Hollandiyalı Nazirdən Türk Vəkilə Demokratiya Dərsi
Hollandiya Daxili İşlər Naziri Piet Heijn Donner Hollandiya Parlamentinin Daxili İşlər üzrə Komissiyasında "Gülən Fəaliyyəti" haqqında fikirlərini bildirərkən Sosialist Partiyasının (SP) nümayəndəsi Səadət Karabuluta demokratiya dərsi verdi. Donner "Fəaliyyət Hollandiyada inteqrasiya prosesində böyük uğurlar qazanmışdır" açıqlamasını verdi. İnsan haqları və inanc azadlığına diqqət çəkən Donner təhlükəsizlik qurumunun hesabatlarına görə Gülən Fəaliyyətinin Hollandiya dövləti üçün təhlükə təşkil etmədiyini söylədi. Donner, "Bu Fəaliyyət Hollandiyada mövcud olan digər qruplarla müqayisədə inteqrasiya mövzusunda ən uğurlu olanlardan biridir. Hollandiyalı Türklərin inteqrasiyasına da mühüm töhfələr verir" dedi.
Gülən Fəaliyyəti ilə bağlı olan təhsil müəssisələrinin uğurlarından danışan nazir Donner bu qurumlarda daha çox Türk uşaqlarının oxuması haqda tənqidləri cavablandırdı. Nazir Donner "Mən Lüksemburqda yaşayanda orada Hollandiyaya aid müəssisələr vardı və o müəssisələrə əksərən hollandiyalılar gedirdi. Dolayısilə hollandiyalı türklərin qurduğu təhsil müəssisələrində oxuyanların əksəriyyət etibarilə türk olması çox normaldır" dedi. Sözügedən məktəblərin hər kəsin üzünə açıq olduğunu vurğulayan Donner fərqli mədəniyyətlərə mənsub uşaqların da buralarda təhsil aldığını dilə gətirdi. Donner "Hazırlanan hesabatda da təsbit edildiyi kimi, bu müəssisələrin məzunları cəmiyyətlə ayaqlaşmaqla yanaşı, iş sahəsində də uğurlar qazanırlar. Bu da onların inteqrasiyaya töhfə verməsinin göstəricisidir" dedi.
"İctimai mübahisələri ölkəmizə idxal etməyin"
SP-nin üzvü Səadət Karabulutun Gülən Fəaliyyəti ilə bağlı olan təhsil qurumlarına verilən subvensiyanın kəsilməsi tələbinə fikrini bildirən Donner bunların dövlət tərəfindən deyil, yerli rəhbərlik tərəfindən verildiyini söylədi. Donner, "Əgər qayda-qanunlara zidd bir şey varsa, lazımi tədbirlər görüləcək. Amma bildiyimiz qədər belə bir şey yoxdur. Bu Fəaliyyət və bu Fəaliyyətə mənsub olanlar şəffaf olduğunu söyləyə bilərik" dedi.
Nazir Donner Səadət Karabulutun israrlı və sərt tənqidlərinə eyni tərzdə cavab verdi: "İctimai mübahisələri ölkəmizə idxal etməməliyik. Bu müəssisələrdən (təhsil, iş dünyası və dialoq təşkilatları) daha nə gözləyə bilərsiniz? Onlar digər insanlardan daha çox Hollandiya cəmiyyətinə inteqrasiya olunublar. Mən indi onları dinlərinə görəmi mühakimə edəcəyəm? Hər kəs sizin kimi düşünmək məcburiyyətində deyil".
Komissiyadakı müzakirədən sonra Hollandiya Parlamentinə təqdim edilən təkliflər təsdiq olundu. Sosialist Partiyasının Nümayəndəsi Millət Vəkili Səadət Karabulutun subvensiyanın kəsilməsi və PVV (Azadlıq Partiyası) Millət Vəkili J. Van Klavarenin "təhsil müəssisələri inteqrasiyaya mane olur" iddiasının araşdırılması barədə təqdim etdiyi təkliflər digər partiyaların müştərək səsverməsi ilə rədd edildi.
"Hüquq dövlətinə etibarımız təzələndi"
Hollandiya Gənc İş Adamları Federasiyası (HOGİAF) İdarə Heyətinin Üzvü Ahmet Taşkan Daxili İşlər Naziri Donnerin HOGİAF-ın da daxil olduğu bütün dərnəklərlə bağlı açıqlamasını məmnuniyyətlə qarşıladığını bildirdi. Taşkan Nazir Donner Fəthullah Gülən Xocafəndiyə könül verən insanların əksəriyyətinin yüksək təhsilli olduğunu, hamısının işlədiyini və digər toplumlarla da aktiv və möhkəm dialoq münasibətlərində olduğunu söylədi. Taşkan sözügedən insanların inteqrasiya üçün onsuz da artıqlaması ilə iş gördüyünü dilə gətirdi.
Radikal sağçı PVV ilə radikal solçu SP-nin verdiyi təkliflərin bütün partiyalar tərəfindən rədd edilməsinə diqqət çəkən Ahmet Taşkan "HOGİAF olaraq bizim Hollandiya hüquq dövlətinə etibarımız təzələnmişdir. Təkliflərdə Gülən Fəaliyyəti ilə bağlı hökumətə yeni araşdırmalar təklif edildiyini bildirən Taşkan: "Hökumət Daxili İşlər Naziri Donnerin dilindən lazımi araşdırmaların aparıldığını, yeni bir araşdırmaya ehtiyac olmadığını ortaya qoydu" dedi.
Hollandiyada iki il əvvəl də inteqrasiya və Parlamentin Daxili İşlər üzrə inteqrasiya komissiyasında Gülən Fəaliyyəti haqda üzvlərə məlumat verilmişdi. Nazirlər Gülən Fəaliyyətinin inteqrasiyanın əleyhinə çıxmadığını vurğulayaraq Fəaliyyətin radikalığa meyilli olmadığını bildirmişdi.
- tarixində yaradılmışdır.