“İslamda dövlət deyil, cəmiyyət əsasdır”
Ərəb dünyasının nüfuzlu qəzeti “Şərqül-övsat” Fəthullah Gülən Xocaəfəndidən xüsusi müsahibə götürüb. Mərkəzi ofisi Londonda yerləşən qəzet müsahibənin ilk bölümünü “İslam və demokratiya sülh şəraitində birgə yaşaya bilər” başlığı ilə dərc edib.
Müsahibə qəzetin səhifələrində ətraflı şəkildə təqdim olunub. Fəthullah Gülən Xocaəfəndini “Böyük Türk-İslam alimi və dəvətçisi (təbliğçisi)” kimi tanıdan qəzet onun “Kifayət qədər came və məscid var, məktəblər açılmalı” sözlərini diqqətə çatdırıb. “Şərqül-övsat” qəzetinin Fəthullah Gülən Xocaəfəndidən götürdüyü müsahibə iki hissə şəklində dərc ediləcək.
Müsahibənin giriş hissəsində Türkiyə haqqında ümumi məlumat verən “Şərqül-övsat” Türkiyədəki demokratik sistemin Ərəb və İslam dünyası üçün örnək təşkil etdiyini vurğulayıb. Qəzet “Gəzi” hadisələrindən etibarən Türkiyənin sözügedən imicinin sarsılmağa başladığını dilə gətirib.
Türkiyədə bir çox insanın ölkəndə siyasi və iqtisadi sabitliyin bərqərar olması, ordunun hegemonluğuna son qoyulması, Cənubi-şərqi Anadoluda sülh danışıqlarının başlanması və Avropa Birliyi ilə üzvlük müzakirələri çərçivəsində islahatların aparılması kimi nailiyyətləri AKP-dən gördüyünü yazan qəzet bu ifadələrə yer verib: “Türk bal ayı sona çatdı və Ərdoğan qopardığı fırtınanın ortasında qaldı!”
Türkiyə müxalifətinin Ərdoğanı “iqtidar təkəbbürünə və sərxoşluğuna qapılmaqda” ittiham etdiyini yazan qəzet gedişatı bu şəkildə şərh edib: “Ərdoğanın aksiyaçılara sərt müdaxiləsi, AKP-nin, hətta Ərdoğanla birlikdə ailəsinin də adı hallanan məlum “yolsuzluq” istintaqı ilə bağlı mövqeyi gedişatı daha da çıxılmaz vəziyyətə saldı.”
Müsahibənin təqdimat hissəsində bildirilir ki, AKP rəsmiləri və bəzi müşahidəçilər “yolsuzluq” əməliyyatı və ortaya çıxan səsyazılarının arxasında Gülən camaatının dayandığını və Camaatın əsas məqsədinin Ərdoğanı cinayətkar kimi təqdim etmək olduğunu iddia edir: “Xocaəfəndinin açıq şəkildə rədd etməsinə baxmayaraq, AKP və Ərdoğan Güləni “paralel dövlət” qurmaqda, polis və məhkəmə orqanlarını ələ keçirməkdə ittiham edir. Bu iddiaya əsasən yüzlərlə polisin iş yerləri dəyişdirildi, məhkəmələri və interneti nəzarət altına almaq məqsədilə yeni qanunlar qəbul edildi, etirazlara baxmayaraq, ötən ay özəl hazırlıq kurslarının bağlanmasına dair qanun lahiyəsi parlamentdə təsdiq edildi.”
“Hizmət könüllüləri heç bir manipulyasiyaya məhəl qoymaz
Müsahibənin təqdimat hissəsində deyilir: “Güləni ittiham edənlər Hizmət hərakatının 160 ölkədə 2000-dən artıq təhsil ocağı açmaqda məqsədinin Türkiyəni İslamlaşdırmaq olduğuna inanırlar. Ancaq bir çox insana görə, Hərəkat bir təşkilat deyildir, rəsmi üzvlük deyə bir şey yoxdur, Gülən siyasi İslamı deyil, Sünni-Hənəfi məzhəbinə mənsub olmaqla tolerantlığı, insaniyyəti və təbiət elmlərinin əhəmiyyətini təbliğ edir”.
Şərqül-əsvat qəzetində dərc olunan müsahibənin mətni:
Milyonlarla tərəfdarınızı və açılan yüzlərlə məktəbi vahid bir hərəkat kimi görürsünüz?
Şəxsən, bu insanları mənim, yaxud da bir başqasının tərəfdarı kimi təqdim etməyi doğru hesab etmirəm. Bu səbəbdən “-çı”, “-çu” kimi əlavələrdən ciddi rəncidə olduğumu dəfələrlə dilə gətirmişəm. Dönə-dönə çatdırmaq istəyirəm ki, bunlar məntiqli və ağlabatan lahiyələr ətrafında könüllü şəkildə ələ-ələ verən insanlardır. Cameə ilhamını dindən götürsə də, onun hər bir lahiyəsi ağıl-məntiqlə və ümumbəşəri insani dəyərlərlə üst-üstə düşür, fərdlərn azadlığını, insan hüquqlarını və sülh şəraitində birgəyaşayışı müdafiə edir. Ona görə də dünyanın 160 ölkəsindən müxtəlif millət və dinə mənsub insanlar ya bu lahiyələrə qucaq açıblar, ya da aktiv və ya passiv, bilavasitə və ya bilvasitə dəstək veriblər.
O baxımdan bu Cameəyə mənsub könüllülərin mütəcanis (homogen) olduğunu söyləmək qeyri-mümkündür. Bu gerçəyi təkcə dəyərlərdə deyil, görülən işlərə simpatiya bəsləyən və lahiyələrdə iştirak edən insanlarda da görürük. Kimisi əcnəbi bir ölkədə müəllimlik edir, kimisi tələbə oxudur, kimisi də öz istəyi ilə vaxtının bir hissəsini bu işə ayırır... Müəyyən ortaq dəyərlər – əsas insan hüquq və azadlıqları, hər kəsi olduğu kimi qəbul etmə və dialoq, dinin siyasətə alət olunmasını qəbul etməmə, hüquqlara hörmət, dövlətin imkanlarından sui-istifadə etməmə, demokratik sistemi hər şeydən ümdə bilmə, dövlətin gücündən istifadə olunaraq təzyiq və zorla insan və toplumun dəyişdirilməsini, insanların dindarlaşdırılmasını məqbul görməmə, vətəndaş cəmiyyətinə güvənmə, təhsil vasitəsi ilə sülhün bərqərar olması yolunda çalışma, hər bir söz və əməldə Yaradanın rizasını düşünmə, yaradılanı Yaradandan ötrü sevmə, dini mənsubiyyətdən asılı olmayaraq, fərdlərin əxlaqi dəyərlərini gücləndirmə və s. – ətrafında könüllü şəkildə toplanan müxtəlif etnos, inanc və siyasi partiyaya mənsub insanlardan ibarət bu kütlə haqqında işlənən “Camaat”, “Hizmət”, “Cameə” kimi istilahların heç biri istənilən mənanı vermir. Ancaq sözügedən terminlər arasında ən münasibi “Cameə” istilahıdır.
Homogen bir quruluşa malik olmamaqla yanaşı, birlik ruhu və şüuru ilə yuxarıda sadalanan dəyərlər ətrafında sıx birləşən bu insanların bu dəyərlərə zidd hərəkət etməyəcəyinə, kənar manipulyasiyalara məhəl qoymayacağına inanıram.
“Təhsil sahəsində ciddi problemlər ola-ola kursların bağlanmasını yaxşı bir niyyətlə izah etmək müşküldür”
Hökümətin hazırlıq kurslarının bağlanması haqqında qərarını necə qiymətləndirirsiniz?
İlk öncə deməliyəm ki, hazırlıq kursları Türkiyə təhsil sistemindəki çatışmazlıqların doğurduğu zərurətdən meydana gəlmişdir. İnsanların konstitusion hüquqa müvafiq olaraq mövcud qanunlar çərçivəsində açdığı qanuni müəssisələrdir. Bu müəssisələr bilavasitə Cameənin deyil, Cameəyə simpatiya bəsləyən, könül verən iş adamalarının açdığı irili-xırdalı özəl şirkətlərdir. Və açıldığı gündən bəri illərdir həm təhsil sistemi, həm də maliyyəsi dövlət tərəfindən təftiş olunur. Üstəlik hər bir müəssə kimi, bunlar da dövlətə vergi ödəyir. Türkiyədə fəaliyyət göstərən bütün hazırlıq kurslarının çox az hissəsi Cameəyə könül verən iş adamları tərəfindən işlədilir.
Təhsil sahəsində çox ciddi problemlər ola-ola bu problemləri həll etmədən kursları bağlamağı yaxşı niyyətlə izah etmək müşküldür.
“Yüksək səviyyəli təhsil verən bu müəssisələri bağlamaq azad sahibkarlığa və cəmiyyətə bir zərbədir”
Cəmiyyətin ehtiyac duyduğu – riyaziyat və texniki fənlər kimi – sahələrdə valideynlərin tələblərini də nəzərə alaraq hüquqi çərçivəsdə illərlə xalqa xidmət edən bu müəssisələri dövlətin gücü ilə bağlamaq azad sahibkarlığa vurulan zərbədir.
Digər tərəfdən Cameənin əsas düsturlarına müvafiq hərəkət edən əxlaqlı, dürüst, çalışqan, hər kəsin düşüncə və dünyagörüşünə sayğı göstərən müəllimlər, təbii ki, şagirdlərə müsbət təsir edirlər. Dövlət məktəblərinin öhdəsindən gələ bilmədiyi siqaret aludəçiliyi, alkoqolizm, hətta narkomaniya kimi problemlərə, Allahın izni, inayəti və lütfü ilə, bu müəssisələrdə rast gəlinmir. Bü günədək hüquqa, əxlaqa, ümumbəşəri insani dəyərlərə və demokratik sistemə zidd addım atmayan bu qurumları cəmiyyətdə ciddi müzakirə etmədən və xalqdan belə bir tələb gəlmədən – əksinə xalq bu müəssisələrin fəaliyyət göstərməsini istəyir – ləğv etmək indiyədək qazanılan uğrulara də əngəl olmaq deməkdir.
“Siyasətlə bağlı təklif və məqamları qəbul etməmişik”
Siyasi bir məqsədinizin olmadığını dediniz. Ancaq dövlət orqanlarında ardıcıllarınız var. Bunun sizin lehinizə olduğunu düşünürsünüz?
Bu Cameə ilk gündən bəri bəşəriyyətə siyasi deyil, təhsil, sosial, mədəni fəaliyyətlərlə və yardımlaşma yolu ilə xidmət etmək düşüncəsi ilə yola çıxmış və bütün imkanlarını bu istiqamətdə səfərbər etmişdir. İctimai problemləri təhsil yolu ilə insanda həll etməyə üstünlük vermişdir. Fəqir (özünü nəzərdə tutur – tərc.) vəzlərində kifayət qədər məscid olduğunu, əksəriyyətinin boş olduğunu, məscid əvəzinə məktəb açmağın zərurliyini həmişə dilə gətirmiş, xalqı buna təşviq etmişdir. Əgər siyasi bir məqsədimiz olsaydı, məsələn, partiya qurmaq kimi, ötən 40-50 ildə bu niyyətin bir çox təzahürləri uzə çıxardı. Mənə də, dostlarıma da müxətlif vaxtlarda siyasi məqam-mənsəb təklif edilib. Lakin biz bunların hamısını rədd etmişik. Cameə istəsəydi, 2001-ci ildə mövcud siyasi partiyaların iflasa uğradığı bir dövrdə başqaları kimi fürsətdən istifadə edib partiya qura bilərdi. Ancaq bu yola əl atılmadı. Əgər istəsəydi, keçmişdə də, bu gün də iqtidara gələn siyasi partiyalarda xeyli tərəfdarı ola bilərdi. Amma hamının bildiyi kimi, orada cəmi iki dostumuz var.
“Din adından siyasi fəaliyyətlərin həyata keçirilməsinə, dinin siyasətə alət edilməsinə heç vaxt meyilli olmamışam”
Din adına siyasi fəaliyyətlərə qoşulmağa, dini siyasətə alət etməyə, dini şüarlarla siyasətə qurşanmağa heç vaxt meyilli olmamışam. Ancaq siyəsət də qanuni bir yoldur. Biz nə qədər siyasətdən gen gəzsək də, partiya qurmaqdan uzaq olsaq da, bu yolu tutanların əleyhinə deyilik. Çünkü demokratiyada partiyasız siyasətlə məşğul olmaq mümkün deyil. Cameənin partiya qurmaq kimi siyasi bir məqsədi yoxdur. Lakin Hərəkatın əsas düsturlanında sayılan məsələlərin, – yuxarıda qeyd etməyə çalışdım – ümumbəşəri dəyərlərin siyasətlə kəsişən yönləri vardır. Bir iş adamı, sadə bir vətəndaş, bir pedaqoq və cəmiyyətin bir nümayəndəsi – yəni hər kəs kimi, bu Cameənin də siyasətdən müəyyən tələbləri olmuşdur və vardır. Ancaq bu qanuni tələblər yenə də qanuni yollarla tələb edilmiş, qeyri-qanuni və qeyri-əxlaqi normalara zidd heç bir yollara əl atılmamışdır.
“Cameənin partiya qurma kimi siyasi bir məqsədi yoxdur”
Cameəyə könül verən vətəndaşlar dövlət idarəçilərindən hüququn aliliyinin təmin edilməsini, hüquq və azadlıqların təmin olunmasını, sülhün və sabitliyin qorunmasını, fikir və sahibkarlıq azadlığına təminat verilməsini, xaos və anarxiyaya qarşı tədbirlərin görülməsini, hər kəsin düşüncə və dünyagörüşünə hörmət edilməsini gözləyirlər. Sözügedən məsələlərdə nöqsanlara yol verildiyi zaman tamamən sivil və demokratik imkanlardan istifadə edərək fikilərini dilə gətirirlər. Bunları dilə gətirmək həm vətəndaşlıq borcudur, həm də vətəndaş cəmiyyətinin bir tələbidir. Bunları eləmək üçün partiya qurmağa ehtiyac olmadığı kimi, nöqsanları dilə gətirənlərə də “Siyasətlə məşğul olur”, “İqtidara şərik olmaq istəyir”, “Seçimlə hakimiyyətə gələnlərə müdaxilə edir” demək doğru deyil. İnkişaf etmiş bütün demokratik sistemlərdə bu, belədir.
Demokratik sistemlərdə siyasi partiyalar və seçkilər əsas arqument olsa da, məsələ bununla bitmir. Vətəndaş cəmiyyətinin fəallığı da mühüm əhəmiyyət kəsb edir. Belə sistemlərdə siyasətçilər xalqın qarşısına seçkidən-seçkiyə çıxmır. Vətəndaş cəmiyyəti KİV vasitəsilə, mütəşəkkil strukturu ilə, qanuni fəaliyyətləri ilə, imzatoplama kampaniyaları ilə, sosial şəbəkələrdə çıxışları ilə siyasi iqtidara mütamadi şəkildə nəzarət edir və verdiyi vədləri yerinə yetirməyə çağırır. Cameəyə könül verənləri hər hansı siyasi partiyaya qoşulmamaq və iqtidar arzusundan uzaq olmaq kimi prinsiplərlə hərəkət edirlər. Ancaq bu, o demək deyil ki, Cameə vətəndaş cəmiyyətinin iqtidara nəzarət hüququndan və məsuliyyətindən əl çəkmişdir.
“Hizmət cameəsinin siyasi bir partiyanın ardınca getməsi mümkünsüzdür”
Cameənin homogen, mərkəzi və iyerarxik sistemə malik olmadığı üçün ona könül verən insanların da bir tip siyasi görüşdə olması mümkün deyildir. O baxımdan hər hansı bir siyasi partiyanın ardınca getməsi mümkünsüzdür. Hizmətə könül verən hər bir insanın öz siyasi görüşü olsa da, Cameədə bu mövzular müzakirə edilmir. Burada əsas məsələ seçki və siyasətlə deyil, ümumbəşəri dəyərlərə xidmət edən lahiyələrlə məşğul olmaqdır. Həmçinin Cameə heç vaxt başqa ölkələrin daxili işlərinə və siyasətə qarışmır. Hər yerdə məqsədi təhsil və mədəni fəaliyyətləri ilə bəşəriyyətə xidmət etməkdir. Bu prinsipə sadiq qaldığına görə də, hazırda dünyanın 160 ölkəsində rahatlıqla fəaliyyət göstərir.
Şübhəsiz ki, Türk dövlətlərində də bu məfkurəyə könül verən insanlar var. Bu insanların alnında məfkurə mənsubiyyəti yazılmayıb. Onları təqib etmək həm hüquqa, həm əxlaqi prinsiplərə ziddir. Qaldı ki, sözügedən insanlar çalışdıqları qurumların nizamnaməsinə və rəhbərbliyinə tabedirlər. Vəzifə və səlahiyyətləri qanunla müəyyən edilmişdir. Bunun kimin və necə lehinə olduğunu, düzü, mən bilmirəm.
“Cameənin təhsil müəssisələrini bitirənlər iş yerindən asılı olmayaraq, hüququn aliliyinə riayət etməli və dürüst davranmalıdır”
Təkrar edirəm, dövlətdə fəqiri (özünü nəzərdə tutur – tərc.) və Cameəni sevənlər ola bilər. Hər bir mənəviyyat böyüyünü sevən və ya hər cür fikir və ideologiyaya simpatiya bəsləyənlər də ola bilər, bu çox təbii haldır. Heç kim başqasının düşüncə, inanc və dünyagörüşünə qarışa bilməz. Cameənin təhsil müəssisələrindən məzun olan və ya bu məfkurəyə könül verən insanlar harada işləmələrindən asılı olmayaraq, hüququn aliliyinə riayət etməli, dürüst olmalı, insan hüquqları və demokratik prinsiplərə sayğı göstərməli və bu çərçivədən kənara çıxmamalıdır. Dövlət qurumlarında, iddia edildiyi kimi, qanunla və amirlərinin (müdir, rəis) tapşırılqarı ilə deyil, başqa bir ideoloji qrupun göstərişləri ilə hərəkət edən varsa, kimin adına – özüm də daxil olmaqla, – hərəkət edirlərsə, bunlar mütləq tapılmalı və cəzlandırılmalıdır. Cameəyə rəğbət bəslədiyini iddia edib dövlət müəssisələrində qanunsuzluğa yol verənlər varsa, dərhal istintaqa cəlb edilməlidir. Cameənin şəffaflıq və qanun qarşısında bərabərlik məsələsində mövqeyi açıq və qətidir, bundan sonra da belə olacaqdır.
“Dövlət və siyasəti şəffaflaşdırmadan şəffaflıq tələb etmək səmimi davranış deyil”
Qeyd edim ki, vətəndaş cəmiyyətinin şəffaflığını ancaq şəffaf siyasi sistemlər tələb edə bilər. Dövləti, siyasəti şəffaflaşdırmadan hamıdan maksimum şəffaflıq tələb etmək səmimi davranış deyil. Türkiyədə son vaxtlar baş verən təqiblər, qanunsuz dinləmələr və dövlət orqanlarında təmizləmə siyasəti bunu təsdiq edir. Minlərlə məmurun iş yerinin qısa müddətdə dəyişdirilməsi hansı meyarlara əsaslanır, tamamilə müəmmalıdır və özbaşınalıq təsiri bağışlayır.
“Dinə siyasi bir ideologiya kimi baxılmasının həmişə əleyhinə olmuşam”
İslamın dövlət və siyasətdə daha çox rol oynamasını zəruri hesab edirsiniz?
İslam dini insanı öz iradəsi ilə həqiqi xeyrə, yaxşılığa və kamilliyə sövq edən və vəyhə söykənən ilahi prinsiplər məcmusudur. Vətəndaşına dini inancını sərbəst yaşamaq hüququ verən demokratik bir sistemdə fərdlər inanc və dəyərləri öz həyatlarına əks etdirirlər. Demokratik prinsiplər, ümumbəşəri hüquq və azadlıqlar çərçivəsində, inanclarına müvafiq olaraq seçim edir və onları təmsil edənlərə fikirlərini söyləyirlər. İnsanlar bunu həm seçkilərdə səs verməklə, həm digər demokratik hüquqlarından yararlanaraq fərdi şəkildə və ya QHT olaraq idarəçilərin fəaliyyəti ilə bağlı fikirlərini söyləyməklə həyata keçirirlər. Dinə siyasi bir ideologiya kimi baxılmasının həmişə əleyhinə olmuşam.
Siyasi əxlaqın oturuşması əhəmiyyətlidir
Şəxsən mən, bir müsəlmanın istər cəmiyyətdə, istərsə də dövlətdə müsəlman kimi davranmasını zəruri hesab edirəm. Yəni insan harada olur-olsun İslamın əxlaq prinsiplərindən kənara çıxmamalıdır. Oğurluq, rüşvət, qəsbkarlıq, qanun pozuntuları, yalan, dedi-qodu, qeybət, zina və əxlaqsızlıq hər yerdə həm günah, həm də qeyri-qanuni sayılır. Siyasi və ya başqa bir məqsədlə bu cür günahları işləmək, işlənməsinə fətva vermək doğru deyil. Bunlar həm də ümumbəşəri günahlardır. Fərdin əxlaqı bu məsələlərdə sıradan çıxmışsa, onun dövlətdə və ya siyasətdə iştirakından hansı faydanı gözləmək olar? Əlbəttə hamı kimi, mən də vicdanən bu prinsiplərin həm dövlətdə, həm də siyasətdə mənimsənilməsini, dövlət və siyasət əxlaqına çevrilməsini arzulayıram. Onsuz da, bütün dünyada dövlət və siyasət qurumlarında ən çox sözügedən mərəzlərdən şikayət edilir.
“İnsanlar dinini sərbəst yaşaya bilirsə, islami dövlət qurmaq üçün çalışmağa ehtiyac qalmır... Riyakarlıq və münafiqlik təhlükəsinə diqqət edin!”
Bunu açıq şəkildə deyirəm; əgər bir ölkədə insanlar dinini, dəyanətini sərbəst yaşaya bilirsə, dini müəassisələri qurur, övladlarına və istəyən insanlara dinini öyrədir, dini ilə bağlı ictimai müzakirələrdə fikrini çatdıra, dini tələblərini hüquq və demokratik prinsiplər çərçivəsində dilə gətirə bilirsə, belə bir ölkə vətəndaşlarının dini, yaxud da “islami” bir dövləti qurmağa çalışmasına ehtiyac yoxdur. Tarixi gerçəkliklər göstərir ki, ölkəni xaos və anarxiyaya sürükləyən hərcü-mərclik, üsyankarlıq, qiyam, çevriliş, zorakılıq kimi hallar həm demokratik uğurlara və insan hüquqları sahəsində əldə edilən nailiyyətlərə zərər verir, həm də millitə böyük zərbə vurur.
Hakimiyyəti zorla ələ keçirib insanları təzyiqlərlə dindar eləməklə fərdləri münafiqliyə sövq etmiş və dövlətə riyakarlıq edən tüfeylilərə çevirmiş olarsınız. Bu insanlar öz ölkələrində dindar görünsələr də, xaricə gedən kimi günah işləməyə başlayarlar. Hüquqa hörmət azalar, riyakarlıq artar. Bir sıra ölkələrə bu nəzərlə baxsanız, mücərrəd ifadələrimin əslində konkret müşahidələrə söykəndiyini görərsiniz.
“İslamiyyəti demokratiyaya, demokratiyanı İslamiyyətə zidd görmək yanlışdır”
Türkiyə müstəvisində İslam və demokratiya bir-birinə uyğundurmu? Bu, Türkiyənin AB-yə üzvlük məsələsinə necə təsir edir?
Türkiyə, noqsanları olsa da, 50-ci illərdən bəri demokratik üsullarla idarə edilir. Demokratiya dünyanın rəğbət bəslədiyi bir sistemdir. Ölkəmiz demokratiyaya ilk addımlarını Osmanlı sultanları (həm də xəlifə) dövründə – 1876-cı ildə atmışdır və seçimlə qurulan ilk Milli Məclisin üçdə biri qeyri-müsəlamanlardan ibarət olmuşdur. İslamiyyəti demokratiyaya, demokratiyanı İslamiyyətə zidd hesab etmək yanlışdır. Əksinə ölkə idarəçilərinin seçicilər (yəni xalq) tərəfindən hesaba çəkilməsi və istibdad üsulunun əleyhinə olması baxımından İslamın idarəçilk prinsiplərinə ən uyğun gələn sistem demokratiyadır.
İslamiyyət demokratik seçkilər, hüququn aliliyi kimi prinsiplərlə təzad təşkil etmir. Mən 1994-cü ildə “Demokratiyadan geriyə yol yoxdur!” deyəndə bəzi kəsimlər etiraz etmişdi. Amma demokratiyanın da müxtəlif növləri var. Onu mükəmməl bir sistem saymaq olmaz. Hələ də təkamül mərhələsindədir.
“Əsas insan hüquq və azadlıqları olmayan yerlərdə insanlar bu azadlıqları əsla zorakılığa əl atmadan demokratik yollarla əldə etməyə çalışmalıdır”
Bir ölkə can, ağıl, mal, ailə və dini toxunulmazlıqları təmin edirsə, hüquq və azadlıqları – müharibə kimi fövqəladə hallar istisna olmaqla – məhdudlaşdırmırsa, milli və dini azlıqları digər vətəndaşlarla bərabər tutur və onları heç bir ayrı-seçkiliyə məruz qoymursa, fərdləri şəxsi işlərdə, ictimai və siyasi sahələrdə fikirlərini azad şəkildə dilə gətirə və həyata keçirə bilirsə, o ölkə İslama uyğundur. Bir ölkənin vətəndaşları – hansı idarəçilik sistemi olur olsun, – düşüncə və inanclarını azad şəkildə dilə gətirə bilir, dinini sərbəst yaşaya bilir və mülkiyyət əldə etmək hüququna malikdirsə, müsəlmanların və digər din mənsublarının o ölkənin rejimini dəyişdirmək məsuliyyətini daşımırlar. Sözügedən hüquq və azadlıqlar olmayan yerlərdə insanlar bu azadlıqları əsla zorakılığa baş vurmadan, demokratik yollarla əldə etməyə çalışmalıdır.
Düşünürəm ki, təkcə Türkiyədə deyil, bütün İslam ölkələrində, daha doğrusu, müsəlmanların çoxluq təşkil etdiyi bütün bölgələrdə demokratiya ilə İslamiyyət dinc şəraitdə birgə “yaşaya” bilər. Bu sistemi pisləyən bölgələrdə insan hüquqlarının tapdalandığını, əxlaqi və hüquqi problemlərin, qanun pozuntularının ayaq açıb yeridiyini, dini və milli münaqişələrin tüğyan etdiyini görürük. Demokratiya artıq bəşəriyyətin ortaq dəyərinə çevrilməyə başlamışdır. AB standardları ilə işləyən ölkələrdə dindarlar QHT-lər vasitəsilə dinini yaşamaq, dini mükəlləfiyyətləri yerinə yetirmək, onu təmsil etmək, hətta təbliğ və tədrisi ilə məşğul olmaq imkanlarına sahibdir. Əsas məsələ dini dəyərləri fərdi və ictimai müstəvidə yaşamaq və təmsil etməkdir.
“Türkiyə AB-nin demokratik standartları çərçivəsində atdığı addımlardan imtina edir”
Türkiyədə demokratiyanın tam bərqərar olduğunu demək çətindir. AB-yə üzvlük mərhələsində ölkəmizdə təzyiqlərlə qarşılaşan, ali məktəblərdə hicab qadağası ilə üzləşən dindarlara bir çox hüquqlar verildi. Təkcə bu aspektdən baxanda belə, AB-yə üzvlük mərhələsinin Türkiyə üçün faydalı olduğunu demək olar. Bu mərhələdə Türkiyədə ciddi demokratik islahatlar həyata keçirildi. Bu islahatlar davam etdirilərsə və demokratik sistem, hüququn aliliyi, insan hüquq və azadlıqları AB standartlarına yüksələrsə, zənnimcə, Türkiyə əhalisinin müsəlman olması onun tam üzvlüyə mane olmaz. Yox əgər Avropanın İslam əleyhdarları Türkiyənin üzvlüyünə mane olarsa, demokratik nailiyyətlər yenə özünə qalacaq. Ancaq təəssüf ki, Türkiyənin AB-nin demokratik standartları çərçivəsində atdığı addımlardan son vaxtlar imtina etdiyini görürük.
“Məzhəb imamlarının fərqli ictihadları zənginlik sayılmalıdır”
Sizə görə, Hənəfi İslamı nədir?
Belə bir şey mümkün deyil. Belə bir ifadə işlətmək doğru deyil. Hənəfilərin və digər məzhəblərin dinin əsaslarını deyil, ictihada aid məsələləri müəyyən bir metod çərçivəsində ortaya qoyduqlarını söyləmək olar. Bu ictihadlar digərləri ilə üst-üstə də düşə bilər, təzad da təşkil edə bilər. Bunlar dinin ruhuna, Quran və Sünnə məntiqinə, dinin əsas prinsiplərinə zidd olmadıqca İslamiyyətin tərkib hissəsi sayılır. Məzhəb imamlarının yaşadıqları bölgələrin xüsusiyyətləri Quran və Sünnənin izahına öz təsirini göstərmişdir. Siyasi və mədəni mühit də həmçinin. İmam Əzəm, İmam Şafei, Həzrət İmam Malik və İmam Hənbəl (Allah onlardan razı olsun) ömrünü dinə həsr edən səmimi və əzabkeş insanlardır. Onların və tələbələrinin səyləri ilə ortaya çıxan bu şərhləri və ictihadları bir zənginlik kimi görmək lazımdır.
Dövlətin müqəddəsləşdirmək prioritet məsələ deyildir
Fəqir (özünü nəzərdə tutur – tərc.) də acizanə şəkildə onların yolu ilə getməyə çalışır. Bu anlayışa görə, ilk sırada dövlətin müqəddəsləşdirilməsi deyil, canın, ağlın, malın, ailənin və dinin mühafizə edilməsi gəlir, insan seçim və sahibkarlıq azadlığına malik olmalıdır, vəhy və nəssin izahında nəql ilə yanaşı, ağıl, hətta ictimai təcrübə və məsləhətlər də nəzərə alınmalıdır, aşkar nəslər istisna, dinin izaha, ictihada və şərhə ehtiyac duyulan sahələrində ictihad sistemindən istifadə edilməlidir, “əmri bil-məruf, nəhyi anil-münkər (yaxşılığı əmr etmək, pislikdən çəkindirmək)” azadlığı olmalıdır, hər bir din və etqadın təkcə fərdi müstəvidə deyil, həm də bütün ictimai sahələrdə təbliğ və yaşanması təmin edilməlidir, hüquq, asayiş, əmin-amanlıq və sabitliyə sayğı ilə yanaşılmalıdır, terrorun, məsum insanların öldürülməsi insanlığa qarşı bir cinayət kimi qəbul edilməlidir, “mədəni insanlara zorla, məcburiyyətlə deyil, sözlə, inandırmaqla qələbə çalmaq olar” düsturu əsas götürülməlidir və nəhayət, yenə bu anlayışa görə, dinin 98 faizini mənəviyyat, ruhaniyyat, əxlaq, axirət, ibadət, kamillik, tolerantlıq, nümunəvilik, sevdirmə təşkil edir.
Əslində sosioloji aspektdən baxanda Anadoluda min illərlə formalaşan İslam dünyagörüşü və anlayışı budur. Bu İslam anlayışı zorakılığın, fanatizmin və dinin siyasiləşdirilməsinin müqabilində, sevgi, xoşgörü, hər kəsin düşüncə və dünyagörüşünə sayğı, təvazökarlıq, məhviyyət və genişürəklilik kimi fəzilətlərə üstünlük verir. Bu anlayış cəmiyyət və dövlətdə hüquq, ədalət, azadlıq və sülhü əsas götürür, yəni hər cəhətdən inkişafa və yeniliyə meyilli bir cəmiyyəti meydana gətirir.
- tarixində yaradılmışdır.