Gülənin fikirləri hamımıza yeni şeylər deyir

Rusiya Elmlər Akademiyasının üzvü, Dialoq Avrasiya Platformasının qurucularından məşhur rus tarixçisi, professor Rostislav Rıbakov: "Fəthullah Gülən bir bağbandır. Mən o bağda yetişənlərin simalarından çox təsirləndim. Dialoq, tolerantlıq və təhsil anlayışları ilə mənəvi böhran keçirən dünyamıza dərman olmağa namizəddirlər. Gələcəyə çox ümidliyəm. Mən görməsəm də, gələcək nəsillər o gözəl günləri görəcək. Bu yolu "Gülən Hərəkatı" açacaq", deyir.

Yenidən yeni…

Fərd, cəmiyyət və dövlət olaraq problemlərimiz hələ də davam edirsə və biz artıq bunun öhdəsindən gələ bilmiriksə, görüləsi bir iş qalır:

Yenidən düşünmək, yenidən öyrənmək, yeni yollar axtarmaq… Ancaq qətiyyən problemlərə təslim olmamaq... Böyük düşünmək, milli ilə ümumbəşəri olanı birlikdə düşünmək... Düşüncənin mücərrəd cazibəsinə qapılmadan, rasionallığını, reallığını, insana yaxınlığını də düşünmək… Tapanlar həmişə axtaranlardan çıxır. Axtarmayanlar üçün isə təəssüf ki, deyiləsi söz yoxdur…

Ötən həftə İstanbulda iki günlük bir toplantı keçirildi.

Dialoq Avrasiya Platformasının ev sahibliyi ilə Asiya və Avropadan 25 paytaxtın Təhsil Müdirləri "Təhsildə Dialoq və Tolerantlıq" mövzusunu müzakirəyə qoydu. Toplantıda əhəmiyyətli qərarlar alındı. Mövzu təhsildən olunca dünyanın bir çox yerində açılan Türk məktəbləri də gündəmə gəldi. Təbii olaraq, bu məktəblərin fikir memarı, ideologu Fəthullah Gülən də… Rusiya Elmlər Akademiyasının üzvü, Şərqşünaslıq İnstitutu Fəxri Rəhbəri, Dialoq Avrasiya Platforması qurucularından məşhur Rus tarixçi professor Rostislav Rıbakov da orada idi. Bir neçə dəfə Rıbakovu dinləmiş olsam da, bir Rus ziyalısının gözü ilə baxmaq istədim baş verənlərə, yeni soraqlara, dialoqa, tolerantlığa, təhsilə, Türk məktəblərinə və Gülən hərəkatına…

Həm məsələlərin həlli üçün, həm də problem zənn etdiyimiz şeylərin əslində problem olmadığını görə bilmək üçün tez-tez bir xarici baxış formalaşdırmaq lazım imiş. Təbii ki, yaxşı, gözəl və xeyirli olanı da görə bilmək üçün xarici baxışla yenidən baxmaq lazım imiş… Əslində, bildiyimizi sandığımız şeylərdən, bixəbər olduğumuzu düşünmək lazımdır...

Mehmet Gündem: Dialoq Avrasiya platformasında ötən dönəm rəhbəri idiniz, Dialoq Avrasiya Platformasınının funksiyası nədir?

Professo Rostislav Rıbakov: Bu coğrafiyada yaşayan ziyalıların bir araya gəldiyi həqiqi mənada bir intellektual düşüncə platformasıdır. Bu coğrafiyanın kültür və fikir dünyasına müsbət təsir göstərən bir təşkilatdır.

MG: Rusiya üçün Dialoq Avrasiya (DA) nə ifadə edir, necə qarşılanır?

RR: Çətin sualdır, çünki Rusiyada, xüsusilə, 30-cu illərdən sonra xaricdən gələn hər şey əvvəla şübhə ilə qarşılanır. "DA"-nın da başlanğıcda bu cür qarşılandığını düşünürəm. Platforma coğrafiyasında güclü və təsirli iki ölkə: Rusiya və Türkiyə. Sovetlər birliyi dağılandan sonra Rusiyada belə bir qorxu var idi: Türkiyə Türk dünyasının başına keçəcək və Rusiyanın yeni düşmənləri olacaq. Lakin "DA"nın bəyannamələri, fəaliyyətləri və xüsusilə, bu platformada fəaliyyət göstərənlərin səmimiyyəti həm platformaya üzv olan ziyalılarda, həm də ictimaiyyətlə çox müsbət qarşılanmağa başlandı. Çingiz Aytmatov kimi dünya şöhrətli şəxsləri platformada olması və aktiv olaraq fəaliyyət göstərməsi şübhələri sürətlə aradan qaldırdı.

MG: Düşüncənin Türkiyə mənşəli olması problem yaradırmı?

RR: Məncə, gözəl düşüncənin haradan gəlməsi vacib deyil. Vacib olan həqiqətləri demək və həyata keçirməkdir. Hal-hazırda dünyada bunu ən yaxşı bacara bilən Türkiyə və Türk ziyalısıdır. Bunda Fəthullah Gülənin düşüncə və hərəkatının təsiri olduğunu düşünürəm.

MG: Məncə "DA"nın ən ən önəmli toplantısı 2005-ci ildə Moskvada keçirilən və dinlərin sülhünə həsr olunmuş toplantı idi.

RR: Bir çox fəaliyyətə imza atdı. Moskva toplantısı ən təsirlilərindən biridir. Kolonnıy Zalda (Sütunlu Salon) keçirildi. Dünya şöhrətli dini liderlərlə birlikdə 500-dən çox düşüncə və elm xadimi iştirak etdi.

MG: Aytmatovun bir sözü var: "DA" Avrasiya ziyalısının vizitkartıdır," – deyir.

RR: Şübhəsiz, "DA"nın belə bir missiyası var.

"Doğru Sözlərdən Bezdik"

MG: Toplantıya baxmışdım. Xatırladığım qədər, toplantının keçirildiyi salon da Rus kommunistləri üçün əhəmiyyətli məkanlardan biridir.

RR: Bəli, bu salon Lenin, Stalin və Rusiya Yazıçılar Birliyinin toplandığı yerdir. Toplantıda Rusiya Ortodoksal Kilsəsi də iştirak etmişdi. Dünyanın maraq göstərdiyi çox önəmli toplantı idi".

MG: "DA"-ya girməyə necə qərar verdiniz, sizə nə təsir etdi?

RR: "DA"-ya inandım, dəvət gəlincə qəbul etdim. Rusiyada: "Doğru sözdən bezdik" deyə bir ifadə var. İfadələr gözəl ola bilər, ancaq əsas olan işdir. Bu platformanın həm sözləri doğru idi, həm də fəaliyyətləri məni cəlb etdi və girdim. Yaxşı ki, girmişəm.

Övladlarımıza kin və nifrət miras qoymayaq

MG: Keçən həftə İstanbulda Avrasiya və Asiyanın 25 paytaxtının təhsil müdirləri ilə toplanıb "Təhsildə dialoq və tolerantlıq" mövzusunu müzakirəyə qoydunuz. Uzlaşa bildinizmi?

RR: Maraqlı bir təsadüf oldu: "DA" Platforması və Avropa Paytaxtları Təhsil Klubu ikisi də 10-cu illiyini qeyd edirlər. İkisinin də ortaq dərdi təhsildir. Bu yığıncağın İstanbulda keçirilməsi çox anlamlıdır. Ortaq bəyannamədə gözəl şeylər danışıldı.

MG: Məsələn nələr?

RR: Ondan çox maddə yayınladıq, sizdə fikir oyatsın deyə bir maddəni deyim; Bir komissiya qurub təhsil proqramları və kitablarında irqçiliyin, ayrı-seçkiliyin və qeyri-bərabərliyin olub-olmadığını araşdırmaq və analiz edib ortaya çıxarmaq lazımdır.

MG: İstanbul Milli Təhsil Müdiri Rusiya, Yunanıstan, Suriya, Bolqarıstan kimi ölkələrlə bağlı işlər gördüyünü və bu ölkələri narahat edən cümlələri kitablardan çıxartdığını bildirdi… Bu fəaliyyəti iştirakçılar necə qarşıladıl?

RR: Gözəl və cəsur bir addımdır, bütün iştirakçılara nümunə oldu. Ancaq mən Rusiyada ilk növbədə kitablardan özümüzü pisləyən ifadələrin çıxarılmasını gözləyirəm. Təəssüf ki, indiki kitablarda həm Çar Rusiyasını, həm də Sovet Rusiyasını pisləyən ifadələr var. Bu mövzuda fəaliyyət var, zənnimcə. Özümüzü pisləməsək, başqalarını da pisləmərik.

Gülənin yolu çox fərqlidir

MG: Açılış çıxışındaFəthullah Güləni bağbana bənzətdiniz, niyə bağbana?

RR: Gülən yeni bir kültür, yeni bir insan yetişdirən bağbandır. Çünki digər liderlər Mahatma Qandi də daxil olmaqla, inqilab və qiyam edərək nəyisə dəyişdiriblər. Bunları daha çox aksiyalar, nümayişlər, kütləvi mitinq, qarşıdurma və s. yollarla etmişlər. Gülən isə çox fərqli bir yolla dəyişiklik edir. Yavaş-yavaş və səbirlə bütün insanlara xidmət edir. Toxum atır və yetişməsini gözləyir. Bəzən meyvəsini və çiçəklərini görə bilməmə ehtimalı da var bu işdə. Bəzən isə çiçəklər yetişir və hər kəs onlardan bəhrələnir. Bağban özü danışmaz, onun əvəzinə yetişdirdiyi bağı danışar.

MG: Güləni nə qədər tanıyırsınız?

RR: Şəxsən tanımıram, kitablarından tanıyıram. Bəzi kitablarını oxudum, onu tanıyanları tanıdım.

MG: Necə tanıyırsınız?

RR: Ətrafımızda "kiçik Gülənlər" dediyim insanlar var, onlardan Güləni tanımaya, anlamağa çalışıram. Yəni bağdakı gözəl çiçəklər bağbanı göstərir.

MG: Qandi ilə Güləni müqayisə edirsiniz.

RR: Əslində Gülən ilə Qandi müqayisəsini ilk dəfə mən etmirəm, onu daha çox qərblilər edir. Mən ikisi arasında fərqi tapmağa çalışıram.

MG: Fərqləri nədir?

RR: Gülən daha universal iş görür, Gülənin fikirləri, metodu bütün insanlığa xitab edir. Qandinin fikirləri isə yerli (milli) xarakter daşıyır. İkisi də fərqli şəxsiyyətdir, lakin hədəfə çatmaq üçün sahib olduqları güc bir-birinə bənzəyir. Qandini bütün dünya tanıyır. Güləni, bəlkə, o qədər tanımırıq, amma onun etdiyi iş daha böyükdür. Çünki o, yeni bir kültür, yeni bir insan yetişdirən bağbandır.

Yeni şeylər eşidirik

MG: Bir neçə il əvvəl Rusiya Məclisində Qandi və Gülənin fikirlərini də müzakirə etdiniz…

RR: Gülən zorakılığa qarşıdır, insanlığın yüksəlməsini istəyir. Çağdaş dövrdə belə düşüncəyə malik bir ziyalının olmasını müsbət qarşılayıram. Dünya bu düşüncələrə dəstək ola bilər. Tolerantlıq və anlayış əmin-amanlıq içində birlikdə yaşamaq üçün çox vacibdir, insanlıq yer kürəsində ancaq bu yolla xoşbəxt varlığını davam etdirə bilər. Gülənin fikirləri və fəaliyyəti hamımıza yeni şeylər deyir, bizi həyəcana gətirir.

MG: Dialoq düşüncəsi dünyada əhəmiyyətli bir paradiqmaya çevrilirmi?

RR: Dünya mədəniyyətlər qarşıdurması və dialoq anlayışı arasında ikiyə bölündü. Ancaq dialoqla birlikdə var ola bilərik. Bizə dialoqu öyrədən bu insanlar uşaqlarımız üçün dünyaya əmin-amanlıq gətirmək amacı ilə təmənnasız işlələyirlər. Açdıqları məktəblər isə dünyadakı təhsil probleminin ən yaxşı dərmanıdır.

MG: Lakin bu məktəblərin kifayət qədər tanınmadığından şikayətçisiniz…

RR: Bir çox insanın bu məktəblər haqqında məlumatı kifayət qədər deyil. Məktəblərin iş sistemi ilə bağlı məlumatları yoxdur. Məsələn, məktəblər yalnız "New York Times" qəzetinin dərc etdiyi Pakistanda deyil, dünyanın hər yerində sülhməramlı fəaliyyətləri göz oxşayır.

MG: Getdiyiniz ölkələrdə Türk məktəblərinə də baş çəkirsinizimi?

RR: Bəli… Hindistandan bir nümunə verim. Şagird sinfə girəndə taxtada "sənə edilməsini istəmədiyin şeyi heç kəsə etmə" cümləsini görür. Həqiqətlər didaktik, təzyiq göstərilmədən uşaqların yaddaşlarına həkk olunur və bu proses təbii olaraq baş verir. Dünynın hər yanında açılan Türk məktəbləri Türkiyənin müsbət imicini gücləndirir, İslam haqqında son vaxtlar formalaşan mənfi imicin silinməsində də böyük rol oynayır.

Simaları çox təsir lidir

MG: Sizi ən çox nə təsir edir?

RR: Ən çox təsir edən şagird və müəllimlərin simalarıdır. Onlara dəstək verən iş adamlarının simaları da çox fərqlidir. Şagirdlərin aksiyon dolu ruhunu görürəm. Təhsilin keyfiyyətini artırmaq olar, ancaq bu məktəblərin fərqi tərbiyədir. Əxlaqi dəyərləri elə gözəl metodlarla mənimsədirlər ki… Qadağa qoyaraq, təzyiq göstərərək deyil, sevdirərək fərqli şəkildə təhsil verirlər. Hara getsəm, könüllü gənc, idealist müəllimlərlə qarşılaşıram. Müqayisə etmək, bəlkə, doğru deyil, amma Rusiyanın belə üstün cəhəti yoxdur. Kommunizmdən, sərbəst bazara girdikdən sonra, əxlaqi dəyərlər dəyişməyə başladı. İndi bunun üzərində iş görülür.

MG: Siz də İstanbulda, Antaliyada özəl Rus məktəbi açmağı düşünmürsünüzmü?

RR: Əslində gecikmişik. Buna əl atan olsa yaxşı olar, əlimdən gələn dəstəyi verərəm. Mənəvi böhranların daha dərin olduğu dünyamızda mənəviyyatı bir nəsildən digərinə ötürmə mövzusunu hamımız düşünməliyik. Bu mənada təhsil çox əhəmiyyətlidir.

Müsəlmanları düzgün anlamalıyıq

MG: 11 Sentyabr hadisəsindən sonra, xüsusilə qərbdə İslamla terror kəlmələrini birlikdə anmağa başladılar, bu sizə də təsir etdimi?

RR: Xeyr. Bu məsələyə mən həmişə belə baxmışam: Din terroru əmr etməz, dini terror ola bilməz. Məsələn, biri oğurluq etsə ona müsəlman oğru deyirikmi? Xeyr. Oğru oğrudur, terrorist terroristdir… 11 Sentyabr hadisəsindən sonra dedim ki, mən müsəlman deyiləm, amma tarixçi və şərqşünas olaraq "İslam terrorizmi" sözünü qəbul edə bilmərəm. Cani hər dindən ola bilər. Amma bir dinin terrorizmi ola bilməz. O zaman Xristian terrorizmindən də, Yəhudi terrorizmindən söz açmaq olar. İslamiyyət kimi bir din heç bir günahı olmayan insanların qətl edilməsinə razı ola bilərmi?.. İslamdakı cihad anlayışı səhv anlaşılınca İslamiyyət və müsəlmanlar da yanlış anlaşılır.

MG: Necə yəni?

RR: Bildiyim qədər, cihadın iki yönü var; biri, özünü müdafiə - bu, çox təbiidir - ikincisi isə, insanın özündəki mənfiliklərlə mübarizəsi. Bu prinsipin nəyi pis ola bilər, ortada bir yanlış anlaşılma var. Rusiyada milyonlarla müsəlman var, biz onları düzgün anlamalıyıq.

MG: Kreml rəhbərliyi bu mövzuya həssaslıq göstərirmi?

RR: Bəli, Kreml dialoqa açıq, "İKT" ilə təmasdadır və yaxşı əlaqələr qurmaq istəyir. Bu nöqtədə İslamiyyətin düzgün izahı da böyük əhəmiyyət kəsb edir.

Mənəvi dəyərlər güclənir

MG: Dünya iqtisadi böhranla çalxalanır, siz niyə mənəvi böhrana diqqət çəkirsiniz?

RR: Çünki əsas təhlükə mənəvi böhrandır. Dünyanın əsas problemi mənəvi böhranlardır.

MG: Çarə nədir?

RR: Təhsil. Hər kəs maariflənməlidir. Elə İstanbulda keçirilən toplantının məqsədi bir az da bu sualla bağlıdır. Yolun harasındayıq bilmirəm, amma səy göstəririk.

MG: Bolqarıstanda bir çıxışınızda "Mənim dünyanın gələcəyi ilə bağlı bambaşqa ümidim var" deyirsiniz...

RR: Mən ömrüm bunu görməyə yetməsə də, gənc nəsillər mütləq görəcəklər:

MG: Nəyi?

RR: İnanıram ki, gələcəkdə hal-hazırda böyük sarsıntılar keçirən mənəvi dəyərlər yenidən güclənəcək. Yeni bir anlayış ortaya qoyulacaq. Bu anlayışda ümumbəşəri və insani dəyərlər ön planda olacaq.

MG: Bütün bunlar necə olacaq?

RR: Bu yolu Gülən Hərəkatı açacaq. Gülənin fikirlərindən təsirlənərək dünyanın hər yanında açılmış məktəblər o ölkələrin milli və mənəvi dəyərlərinə, ümumbəşəri insani dəyərlərə əhəmiyyət verən anlayışla qarşıdurmalardan bezmiş insanlıq üçün yeni bir ümid oldu.

MG: Bu hərəkatda milli ilə ümumbəşəri dəyərlər arasında necə əlaqə var?

RR: İkisi də bir-birini təhdid etmir. Bu yolda mədəniyyətlərin assimilyasiyası, yox olması, ya da dəyişməsində söhbət gedə bilməz, əksinə bütün mədəniyyətlər öz kökləri və insani dəyərləri ilə yenidən qarışacaq. Dialoq və tolerantlıq anlayışı ilə toplumlar bir-birilərini daha yaxşı anlayacaq. Bu məqamda Gülən çox əhəmiyyətli rol oynayır. O, öz şəxsini önə plana çəkməyən və idealları ilə yaşayan bir liderdir. Gülən fanatizmə etiraz etdi və onun təsirini qırdı. 150 il əvvəl heç deyə bilərdikmi ki, Ruslar, Bolqarlar və Türklər keçmişi bir yana qoyub eyni masa ətrafında bir araya gələcək… Gülən hamımızı yeni dünyaya əl uzatmağa çağırır.

Müharibəmiz belə səviyyəli

MG: Tarixçilər deyir ki, dərs kitablarında ruslar və türklər həmişə bir-birinə düşmən kimi göstərildi və bir nəsil belə yetişdirildi. Düşmənçiliyimiz, həqiqətən, çox köklüdürmü?

RR: Eyni bölgədə iki güclü imperatorluq var idi. Bəzi problemlərin olması təbiidir. Bu, "Bundan sonra da belə olacaq" demək deyil. İngiltərə və Fransaya baxın, tarixdə aralarında ciddi problemlər olub, lakin bu gün yaxşı dostdurlar. Bu nöqtədə bir müşahidəmi də demək istəyirəm: Ruslar və Türklər arasındakı müharibələr belə çox səviyyəli olub və deyildiyi kimi aralarında qətiyyən kin yoxdur. Qarşılıqlı şəkildə əsirlərə göstərilən münasibət həmişə yaxşı olub. Bu da başqa ölkələrin müharibələrinə bənzəmir. Yəni bizim bir-birimizə kinimiz yoxdur, bir-birimizə nifrət etməmişik. Üstəlik sülhümüz müharibələrdən daha çoxdur.

MG: Belə düşünən rus çoxdurmu?

RR: Saysız-hesabsız… Övladlarımızı və nəvələrimizi daha gözəl gələcək gözləyir. Hətta dostluqların möhkəmlənməsi üçün nəvələri gözləməyə ehtiyac yoxdur. Biz elə də hal-hazırda yaxşı dostuq. Məsələn, nəvəm bir türk ilə evlidir və çox xoşbəxtdir.