İsrailin hücumu və Gülənin müsbət hərəkət fəlsəfəsi
İyunun ilk günlərindən İsrailin Qəzzadakı müsəlmanlara yardım aparan Türkiyə gəmisinə hücumu ilə başlamış siyasi gərginlik davam edir. Aradan ötən müddət ərzində bütün dinc məqsədli təşəbbüslərə baxmayaraq rəsmi Təl-Əviv təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil, amma İsrailin səbəb olduğu siyasi gərginlik öz yerində, indi müsəlman dünyası başqa bir gərginlik dalğası yaşayır. Möhtərəm Fəthullah Gülənin ABŞ-ın "The Wall Street Journal" qəzeti vasitəsilə hadisəyə münasibət bildirməsi Qərbdə sakit qarşılansa da, bizdə birmənalı qarşılanmadı. Müsahibədəki həmin məqama birdə nəzər yetirək. Fəthullah Gülən deyir: "Qəzzədə baş vermiş insanlıq faciəsinə son qoymaq arzusu ilə yola düşən, məruz qaldıqları müəssif hücumda həyatını itirərək şəhid olan insanlarımıza Allahdan rəhmət diləyir, başda ailələri olmaqla millətimizə və insanlığa başsağlığı verirəm. Təşkilatçılar əvvəlcə İsraillə razılığa gəlməli, bunsuz yardımın mənfi nəticələr doğuracağını öncədən nəzərə almalı idilər". Müxtəlif rəng verilmiş fikirdə mübahisə doğurmuş cümlə axırıncı cümlədir: "Təşkilatçılar əvvəlcə İsraillə razılığa gəlməli, bunsuz yardımın mənfi nəticələr doğuracağını öncədən nəzərə almalı idilər". Azərbaycanın yerli mətbuatı bu fikirlərə belə reaksiya vermişdi: "ABŞ-da yaşayan ruhani lider Fəthullah Güləndən şok açıqlama", "Güləndən İsrail hücumuna dəstək", " Fəthullah Gülənin İsrail sevgisi" və s. Məsələnin şərh olunmalı iki məqamı var: siyasi və mənəvi tərəfi. Siyasi tərəfindən başlayaraq, etiraz edənlərin ən ciddi arqumenti budur ki, Gülən nəyə görə "İsraillə razılığa gəlinməlidir" deyir. Elə isə alternativ arqument: Məgər dünyada İran və Fələstindən başqa üçüncü bir tərəf varmı ki, İsrali dövlət kimi tanımır? 1948-ci ildə BMT-nin qətnaməsi ilə qurulmuş İsrail dövləti bütün dünyada de-yure və de-fakto dövlət kimi qəbul edilir. Azərbaycan və Türkiyə də daxil olmaqla bir çox müsəlman ölkələri İsraillə bir qanuni dövlət kimi münasibətlər qurub. Yəni bu gün İsrail yürütdüyü təcavüzkar siyasətdən asılı olmayaraq özünə görə bir dövlətdir və onunla nədəsə razılaşmamaq üçün ciddi yuridik əsaslar mövcud deyil. Digər tərəfdən, Gülən İsraillə razılaşmanı irəli sürürkən bu dövətin indiyə kimi apardığı siyasəti də nəzərdən qaçırmır. İsralin yaxın tarixinə fikir versək görərik ki, bir əsgərinin səhvən öldürülməsini bəhanə edərək dağıdıcı müharibəyə getməkdən çəkinməyən, "vətəndaşım oğurlanıb" vay-şivənilə ağlasığmaz təcavüzə gedən bir dövlətdir. Belə olan halda, İsrail "Mavi Mərmərə" gəmisinə hücumla kifayətlənməyib, gəmini bir bəhanə ilə batırsaydı -etməzdi deyib lütfən sadəlövhlük etməyin- bu boyda cinayətin məsuliyyəti İsraildən başqa heç kimin üzərinə düşməyəcəkdimi? Bir neçə gündür internet vasitəsi ilə yardım aparmaq istəyən gəminin sağ-salamat Qəzzaya varması üçün rəsmi Ankaranın ictimaiyyətə məlum olan hər hansı diplomatik cəhdlərini araşdırmağa çalışıram. Amma qarşıma bir-iki telefon söhbətindən başqa ciddi bir təşəbbüs çıxmayıb. Fəthullah Gülən tənqidi fikirləri səsləndirərkən elə bu məqamı irəli sürüb: belə bir böhranın ortaya çıxmaması üçün diplomatik-siyasi təşəbbüslər istənilən səviyyədə olmayıb, olsaydı bəlkə də bölgənin siyasi mənzərəsi indikindən bir az fərqli olacaqdı. Zalımla zalımın dilində danışmaq lazımdır, amma bütün imkanlar tükənəndən sonra.
Gülənin açıqlamasının mənəvi tərəfini bir atalar məsələmizlə izah etmək istəyirəm. "Qardaş, sən nə çalırsansa çal, onsuzda mən heyvagülü oynayacağam". Son günlər yerli mətbuatda Gülənə qarşı aparılmış səlib yürüşünün fəlsəfəsi budur, bu böyük könül insanın bütün açıqlamalarında nə isə qeyri-adilik axtarıb həm tirajlarını qaldırmağa çalışanlar var, həm də ictimai rəydə su bulandırmağa can atanlar. Aradan ötən günlər ərzində heç bir mətbuatda Gülənin niyə belə açıqlama verməsini izah edən heç bir yazıya rast gəlmədim, deməli bu "heyvagülü" məsələsidir. İnsafınız Allaha əmanət olsun, bütün ömrü boyu həyatını müsəlmanlığa, türklüyün təmsil olunmasına həsr etmiş bir fikir adamının durduğu yerdə bünövrəsi müsəlman qanı ilə hörülmüş zalım bir rejimi müdafiə etməsi nə qədər ağlabatandır yoldaşlar?! Belə yerdə ötən həftə məsələyə münasibət bildirmiş Türkiyənin dövlət naziri və ziyalı siması Bülənd Arıncın ibrət dolu sözlərinin yeri var. Arıncın bu açıqlaması günlərdir Gülənin müsahibəsi ətrafında gedən dedi-qodulara son qoydu və Gülənin demək istədiyi sətiraltı mənanı üzə çıxardı: "Xocaəfəndi həmişə olduğu kimi doğru söyləyir. Hər şeyə rəğmən müsbət hərəkət etməliyik, bunun yollarını axtarmalıyıq. Zülmə məruz qala bilərik, lakin heç vaxt zalım olmayacağıq". İslam Peyğmbəri ilə başlamış və ondan sonra gəlib-getmiş minlərlə xəlifə, sultan, övliyalarla davam edən, günümüzdə Fətullah Gülənlə davam etdirilən müsbət hərəkət etmək fəlsəfəsi. Allah Rəsuluna qarşı edilmiş bütün pisliklərə rəğmən O, müsbət hərəkəti seçərək düşmənlərini bağışladı, nəticədə qazananlardan oldu, dünya İslamı qəbul etdi. Bu misalları istədiyimiz qədər artıra bilərik. Əslində, Gülən "təşkilatçılar əvvəlcə İsraillə razılığa gəlməli, bunsuz yardımın mənfi nəticələr doğuracağını öncədən nəzərə almalı idilər" - dedikdən elə bunu nəzərdə turturdu. Hər halda İsrail sülhsevər bütün təşəbbüslərə sonuna qədər yox deyəcək durumda deyildi, əgər lazım olan bütün təşəbbüslər göstərilsəydi, nəticədə qazanan yenə Türkiyə olacaqdı. Nəticə etibarilə, bütün dünyanın qınağı ilə üz-üzə qalmasına baxmayaraq İsrail sırf qüruru ucbatından güzəşt addımına getməyəcək.
Böyük fikir insanlarını zamanında anlamaq bütün dövrlərdə müşkül məsələ olub, onlar bizim görmədiklərimizi, hesablaya bilmədiklərimizi hesablaya bilirlər. Fəthullah Gülən də bütün həyatı boyu olduğu kimi yenə də hər kəsin hesablaya bilmədiyi addımı atdı, belə bir gərgin durumda bizə əsl möminin zirehi olan müsbət hərəkət əxlaqını xatırlatdı.
Müsbət hərəkət imanla olur. Bununla bağlı böyük islam alimi Bədiüzzaman Səid Nursidən kiçik örnək. "Afyon həbsxanasında saxlanıldığı bir dönəmdə Bədiüzzamanı mənfi hərəkətə zorlamaq istəyən məhbəs rəisi ağlına görə ona bir tələ hazırlamışdı. Cümhuriyyət bayramı günü qaldığı koğuşun pəncərəsinə böyük bir bayraq asdırmışdı. Güya, Bədiüzzaman bayrağı hikkəsindən cırıb parçalamalı idi, bununla da rəis bəy məhbusun xoşniyyətli biri olmadığını isbat edəcəkdi. Amma Bədiüzzaman o bayraq uğrunda cəbhələrdə tələbələri ilə savaşmış, bəzi tələbələrini şəhid vermiş, özü də böyük əzab-əziyyətlər çəkmişdi. Rəisə dedi: "Sizə təşəkkür edirəm ki, qurtuluş bayramının bayrağını ucaltdınız, demək bu bayramda bu bayrağı seyr etmək mənim haqqımdır"" Bədiüzzamanın həyatından belə müsbət hərəkətlər çoxdur. Böyük islam alimindən müsbət hərəkətin fəlsəfəsi ilə bağlı daha bir misal. "Emirdağ Lahikası" əsərində bildirir: "Bizim vəzifəmiz müsbət hərəkət etməkdir. Mənfi hərəkət deyildir. Rizayi- İlahiyə görə, sırf xidməti-imaniyə yapmaqdır, vəzifeyi-İlahiyəyə qarışmamaqdır. Bizlər asayişi mühafizəni nəticə verən müsbət iman xidməti içində hər bir sıxıntıya qarşı səbirlə, şükürlə mükəlləfik..." (səh. 2/213-4) - deyərək müsbət hərəkətin nə mənaya gəldiyini ifadə edir.
Mənəvi cihadın ən böyük şərtlərindən biri Cənabi-Haqqın vəzifəsinə qarışmamaqdır. Müsbət hərəkətin daha bir tərəfi zülm və işgəncələrə qarşı səbir və dözümlə sinə gərməkdir: "Otuz sənədir müsbət hərəkət etmək, mənfi hərəkət etməmək... üçün mənə qarşı yapılan hücumlara səbirlə, riza ilə cavab verdim" (Emirdağ Lahikası, 2/213). Ümumiyyətlə, onun ömrünün dəyişməz prinsipidir müsbət hərəkət. Müsbət hərəkət Risaleyi-Nurun elm və ürfana, təbliğ, məhəbbət, şəfqətə söykənən irşad metodudur. Bu məslək bütün mücəddidlərin ortaq yolu və fəlsəfəsidir. İmam Qəzalilər, Rəbbanilər, Geylanilər, Mövlanalar bu müqəddəs yolun yolçularıdır. Hamısının ortaq qayəsi insanları Haqqın riza cizgisinə çəkmək, əbədi səadətlərinə vəsilə olmaqdır. Bədiüzzaman həzrətləri mənfi bir hərəkətə sövq etmək üçün edilən bütün işgəncələrə, zülmlərə, oynanan bütün şeytani oyunlara sadəcə acı bir təbəssümlə qarşılıq vermiş, ona zülm edənlər də daxil olmaqla bütün bəşəriyyətin imanını qurtarmaq üçün çıxdığı o müqəddəs yolçuluğunu sarsılmadan və düşmənlik etmədən tamamlamışdır. Budur müsbət hərəkət, bu ülvi yolçuluğun əsası və ritmi.
Daha bir müsbət hərəkət örnəyi Bülənd Arıncın dilindən: "Onun adına bir çox ölkədə institutlar qurulub, bir çox ölkələr parlamentlərinin, universitetlərinin qapılarını bu təlimlər üzünə açıb. Bəs bu insan nə deyir? İnsanlara nə söyləmək istəyir? Hansı metodla hərəkət edir. Açırlar, baxırlar, araşdırırlar altından sülh, sevgi və müsbət hərəkət çıxır. Ona görə də bütün dünyanın izlədiyi bu sistemi, əlbəttə, biz də izləyəcəyik. Və bunun təqibçisi olacağıq ki, insanlar bizim yaxşı niyyətimizə güvənsinlər, səmimiyyətimizə etibar etsinlər. Yoldaşlar, bu adam haqqında onlarla bəraət qərarı var və Türkiyəyə gəlməsində heç bir maneə də yoxdur. Ancaq baxın o nə deyir? "Mənim Türkiyəyə gəlməyimə heç nə mane olmur. Amma ola bilsin ki, bəziləri mənim gəlişimdən istifadə edib Türkiyəni qarışdırmaq istəsin. Mən müsbət hərəkət edirəm. Türkiyənin qarışmasındansa, insanların yalana, xətaya düşməsindənsə, çox sevdiyim vətənimdən uzaqda qalmağı seçirəm" - deyir".
Allah rizası üçün çalışmaq müsbət, riya, göstəriş və mənfəət üçün çabalamaq mənfidir, iman xidməti müsbət, küfür və dəlalət, üsyan, səfalətə çalışmaq mənfidir, Allaha təvəkkül müsbət, İlahi vazifəyə qarışmaq mənfidir, asayişi mühafizə etmək müsbət, qovğa və ixtilaf çıxarmaq, hüzuru pozmaq mənfidir, səbir və şükür müsbət, səbirsizlik mənfidir, müsbət tikiləndir, mənfi dağıdılan...
Ədalət və ibadət müsbət hərəkəti doğurur, müsbət yalnız imanla olur.
Biz belə inanırıq... inanmayanların da Allah köməyi olsun...
- tarixində yaradılmışdır.