Azərbaycana Fəthullah Gülən lazımdır

Son zamanlar Azərbaycanda müəyyən radikal dini qruplaşmalar ciddi şəkildə aktivləşməkdə və yeni təhlükə ocaqları formalaşmaqdadır. İstər İranın təsir dairəsində olan dini təşkilatlar, istərsə də Səudiyyə Ərəbistanın nəzarətində olan radikal dini qruplaşmalar həm də silahlı dəstələr yaratmaqdadır. Son bir il ərzində Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirtdiyi əməliyyatlar nəticəsində həbs olunan terror birləşmələrinin sayının həddindən artıq çox olması məsələnin nə qədər ciddi olduğunu sübut edir. Bəs belə olan halda nə etməli?

Təsir əks təsirə bərabərdir

Aydın oldu ki, bu tip təşkilatlara qarşı nə qədər çox yasaq qoyularsa, onlara maraq da bir o qədər artır. Ümumiyyətlə dini qadağalar hər zaman tam əks effekt verib və yasaqlar səbəbindən həmin təşkilatlar əhatə dairəsini daha çox genişləndirə bilib. Elə götürək vəhabiləri. Uzun müddət onlara qarşı yasaqlar qoyuldu, müəyyən təriqətlər tərəfindən sıxışdırıldı. Nəticədə nə baş verdi? Basqılara məruz qalan bu qanada cəmiyyətdə bir maraq yarandı. Bundan məharətlə istifadə edən vəhabilər qısa zaman ərzində ciddi qüvvəyə çevrilə bildilər.

Digər tərəfdən aydın olan budur ki, dini təriqətlər o zaman sürətlə inkişaf edir ki, həmin ölkədə sosial problemlər həddindən artıq çox olsun və siyasi ideologiyada bir boşluq yaşansın. Bu gün Azərbaycan həmin durumdadır və bunun təsiri olaraq insanlar çıxış yolunu bu cür dini təşkilatlarda birləşməkdə görür. Bəs bundan qurtulmaq üçün nələr etmək lazımdır?

Fəthullah Gülənin yolu

Apardığımız araşdırmalar sübut edir ki, bu gün Azərbaycanda İslama yanaşmada ən normal yol Fəthullah Gülənin tutduğu yol ola bilər. Nəyə görə?

İlk növbədə ona görə ki, bu gün Azərbaycanda dini maarifçilik həddindən artıq çoxdur və dini savadsızlıqdan istifadə edən qanadlar istədikləri addımı ata bilir, insanları kor-koranə şəkildə əsas məqsədlərinə xidmət etdirə bilirlər. Buna görə də Fəthullah Gülən yanaşmasında ilk yeri maarifləndirmə, təhsil vermə tutur. Bir zamanların Türkiyəsini yada salın. Dini savadsızlıq ən yüksək səviyyədə idi və Türkiyə əhalisinin bəlkə də 80 faizdən çoxu təhsilsiz idi. Nəticədə milli yöndə qarşıdurmalar, dini cəbhədə isə cahillik hökm sürürdü. Amma Fəthullah Gülən bu problemin həllini dini maarifləndirmədə, əhalinin təhsil almasında gördü. Nəticə isə göz qabağındadır. Bu gün Azərbaycan da eyni durumdadır və get-gedə vəziyyət daha da pisləşəcək. Bu gün ölkədə telekanalların hamısına dini verilişlər hazırlamaq qadağası qoyulub. Səbəb isə müəyyən qrupların dini veriliş açaraq öz təbliğatlarını aparmasının qarşısını almaqdır. Amma nəzərə alınmır ki, bu addımı atmaqla həm də cahilliyin qalmasını təmin etmiş olurlar. Bu səbəbdən dini cəmiyyətdə olduğu kimi göstərmək vacibdir ki, insanlar həqiqəti görə bilsinlər. Fəthullah Gülən məhz bunu təmin etdi, dini cəmiyyətdə olduğu kimi göstərə bildi. Nəticədə bu gün Türkiyədə namaz qılmayan, dinə sığınmayan çox az adam qalıb. Amma Türkiyə həm də hər gün daha da demokratikləşir. Çünki maarifçilik əsas prioritet xətt olaraq qalır. Fəthullah Gülən xəttinin başqa bir özəlliyi isə bərabərlik və insanilik oldu. Məhz bu xətti tutmaqla Fəthullah Gülən kürdə də, laza da, türkə də eyni məsafə qədər yaxın oldu. Bütün insanları İslamın bayrağı altında birləşməyi aşılaya bildi. Bu gün Azərbaycanda buna ciddi ehtyac var. Çünki İran hər saniyyə talış-türk, Rusiya ləzgi-türk qarşıdurması yaratmaq üçün fürsət axtarır və gec tez buna müəyyən formada nail olacaqları şübhəsizdir. Bunun qarşısını almağın yeganə yolu isə bərabərliyi, insaniliyi özündə əks etdirən dini baxışlardır. Fəthullah Gülən yolunun Azərbaycan üçün həm də dəyəri budur ki, bu gün insanlarımız ağır sosial problemlər yaşamaqdadır. Fəthullah Gülən camaatının özəlliklərindən biri də budur ki, özündən zəifi atıb getmir. Özündən zəifi özü qədər güclü olmasına -istə maddi, istərsə də mənəvi baxımdan- çalışır və bu əsas prinsiplərdən biri kimi qəbul edilir. Bu gün Azərbaycan insanının bəlkə də ən çox ehtiyac hiss etdiyi şey məhz budur. Nəhayət Fəthullah Gülən xəttində ki, liberallıq da bu gün cəmiyyətin ehtiyac duyduğu bir məqamdır. Məhz bu prinsiplərlə Azərbaycan yad elementlərin ölkədə aparıcı qüvvəyə çevrilməsinin qarşısını ala bilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.