“O ədəbsiz sözləri əhli küfür belə dilinə gətirmədi”
Fəthullah Gülən uzun səssizliyə son qoydu və müzakirə edilən məsələlərlə bağlı ilk dəfə ictimaiyyətə açıqlama verdi. 17 Dekabr rüşvət və korrupsiya istintaqından Ergenekon cinayət işində ittiham olunan şəxslərin azadlığa buraxılmasına, adına ünvanlanan iftira və həqarətlərdən 30 mart bələdiyyə seçkilərinədək hər kəsi maraqlandıran sualları böyük səmimiyyətlə cavablandırdı. 5 gün çəkəcək müsahibədə Xocaəfəndinin Türkiyənin keçirdiyi bu ağır dövrdə baş verən hadisələrə münasibəti, duyğu və düşüncələri ilə tanış olacaqsınız.
Müsahibə almaq üçün yanına gedəndə kədər və hüzn içində idi, amma mətanətini zərrə qədər itirməmişdi. Görünür, xoşagəlməz sözlərdən incimişdi, ancaq bu inciklik onu azacıq da olsa, ümidsizliyə sövq etməmişdi, əksinə zülmət qaranlıqdan sonra gözlənilən günəşin doğuşu üçün dua edirdi. Vaxtı-vədəsi çatanda hər şeyin şək-şübhəsiz üzə çıxacağına ürəkdən inandığını sezmək çətin deyildi. “İftiralarla, məqsədli hücumlarla üzləşmək bu yolun yolçusunun dəyişməz alın yazısıdır. Vaxtı gəlincə bəsirət və fərasət hər şeyi silib-süpürüb bir kənara atmış və atacaqdır. Bəsirət qarşısında nə gizli planlar, nə də iftiralar duruş gətirə bilər”, – dedi və əlavə etdi: “Kaş bu gizli planlara və yersiz düşüncələrə qapılanlar getdikləri yolu Quran və sünnə işığında gözdən keçirəydilər...”
Bütün mübahisəli məsələlərin Camaatın üstünə yıxılmasından narahatdı. İctimaiyyətə izah edə bilmədikləri hər məsələni Camaatın üstünə yıxma və özünü təmizə çıxarma refleksinin formalaşdığına diqqət çəkdi. “Orduya kumpas (Hərbçilərə tələ quruldu)” iddialarını bəzi qüvvələrin hiyləgər gedişinə bənzətdi. Şəraitdən asılı olmayaraq, hüquq və ümumbəşəri dəyərləri müdafiə etməyin əhəmiyyətinə toxundu.
Son vaxtlar zati-aliniz haqda ağıla-xəyala gəlməyən yalan və iftiralar ortaya atıldı. Ağır sözlər işlədildi. Bu ittihamlara cavab vermədiniz, əksinə sükut etdiniz.
Əlbəttə, çox üzüldüm, ürəyim sıxıldı. Bu ittihamları hansı dəlilə əsaslanaraq belə əminliklə dilə gətirirlər, düzü, başa düşə bilmirəm. Dilimə gətirmək istəmədiyim o çirkin sözləri, ittihamları tarix boyu əhli-küfürün belə mömin haqqında söylədiyini xatırlamıram. Bu sözləri onlara yaraşdırmıram. “Yalan deyirlər” deməyəcəyəm. “Olmayan şeylərlə insanları yanıldırlar” deməyə üstünlük verirəm. Ancaq öz-özümə belə təssəlli verirəm: hər dövrdə, ələlxüsus da, fitnənin meydan suladığı dönəmlərdə insanlara ləkə yaxılmış, möminlərin izzəti tapdalanmış, məsələnin mahiyyətindən xəbərsiz insanlar da həmin günaha bilə-bilə və ya bilməyərək bulaşdırılmışdır. Biz kimik ki... Aişə anamıza sağlığında iftira atanlar olmuşdu. Daha betəri, mülhidlər Allaha iftira atdılar. Quranda neçə yerdə bu iftiralardan bəhs edilir. Haşa, “Allahın övladı oldu”, haşa “Mələklər Allahın qızlarıdır” dedilər. Cənabi-Allah haqqında deyilən bu ədəbsiz sözlər həmişə ürəyimi göynətmişdir. Təsəvvür edin, bunu Allaha, peyğəmbərlərə, Cənabi-Allahın övliya bəndələrinə rəva bilmişlər. Bu gün də bəzi möminlər mənim kimi bir qitmirə qarşı edirlər. “Onlar haqqında deyilən sözlərdən çox deyil ki!” deyib öz-özümə təsəlli verirəm...
Hər kəs öz xarakterini ortaya qoyur. Zülmü bacaranlar zülm edirlər. Sizin üslubunuzda iti dişlər olmadığı üçün “dişləyə” bilməzsiniz. Belə daha yaxşıdır. Qoy onlar zülm etsin, zülmə davam etsin, biz də təmkinlə layiq olanlara Cənabi-Allahdan mərhəmət və məğfirət diləyək, onları bu səhv yoldan qurtarmasını istəyək. İftiralarla, məqsədli hücumlarla üzləşmək bu yolun yolçusunun dəyişməz alın yazısıdır. Vaxtı gəlincə bəsirət və fərasət hər şeyi silib-süpürüb bir kənara atmış və atacaqdır. Bəsirət qarşısında nə gizli planlar, nə də iftiralar duruş gətirə bilər. Kaş bu gizli planlara və yersiz düşüncələrə qapılanlar getdikləri yolu Quran və sünnə işığında gözdən keçirəydilər.
Tez-tez oxuduğunuz “Dost bivəfa, fələk birəhm, dövran bisükun. Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun...” (Füzuli) misraları hazırkı vəziyyəti təsvir etməyə kifayətdirmi?
Dostlarımızın, demək olar, hamısı vəfalı çıxdı. Hətta bu qədər yalan-palana baxmayaraq, qardaşlarımız, dostlarımız arasında, demək olar ki, sarsıntı keçirən olmadı. Ancaq könül istər ki, hər kəs mövqeyinə, məqamına layiq hərəkət eləsin. Ancaq bəzən bu umduğumuzu görə bilmirik.
Yaşı xeyli ötmüş, dünyagörmüş bəzi köhnə dostların haqpərəstlik naminə çıxıb bir-iki söz deməsini ummağa haqqımız varmı-yoxmu, bilmirəm. Ancaq bunu deməklə kifayətlənirəm: bəzi insanlara “yaxşı günün dostu” olmağı yaraşdıra bilmədim.
Fəqirdən (özünü qəsd edir) ötrü canından keçməyə hazır olduğunu söyləyən bir insan vardı. 12 Mart çevrilişdindən sonra həbsdən çıxdı, Bozyaxa yataqxanasının tikintisi gedirdi, “Bunu başa vuraq” dedim. “Allah xatirinə, məni bu işə qatmayın!” dedi. Əsas məsələ məhz belə çətin dövrlərdə mətin dayanmaqdır. Hər kəs öz xaraktirinə görə hərəkət edir. İnciməmək lazımdır. Kim başını aşağı əyəcək, kim xəcil olacaq? Onsuz da o biri dünyada bilinəcək. Biz axirət üçün bunlara sinə gəririk. Biz əbədiyyəti arzulayırıq. İstəyiniz əbədiyyətdirsə, “dünyeyi-duna (alçaq dünyaya)” meyil etməyə dəyməz.
Bütün aləm eşitsin: biz bizə aid haqqı halal edirik! Amma bu təcavüzkarlıqda dinin haqqı varsa, müqəddəs əmanətin haqqı varsa, əlbəttə, bunun hesab-kitabını sahibi aparacaq. Təcavüzkar gözləmədiyi yerdə bir də baxır ki, baş aşağı yuvarlanıb. Əslində belə bir şeyin olmasını da arzu etmirik, çünki insanın qəlbi gül kimi olmalıdır. Bəyanı da gül kimi olmalıdır ki, keçdiyi yerlərə ətir saçsın.
Bu gün edilən zülm çevriliş dövrlərindən on qat artıqdır
28 Fevral çevrilişində ən çox haqqı tapdalanan və əziyyət görən insanlardan biri də sizsiniz. Tarixdə misli-bərabəri olmayan bir media hücumunun ardınca sizi məhkəməyə verdilər və məhkəmə işi 8 il davam etdi. İşi-gücü əleyhinizə çalışmaq olan bir qrup 28 Fevrala dəstək verdiyinizi iddia edərək növbəti haqsızlığa zəmin hazırlayır. Yenə eyni şeylərin təkrarlandığını düşünürsünüz?
Buna bənzər təzyiqlərlə dəfələrlə qarşılaşmışıq. 12 Mart Memorandumunda “dövlətə sızma” ittihamı ilə 6 ay yarım həbsdə yatdım. O dövrlərdə konstitusiyanın 163-cü maddəsi – Özal ləğv edənədək – qılınc kimi müsəlmanların başının üstünü kəsdirmişdi. 12 Sentyabrda (1980) 6 il təqib edildim. Təzyiq göstərdilər. Dostlarımıza, qardaşlarımıza əziyyət verildi. Bir mənada, çevrilişin təzyiq və təqibləri ilə yaşamaq bizim həyat tərzimiz oldu. İndiki hadisələr hərbi çevriliş dövrlərindən on qat artıqdır.
Bütün bunlara baxmayaraq, şikayətçi deyiləm. İndi də eyni şeyləri bizlə bir qibləyə yönələn insanlar edir. “Bunun ağrı-acısı ilə əvvəliklər arasında bir fərq yoxdur” desəm, doğru olmaz. Ancaq “Bu da keçər, ya Hu!” deyib səbir etməkdən başqa əlimizdən nə gəlir!
28 Fevralda daha böyük antidemokratik hadisələrin meydana gəlməməsi üçün çırpınırdım
28 Fevralda Baş Nazir Nəcməddin Ərbakana və hökümətə yönəltdiyiniz tənqidləri xatırladır və çevrilişə dəstək verdiyinizi iddia edirlər...
Rəfah partiyası seçkilərdə qalib gəldikdən sonra hamıya məlumdur ki, Türk Silahlı Qüvvələr (TSK) daxilində bir hərəkərlənmə başlanmışdı. Qara buludlar başımızın üstünü almışdı, amma tufan hələlik qopmamışdı. Ankarada rəhmətlik Yavuz Gökmən və Fəhmi (Qoru) bəyi xatırlayıram. Fateh (Çəkirgə) bəy vardı. Bu fikirlərimi onlarla da bölüşmüşdüm. Çox haqsız və səviyyəsiz etirazlarla qarşılaşdım. Halbuki təhlükənin ayaq səslərini sezən başqa insanlar da vardı. “Susurluq” skandalı ilə paralel meydana gələn ictimai etirazdan öz mənafeyi üçün istifadə edənlər çevriliş planını həyata keçirəndən sonra artıq iş-işdən keçmişdi. “Susurluq”la bağlı MİT-in hazırladığı sənədə axıra yaxın fəqirin (özünü nəzərdə tutur) də adı əlavə edilmişdi. Bunda kimin barmağı olduğunu daha sonra öyrənsəm də, möminlərə tənə vurmadım, içimə atdım. Sonra 28 Fevral hadisəsi baş verdi. Və o bildiyimiz bəyənatın ikinci maddəsinə görə, məktəblərin vahid tədris sistemi çərçivəsində dövlətə təhvil verilməsi tələb edilirdi. Gərginliyin son həddə çatdığı o dövrdə xalqımızın bu işdən minimum zərərlə qurtulması üçün yollar axtarırdım və bir çox insan kimi mən də növbədənkənar seçki fikrini dilə gətirdim. Yeni seçki qanunu ilə növbədənkənar seçki aparılmasını təklif etdim. Bunu deyən təkcə mən deyildim. Başda Qorqud Özal olmaqla bir çox tanınmış sima da eyni fikri səsləndirdilər. Hətta höküməti dəstəkləyənlər arasında da bu cür düşünən və qəzetlərin manşetində eyni fikirləri səsləndirənlər olmuşdu. Arxivlərə baxsanız, kimin nə dediyini, nə yazdığını görəcəksiniz.
Bir məsələ də vardı. O dövrün çevriliş qoxuyan ab-havasında Əmək və Əhalinin Sosial Müdafiə Naziri rəhmətlik Nəcati Çəlik bəyə bu haqda fikirlərimi söylədim. Şahidim də var. Ələddin Qaya bəy və Məlih Nural bəy həmin görüşdə mənimlə birlikdə idi. “Höküməti yıxmağı planlayırlar...” dedim. Antidemokratik bir hadisənin meydana gəlməməsi üçün çırpınırdım. Nəcati bəy böyük həyəcanla sözlərimi dinlədi, durub getdi. Rəhmətlik Ərbakana məsələni çatdırmışdı. Ancaq hadisənin qarşısını almaq üçün tədbirlər görülmədi.
Tansu (Çiller) xanımı da yaxınlaşan təhlükədən xəbərdar etməyə çalışdım, xoşagəlməz gedişatı çatdırdım. Tansu xanım “Təmkinli olaq” deyəndə üzülmüşdüm. Təfərrüata girmədim. Kimsəyə məramımı çatdıra bilmədiyimi gördüm və hal-hazırda qonşu bölgədə baş verən hadisələrə bənzər faciənin qarşısını almaq üçün sözümü deməyi zəruri bildim.
“Növbədənkənar seçkilər” planları alt-üst edə bilərdi
Kimsəyə “öhdəsindən gələ bilmədiniz” deməyə həddim çatmır. Hər kəsə, ələlxüsus da xalqın seçdiyi insanlara hörmət etməyə çalışdığımı hamı bilir. Onda Həzrət Əbu Bəkir və Ömər ibn Əbdüləziz kimi böyük şəxsiyyətləri nümunə göstərərək hakimiyyətdən getməyin qəbahət olmadığını izah etməyə çalışdım. Əgər xalqa dönüş daha böyük təhlükələri sovuşduracaqsa, – bu, 27 May üçün də, 12 Sentyabr üçün də keçərlidir – o yolu seçmək lazımdır. Belə ki, 27 Aprel Memorandumundan sonra AKP höküməti bir həftə içində növbədənkənar seçkilərin aparılmasına dair qərar qəbul edərək belə bir təhlükəni sovuşdurmuşdu. İqtidar 28 Fevraldakı kimi höküməti yıxmaq istəyənlərin planlarını xalqa üz tutaraq, seçki qərarı verərək alt-üst etmişdi. Mən də eyni şeyi demişdim: “Seçki qanununu dəyişdirərək növbədənkənar seçki keçirin”.
Bunu qeyd etməkdə fayda görürəm. O dövrdə “Susurluq” sənədinə və “28 Fevral” bəyənatına yaxşı baxsalar, xuntanın əsas hədəflərindən birinin də bu Hərəkat olduğunu görəcəklər. Daha sonra başımıza gələnlər hazırlanan planların həyata keçirilməsindən ibarət idi. Bunun əksinə bir şey iddia etmək nə insafa sığar, nə də həqiqətə uyğun olar.
İzah edə bilmədikləri hər şeyi Camaatın üstünə yıxırlar
Əvvəlki görüşlərimizdə “Camaat Fənərbaxçanı ələ keçirir...” iddialarını təəccüblə qarşıladığınızı, bunu anlamaqda çətinlik çəkdiyinizi söyləmişdiniz. Ortaya çıxan yeni məlumatlara baxanda bu iddiaları necə dəyərləndirirsiniz?
Bəli, Fənərbaxça say-seçmə futbol klublarımızdan biridir. Gördüyüm qədər, idarə heyəti və azarkeş bir-birinə möhkəm bağlıdır. Bu, təqdirəlayiq bir haldır. Bundan kim narahat ola bilər ki? Mən Qalatasaray Avropada qalibiyyət əldə edəndə çox sevinmiş, fəxr etmişdim. Arzum odur ki, Beşikdaş, Trabzonspor və digər komandalar da böyük nailiyyətlər əldə etsinlər. Dünyada böyük şöhrət qazansınlar. “Fənərbaxçayı ələ keçirmə”, “Qalatasarayı ələ keçirmə” təşəbbüslərini siyasi əməllərdən savayı, başqa nə cür izah etmək olar? Xalqa izah edə bilmədikləri hər şeyi Camaatın üstünə yıxma, özünü təmizə çıxarma refleksi formalaşıb. Ortaya yeni sənədlər çıxandan sonra anlaşıldı ki, bu da bir iftiradır.
“Kumpas (tələ)” sözü bir oyundan ibarətdi
Başda Ergenekon istintaqı olmaqla, cəmiyyətin yaxından izlədiyi məhkəmələrdə cinayətlə ittiham olunan şəxslər azadlığa buraxıldı. Bu haqda nə düşünürsünüz?
Qanun və sistem nə tələb edirsə, hüquq nə deyirsə, biz onun tərəfindəyik. “Kumpas” sözü hiylə və oyundan başqa bir şey deyil. Öz əməllərini Camaatın üstünə yıxmağa çalışdılar. Bir adamdan ötrü Milli Məclisi yığıb qanun çıxardılar. İstəsəydilər, bu insanlar üçün də eyni şeyi edə bilərdilər. Təxliyə etmək başqa, istintaq prosesi başqa. İstintaq davam edir. Hüququn verdiyi qərara hörmət etmək lazımdır. Biz həmişə hüququn, ümumbəşəri dəyərlərin tərəfində olmuşuq, olacağıq da. Ən çətin vaxtda hücuma məruz qalanda belə hüquqa hörmət etmək lazımdır.
- tarixində yaradılmışdır.