75 milyonun vicdanı Fəthullah Gülən Xocaəfəndi
ABŞ səfərində Fəthullah Gülən Xocaəfəndi ilə görüşən Baş Nazirin Müavini Bülənt Arınc görüş təəssüratlarını ictimaiyyətlə bölüşüb. Xocaəfəndini “siyasətin fövqündə dayanan insan” kimi xarakterizə edən Arınc: “Türkiyədə 75 milyon insanın vicdanı olaraq həqiqəti danışan, düzgün məsləhət verən, müxalifətlə belə mülayim üslubla davranmaq və nəzakətli münasibət qurmaq istəyən bir hərəkatın içindədir. Öz mövqeyimizdən yanaşanda bizimlə əlaqəli heç bir problem görünmür. Bunu əminliklə deyirəm”, - deyib. Xocaəfəndini Manisada işlədiyi 1975-76-ci illərdən tanıdığını bildirən Arınc: “Əvvəla həyat yoldaşımla birlikdə etdiyim bu ziyarətdə məqsədim qırx ildir, sevib-saydığım, dualarımdan əskik etmədiyim bir insanın üzünü görmək, duasını almaqdı. Xüsusi qeyd etməliyəm ki, bu şəxsimə aid bir ziyarətdir. Baş Nazirimiz salam, sevgi və xoş məramını çatdırmağı istədi. “Bizə görə bir əmri, tövsiyələri varmı, onu da öyrən”, ‒ dedi. Son vaxtlar bəzi məsələlər ətrfaında yerli-yersiz yazılar yazaraq şübhə oyatmağa çalışırlar. Bunları bilavasitə ona çatdırmaq, bu mövzuda tövsiyəsi, məsləhəti varsa, yaxud bizim bilmədən elədiyimiz bir səhvimiz varsa, yol göstərməsini rica eləmək üçün getmişdim”, - deyib.
Siyasətin fövqündə dayanan bir insan
Hökümətlə camaat arasında soyuq münasibət, paxıllıq, hətta rəqabət olduğu haqda iddiaları təkzib edən Arınc: “Mən buna qəti etiraz edirəm. Xocaəfəndini yaxşı tanımadıqlarına, yaxud da onun gördüyü işləri layiqincə qiyəmətləndirmədiklərinə görə bu kimi iddialar ortaya atırlar. Xocaəfəndini bir siyasi partiyanın qəlibinə salmaq və ya gördüyü işləri bir hökümətlə eyni tutmaq doğru deyil. Mənim fikrimcə, Xocaəfəndi siyasətin fövqündə dayanan bir insandır. Biz AKP-li Fəthullah Güləni istəmirik. Siyasətə etinasız deyil, amma onu siyasi bir partiyanın dar qəlibləri içində və ya hökümətin gördüyü hər işi “Nə gözəl!” deyib alqışlayan bir şəxs kimi görməmək lazımdır. Bizdən daha yaxşı görür. Məsələləri daha yaxşı dəyərləndirir. Türkiyəni və dünyanı yaxından izləyir. Buna şəxsən şahid oldum”, - deyib. Xocaəfəndinin Baş Nazir Ərdoğanı çox sevdiyini qeyd edən Arınc söhbətinə belə davam edib: “Bunu tez-tez dilə gətirir. Ona çox dua edir. Çox böyük işlər gördüyünə inanır. Hökümətimizin on ildə gördüyü uğrulu işlərin hamısını təqdir edir. Ancaq bəzi mövzularda daha diqqətli, daha təmkinli hərəkət edilməsini, üslub məsələlərinə çox diqqət yetirilməsini istəyir”.
Onu gördüyü işlərinə görə sevirik
Xocaəfəndinin insanları fitnəkar söz-söhbətlərdən uzaq olmağa səslədiyini, bu məsələdə onunla həmfikir olduğunu deyən Arınc: “Əgər bir xəbər almısınızsa, bizim əleyhimizə bir şey varsa, bunu bilavasitə görüşərək öyrənəcəyimizi, xətamız varsa, düzəldə biləcəyimizi söylədim. O da bundan çox məmnun qaldı. “Əli boş qayıtdı” deyənlər, yaxşı qarşılanmadığımı yazanlar oldu. Allah onlara ağıl versin. Bunların heç biri doğru deyil. Bizim dostluğumuz Allah üçündür. Onu bu günədək Türkiyə və dünya naminə gördüyü böyük işlərə görə çox sevirik”, - deyib. Arınc Baş Nazir Ərdoğanın Xocaəfəndinin Türkiyəyə qayıtmasını intizarla gözlədiyini və buna şad olacağını xatırladaraq: “Vətən həsrəti ilə, məmləkət həsrəti ilə alışıb yanan bir insandır. Şəxsi otağında düzülən hədiyyələri bir görsəniz, bunlar vətən torpağı ilə doldurulmuş kasalardan başqa bir şey deyildir. Türkiyəni çox sevir, məmləkətinə çox bağlıdır. Müəyyən səbəblərdən hər halda bir müddət də orada qalmağı düşünür. Hal-hazırda qayıtma ehtimalı görünmür”, - deyib.
- tarixində yaradılmışdır.