Məncə, DA BMT və ATƏT qarşısında çıxış edə bilər

Bu yaxınlarda Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" (DA) Platformasının 8-ci Baş Məclisi çərcivəsində konfrans keçirilib. Dörd gün davam edən bu tədbirə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də qatılıb. Azay müəllimlə görüşüb, "Dialoq Avrasiya" konfransının əhəmiyyəti və özünün rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı söhbət etdik.

Qvami Məhəbbətoğlu: Azay müəllim, "Dialoq Avrasiya" (DA) Platformasının bu günlərdə Antalyada keçirilən konfransında ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində siz də olmusunuz. Təəssüratınız necədir və ümumiyyətlə, bu qurumun fəaliyyətini necə dəyərləndirirsiniz?

Azay Quliyev: Əvvəlcə, onu deyim ki, "Dialoq Avrasiya"nın məramı və onun gördüyü işlər barədə öncədən də müəyyən məlumata malik idim. Lakin Antalyada keçirilən konfransda iştirakım bu platforma haqqında bilgilərimi daha da zənginləşdirdi. Bu mənada həmin tədbirdə iştirakımdan çox məmnun oldum. DA-nın müzakirə etdiyi mövzuları nəzərə alsaq, onun çox vacib bir platforma olduğu qənaətindəyəm. Zənnimcə, bu qurum dövlətlərarası münasibətlərin daha da yaxşılaşmasına dəyərli töhfələrini verəcək.

Onu da deyim ki, təbii müttəfiqimiz Türkiyənin bizim regionda baş verən proseslərdə bilavasitə təsiri olan Rusiya kimi dövlətlə əməkdaşlıq etməsi və bunu dialoq şəklində həyata keçirməsi Azərbaycan üçün də çox vacibdir. Bildiyiniz kimi, Dağlıq Qarabağ probleminin həllində Rusiya xüsusi bir imkana malikdir. Türkiyə Prezidenti Abdullah Gülün bu istiqamətdə məhsuldar fəaliyyəti danılmazdır. Güman edirəm ki, DA da bu prosesdə müəyyən halqaya çevrilə bilər. Çünki həmin platformada keçmiş sovet məkanının nümayəndələrinin iştirakı belə fikir söyləməyə əsas verir. Bu tədbirdə məni ən çox cəlb edən iştirakçıların bir-biri ilə təmasa girməsi, öz ölkələri barədə daha düzgün məlumatlar verməsi oldu. Məsələn, orada çıxış edənlərdən biri, Türkiyə barədə onda təsəvvürlərin çox bəsit olduğunu söylədi. Sonra dedi ki, halbuki Türkiyəyə gələndən sonra bu ölkə barədə formalaşmış fikirlərim alt-üst oldu, bu prosesdə insanlar arasındakı ünsiyyəti mühüm rol oynadı. Yeri gəlmişkən, DA-nın belə bir şüarı var: "Dialoq "əvət"dən başlar". Mən bu təəssüratlarımı dost-tanışlarımla, xaricdə olan həmkarlarımla da bölüşmüşəm. Bu platformanın tədbirinə dəvət etdiyinə görə Enes bəy Canseverə minnətdarlıq edirəm.

"Dünənin girovuna çevrilib, gələcəyi təhlükə altına qoymaq olmaz"

Qvami Məhəbbətoğlu: Sizcə, terrorun, islamafobiyanın getdikcə intişar etdiyi bir şəraitdə dialoqa nail olmaq mümkündürmü?

Azay Quliyev: Elə DA Platformasının əhəmiyyəti bundadır ki, belə bir şəraitdə bu kimi neqativ halların qarşısını almağa çalışır. Məncə, DA bütün ölkələrin maraqlarına cavab verən çox ciddi ictimai təşəbbüslərlə BMT, ATƏT qarşısında çıxış edə bilər. Çünki buna onun tərkibi də imkan verir. Unutmayaq ki, DA-da müxtəlif mədəniyyətlərin və inancların təmsilçiləri birləşiblər.

Qvami Məhəbbətoğlu: Ancaq unutmayaq ki, dövlətlərin, insanların bir araya gəlmələrinə onların keçmişi də mane olur?

Azay Quliyev: Dünəni unutmaq olmaz; o, hər bir ölkənin tarixidir. Amma dünənin girovuna çevrilib gələcəyi də təhlükə da altına qoymaq olmaz. Yeri gəlmişkən, həmin tədbirdə Türkiyənin təhsil naziri Hüseyin Çelik dedi ki, tarix hər bir xalq üçün çox önəmlidir. Amma tarixdə olmuşları necə anlatmaq da bir o qədər əhəmiyyətlidir. Tarixi gənc nəslə necə, hansı tərzdə öyrətmək çox önəmlidir. Yəni dialoq bir millətin dilindən, dinindən, mədəniyyətindən ayrılması, tarixini danması demək deyil. Əksinə, bunların hamısına sahib olan xalq digər xalqlarla daha yaxşı anlaşa, daha yaxşı əlaqələr qura bilir. Çünki özünə hörmət edən digərlərinə də hörmət edə bilir.

Qvami Məhəbbətoğlu: DA-nın sabahı barədə nə deyə bilərsiniz?

Azay Quliyev: Mən DA-nın xoşniyyətli bir platforma olduğuna inanır və onun perspektivli olacağına ümid edirəm. Odur ki, bu qurumun növbəti tədbirlərində daha fəal iştirak etmək niyyətindəyəm. Həm də bu quruma öz töhfəmi də verməyə hazıram.