Salam, İstanbul!
Türkiyə və Azərbaycanın bir-birinə necə yaxın olması İstanbulda ölkəmizlə bağlı tanıtım tədbirində bir daha aydın göründü.
Türkiyənin İstanbul şəhəri ilə bağlı çoxlu mahnılar bəstələnib. Amma nədənsə bunların arasında Edip Akbayramın “Bekle bizi İstanbul” (“Gözlə bizi İstanbul”) mahnısı daha çox maraqlı və duyumlu gəlib mənə. Görünür, o yerlərə getmək arzusu bu mahnını mənə bir az da sevdirib. Bir də bu mahnıdakı sözlər, eləcə də klipindəki kadrlar elə duyğulu və təbiidir ki, hər dinlədikcə sanki adamı bu şəhərə çağırır: “Uzaqdan səni düşünür, düşünürəm, İstanbul”.
“Çağ” Öyrətim İşlətmələrinin təşkilatçılığı ilə 1-3 iyunda Azərbaycanın bütün KİV orqanlarından 100-ə yaxın jurnalistin İstanbul səfərində “Paritet” qəzetini mən təmsil etməli oldum. Əslində, Azərbaycan jurnalistinin istədiyi vaxt öz imkanı hesabına hər hansı xarici ölkəyə səfər edə bilməməsi heç də normal hal deyil. Qəribədir, inkişaf edən jurnalistikamızla, onun maliyyə baxımdan inkişafdan geri qalan jurnalistləri arasında bir natarazlıq var…
İstanbulun bir özəlliyi var: bu şəhər haqqında o qədər danışılır ki, hələ ora getməmişdən məftun olursan. Bunu yəqin ki, əksəriyyət etiraf edər. Lakin düzü, İstanbulun “Sabiha-Gokcen” (Sabiha Gokcen ilk türkiyəli qadın pilotu olub) beynəlxalq aeroportunda düşüb qalacağımız məkana gedəndə İstanbula məftunluğumuza heyifsiləndik. Ətrafda gördüklərimiz heç də bu şəhər haqda düşündüklərimizlə üst-üstə düşmürdü. Sonradan öyrəndik ki, bu aeroport şəhərin ən ucqar ərazisində yerləşir. O üzdən, şəhərin bu hissəsi çox seyrək görünürdü. Şəhərin mərkəzinə irəlilədikcə sıxlığın artdığı görünürdü. Onu da deyim ki, İstanbul istər əhali, istərsə də tikililərinə görə çox sıx şəhərdir. Necə deyərlər, barmaq qoymağa yer saxlamayıblar.. Binalar o qədər yaxın tikilib ki, bəlkə də birindən o birinə əl belə vermək olar. Bir müddət öncə memarlarımız Bakıdakı binalar arasında məsafənin azlığına görə narahatlıqlarını bildirirdilər. İndi İstanbulda belə vəziyyəti görəndə anlamaq olur ki, bu, meqapolis olmaq istəyən şəhər üçün xas olan xüsusiyyətdir.
Boğaziçi (xalq arasında Birinci Köprü olaraq da adlandırılır) körpüsünə yaxınlaşdıqca və buradan Avropa qitəsinə keçəndən sonra isə İstanbul sanki əsl üzünü adama göstərir. Avropa ilə Asiya arasında bir həlqə olan bu körpüdəki tarixilik, ecazkarlıq insanda susqunluq yaradır. Bu, insan əməyinin nəticəsinə insanın mat qalması deməkdir. Dünya memarlığına türkün unikal töhfəsi olan bu körpünü ilk dəfə keçərkən kimsə danışmır, hamı sanki coğrafiya ilə tarixin qovuşduğu anı müşahidə edirdi.
Yaxşı qəzet üçün bir milyon tiraj azdır
Bu səfərin başlıca məqsədi Türkiyədə keçirilən Beynəlxalq Türk Dil Olimpiadası çərçivəsində təşkil olunan Azərbaycanla bağlı gecədə iştirak etmək idi. Amma bununla yanaşı, Türkiyənin bir neçə aparıcı KİV-i, eləcə də tarixi və mədəni abidələrlə də tanışlıq nəzərdə tutulmuşdu. İyunun 2-də elə tədbirdən öncə Türkəyinin “Zaman” qəzetinin baş ofisində olduq. Məlumat verildi ki, “Zaman” qəzeti Türkiyənin ən çoxtirajlı çap mediasıdır. Qəzetin devizinə görə, yaxşı qəzet üçün bir milyon tiraj azdır. Qəzet dünyanın müxtəlif ölkələrində də eyni adla çap olunur. Qəzetin redaksiyası daxilində nəşriyyatı da fəaliyyət göstərir. Bununla yanaşı, qəzetin Türkiyənin bir neçə şəhərində də nəşiryyatı var. Ümumi işçilərinin sayı isə 4 minə yaxındır.
Növbəti görüşümüzsə eyni binada yerləşən “Cihan” xəbər agentliyində oldu. “Cihan”nın redaktoru Ahmed Temir məlumat verdi ki, agentlik türk, ingilis, rus, ərəb dillərində xəbərlər yayır. 50 ölkədə müxbiri var, müxtləif ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəlikləri fəaliyyət göstərir. 700-ə yaxın sayt, eyni zamanda ölkənin, demək olar ki, bütün televiziyaları “Cihan”a abunədir. Xarici ölkələrdən isə 200-dən çox abunəçiləri var. Gün ərzində 1500 şəkil, 600-ə yaxın xəbər yayımlanır.
Türkiyədə “Cihan”ın heç bir agentliyin etmədiyi təcrübəsi ilə də tanış olduq. Belə ki, buradan yazılı xəbər bülletenləri ilə yanaşı, televiziyalara görüntülü xəbərlər də yayımlanır. Yəni, hazırlanan xəbəri paket olaraq gündə 5 dəfə 96 kanal müxbir işlətmədən öz xəbərləri kimi yaya bilir. Agentliyin burada qazancı isə həmin xəbərlər arasında gedən reklamlardan olur.
“Cihan”ın Azərbaycandakı ofisinin rəhbəri Osman Uçak (yeri gəlmişkən, İstanbulda bizə bələdçilik edən, eləcə də hər bir qayğı və əziyyətimizi çəkən Osman bəyə və “Zaman-Azərbaycan” qəzetinin əməkdaşlarına təşəkkürümü bildirirəm) dedi ki, hər vilayətin reytinqli kanallarına bu xəbərlər verilir: “Bu, Azərbaycanda da edilə bilər, amma çox çətin bir işdir”, - deyə o əlavə etdi. Bildirildi ki, agentlik Balkan ölkələri ilə bu əməkdaşlığı edir. Yaxın zamanlarda İraqdakı televiziyalardan birinə də bu xəbərlərin verilməsi gözlənilir.
“Bəşəriyyət əl-ələ”
Beynəlxalq Türk Dil Olimpiadası artıq onuncu ildir ki, Türkiyədə təşkil olunur. 135 ölkənin qatıldığı builki olimpiada “Bəşəriyyət əl-ələ” devizi ilə keçirilir. Təyin olunduğu kimi, Azərbaycanla bağlı tanıtım tədbiri günün ikinci yarısında başladı. Burada Azərbaycanla bərabər, 135 ölkənin tanıtım stendi sərgilənmişdi. Hər bir ölkə öz musiqisini, mətbəxini, məişətini, milli geyimini, coğrafiyasını və s. təbliğ edirdi. Sərgi salonunun birinci mərtəbəsi Afrika ölkələri üçün nəzərdə tutulmuşdu. Ümumi baxanda burada tam Afrika ab-havası yaranmışdı. Digər qitələrin ölkələri isə sərgi salonunun ikinci mərtəbəsində öz təbliğlərini aparırdı. Azərbaycanla bağlı tanıtım stendi həm özünəməxsusluğu, həm də genişliyinə görə digər ölkələrinkindən seçilirdi. Azərbaycanın mədəni-tarixi abidələrinin maketinin də burada qurulması tamaşaçıları xüsusi cəzb edirdi. Türklər oxşar geyim, mətbəx, məişət nümunələrimizi sevinc və heyranlıqla qarşılayırdılar. Ümumiyyətlə, Azərbaycan-Türkiyə qardaşlığı bu sərgi salonunda da özünü göstərirdi. Ayrıca, müxtəlif xalqların milli geyimlərinin nümayiş olunduğu yerdə Azərbaycanla Türkiyənin milli geyimləri yan-yana sərgilənmişdi. Tamaşaçılar bu birliyi də xüsusi zövqlə seyr edirdilər.
İki ölkənin bir-birinə necə yaxın olması Azərbaycanla bağlı tanıtım tədbirində isə daha aydın göründü. Hamının əlində Azərbaycan bayrağı var idi. Onu da nəzərə çatdırım ki, həmin gün tədbirə gələnlərə 10 min Azərbaycan bayrağı paylanmışdı. Minlərlə insanın əllərində Azərbaycan bayrağını tutması mərasimə bir əlvanlıq verirdi. Bu da hər kəsə, xüsusən biz qonaqlara bir milli qürur sevinci yaşadırdı.
Diqqətçəkən məqamlardan biri də iştirakçıların öz maraq və istəklərinə görə Türkiyənin müxtəlif regionlarından bura təşrif buyurması idi. İnsanların ardı-arası kəsilmirdi. Tədbirdə 500-ə yaxın Azərbaycandan getmiş qonaqlar da iştirak edirdilər. Amma çox təəssüf ki, mərasimdə Türkiyədə yaşayan 3 milyona qədər Azərbaycan türkündən, eləcə də burada təhsil alan tələbələrimizdən gözə dəyən olmadı.
Olimpiadanın azərbaycanlı yarışçıları tədbir boyu rəqslər, mahnılar ifa edib, eləcə də şeirlər deməklə öz istedadlarını bir daha nümayiş etdirdilər. Bütün ifalar tamaşaçılar tərəfindən coşqu və sevgi ilə qarşılanırdı. Türkiyə-Azərbaycan qardaşlığına həsr olunmuş mahnı və şeirlərin səslənməsi insanlara fərəh verirdi. İki ölkənin qardaşlığından doğan duyğu bu tədbir iştirakçıları üçün hakim hiss olmuşdu. Bir sözlə, mərasimdə hamı öz halından məmnun idi. Bu məmnunluğu da tamaşaçılar öz sürəkli alqışları ilə ifadə edirdilər.
“Azərbaycanla Türkiyənin qardaşlığına sevinirik”
Mərasimin sonunda Azərbaycanın Türkiyədəki səfirliyinin attaşesi Nəcibə Nəsibova çıxış edərək hamını sevgi və sayğı ilə salamladı. O, belə möhtəşəm tədbirə heyranlığını bildirərək Türkiyəyə təşəkkür etdi: “Dostluq və dialoq qurulub. Bu olimpiadanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm”.
N.Nəsibova olimpiadada iştirak edən uşaqların hər birinin arxasında savadlı bir müəllimin olduğunu qeyd etdi: “İlk öncə müəllimlərimizi təbrik edirəm. Mustafa Kamal Atatürk “Müəllimlər, şagirdləriniz sizin əsərlərinizdir” deyib. Bugünkü uşaqlar da o müəllimlərin əsərləridir”.Səfirlik təmsilçisi “Çağ” Öyrətim İşlətmələrinin rəhbərliyinə və müəllim kollektivinə Azərbaycanda təhsil sahəsində gördükləri işlərə görə də minnətdarlıq etdi: “Onlara “çox sağ olun” deyirəm. Bizim ölkəmizin mədəniyyətini, təhsilini bu uşaqlara öyrədib tanıdırlar. Bura gələn bacarıqlı uşaqların hər birini qucaqlayıb öpərək təbrik edirəm”.
“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren çıxış edərək Azərbaycan və Türkiyə arasındakı əlaqələrdən, dövlət başçılarının dostluq münasibətlərini inkişaf etdirməsi məqsədilə gördükləri işlərdən danışdı. E.Özeren Azərbaycanın hər il burada fərqli olmasının, sərgi çərçivəsində Azərbaycana ən geniş yerin ayrılmasının iki qardaş ölkə arasında dostluq və qardaşlıqdan xəbər verdiyini vurğuladı: “Buranın gündəli 600 mindən çox ziyarətçisi var. Adətən millətlər öz bayramına sevinirlər. Bu gün isə Azərbaycanla Türkiyənin qardaşlığına sevinirik”.
O, “Çağ” liseylərinin ilk dəfə 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda fəaliyyətə başladığını qeyd etdi: “Bu gün artıq dünyanın 135 ölkəsinə yayılmışıq. Bu çalışmalar həmişəki kimi insanlıq naminə xidmət edəcək. Azərbaycandan gələn yarışçıların hər biri öz ölkələrini çox gözəl şəkildə təmsil edib, qardaşlığımızı nümayiş etdirdilər. Hər birinə müvəffəqiyyət arzulayıram”…
(Ardı var)
Bakı-İstanbul-Bakı
- tarixində yaradılmışdır.