"The Wall Street Journal"ın Fəthullah Gülənlə müsahibəsi: "Gördüklərim xoşagəlməz və çirkindi"

Amerika Birləşmiş Ştatlarının nüfuzlu qəzetlərindən "The Wall Street Journal" (WSJ) Fəthullah Gülən və "Gülən Fəaliyyəti" haqqında geniş məqalə dərc etdi.

Pensilvaniyada qaldığı evdə müsahibə verən Gülən İsrailin qanlı basqını ilə bağlı fikirlərini də bildirdi.

Fəthullah Gülən yardım gəmisinə törədilən qanlı hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verdi: "Qəzzədə baş verən insanlıq faciəsinə son qoymaq arzusu ilə yola düşən, məruz qaldıqları müəssif hücumda həyatını itirərək şəhid olan insanlarımıza Allahdan rəhmət diləyir, başda ailələri olmaqla millətimizə və insanlığa başsağlığı verirəm"

"Gördüklərim xoşagəlməz və çirkindi"

Başsağlığında Qəzzədə yaşanan faciəyə diqqət çəkən Gülən verdiyi müsahibədə isə Qəzzəyə yardımın təşkili ilə bağlı tənqidlərini dilə gətirdi. Gülən "təşkilatçılar əvvəlcə İsraillə razılığa gəlməli, bunsuz yardımın mənfi nəticələr doğuracağını öncədən nəzərə almalı idi" dedi. Gülən Joe Laura imzası ilə çıxan bu müsahibədə İsrailin gəmilərə basqını ilə bağlı: "Gördüklərim xoşagəlməz və çirkindi," - dedi.

Xəbərdə 100-dən çox ölkədə fəaliyyət göstərən İHH-nin Qəzzəyə yardım gəmisinə rəhbərlik etməsindən Gülənin son günlərdə xəbər aldığı bildirildi. Gülənin məlum hadisə ilə bağlı "mötədil" ifadələr işlətdiyini bildirən "WSJ"  onun İHH haqqında "siyasiləşib-siyasiləşmədiyini söyləmək asan deyil" dediyini də qeyd etdi. Gülənə görə, ona yaxın qurumlar Qəzzəyə yardım məsələsində İsraillə razılaşmadan hərəkət etməməlidir və hücumdan sonra ən yaxşı ünvan Birləşmiş Millətlər Təşkilatıdır.

"WSJ" "Türkiyənin ən nüfuzlu dini lideri" və "Amerikada münzəvi həyat yaşayan" Gülənin fikirlərinin ABŞ-ın müttəfiqi, demokratiyanın yenidən formalaşma meydanına çevrilən Türkiyədə diqqətlə izlənildiyini vurğuladı. Xəbərdə sözügedən mübarizənin "ölkədəki qatı dünyəviçilər və hərbi qruplaşma" ilə "daha demokratik və dinə daha tolerantlı yanaşan İslam təmayüllü hökumət" arasında getdiyi bildirildi.

"WSJ" müxbiri Joe Laura Fəthullah Gülənin qaldığı evi gəzərkən təəssüratını qələmə aldı. Laura Gülənin qaldığı evin salonunda Türkiyə xəritəsi, Qurani-Kərimdən bir ayə və İstanbul Boğazının üstündən keçən bir Türk F-16 təyyarəsinin fotoşəkilini gördüyünü bildirdi. Müsahibədə Gülənin özünü "siyasətlə əlaqəsi olmayan bir adam" hesab etdiyini bildirildi və "Mən özümü müridləri olan bir adam kimi görmürəm" sözlərinə diqqət çəkildi.

Zorakılıqdan uzaq, dialoqa yaxın...

"WSJ" bildirdi ki, Gülən fəaliyyəti hərbi və sekulyar qurumların üstünlük təşkil etdiyi Türkiyədə İslami təmayüllü milli bir fəaliyyət başlatdı, bunu isə varlı müsəlmanların dəstəyi ilə həyata keçirdi. "Wall Street Journal" Fəthullah Gülənin zorakılıqdan uzaq olduğuna, Qərblə İslamın dialoqunu dəstəklədiyinə və İslamla dünyəvi elmi birləşdirən təhsil sisteminə üstünlük verdiyinə diqqət çəkərək, "Onun köşə yazıları, internetdə yayımlanan həftəlik söhbətləri və digər fikirləri kitablaşdırıldı, təqribən 60 cildlik əsərə çevrildi. Təxminən 3-8 milyon insan sözügedən fəaliyyətə bağlıdır" ifadələrinə də yer verdi.

Könüllü nümayəndələrin 100-dən çox ölkədə məktəblər açdığını, maliyyə və media sahəsində güclü qurumları olduğunu yazan "WSJ" Gülənin heç bir şirkətin rəhbərliyində iştirak etmədiyini və pul məsələləri ilə maraqlanmadığını vurğuladı. Fəaliyyətlə bağlı könüllülərin "gəlirlərinin üçdə birini müvafiq qurumalara bağışladığına" da diqqət çəkdi.

Gülənin əleyhinə olan tənqidlərə də təmas edən qəzet Vaşinqton İnstitutunda Türkiyə üzrə mütəxəssis işləyən Soner Çağaptayın "Türkiyədə polis gücünün yüzdə 70-inin Gülən tərəftarıdır, bundan da sekulyarizmin qalası sayılan güclü Türk ordusu ilə tarazlıq yaratmaq üçün istifadə olunur" fikrinə də yer verdi. "WSJ" Güləni hörmətdən salmağa çalışanların "onun qurduğu imperatorluq bir gün Türk dövlətini yenidən formalaşdıracaq İslami elitaya yolgöstərici funksiya daşıyır" fikrini də əlavə etdi. Gülən isə bu kimi iddiaların yalnız beyin oxuma üsulu ilə təsdiqlənə biləcəyini söyləyərək sözlərinə belə davam etdi: "Mən heç bir qrupun lideri olmadığım kimi, heç bir dövlət nümayəndəsinin rəsmi vəzifəsini buraxıb mənə tabe olmasını da istəmirəm".

Amerika rəhbərliyi qərarsızdır

ABŞ-da Gülənlə bağlı qərarsız fikirlərin olduğunu iddia edən WSJ CIA-nın Türkiyə üzrə sabiq dövlət xadimi Graham Fullerin fikirlərinə də yer verdi: "Bir tərəfdə ABŞ Güləni çox mülayim və çox yaxşı işlər görən insan kimi qəbul edir. Ancaq bildiyimiz kimi Vaşinqton Türkiyədə dünyəviçilik tərəfdarlarına illər boyu dəstək verdi".

AK Partiyanın iqtidara gəldiyi 2002-ci il seçkilərinin Gülən və fəaliyyəti üçün yeni bir səhifə açdığını iddia edən "WSJ" bu ifadələrə yer verdi: "AK Partiya israrla bildirir ki, Gülənlə siyasi əlaqəsi yoxdur. Fəthullah Gülən isə onun mövcud iqtidarla əlaqələndirildiyini deyir və belə əlavə edir: "Mənim siyasi bir fəaliyyətlə heç vaxt əlaqəm olmadı. Mən sadəcə bir Türk vətəndaşıyam".

Türkiyənin gerçəkləri dünyaya çatdırılmalıdır

Gülən fəaliyyətinin keçən ay ABŞ-da təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən 180 qurumu "Türk-Amerika Federasiyaları Asambleyası" adı altında bir araya gətirdiyini qeyd edən qəzet Gülənin onu ziyarət etmək istəyənlərə "Yaşadığınız yeri təmsil edən millət vəkillərinə dəstək vermədən məni ziyarət etməyə gəlməyin" sözlərinə də yer verdi. Xəbərdə yerli siyasətçilərə dəstək verməyin İslami ənənədə də olduğunu bildirən Fəthullah Gülən: "Bu həm dini, həm də insani vəzifədir. Bəzən eşidirəm, ABŞ-da bəzi insanlar Türkiyəni radikalizmin mərkəz kimi görürlər" sözləri ilə Türkiyənin düzgün tanıdılmasının əhəmiyyətini vurğuladı. Qəzetdə həmçinin bildirildi ki, qurulan yeni federasiyanın hədəfi "Türkiyə gerçəklərinin səmimi, dialoq tərəfdarı və açıq fikirli insanlarla təmsil edilməsidir".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.