Pensilvaniyada bir ilkindi söhbəti

Oraya getmək üçün qələbəliyi, izdihamı tərk etməlisiniz. Göydələnlər üfüqdə, şəhər isə arxanızda yavaş-yavaş gözdən itməlidir. Tək xətli yolda avtomobilinizin şüşəsindən əvvəla dağı-daşı tamaşa etməli sonra isə çayları soyuq körpülərdən aşmalısınız. Əgər yolda ciyərlərinizdə xoş ətirli havanı, ürəyinizdə vətəni hiss etmirsinizsə, yəqin ki, xəritənizə bir daha baxmalı olacaqsınız.

Nəhayət, kiçik bir qəsəbədə məskunlaşmış o keçidə yaxınlaşırsınız. Buraya hər nə qədər keçid desək də, nə içərisini gizləyəcək qədər möhkəm, nə də hər gələnə “keçin” deyəcək qədər laqeyd bir yerdir. Girişdən solda təpəciyin üzərində duran o iki mərtəbəli, sadə, şabalıdı rəngli evdəki insandır buraları müstəsna edən. İlk öncə sizi evə bitişik şüşəli yeməkxanadan gələn yemək ətri dəvət edir. Biri yemək yeyir, biri bir küncdə purrəngi çay içə-içə başı söhbətə qarışır. Siz buranın adına universitet yataqxanası deyin, mən də müasir bir dərgah.. Burada kimin qonaq, kimin ev sahibi olduğu bilinmir.

Bu qədər gəlib-gedən olmasına baxmayaraq, ətrafda ilk gözə dəyən intizam və təmizlik, bir də evin divarlarında Füzulidən, Yunus Əmrədən xəttatlıq sənəti ilə yazılmış beytlərdir. Üst mərtəbəyə çıxanda oxuma salonlarındakı kitablar diqqətimi çəkir. Burada hər otaq bir kitabxanadır. Deyilənə görə, həmin şəxs ikinci mərtəbədə bir otaqda qalır. Lakin iki mərtəbə arasında elə çox fərq yoxdur, bəzən hansında olduğunuzu belə qarışdırırsınız. Sadəcə, müəyyən vaxtlarda söhbət məclisi qurulan o salonda digərlərinə görə ayrı bir mənəvi hava var. Arxa divar başdan-ayağı kitabla doludur, üstündə qonaqların vətəndən gətirdikləri kiçik hədiyyələr (hətta kiçik bir THY təyyarə maketi belə var), divarlarda yazılı növ-növ lövhələr…

İkindi vaxtıdır. Dəhlizə sərilən səccadəyə yavaş-yavaş gəlir imam. Televiziyada görünəndən, sanki bir az daha cüssəli görsənsə də, həmişəki susqunluq və hüzn hərə tərəfindən süzülür. Xarici görünüşün əksinə divarları lərzəyə gətirən o gur səsi ilə namazı qıldırır.. Lakin o davudi səs, həftəlik ilkindi söhbəti üçün yandakı otağa keçəndə yumşalır, havada uçuşan bir lələyə dönür.

Otaqda huşu içində səssizlik var, yalnız tək-tük öskürək səsləri eşidilir. Görəsən iki gəncin çay və paxlava ikramını gözlədiyinə görəmi nəmli gözlərlə ətrafı süzür. Bütün gözlər ona zillənib. Göz-gözə gələnin isə başı yerə əyilir. Zikr ilə məşğul olduğuna görədir yəqin ki, dodaqları yalnız ən yaxınındakının fərqinə varacağı şəkildə hər daim hərəkət edir. Qələbəlik içində bir münzəvidir o. Sonra qısıq bir səslə söhbətə başlayır. Əvvəlcə öndə oturanlara nəsə deyir deyə zənn edirəm. Halbuki, xeyr, söhbət başlamışdır. Otaqdakı səssizlik də diz çöküncə artıq o deyir, bütün qəlblər də onu dinləyir. Bu vəz deyil. Bir konfrans, seminar? Yox, heç biri. Köhnə ilə yeni dilin, klassik elm ilə gündəmin, şərq ilə qərbin ələ alındığı, müqayisə edildiyi, təhlil edildiyi bir söhbət. Az qalsın gözlərindən yağışlar yağsın. Əlləri utancaq. Nadirən bəzi şeyləri xatırlaya bilməyəndə şirin bir uşaq təlaşı ilə başındakı təqqəyə əlini atıb düzəldir. Söhbət sual-cavabla davam edir.

Söhbətin sonu duadır. Bəzən başı önə əyilmiş, əlləri qəmgin göyə açılır. Sanki, otaqda heç kim yoxdur. Başı yuxarı qalxdıqca qollar daha da açılır, yalvarışlar artır. Sonra da yan qapıdan yavaşca çıxıb gedir.

Bura meşə içində, kimsəsiz, sadə bir yerdir. Ətrafda ilk gözə dəyən; qonaqlar üçün tikilmiş və hələ də tikintisi davam edən bir neçə evdir. Kənarları elektrikli fənər yolu.. Uşaqlar üçün oyun bağçası.. Aşağısında kiçik bir göl.. Yanında kiçik bir çay.. Nazlı-nazlı üzən iki ördək.. Bu məkanın əfəndisinin dost xətrinə sadəcə bir dəfə endiyi gölün ətrafı, şəhərdən qaçıb gələn qonaqların ən çox gəldikləri yerdir. Biri həkim.. Biri işadamı.. Biri şagird.. Hər nə qədər fərqli olsalar da, bir o qədər eynidirlər onlar. Bütün üzlərdə eyni ahəng və eyni məna çalarları var. Burada mənim kimi bu hərəkatın xaricindən gəlmiş birinin hiss edə biləcəyi, lakin qələmə yar olmayan o qədər şey var ki; təslimiyyət, hörmət, sevgi...

Haqqlarında atılıb-tutulanlara baxanda "İnsan, bilmədiyinin düşmənidir" həqiqətini xatırlamamaq əldə deyil.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.