Sevgi və xoşgörü fədaisi

Gəlmədik buraya bir dava üçün,
Əncamı qaranlıq bir qovğa üçün,
Dünyalara aid bir sevda üçün
Bizlər abi-həyat içməyə gəldik.
M. Əbddülfəttah Şahin

Son illərini yaşadığımız XX əsr bəşəriyyətə çox böyük kəşflərlə bərabər, saysız-hesabsız müsibətlər gətirmiş və qanlı hadisələrə səhnə olmuşdur. Ülvi və nəcib bir qayənin şüurlu daşıyıcıları olan milyonlarla məsum insanın həyatına son verən I və II dünya müharibələrinin çağımızda baş verməsi təəssüfdoğurucu və acı bir həqiqətdir. Əslində ideoloji və iqtisadi mənafelərin toqquşması, siyasi ehtiraslar və tarixi düşmənçiliklər zəminində meydana gələn, lakin daim ədalət pərdəsi altında gerçəkləşdirilən bu insanlıq faciələri tarixin yaddaşına silinməz qanlı izlər buraxmışdır. Onların yaralarının tam sağalmadığı bir şəraitdə bəşər övladına əmanət edilmiş gözəl dünyamızın müxtəlif yerlərində, yeni münaqişə ocaqları alovlandırılmış, silah tacirləri mənfur əməllərini həyata keçirmiş, demokratiya və insan hüquqlarından dəm vuranların maskaları bir daha düşmüşdür. Maskalar düşmüşdür, lakin yenə də bəd əməl sahibləri tərəfindən insanların ən böyük hüququ - yaşamaq hüququ təkrarən ayaqlar altında qalmışdır.Bəşər övladının ədalət düşüncəsi dərin yara almış, insanların bir-birinə olan inamı sarsılmışdır. Baş verənlərin fonunda isə Yer kürəsinin bir çox yerlərində aclıq və səfalət hökm sürmüş, bir tikə çörəyə möhtac qalan insanlar: körpələr, qadınlar və qocalar həyatla vidalaşmışlar. Bu da azmış kimi həllində aciz qaldığımız bir-birindən dəhşətli, qorxulu xəstəliklər, təbii fəlakətlər, yenə işi qurmaq olan insanın əməlləri nəticəsində bərbad edilmiş ekologiyanın problemləri varlığımızı təhdid etməyə başlamışdır.

Lakin bütün bunların müqabilində düşünmək, çarə axtarmaq zəhmətinə qatlanmayanlar indi də yeni dünya müharibəsindən, xüsusilə də mədəniyyətlər və ya dinlərarası münaqişədən söz edirlər. Təəssüflər olsun ki, əsrimizin ikinci yarısında baş vermiş və davam edən Fələstin, Əfqanıstan, Kəşmir, Kipr, Qarabağ, Bosniya, Çeçenistan, Kosova dramlarında, Filippin, Somali və Sudandakı vətəndaş müharibələrində qeyd olunan amilin rolunu inkar etmək mümkün deyil. Eyni səciyyəli sseaniyalarla həyata keçirilən bu münaqişələrin cərəyan etdiyi ölkələrin əsasən İslam dünyasına mənsub olması xüsusilə düşündürücüdür. Həqiqətəndəmi yer üzündə əmin-amanlığın təminatçısı olan insan övladı gözəllikləri təmsil etmək yerinə, təxribat yoluna davam edəcəkdir? Və ya çox da uzun sayılmayan, ömrünü mənalı və faydalı şəkildə yaşamaq əvəzinə əsrarəngiz dünyamızı cəhənnəmə çevirməyə sərf edəcəkdir? Doğrudanmı getdikcə globallaşan və kiçilən dünyamızda kin və ədavət hakim olacaq, bu və ya digər irqə, dinə və düşüncəyə mənsub olduqları üçün insanların həyatına qəsd edilcəkdir?

İnsanları dərin düşüncələrə sövq edən bu suallara cavab axtarmaq varlığın ən şərəflisi olan, digər canlılardan keçmişini xatırlamaq və gələcəyini düşünmək qabiliyyətilə seçilən insan övldının başlıca vəzifəsidir. Bunu ondan dünyanın hər tərəfində anaların tökülən göz yaşları, körpələrin hüznlü ürkək baxışları, onsuzda ömrünün son səhifəsini vərəqləyən ixtiyarların məzəmmət dolu nəzərləri tələb edir. Ağıl vicdan sahibi olduğunu iddia edən hər kəs bütün bu baş verənlərə qarşı biganə qalmamalı və imkanı daxilində alovu söndürməyə çalışmalıdır. Bəşəriyyəti narahat edən, məchul və qaranlıq gələcəyin məngənəsində boğulmaqdan başqa alternativ yollar hər zaman olmuşdur və yenə də vardır. Belə ki, mövcidiyyatı baxımından mədəni bir varlıq olan insanlara yaraşan mövcud problemləri ancaq dialoq vasitəsilə və sahib olduqları hörmət hissi şəraitində həll etməkdir. Artıq bir-birinə qarşı düşmənçilik hisləri bəsləmək, başqasına həyat haqqı tanımamaq, kin, küdürət, nifrət ruhundan yaşamaq yerinə hər kəsi olduğu kimi qəbul etmək, bəşəriyyəti narahat edən ortaq problermlər üzərində düşünməyin zamanı çoxdan çatmışdır.

Qürur hissi ilə qeyd edə bilərik ki, bu həyati zərurəti illər öncəsi dərin zəkası və uzaqgörənliyi ilə dərk edənlərin önündə çağımızın mütəfəkkir alimi, tanınmış mənəvi siması möhtərəm Fəthullah Gülən Xocaəfəndi gəlməkdədir. Təmənnasız sevgi və bəşəriyyətə xidmət idealı ilə yaşayan, bu sahədə göstərdiyi əzm və fədakarlığı ilə milyonların qəlbində sevgi taxtı qurmağı bacaran bu nadir şəxsiyyətin təqdirəlayiq fəaliyyəti artıq tarixin şanlı səhifəsinə çevrilmişdir. Hələ səksəninci illərin başında “xoşgörünün yaralarımızın böyük qisminə dərman olacağına” sonsuz inamı ifadə edən Xocaəfəndi sadəcə problemlərin və onların həlli yollarını göstərməklə kifayətlənmir, həmçinin nəcib düşüncələrini ardıcıl olaraq həyata keçirir. Həmçinin başqalarına təlqin etdiyi ülvi hisləri, nəcib duyğuları ilk növbədə öz şəxsi həyatında yaşayır. Başqa sözlə desək, çox zaman sözə ehtiyac qalmadan belə davranışları ilə bəşər övladına insanlıq dərsi verir, yaşatmaq zövqü ilə yaşamasından imtina edir. Onun tükənməz bəşər sevgisinin təməlində “insanlara qarşı deyil, mənfi duyğulara, hərəkətlərə qarşı mülayim bir mücadilə insanları yaxşıya, gözələ inandırmaq” prinsipi dayanır. Qarşısındakı insana onun qüsurlarını xatırlatmaq yerinə, onun könlünə toxunmadan loğman ustalığı ilə özünütərbiyə fikrini aşılayır. Onun şəxsiyyətinə verdiyi dəyəri hiss etdirir, özünəinam hislərini möhkəmləndirir. İnsanlarla ünsiyətdə daim sadə və mehriban, təvazökar və ləyaqətli davranan Xocaəfəndi onların ən ali varlıq olduqlarını xatırladır və kamilliyin zirvəsinə səsləyir. “Aç hər kəsə aça bildiyin qədər sinəni, ümmanlar kimi olsun! İnancla gəril və insana sevgi duy; qalmasın qayğı göstərmədiyin və əl uzatmadığın bir məhzun könül” deyərək bizləri xeyirxah əmələ, mənəvi həzzə yönəldir. Amansız dünyanın ölüm çarxı altında əzilənlərə, məyusluğa düçar olanlara ümid aşılayır. Bu keşməkeşli həyatın cilvələrinə təslim olmağı, iradə və dözüm göstərməyin yollarını öyrədir. Dünya bizi tərk etmədən bizim onu tərk etməmizin ecazını açıqlayır, ondan daha səmərəli istifadə etməyi təlqin edir. Dünyaya əbədi səadəti qazanmaq üçün bir vasitə gözü ilə baxır, ən ümdəsi isə, bütün bunları şəxsi həyatı ilə inandırıcı bir şəkildə nümayiş etdirir. Bəli, onun yaşadığı tərtəmiz, dumduru ruh və məna dolu ömrün tarixçəsi bunun ən parlaq təzahürü, canlı örnəyidir. Dünya nemətlərinə aludəçilik yerinə həmin sevgini düzgün məcraya yönəltməyi bacarır. “İçimiz insanlara sevgi və məhəbbətlə dolub-daşmalı, qəlblərimiz hər zaman düşmənçiliyə qarşı qapalı qalmalıdır” fikri ilə sevgi yolunu açır. Qərəz, kin, həsəd və nifrət duyğularını boğur, yoxluğa məhkum edir. Budur böyük cihadın təntənəsi, bəşər övladının nəfsi üzərində qələbəsinin möhtəşəm nəticəsi! Xocaəfəndi təkcə məntiqinin gücü, mühakimələrinin sarsılmazlığı, yaşadığı ideal həyatla deyil, həm də gələcəyə olan nikbin baxışı ilə də bizləri heyran qoyur: “Gələcək əsr sevgi və dialoqun dolub-daşdığı bir məhəbbət əsri olacaqdır. Düşmənçilik əksəriyyət etibarilə yox ediləcəkdir. Xüsusilə dünyanın qloballaşdığı bir dönəmdə bunun gerçəkləşməsi heç də uzaq bir ehtimal deyildir”. Nikbinlik və ümid bəxş edən bu sətirlərin arxasında qəlbi və ruhi həyatın daimi nəzarəti, əqidə və inam saflığının tükənməz qaynağı durmaqdadır. Sözlə əməlin uyarlığının, vəhdətinin parlaq nümunəsi olan Xocaəfəndi eyni zamanda sarsılmaz inamın, nəcib, səmimi hislərin, arzuya, qayəyə sədaqətin ibrətamiz örnəyidir. Budur, müdrik öyrədənin keçdiyi hikmət dolu ömür illəri! Budur inancın gur işığında məslək aydınlığının cazibəsi, insan ömrünün məğzi və mənası! Budur, həyatın qayəsini unudanlara əsl vəzifənin xatırladılması, “yaradılanı sevmək yaradandan ötrü” fəlsəfəsinin canlı timsalı! Budur, qaranlıq ruhların və qaranlıq düşüncələrin heçliyə qovuşacağının danılmaz dəlilləri!

Gördüyümüz kimi, Xocaəfəndinin diqqət mərkəzində hər zaman fərdlər, özünütərbiyə və özünütəkmilləşdirmə məsələləri durur. O, “fərdlərdə mövcud olan hər gözəlliyin, hər qiymət və hər dəyərin artaraq cəmiyyətdə əks olunacağına dərindən inanır. Ümumən fərdlərə inanır, bu ali missiyanın daşıyıcılarından çox şey gözləyir.

Bu mənada əngin fikir dünyası içərisində - “qızıl nəsil” adlandırdığı yeni insan tipinin tablosunu çəkir. Həmin tablonun ən qabarıq cizgiləri arasında yeni insanın “həqiqət aşiqi, elm aşiqi, və insan aşiqi olması” yer almaqdadır. Ən başlıcası isə bunların hər üçünə eyni səviyyədə bağlılıq şərtinin ön plana sürülməsidir. Məhz onun səmimiyyət, fədakarlıqla yoğrulmuş örnək həyatı və bundan doğan ilhamverici təlqinlərilə dünyanın hər tərəfində Anadolu ərənləri tərəfindən gerçəkləşdirilən bəşəriyyətə xidmət sistemi artıq təkcə Türkiyədə deyil, onun hüdudlarından kənarda da etiraf olunmuşdur. Mayasını inancın gur işığında axtarmamız gərəkən bu sistemin türk-islam ənənələrinə bağlılığı, ümumibəşəri ideallar səviyyəsinə yüksəlməsi artıq inkarolunmaz gerçəkdir. Xocaəfəndinin Ərzurumun ucqar bir kəndində başlayan, insan olma zövqü ilə süslənən, yeni türk intibahı düşüncəsilə qol-qanad açan, nəhayət, milli, dini hislərin fövqünə yüksələn “kiçik dünyası” artıq bəşəriyyətin ortaq dəyərinə çevrildi. Onun qəlbinin dərinliklərindən sızan, göz yaşları ilə pöhrələnən, boy atan bəşəri duyğuları, nəcib əməlləri bir-birindən fərqli etiraflara yol açdı. Bütün bunlara sevinmək bir soydaş kimi bizim də haqqımızdır. Bizcə bu etiraflar arasında ən önəmlisi bu ilin əvvəllərində Vatikanda İslam və Xrsitian dünyasının təmsilən dinlərarası dialoq çərçivəsində Xocaəfəndinin katolik dünyasının ruhani lideri Papa İkinci İohan Pavellə gerçəkləşən tarixi görüş oldu. Bu görüş haqqında mətbuatımızda bir sıra yazılar dərc olunsa da, onun əhəmiyyəti və qarşımıza qoyduğu vəzifələrin məsuliyyəti bir daha həmin görüşə müraciət etməmizə səbəb oldu. İslam və Xristian dinləri arasında dialoq və dünya sülhü naminə gerçəkləşdirilən bu görüşün təkbətək qismi təxminən yarım saat sürmüşdür. Katolik dünyasının eyni zamanda dövlət başçısı olan ruhani lideri Papanın Xocaəfəndini Vatikana dəvət etməsi və onunla görüşməsi həqiqətən böyük bir hadisədir. Çünki Papanın görüş təqvimi adətən 4-5 il öncədən müəyyənləşdirilir və onunla görüşmək heç də hər arzu edənə nəsib olmur. Xüsusilə, Papanın birisilə görüşməyi, həm də təkbətək görüşməyi qəbul etməsi müsahibinə verdiyi önəmin dərəcəsini göstərir. Bu görüşün gerçəkləşməsi hər şeydən öncə Papanın Fəthullah Gülən Xocaəfəndinin şəxsiyyətinə verdiyi dəyərin, onun ümumbəşəri sevgisi və xidmətlərinin etirafının məntiqi nəticəsi idi. Görüş həm də Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən Türkiyə, həmçinin degər türk dövlətlərinin dünya siyasətindəki rolunun əhəmiyyətinə verilən dəyərin ifadəsi oldu. Nəhayət Xocaəfəndi Papa görüşməsi Türkiyənin də bir parçası olduğu İslam dünyası, İslam dininə qarşı yeni bir baxışın parlaq təzahürünə çevrildi. İstər görüşün keçirilməsi faktı, istərsə də orada təmas edilən məsələlərin qlobal səciyyəsi, miqyası bir daha sübut etdi ki, ardıcılların sayına görə iki böyük din İslam və Xristianlıq, bəşəriyyətin problemlərinə münasibətdə qəlibləşmiş stereotiplərin fövqündə dayanaraq müştərək nöqtələrdə birləşmək əzmi nümayiş etdirə bildilər.

Həzrəti İsanın 2000-ci doğum ilinin birgə qeyd olunması münasibətilə konfrans və seminarların təşkili, Xristianlığın üçüncü minilliyə qədəm qoyması ilə əlaqədar Yaxın Şərqdəki Antakya, Tarsus, Efes, və Qüds kimi müqəddəs yerlərə müştərək ziyarətlərin gerçəkləşdirilməsi təklifi dinlərarası dialoqun inkişafında ciddi irəliləyiş ola bilər. Bütün bu təkliflərin gerçəkləşəcəyi təqdirdə Türkiyədə milli gəliri mühüm tərkib hissəsini təşkil edən turizm sektorunun inkişafını da nəzədən qaçırmamaq lazımdır. Digər tərəfdən tarix boyu orta əsr səlib yürüşlərinə səbəb olan Qüdsün sərbəst ziyarətə açıq elan edilməsi, ona yəhudi, xristian və müsəlmanların heç bir məhdudiyyət qoyulmadan ziyarət edə biləcəyi beynəlxalq bölgə statusu verilməsi təklifi də ciddi bir münaqişə səbəbinin aradan qaldırılmasına gətirib çıxara bilər. Başqa mühüm bir təklif dinlərarası dialoqun dərinləşməsi istiqamətində müxtəlif ölkələrin paytaxtlarında həmin mövzuda konfranslar keçirilməsilə əlaqədar idi. Nəhayət, İslam və Xristian sahəsində fundamental araşdırmalar, onların arasında tələbə mübadiləsi gerçəkləşdirmək, hər üç dinin atası sayılan İbrahim Peyğəmbərin dünyaya göz açdığı Urfa şəhərindəki Harranda müştərək İlahiyyat Universitetinin qurulması fikri də tarixi əhəmiyyət kəsb edir.

Gördüyümüz kimi, istər görüşün gerçəkləşməsi faktı, istərsə də orada qaldırılan məsələlərin əhəmiyyətin bəşəriyyətin gələcəyi baxımından müstəsna dəyər ifadə edir. Hər şüydən öncə baş tutan görüşün xristian Qərblə müsəlman Şərq arasında mövcud gərginliyin azalması, qarşılıqlı etimadsızlıq buzunun əriməsinə xidmət edəcəyi şübhəsizdir. Görüş eyni zamanda İslamın Qərbin nəzərində olan mənfi imicin aradan qalxmasına onun dialoqdan qaçan, davakar, terrorçu və ekstremist bir din olmadığı qənaətin formalaşmasına xidmət edəcəkdir. Əksinə, bu görüş İslamın dialoqa hər zaman hazır olduğunu, bəşəriyyətin problemlərinə, insan hüquqlarına böyük önəm verdiyini açıq-aydın ortaya çıxartdı. Görüş bir də onu göstərdi ki, müsəlman Şərqin dünyada öz layiqli yerini tutması, özünü olduğu kimi tanıtması sahəsində çox iş görməsi lazımdır. Təəssüflər olsun ki, indiyədək bu sahədə işdən çox söz olmuşdur. Halbuki idea nə qədər cazibədar olsa da, onu təmsil etmək təbliğindən daha önəmlidir. Bu mənada İslamın əsasını təşkil edən əxlaq, mənəvi paklıq, mərhəmət, şəfqət, vəfa, yardımlaşma kimi prinsiplərin, xeyirdə və yaxşılıqda yarışma məsələlərində sözdən daha çox təmsilə ehtiyac vardır. Başqa sözlə desək, formalara qapanıb qalmaq yerinə məzmunu ön plana çıxarmağın vaxtı çoxdan çatmışdır.

Görüş Türkiyənin Avropa Birliyi ilə inteqrasiyası baxımından da ciddi bir addım sayıla bilər. Türkiyəyə və türk insanına qarşı haqsız düşüncələrin ortadan qalxmasına, qərəzkar tutumun yumşalmasına doğru atılan ciddi bir addım ola bilər. “Mədənilərə qələbə iqna ilədir” tezisindən yola çıxarsaq, görüş özümüzü olduğu kimi tanımaq üçün tarixi bir fürsət oldu. “İnsanlar danışa-danışa anlaşırlar” gerçəyini bir daha təsdiq etdi. Bəşəriyyəti narahat edən müştərək problemlərin həllində səylərin birləşdirilməsi zərurətini ortaya çıxardı. İrqindən, dinindən və siyasi görüşündən asılı olmayaraq hamının ehtiyac duyduğu hüzurun, insanca yaşamağın həyati bir zərurət olduğunu bir daha təsdiq etdi. “Pis adam öz yamanlıqlarından əl çəkmirsə, yaxşı adam nə üçün yaxşılıqlarından imtina etməlidir” gerçəyini təkrarlamış oldu.

Nəhayət, görüş yeniləşən, qloballaşan dünyada bizim də layiqli yerimizi tutmaq düşüncəmizin, əzmimizin təbi və qaçınılmaz bir gerçək olduğunu göstərdi. Özümüzəinamın bəhrəsi, illərlə çəkilən zəhmətin nəticəsi oldu. Eyni zamanda, tutduğumuz haqq yolunda görüləcək işlərin çoxluğunu bizlərə xatırlatdı. İndi bu dialoqun genişlənməsi və faydalı olması kimliyindən asılı olmayaraq hər birimizdən asılıdır. Yaradılışımızın haqqını vermək naminə, gələcək nəsillərin əmin-amanlığı naminə fəaliyyətimizi artırmalıyıq. Xüsusilə, yadlarla anlaşmaq imkanı olduğu bir şəraitdə öz aramızda vətəndaş sülhünə, milli həmrəyliyə nail olmağın zəruriliyini daha dərindən hiss etməliyik. Yalandan, riyadan uzaq, qarşılıqlı sevgi və yardımlaşmanın hakim olduğu bir dünyada yaşamaq ümidilə Xocaəfəndinin daha bir fikrini xatırlatmadan yazını yekunlaşdıra bilmirik: “Sevgini sevib düşmənçiliyə düşmən olmaq, inancla coşan bir qəlbin ən bariz vəsfidir. Hər kəsə nifrət isə ya könlü şeytana təslim etmək və yaxud bir dəlilik əlamətidir. Sən insanı sev, insanlığa heyran ol...”

Sevinclə xatırladaq ki, türk dünyasının bir parçası və Avropa ilə Asiyanın keçid mərkəzi olan, müxtəlif dinlərə xidmət edən insanların mehriban yaşadığı suveren, nüstəqil Azərbaycan Respublikası özünün dünyanın ən nüfuzlu və təcrübəli, yüksək insani keyfiyyətlərin daşıyıcısı olan müdrik və insansevər prezidenti Heydər Əlirzaoğlu Əliyevin rəhbərliyi altında son beş ildə apardığı siyasət qloballaşan dünyanın gedişinə əhəmiyyətli təsir göstərir. Xocaəfəndi kimi görkəmli sadə insanların istəklərinin daim gerçəkləşməsinə imkan yaradır.

İlahi yaşatmaq naminə yaşayanlara həmişə arxa olsun!

Zahid Qaralov, pedaqoji elmlər doktoru, professor, Milli Məclisin komissiya sədri
Məmmədəli Babşov, tarix və ilahiyyat elmləri namizədi, “Qafqaz” Universitetinin dosenti

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.