“Əgər bu məktəblər pis idisə, niyə övladınızı orada oxumağa vermişdiniz?”
Millət vəkili Qənirə Paşayeva “facebook”dakı rəsmi səhifəsində “nurçuluq” təriqətinə mənsub olması ilə bağlı yazılan iddialara münasibət bildirib. Q. Paşayeva bu əsassız böhtanlarla ona zərbə vurmaq istəyənlərin olduğunu yazıb: “Bu ölkədə bir qrup cahil, həyatda heç bir zaman xeyrli işlə məşğul olmayan, sadəcə millətin oğul və qızlarına şər-böhtan atmaqla məşğul olan və bundan zövq alan insan var. Bir neçə gündür ki, məni “nurçuluq” təriqətinin mənsubu olmaqda ittiham edirlər və bununla mənə zərbə vuracaqlarını düşünürlər.
Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir insan istədiyi təriqətə inana və bağlı olan bilər. Konstitutsiyamıza və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur. Başqalarının inancına müdaxilə edib, onu hədəf almaq isə ciddi qanun pozuntusudur. Mən də hər bir Azərbaycan vətəndaşı kimi istədiyim təriqətə inanmaqda, daxil olmaqda sərbəstəm və hər hansı bir təriqətin mənsubu olmaq istəsəm sizdən və başqalarından bunun üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir təriqətin, o cümlədən “nurçuluq” təriqətinin üzvü olsam bunu qorxmadan, açıq söyləyərəm. Burada qanunsuz bir şey olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək istəyirəm”.
Millət vəkili ötən gün onunla bağlı yayılmış video çarxa da münasibət bildirib. Qeyd edək ki, aznews.az saytı Qənirə Paşayevanın 1 il əvvəl Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyi çıxışı yayımlayıb. Adıçəkilən sayt millət vəkilinin həmin çıxışı zamanı tədbirin təşkilatçısı kimi tanınan Fətullah Gülənə işarə edərək, ona xüsusi təşəkkür etdiyini yazıb: “Hər bir işin bir memarı var. Mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm. Hamınızın yerinə ona “Allah razı olsun” deyirəm. Çünki bu gün dünyanın ehtiyacı olan şey bu salonda olan sevgidir, anlayışdır, qardaşlıq duyğusudur. Bu gənclər də dünyaya bunu yayacaq”.
Q. Paşayeva isə bir il əvvəl belə bir çıxış etdiyini təqsdiqləyib və bildirib ki, “qorxsaydım, o çıxışı etməzdim. Çünki sizdən fərqli olaraq mən sifarişlərlə işləmirəm”. Millət vəkili Seyid Yəhya əş-Şirvani əl-Baküvi, Həzrəti Mövlana, Hacı Vəli Bektaş, Mir Həmzə Seyid Nigari ilə bağlı da beynəlxalq konfranslarda çıxışları olduğunu xatırladıb və onu hədəfə alanları həmin çıxışlarla da tanış olmağa dəvət edib: “Ey dünyadan xəbərsizlər, mən bu çıxışları Bakıda türk məktəblərinin festivallarında həmişə etmişəm, xəbəri sizə yenimi çatıb? Yazıqlar olsun sizə… Bəli, bu gün də hesab edirəm ki, dünyanın müxtəlif yerlərində açılan türk okulları və Azərbaycandakı türk okulları insanımız, türk milləti üçün zərərli deyil, xeyirli işlərlə məşğul olub. Bunu təkcə mən deyil, ölkəmizin rəhbərliyi, Türkiyə Prezidenti, Baş Naziri, bir çox millət vəkilləri də deyiblər və onların videosunu da internetdən tapa bilərsiniz”.
Q. Paşayeva ona qarşı aparılan bu qaralama kampaniyasının arxasında kimlərin dayandığıı yaxşı bildiyini və onların öz niyyətlərinə nail ola bilməyəcəklərini vurğulayıb: “Bu kampaniyanın rəhbərlərindən birinə bu sualı verirəm. Əgər bu məktəblər pis idisə, niyə övladınızı orada oxumağa vermişdiniz? O zaman demək sizin övladınız da “nurçuluq” təriqətinin üzvüdür? Bizi, bir qrup gənc insanı çeşitli mətbuat orqanları vasitəsi ilə hədəfə alan bədbəxtlər, sizin dərdiniz başqadır, bunu bilənlər bilir. Siz bu ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi maraqlanızı və mənafeyinizi düşünürsünüz, sizin kimi istedadsız insanların önünə keçən aydın gənclərə nifrət edir və onlara bu yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq”. Millət vəkili onunla bağlı müxtəlif iddialarla çıxış edən media orqanları ilə hüquq müstəvisində mübarizə aparacaq: “Mənə vurduqları mənəvi ziyana görə onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı isə ehtiyacı olanlara hədiyyə etməkdən böyük məmnuniyyət duyacam. Bu sizə qısa cavabımdır, daha geniş cavabımı gözləyin…”
- tarixində yaradılmışdır.