ABŞ qəzetlərində Fəthullah Gülən Xocaəfəndinin İŞİD-lə əlaqədar məqaləsi dərc edilib
ABŞ-ın bir sıra qəzetlərində Fəthullah Gülən Xocaəfəndinin İŞİD-la əlaqədar məqaləsi dərc edilib. “İŞİD zülmü şiddətlə lənətlənməlidir” adlı məqalə Nyu York tayms (New York Times), Vaşinqton post (Washington Post), Çikaqo tribun (Chicago Tribune), Uoll strit jurnal (Wall Street Journal) və Los Anceles tayms (Los Angeles Times) qəzetlərində dərc edilib.
İŞİD-in əməllərini “Mənsub olduğunu iddia etdikləri dinin parlaq üzünə yaxılan ləkə” şəklində təsvir edən Xocaəfəndi bunu “bəşəriyyət cinayəti” adlandırıb. Dinin bir məqsədinin də sülh, insan hüquqları, azadlıqlar və hüququn aliliyini bərqərar etmək olduğunu xatırladan Gülən: “Əks halda dini öz mənafeyinə görə şərh edənlər, ələlxüsus da dini münaqişələri körükləmək üçün alət edənlər həm özünü, həm də bəşəriyyəti aldatmış olar”, - deyib.
Fəthullah Gülən Xocaəfəndinin dərc olunan məqaləsi belə davam edir:
Dini don geyinib zülm edən təkcə İŞİD terror təşkilatı deyil. On üç il əvvəl Əl-Qaidə və yaxın vaxtlarda Boko Haram da buna oxşar tərzdə məsum insanlara zülm etmişdir. Bu terror təşkilatların ortaq cəhəti yaradılışdan hər bəşər övladına bəxş edilən uca məqamı insanlara çox görən totalitar zehniyyətlə hərəkət etməsidir.
Azlıqlara və ya məsum sivil xalqa göstərilən təzyiq, ya da zülm Quranın qızıl düsturlarına və Peyğəmbərimizin (s.a.s.) sünnəsinə tamamən ziddir. İŞİD mənsubları, əgər bəzi qaranlıq güclərə alət olmur və ya şəxsi mənafeyi naminə hərəkət etmirlərsə, bağlı olduğunu iddia etdikləri İslam dininin ruhunu zərrəcə qavramayan cahillərdir. Törədilən əməllər şək-şübhəsiz terrorizmdir ki, buna bulaşanlar ədalət qarşısında törətdikləri dəhşətli cinayətlərə görə hesaba çəkilməlidirlər.
Başda jurnalistlər Ceyms Foli (James Foley) və Stiven Sotloffla (Steven Sotloff) humanitar yardım üçün gedən Devid Xeynsin (David Haines) ailə və yaxınları olmaqla İraq və Suriyədə ölənlərin ailə və yaxınlarına başsağlığı verir, Cənabi-Allahdan onlara səbir, mətanət və təmkin verməsini niyaz edirəm. Üstəlik İŞİD-in əlinə keçən bütün əsirlərin dərhal sağ-salamat azad edilməsi və bütün dünya insanlarına bir-birinə hörmət ediyi və sülhün bərqərar olduğu bir dünya bəxş etməsi üçün Cənabi-Allaha dua edir və hər kəsi bu duaya şərik olmağa səsləyirəm.
- tarixində yaradılmışdır.