Fazil Mustafa: “Ərdoğan on min azərbaycanlı uşağı güllələtdi”
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Azərbaycandakı türk məktəblərinin bağlanması qərarı, habelə bu qərarın arxasında hansı qüvvələrin dayanması, baş verənlərin ölkənin təhsil həyatına təsiri və s. ilə bağlı “Hürriyyət” qəzeti və Moderator.az-a müsahibə verib. Rəcəb Tayyib Ərdoğana qarşı ciddi ittihamların yer aldığı müsahibədə Azərbaycan cəmiyyətinin baş verənlərə laqeyd münasibəti ilə də bağlı maraqlı fikirlər yer alıb.
- Fazil bəy, bu günə qədər türk məktəblərinin bağlanması prosesinə xitam verilə biləcəyi ilə bağlı gözləntilərlə çıxış etsəniz də Milli Məclisdəki son müzakirələr bu müstəvidə heç bir ümidverici yeniliyin olmadığını göstərdi. Sizcə, artıq bu mərhələdən sonra Azərbaycandakı türk məktəblərinin xilası mümkündürmü?
- Bu, Azərbaycanın iradəsi ilə baş verən hadisə deyil. Azərbaycan tərəfinin marağına uyğun deyil ki, şəbəkə formasında, dövlətin maraqlarına xidmət edən, yüksək kadrlar hazırlayan məktəbləri bağlasın. Bu, Türkiyə baş nazirinin israrlı yanaşmasından sonra baş verdi. Təbii ki, bir ölkəyə açıq şəkildə söyləmirlər ki, sən filan məsələni həll et. Sadəcə, Azərbaycan-Türkiyə münasibətləri daha çox hökumətlərarası münasibət olduğuna görə, Ərdoğanın rəyini əsas götürərək bu məsələdə belə bir addım atıblar. Bu, yanlış bir addım və tarixi bir səhvdir. Hesab edirəm ki, bu, Bakıda ikinci dəfə türk bayrağının endirilməsinə bənzər bir hadisədir. Bu bayrağı isə başqası yox, bayraq haqqında böyük nitqlər söyləyən Ərdoğanın özü endirib. Bu, olduqca təhlükəli bir olaydır və Azərbaycanda Türkiyənin yenidən dönərsatan imicinə qayıtması deməkdir. Əvəllər deyəndə ki, türklər Azərbaycana nə gətirdi? Deyirdilər ki, dönərxanala gətirdi. Biz isə bunun qarşılığında deyirdik ki, Türkiyə Azərbaycana məktəb gətirib, ona böyük dəstək verib və s. Amma Ərdoğan dönərxana imicini yenidən Azərbaycanda bərpa etdi. Bu, böyük bir tarixi cinayətdir. Hesab edirəm ki, Azərbaycan gəncliyinə bundan daha böyük bir zərbə vurula bilməzdi. Mən bu məsələdən qayıdış yolunu görmürəm. Azərbaycan hakimiyyəti bu məsələdə daha böyük iradə göstərməliydi, lakin belə bir iradə sərgiləyə bilmədi. Halbuki, Azərbaycan gəncliyinin sağlam böyüməsi üçün belə bir iradə ortaya qoymalı idi. Bundan sonra uşaqlar hansı məıktəblərə gedəcəklər? Azərbaycanda məktəblərdəki vəziyyətdən xəbəriniz varmı? Milli-mənəvi dəyərlər üzərində yetişən bir məktəbi bağlayıb hamını bir məktəbə, bir qazanın içərisində daxil etməkdən nə çıxacaq, bunu biz özümüz də anlamış deyilik.
- Türk məktəblərinin bağlanması qərarının Ərdoğanın istəyi əsasında formalaşması həqiqəti onu göstərmir ki, Azərbaycan hökumətinin kifayət qədər müstəqil, stabil siyasəti yoxdur və onun mövqeyinə kənar amillər asanlıqla təsir göstərir?
- Xeyr. Azərbaycanın kifayət qədər möhkəm və stabil siyasəti var. Elə məsələlər var ki, Azərbaycan bu məsələlərdə heç Türkiyənin özü ilə də hesablaşmır. Bu, tamam başqa məsələdir. Türkiyə hökumətinin başçısı Ərdoğanla münasibətlər pozulmasın deyə bu addım atılıb. Lakin bunu da unutmaq lazım deyil ki, Ərdoğan yalnız Azərbaycana ziyan vurmayıb. Ərdoğan o boyda türkmənləri özünün hazırladığı, dəstək verdiyi terrorçu İŞİD-in qarşısında aciz duruma buraxıb. Gündə yüzlərlə türkməni divara dirəyib güllələyirlər. Bunu kim edir Ərdoğanın dəstək verdiyi Azad Suriya Ordusundan ayrılan, özünü İŞİD elan edən hərbi birləşmələr. Bu faciə təkcə Azərbaycanla bağlı yaşanmır. Azərbaycan hökuməti dövlətlərarası münasibətin pozulmaması üçün ən riskli addımlara belə gedir. Azərbaycan tərəfi öz maraqlarına cavab verməyən addımlıarı belə atdı ki, bölgədə hamı ilə düşmənə çevrilən Ərdoğanla münasibətləri qoruyub saxlasın.
- Milli Məclisin özündə belə elə millət vəkilləri var ki, onlar türk məktəblərinin qorunub saxlanılması tələbi ilə çıxış edən insanları nurçuların müdafiəçisi hesab edir və ki, bu insanların məhz nurçu şəbəkəsinin sifarişi əsasında müdafiə kampaniyası təşkil etdiyi qənaətindədirlər. Bu ittihamlarla bağlı nə söyləyə bilərsiniz?
- Azərbaycanda vətən şərəfi olmayan insanlar var ki, onlar qəsdən belə bir şərait yaradırlar ki, heç kim doğrunu müdafiə eləməsin. Kimsə nurçudursa onun nurçuluğu da, dini də, təriqəti də, ibadəti də onun özünə qalsın. Bizi bu maraqlandırmır. Bizi fakt maraqlandırır. Biz nə nurçu, nə onun təriqətini tanıyırıq, nə də onun kitabını oxuyuruq. Fakt isə odur ki, Azərbaycan uşaqlarına yaxşı təhsil verən məktəblər açıblar. Bunu ingilis də, erməni də, gürcü də açsa, bu məktəblərdə Azərbaycan uşaqlaırnın yaxşı təhsili üçün şərait yaratsa, rüşvətsiz bir məktəb yaratsa, biz bunu yenə də dəstəkləyəcəyik. Azərbaycanı sevməyən, Türkiyəni buradan uzaqlaşdırmaq istəyən qüvvələr qəsdən belə bir kampaniya aparırlar ki, hər kəs sussun və kimsə nə isə deməsin. Biz ona görə rahatılıqla danışa bilirik ki, öz ölkəmizi sevən insanlarıq. Biz heç bir qüvvənin təsiri altında deyilik. Bilirəm ki, kənardan mənə də yüzlərlə nadan, gerizəkalı, vətənini sevməyən, ləyaqəti olmayan insanlar ümxtəlif iradlar bildirirlər. Düşünürlər ki, yəqin bu da onlardandır. Biz nə onların məktəbində oxumuşuq, nə onların cameyası ilə münasibətimiz var. Mən bir azərbaycanlı olaraq bu məktəbin dağılmasını Azərbaycanın faciəsi kimi görürəm. Belə bir məsələdə haqqı müdafiə etməyib nə etməliyəm? Nə deyim? Deyim ki, düz edib bu məktəbləri bağlayırıq? Kiminsə gözü kölgəlidir, kiminsə hansısa narahatlığı varsa, bu onun öz işidir. Bu, insanlar heç qanmır ki, nurçuluq nədir, İslam nədir. Gəlsinlər onlara İslamın mahiyyətindən saatlarla mühazirə oxuyum, onlara başa salım ki, İslam nədir. Onlar İslamın mahiyyətini bilmir, sadəcə təriqətləri əzbərləyir, bunun sünni, onun şiə, bir başqasının nurçu olduğunu iddia edirlər. Bunun xaricində onların bildiyi heç nə yoxdur. Necə olur ki, biz vəhabiləri və eləcə də radikal islamın bütün cərəyanlarını tənqid edirik. Nurçu deyilən kəsim isə iddia edir ki, silahsız mübarizə lazımdır. Təhsillə yaşamaq, savadlanmaq lazımdır. Bunu deyən insanı söyməliyik? Həmin adamlar bizi təhsilə çağırırdı və biz isi təhsilə çağıran insanları söyürük. Bundan sonra kimsə bizi yenə təhsilə çağıranda ona deməyəcklərmi ki, bu xalqı təhsilə niyə çağırırsan? Bu xalq təhsil istəmir, onu başqa şeylərə çağır. Biz təhsili dəstəkləyirik və həqiqət də budur ki, həmin məktəblərdə şagirdlərə yüksək təhsil verilirdi. Cəmiyyət bunu unutmalı deyil. İndi gələn il həm bu uşaqların, həm də digər məktəblərdə təhsil alan şagirdlərin göstərdiyi nəticələrə baxın. Fərqi görəcəksiniz.
- Türk məktəblərində şagirdlərdən rüşvət alındığı iddiası da irəli sürülməkdədir. Sizcə bu iddianın həqiqətlə az-çox bağlılığı varmı?
- Bu məktəblərdə savadlı uşaqların heç birindən pul alınmırdı. Yalandan iddia edirlər ki, şagirdlərdən 8-9 min pul alırtlar. Oxumayan şagirddən pul alacaqlar də. Oxumayan şagird harada pulsuz oxuyur? Bu, Azərbaycana nifrət edən, sadəcə hakimiyyətə yaltaqlanmaq üçün, hakimiyyətə yarınmaq üçün fürsət axtaranların ittihamlarıdır. Bunlar mənasız ittihamlardır. Biz öz yolumuzu bilən insanlarıq. Biz öz ölkəmizin maraqlarını heç bir ölkənin maraqlarına dəyişməyən insanlarıq. Mən baş verənləri böyük bir cinayət kimi xarakterizə edirəm. Bu cinayətin başında Ərdoğan durur. Ərdoğan türk bayrağını Azərbaycanda ikinci dəfə endirdi. Ərdoğan Türkiyənin Azərbaycanda təhsil gətirən Türkiyə kimi deyil, dönər Türkiyəsi kimi təmsil olunmasına səbəb olacaq. Mən Azərbaycanı qınamıram. Azərbaycan tərəfi illərlə bu məktəblərin qalması üçün təkid elədi. Amma buna imkan verilmədi. Münasibətlər pozulmasın deyə sonda belə bir addım atmaq məcburiyyətində qaldılar.
- Maraqlıdır ki, türk məktəblərinin bağlanması cəmiyyətdə sərt təpgilərə, etiraz və dirənişə səbəb olmadı. Halbuki, belə bir təpgi cəmiyyətdə bəlli bir kəsimin baş verənlərdən həqiqətən də narahat olmasının əyani göstəricisi kimi qəbul edilə bilərdi. Sizcə cəmiyyətin məlum susqunluğunun arxasında nə dayanır?
- Azərbaycan insanı nə vaxt daha çox ağladı? Şuşa gedəndən sonra, yoxsa Şuşadan öncə? Laçın gedəndən sonra ağladı, ya getməmişdən öncə? Qarabağ şikəstəsini ən çox nə zaman oxumağa başladılar? Azərbaycan cəmiyyəti nə zaman nəyinsə qabaqlayıcı düşüncəsinin daşıyıcısı kimi çıxış edib? İnsanlar bu faciəni hələ ki, yetərincə dərk etmir. Kimsə nurçudursa gedin onu həbs edin, 10-20 nəfəri tutun. Onları cinayət məsuliyyətinə cəlb edin. Müdirini tutun. 5 müəllimi çıxardın. Məktəb bağlamaq cinayətdir. Bu məktəbləri bu hakimiyyətin qurucusu olan Heydər Əliyev açdırıb. H.Əliyevin icazə verib açdığı məktəbi bağlamağın adı nədir? Ərdoğan H.Əliyevin açdığı məktəbləri bağlatdırdı. H.Əliyev uzaqgörən insan idi. Lənkləranda özəl türk litseyinin açılmasının mənası bilirsinizmi nə deməkdir? Bu, həmin bölgədə bütün İranın təsirini məhdudlaşdırmaq demək idi. Qubada türk litseyinin açılması bütün Rusiyanın təsirini məhdudlaşdırırdı. Məgər H.Əliyev bilmirdi ki, harda nə məktəblər açır? Bu məktəbləri bağlamaq cinayətdir. Ərdoğan bildirir ki, 1945-ci ildə CHP-lilər azərbaycanlı mühacirləri SSRİ-yə verdilər və həmin adamları güllələdilər. Bu hadisədən hazırda öz siyasətində istifadə edir. Ərdoğan isə on min azərbaycanlını güllələdib. On min Azərbaycan intellektini, təhsil almaq istəyən on min azərbaycanlı uşağını güllələdib. Elə şeylər var ki, orada güzəşt yoxdur və ola da bilməz. Mən Ərdoğanın siyasətində bəzi məqamlarla bağlı dəstək vermişəm. Amma onun bu qərarı anormal bir qərardır. Bu, Azərbaycan təhsilinə zərbədir. Və hesab edirəm ki, müəyyən zamandan sonra insanlar bu faciəni dərk edəcək və bunun yasını saxlayacaqlar.
- tarixində yaradılmışdır.