminin qazancı olan qonorarla bu adam xan kefində, neynim-necəliyim duymadan gen-bol şəkildə yaşaya bilərdi. Amma onun mənliyi, idealı bambaşqa: Yazdığını soyunun naminə yazdığı kimi, onun təllif haqqını da son qəpiyinə kimi imkansızlara, lüt-üryan yaşayan millət tavansızlarına verməyində indinin özündə də davam edir.

Başqa bir örnək:

1977-ci ildə Almaniyaya səfəri zamanı orada son dərəcə ağır işlərdə çalışan cilayi-vətən olan türk işçiləri soylarının bu qeyri-adi ağsaqqal mütəfəkkirinin orada rahat gəzişməsi xatirinə topladıqları pulla təptəzə modelli minik maşını alıb, ona hədiyyə etmək istəyirlər.

Bu gözütox insan hədiyyəyə yaxın durmur. Müxtəsəri, Avropa gəzintisi zamanı heç kimsənin bəxşişinə, heç bir nəsnəyə baxmadan Türkiyəsinə dönür...

Amerikaya gedəndə qədirbilən pərvanələri tərəfindən böyük ehtiramla qarşılanır. Hocaəfəndi, şübhəsiz ki, soydaşlarının bu həssasiyyətlərindən məmnun qalır. Amma onun qalacağı evə xalı-xalça döşəmələrinə qəti etiraz edir. Bildirir ki, ağlı kəsəndən bəri Həzrəti-Məhəmməd timsallı, ancaq bir həsrin üstündə yatıb və bundan doyumsuz zövq alıb. “Bir sözlə, xalı-xalça üstündə ölmək istəmirəm”.

Fəthullah Gülən Xocaəfəndinin mübarək adı dində tolerantlıq - yəni: dində xoşgörü mücahidi kimi geniş miqyasda hallandırılır. Bütün insanları bir gözlə görüb qiymətləndirmək, heç bir fərqləndirici ayrı-seçkilik qoymadan sevmək kimi bəşəri bir sevgini dünyada bərqərar etmək! Nə böyük bir əqidə!

Amma bu böyük əqidənin əsl qurucusu fəxri-aləm əfəndimiz Həzrəti-Məhəmməddir. Bu böyük peyğəmbərin çox böyük amalla hümmətinə aşılamağa çalışdığı bir mühüm nöqtə vardı: bütün peyğəmbərlər bir-birinin qardaşlarıdır!

Deməli, qardaş peyğəmbərlərin hümmətləri də, şübhəsiz, bu doğmalıq haləsində bəşəri qardaşlaşma məsuliyyətini unutmamalıdır!

Ən işıqlı dini XOŞGÖRÜ elə bu buyruğun işığında gerçəkləşə bilər! Bəşər nə qədər rahat yaşamaqla imkan tapmış olar.

Yaranmışı Yaradandan ötrü sevmək humanizmi, əslində, elə bundan ibarət deyilmi?!

Çağımızda dinlərin xoşgörü sultanı Xocaəfəndi ilə bağlı demək istəyib, amma demədiyim çox mətləblər var ürəyimdə. Amma onlardan ikisini demədən yazıma son vermək istəməzdim.

Birisi budur ki 20 Yanvar qətliamını duyunca başına ikiəlli döyüb fəryad qoparan Xocaəfəndiyə qarşı hüsn-rəğbətimizi, nədənsə, az dilə gətiririk. Qədirbilməzliklər belə-belə artıb çoxalır. Örnək əməllərimizi artırmaq əvəzinə... Çıxan kitabın Azərbaycan nəşrinə ön söz yazan görkəmli jurnalist və yazarımız Qulu Məhərrəmli təqdimindəki istiqanlılıqla o böyük zata mənəvi minnətdarlığımızın yükü altından az da olsa çıxmağımıza işıq sala bildi. Sağ olsun!

Biri də:

Fəthullah Gülənin unudulmaz Bazar söhbətləri silsiləsindən Bakı qırğını müsibətinə göstərdiyi həssasiyyətə qarşı bir Azərbaycan türkü kimi mənim də mənəvi borcum var. Bu xəyalla bir zaman (28.03.1998) qələmə aldığım bir gəraylımı “Fəthullah Gülən” bioqrafik kitabının nəşri vəsiləsi ilə yazımın sonuna əlavə etməyə üzüm tutdu:

Ülviyyət Səməndəri
Türkün yol - ərkanıdır!
Türkü türkə tanıdır.
Soyumun vicdanıdır
Fəthullah Gülən Hoca!

Qarlar yağmış başına,
Bax dərya baxışına!
Sinmiş xalq yaddaşına
Fəthullah Gülən Hoca!

Haqq-ədalət sərvəri!
İman bürcü, minbəri!
Ülviyyət səməndəri
Fəthullah Gülən Hoca!

Yağdıqca namərd daşı,
Çatılmaz bir an qaşı.
Savaşır cəhlə qarşı
Fəthullah Gülən Hoca!

Mizrab qırıq olsa da,
Sözü Haqdan bir səda!
Həqiqət kimi sadə -
Fəthullah Gülən Hoca!

Mübarək cismi oddur
İniltili bir uddur!
Rəhmət yağan buluddur
Fəthullah Gülən Hoca!

Ona toxunma, sakın!
Bir quldur Haqqa yaxın!
Sevgi zirvəsi xalqın
Fəthullah Gülən Hoca!

Dil uzatma, ey fasiq!
Yazıq, dilinə yazıq!..
Rəbbinə candan aşiq
Fəthullah Gülən Hoca!

Bir barış göyərçini!
Gözlər Haqqın fəcrini!
Umar Rəbbin əcrini
Fəthullah Gülən Hoca!

Dərdi çeşid-çeşiddir;
Qanı Nurla eşidir!
Bir kamili-mürşiddir
Fəthullah Gülən Hoca!

Misra-misra oxunur;
Ruhunda Haqdan onur!
Məğribdən-məşriqə nur
Fəthullah Gülən Hoca!

Xütbəm, öyüdüm, dərsim!
Məktəbim, müdərrisim!
Dünyaya çatan səsim
Fəthullah Gülən Hoca!

Böyük mütəfəkkirimizə möhkəm cansağlığı diləkləri ilə:

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.