Peyğəmbər yolunda zorakılığa yer yoxdur

Fəthullah Gülən: Peyğəmbər yolunda zorakılığa yer yoxdur

Müsəlmanlar hər gün “Ya Rəbbi! Bizi doğru yoldan ayırma” deyə dua edirlər. Bu dua möminlərin ifrat və təfritdən uzaq olmasına, mötədil həyat yaşamasına kömək edir.

Nə hissə qapılmalı, nə də dəyər və inanclarımızın əleyhinə sistemli şəkildə həyata keçirilən təxribatlara qarşı səssiz qalmalıyıq. Peyğəmbərimiz Hz. Məhəmmədin (s.a.s.) mirasına edilən həqarətlərə zorakı yollarla etiraz bildirilməsi bu tarazlığı pozdu. Zorakılıqla (yandırmaqla, dağıtmaqla, öldürməklə) müşayiət olunan etirazlar yanlış və sirati-müstəqimdən uzaq idi.

Müsəlmanlar Peyğəmbəri-Zişana (s.a.s.) edilən təhqirlərə biganə qalmamalı, əksinə olduqca həssas və diqqətli hərəkət etməlidirlər. İslama həqarət edənlər, ola bilsin ki, etdikləri zülmü və ayrı-seçkiliyi haqlı göstərmək üçün cəmiyyətdə mənfi müsəlman imicini formalaşdırmaq məqsədi güdürlər. Müsəlman dünyasında bu kimi şər niyyətli təhrik və qarşıdurmalara zəmin hazırlanması ilk dəfə deyil ki?! Müqəddəs dəyərlərimizə ilk öncə karikaturalarla hücum etdilər, indi də məlum film və bir fransız jurnalında karikatura çəkməklə... Sabah, kim bilir, hansı vasitələrə əl atacaqlar. Müsəlmanlar zorakılığa əl atmaqla onların əməllərinə xidmət etməməlidirlər. Müsəlman qollarını açaraq təhriklərə uyan kütlələrə “dayanın” deməlidir. Peyğəmbərimiz (s.a.s) haqqında deyilən mənfi bir söz müsəlmanı dərindən kədərləndirməlidir. Bu kədəri biruzə vermək isə tamam başqa məsələdir. Məsuliyyətsiz hərəkətlər İslamın nurlu simasını ləkələyər və ən çox da müdafiə etdikləri sünnəyə zərər verər. Belə bir məsələdə hər bir müsəlmanın, Allahın (c.c.), Quranın və Peyğəmbəri-Zişanın haqqı var. Ona görə də heç kim düşüncəsiz hərəkət etməməlidir.

Hər kəs atdığı hər addımın nəticələrini əvvəlcədən ətraflı düşünməli və məsləhətlə hərəkət etməlidir.

Müsəlmanlar özünə sual verməli “Görəsən, İslamı və Peyğəmbərimizi (s.ə.s.) dünyaya layiqincə tanıda bildikmi?” Biz Onu sözlə deyil, əməllə gözəl təmsil edərək insanlarda rəğbət oyada bildikmi? Təmsilin açmadığı qapı yoxdur.

“Əgər “İslam” deyəndə ilk ağıla gələn kamikadzelər olursa, insanlarda İslama qarşı müsbət münasibətin formalaşması mümkündürmü!? Məsum insanların canına qıymaqla tarixdə müsəlmanlara qarşı törədilən barbarlıq arasında nə fərq var?” Liviyada Amerika konsulluğuna hücum edib bu zavallı filmlə heç bir əlaqəsi olmayan səfir və konsulluq işçilərinin öldürülməsini necə izah etmək olar? Əgər bu hücumu törədənlər müsəlmandırsa, demək, İslamdan heç xəbərləri yoxdur. Əslində, onlar bu əməlləri ilə ən böyük cinayəti İslama qarşı işləyirlər.

Müsəlman dürüst və şəffaf olmalı, söz və hərəkətləri daima üst-üstə düşməlidir. Müsəlman öz dəyərlərinə hörmət edilməsini istədiyi kimi, xristianların, yəhudilərin, buddistlərin və digərlərinin müqəddəs dəyərlərinə də eyni hörməti göstərməlidir. Mənfi bir hadisəyə münasibət bildirəndə də sirati-müstəqimə sadiq qalmalıdır. Hər hansı münasibəti bildirməyin düzgün metodu, yolu-yöntəmi var. Məsləhət-məşvərətə və beynəlxalq təşkilatlara müraciət edilsə, daha məqbul yollardan istifadə oluna bilər.

İnsanları zorakılığa sövq etmək məqsədilə planlaşdırılmış bu kimi təşəbbüslər söz azadlığından sui-istifadədir. İnsanların hüquq, etibar və azadlığını pozan bu üsul bəşəriyyəti xaosa sürükləyə bilər.

Bu cür təhriklərə uymaq əvəzinə, bu cür hadisələrin pislənməsi, qarşısının alınması, araşdırılması və məsələlərə aydınlıq gətirilməsi üçün İƏT və ya BMT kimi əlaqədar beynəlxalq təşkilatlara müraciət etmək lazımdır. Təkcə Hz. Məhəmmədin (s.a.s.) deyil, digər müqəddəs şəxsiyyətlərin də zərrə qədər təhqirə məruz qalmaması üçün lazımi tədbirləri görməliyik.

Bəli, Peyğəmbərimizə (s.a.s.) tez-tez edilən bu hücumları qınamaq, pisləmək lazımdır ancaq zorakılıq düzgün etiraz şəkli deyildir. Əksinə, dayanmadan, yorulmadan çalışaraq cəmiyyətdə bütün dinlərin müqəddəs dəyərlərinə hörmət anlayışını yaymağa çalışmalıyıq.

Bu yazı ilk dəfə “Financial Times” qəzetində dərc olunmuşdur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.