Müsəlmanlar ekstremizm xərçəngi ilə mübarizə aparmalıdır

Fəthullah Gülən

İŞİD kimi tanınan və özünü İslam dövləti adlandıran qrupun Yaxın Şərqdə qətliam törətməkdə davam etdiyi bir vaxtda biz müsəlmanların vəzifəsi İŞİD və onun izi ilə gedən digər terrorçu qrupların totalitar ideologiyaları ilə ciddi mübarizə aparmaqdır. İslam adındana törədilən hər bir terror aktı müsəlmanları mənsub olduqları toplumlardan təcrid edərək, İslam əleyhinə yanlış fikirlərin yayılmasına təkan verərək bütün müsəlmanların həyatına dərindən təsir edir.

Zorakılığa əl atan radikalların zülmü üzündən İslam dinini təqsirləndirmək insaf anlayışı ilə bir araya sığmır. Sözügedən terrorçular müsəlman kimliyi ilə ortaya çıxıblar. Ona görə də müsəlmanlar bu problemi inkar edə bilməzlər və terror xərçənginin yayılmasının qarşısını almaq üçün əllərindən gələni etməklə mükəlləfdirlər. Əks halda, dinimizin yaralanan imicindən biz də qismən məsul olarıq.

İlk öncə, zorakılığı pisləməli və məzlumluq psixologiyasının tələsinə düşməməliyik. Bir insanın, millətin və ya ümmətin zülmə düçar olması terroru qınamamağa və ya terrora əl atmağa bəraət qazandırmır. Terrorçularun İslam adından ağır cinayətlər törətdiyini düşünən tək mən deyiləm. Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.s.) sünnəsi kimi əsas mənbələr düzgün araşdırılsa, bu qənaət aşıq-aşkar ortaya çxar. Hədis, siyər və təfsir vasitəsilə Qurani-Kərimdəki ilahi məqsədləri anlamağa bir ömür həsr eləmiş sələfi-salehinin və üləmanın ortaya qoyduğu Peyğəmbərimizin (s.ə.s.) nümunəvi həyatı və Quranın qızıl düstürları terrorçuların öz əməllərinə dini don geyindirmək üçün irəli sürdükləri iddiaları təkzib edir.

İslamın düzgün anlaşılmasını istəyiriksə, haqq səsimizi ictimaiyyətə çatdırmalıyıq

İkincisi, insanları İslamı bir bütöv kimi başa düşməyə təşviq etmək lazımdır, çünki din mənsublarının adət-ənənələrindəki fərqlər bəzən dinin təməl dəyərlərinin əleyhinə sui-istifadə edilir. Halbuki İslamın əsas dəyərləri insanların fərqli yanaşmaları ilə deyil, nəslərlə müəyyən edilmişdir. Qurani-Kərimdən bir insanın günahsız yerə qətlini bütün insanların öldürülməsinə bərabər sayan ayəni nümunə vermək olar. (Qurani-Kərim, 5/32). Peyğəmbərimiz (s.ə.s.) müdafiə müharibəsində belə, əlinə silah almayan insanlara, xüsusən, qadın, uşaq və din xadimlərinə toxunmağı qəti qadağan etmişdir.

Biz müsəlmanlar dünyanın hər yerində sülh tərəfdarları ilə əl-ələ verib bu dəyərləri yaşatmağa və təmsil etməyə məcburuq. İnsan psixologiyasını və medianın hazırki vəziyyətini nəzərə alanda manşetlərə sağlam fikirli insanlardan çox radikalların çıxması qaçılmaz olur. Ancaq biz medianı günahlandırmaq yerinə öz səsimizi ictimaiyyətə çatdırmaq üçün yeni yollar axtarmalıyıq.

İnsan həyatının, ləyaqət və azadlığının toxunulmazlığı İslamın əsas dəyərləridir

Üçüncüsü, müsəlmanlar insan həyatının, ləyaqət və azadlığının toxunulmazlığı kimi dəyərləri daha güclü şəkildə müdafiə etməlidirlər. Bunlar eyni zamanda əsas islami dəyərlərdir və heç bir dini və ya siyasi liderin bu dəyərləri insanların əlindən almağa haqqı yoxdur. Dinimizin ruhuna sadiqlik və bağlılıq mədəni, sosial, dini və siyasi plüralizmə də sayğı göstərməyi tələb edir. Qurani-Kərimdə insanların bir-birini tanıması onların fərqli fitrətdə yaradılmasının bir hikməti kimi göstərilmiş (49:13) və hər bir insanın ləyaqət və izzət sahibi olduğu bildirilmişdir (17:70).

Demokratik dəyərlər tədris proqramına daxil edilməlidir

Dördüncüsü, müsəlmanlar dəqiq və humanitar elmləri, sənət sahələrini təlim etməklə yanaşı, bütün canlılara sevgini də aşılayan təhsil sistemi qurmalı və bütün fərdlərin bundan yararlanmasına nail olmalıdırlar. Müsəlman dövlətləri demokratik dəyərləri tədris proqramına daxil etməlidir. Vətəndaş cəmiyyətləri və sivil hərəkatlar da qarşılıqlı hörmət və tolerantlıq anlayışının yayılmasında böyük rol oynayır. Hizmət camiəsinin 150-dən çox ölkədə mindən artıq təhsil müəssisəsi və dialoq mərkəzi açmasının səbəbi də budur.

Beşincisi, müsəlmanların düzgün dini təhsil almasının təmin edilməsi də radikalların ekstremist ideologiyalarını yaymasının qarşısına sədd çəkə bilər. Əksər müsəlman toplumlarında müşahidə etdiyimiz kimi, din azadlığının məhdudlaşdırılması dini cahillərin və radikalların ümidinə qoyur.

Qadınların cəmiyyətdəki rolu əhəmiyyətlidir

Yekun olaraq, müsəlmanlar qadın və kişinin bərabər hüquqlara sahib olmasını müdafiə etməlidirlər. Qadınların cəmiyyətdə effektiv rol oynamasına imkan vermək və onları qadın azadlığını inkar edən ictimai təzyiqlərdən qorumaq lazımdır. Peyğəmbərimizin (s.ə.s.) xanımı Həzrət Aişənin (r.a.) ictimai həyatda alim, müəllimə və lider rolunu oynaması buna gözəl örnəkdir.

Terrorizmin ən böyük qurbanı İslam və müsəlmanlardır

Terrorizm çoxşaxəli bir problem olduğuna görə, həll yollarında da siyasi, iqtisadi, sosial və dini aspektlər nəzərə alınmalıdır. Problemi sırf din səviyyəsinə endirmək həm terrorçuların toruna düşmə təhlükəsi ilə üz-üzə qalan gənclərə, həm də bütün bəşəriyyətə haqsızlıqdır. Beynəlxalq ictimaiyyət terrorizmin birinci qurbanlarının müsəlmanlar olduğunu və müsəlmanların ekstremizmlə mübarizə apararaq onların tərəfdar toplamasının qarşısını almağa qadir olduğunu başa düşməlidir. Buna görə də, dövlətlər müsəlman vətəndaşlarını narahat edən bəyanat və davranışlardan çəkinməlidir.

Zorakılığa əl atan ekstremizmin və terrorizmin dini yoxdur. Dini öz məqsədlərinə alət edən insanlar hər dövrdə olmuş və olacaqdır. Ancaq necə ki, xristianların çoxu Quranın yandırılmasına və ya Ku Kluks Klanın terror aktlarına dəstək vermir, necə ki buddistlər Rohingya müsəlmanlarına edilən zülmü pisləyir, eləcə də müsəlmanların əksəriyyəti zorakılığı qınayır.

Tarix boyu müsəlmanların dünya mədəniyyətinin tərəqqisinə böyük töhfələri olmuşdur. Və ən böyük töhfəsini qarşılıqlı hörmət, azadlıq və ədalət anlayışlarını bərqərar etdiyi dövrlərdə vermişdir. İslamın ləkələnən imicini geri qaytarmaq, bəlkə də, çox çətindir, ancaq müsəlmanlar yaşadıqları toplumlarda sülh və əmin-amanlığın timsalı ola bilərlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.