Fəthullah Gülən Xocaəfəndi: “Müsəlmanam deyənin terrora bulaşması İslamın üzünə ləkə yaxmaq kimidir”
herkul.org internet saytına müsahibə verən Fəthullah Gülən Xocaəfəndi son dövrlərdə Keniyada və Pakistanda baş verən terror hadisələri və bu hadisələrin özünü müsəlman kimi görən, ən başlıcası isə bu qanlı əməlləri İslamın, Quranın əmriymiş kimi törədənlər ilə bağlı suala cavabında terrorun İslamla əsla bir araya sığmadığını xüsusi vurğulayıb: “Söylədikləriniz doğrudur, amma əlavə ediləcək bir xüsus da var, bizi utandıracaq bir xüsus. Bu əməllər nədir, bilirsinizmi? İslamın o gözəl, mübarək üzünə ləkə yaxmağa çalışmaq.”
Xocaəfəndi müsəlmanların adına yazılan terror hadisələrinin bəzən İslamı anlamayan cahillər, bəzən hissiyatının əsiri olan gənclər, bəzən də zahirən müsəlman kimi görünən, əslində isə xaricdəki güc mərkəzlərinin oyuncağı olmuş cinayətkarlar tərəfindən işləndiyini söyləyib. Mübarək dinimizin qanlı müharibə şəraitində belə uşaq, qadın və qocaları öldürməyi qadağan etdiyini, ibadətxanalara toxunmağa icazə vermədiyini bildirən Xocaəfəndi terrorun Cəhənnəm əzabına səbəb olan ən böyük günahlardan biri olduğunu xüsusi vurğulayıb.
- Suriyadan Pakistana, oradan Kenyaya qədər geniş bir coğrafiyada ən vəhşi, ən qəddar hadisələr baş verir və bu hadisələr İslamın adı ilə bir araya gətirilməyə çalışılır. Yəni “Quranın əmridir”, - deyib baş kəsirlər, məscidləri, kilsələri bombalayırlar. Müsəlmanlar arasında bu cür terror hadisələrinin baş verməsi hansı səbəblərə bağlıdır, necə izah edilə bilər?
- Bizi utandıran bir tablo! Müsəlmanlığın üzünə ləkə yaxılması kimi bir şey! Mübarək dinimizin yanlış anlaşılması və yanlış təqdim olunması səbəbiylə ortaya çıxan bu mənzərə bizim üçün xristianların səlib yürüşündən, monqolların müsəlman aləmini alt-üst etməsindən daha ağırdır, daha betərdir. Zahirən müsəlman kimi görünən bəzi kimsələrin əli ilə “Allah adına çalışırıq” deyərək canlı bomba olmaq, bomba dolu maşınları məsum insanların arasına sürüb partlatmaq, məbədləri dağıtmaq.., bunları Quranla, sünnə ilə bağlamaq mümkün deyil. Qurana və sünnəyə uyğun olmayan hər hansı hal və ya hadisə müsəlmanlıqla izah edilə bilməz.
İnsanlığın İftixar Tablosu olan sevimli Peyğəmbərimiz (s.ə.s.) 13 il Məkkeyi-Mükərrəmədə normal insanın dözməsi mümkün olmayan zülm və işgəncələrə sinə gərdi. Onun çəkdiklərini görən səhabələrin gözləri dolurdu. Onlar bir tərəfdən Cənabi-Haqqa (c.c.), Onun sonsuz qüdrətinə baxır, bir tərəfdən də Onun bəşəri bu cəhalətdən, zülmətdən qurtarmaq üçün göndərdiyi sevimli Peyğəmbərinə və onun kafirlər əlindən çəkdiyi məşəqqətlərə nəzər salırdılar. Baxırdılar və gördükləri qarşısında öz heyrətlərini: “Allahım, Sən nə qədər Halimsən”, - deyə ifadə edirdilər. İnsanlığın İftixar Tablosu Kəbənin qarşısında ibadət edərkən başına içi peyinlə dolu dəvə qarnı qoydular, daşa basdılar... O isə onu daşa basan, dişini sındıran, yanağını yaralayan, başını yarıb mübarək qanını axıdan insanlara bəddua etmədi, əllərini Uca Yaradana açaraq: “Allahım, qövmümü hidayətə qovuşdur, çünki onlar mənim Sənin elçin olduğuma inanmırlar”, - deyə dua edirdi.
Peyğəmbərimiz problemləri asan yolla və yumşaqlıqla həll etmişdir
Abdurrahman Azmanın da ifadə etdiyi kimi, İslam müharibələri tamamən müdafiə xarakterlidir. Hansını araşdırsanız, özünüz bu qənaətə gələcəksiniz. İstər Bədr olsun, istər Uhud, istər Xəndək, istər Məkkənin fəthi, hamısında qan tökülməməsi, könül qırılmaması, düşmənçilik hissinin yüksəlməməsi, problemin yumşaqlıqla həll olunması üçün müsəlmanlar əllərindən gələn hər şeyi etmişlər. Rəsulullah 15 il boyunca qarşısında divar kimi dayanmış, ən qəddar düşməni olan Əbu Cəhlə belə, “Allah səni yerin dibinə soxsun!” - deməmişdir. Elə demədiyinə görə də Əbu Cəhlin qızı da, oğlu İkrimə də müsəlman olmuşlar. Onun kiçik bir işarəsi ilə müsəlmanlar son damla qanlarına qədər dayanmadan savasar, amma biri də səsini çıxarıb etiraz etməzdi. O Səhabələr zəncirə vurulmuşlar, işgəncə görmüşlər, amma İnsanlığın İftixar Tablosunun buyurduğu kimi davranmışlar, Onun düşüncə tərzi ilə düşünmüşlər, Onun üslubu, Quran anlayışı, sinnə anlayışı ilə dözmüşlər, hər ağrı-acıya sinə gərmişlər.
İslamın heç bir mərhələsində günümüzdə baş verən vəhşətin bənzərinə rast gəlmək mümkün deyil. Bəlkə müəyyən mərhələdə Muvahhidin, bir dövrdə də Qərmətilər, batinilik düşüncəsinə yuvarlanmışlar, haqqı nahaqdan seçə bilməyən, haqq və həqiqətin istiqamətindən xəbərdar olmayan insanlar bu cür vəhşiliyə baş vurmuşlar, amma onlar da başqalarını öldürmək üçün intihar edib Cəhənnəmə əbədi girməmişlər. Nə sanmışdınız, intihar edən Cəhənnəmə gedər və öldürdüyü məsum insanların hesabı da ondan soruşular.
Möminlərin Əmiri Həzrət Əlinin xəlifəlik dövründə günümüzdə olduğu kimi fitnələr geniş yayılmış, şişdikcə şişmişdi. Bir nəfər onun yanına gəlmiş və: “Ya İmam, filankəslər filan yerdə böyük bir ordu ilə məskunlaşıblar, sənin üzərinə hücuma hazırlaşırlar. Yaxşısı budur ki, onlar hərəkətə keçmədən sən onlara hücum edib hamısını öldürəsən”- demişdir. O böyük İmam da öz şanına yaraşan cavabı vermişdir: “Mən hardan bilim ki, onlar bizim üzərimizə hücum edəcəklər?” Bu düşüncədəki ədaləti, incəliyi görürsünüzmü? Məncə, bu mübarək zatın layiq görüldüyü Şahi-Mərdanlıq Xeybər qalasının qapısını qoparmaqda deyil, Amr ibn Abduvədi bir qılınc zərbəsiylə ikiyə bölməsində deyil, təkəbbürün, xudbinliyin “Mən! Mən!” deyə Ramazan davulu kimi gurladığı bir dövrdə nəfsini nəzarət altına almasındadır, iradəsini ortaya qoyub təvazö yolunu tutmasındadır və bu qədər ciddi, həlledici sual və seçim qarşısında ədalətdən zərrə qədər də güzəştə getməyərək, “Haradan məlumdur ki, bizə hücum edəcəklər?”-deyə bilməsindədir.
Sevimli Peyğəmbərimiz 99,9 faizi müşrik olan Məkkəyə qan tökmədən girir. Amma nəticəsi nə olur, bilirsinizmi? İki gün sonra həmin o 99,9 faizlik kütlə Onun hüzurunda toplanır və o Ayın ətrafında halə kimi tərtəmiz, billur kimi bərraq hala gəlirlər. Ən inadçı insan belə “Məndən nə istəyirsiniz, nə gözləyirsiniz?” - deyə qürur nümayiş etdirməyə çalışsa da, o görüşdən aldığı təsirlə evində dəyişir, ruhunda baş qaldıran bir tufanla, bir fırtına ilə yenilənir, anadan təzəcə doğulmuş kimi olur və Onun yanına dönürdü.
İslam düşmənləri müsəlmanların zəif damarından istifadə edirlər
Mən baş verənləri birtərəfli dəyərləndirmirəm. Doğrudur, ola bilsin ki, İslam düşmənləri bizim boş tərəflərimizdən, zəif damarımızdan istifadə edərək, müsəlmanların bir araya gəlməsinə, İslamın gözəlliklərinin yaşanmasına, təbliğinə əngəl törədirlər. Yadınıza salın, Dövləti-Aliyeyi-Osmanlı yıxılandan sonra bölünmələr, parçalanmalar ard-arda gəlməyə başladı. Amma indi yenidən birləşmə, bir araya gəlmə cəhdləri, özünə dönmə təşəbbüsləri, öz ruhuna qovuşma qeyrəti görünməkdədir. Əlbəttə, bunu başqaları da görürlər. Sadəcə Türkiyə prizmasından məsələyə baxacaq olsanız, bu 50-60 ildə artıq çox şeyin dəyişmiş olduğunu görəcəksiniz. Çox şey kökündən uzaqlaşdı, əslindən ciddi şəkildə fərqləndi. Əgər biz bu zamana qədər soyuq ağılla, təmiz duyğularla, saf niyyətlə hərəkət etmiş olsaydıq, itkimiz indikindən 10 dəfə az, qazancımız 10 dəfə çox olacaqdı. Amma insanıq, yanılırıq, aldanırıq, yaxşılıq etdiyimizi zənn etdiyimiz yerdə bəzən pislik edirik. Aramızda başqalarının gözünün içinə dimdik baxan, öz meyarlarını, təməl dini prinsipləri bilməyənlər var. Çox asanlıqla kimlərinsə fitnəsinə uyan, qazdığı quyuya düşən xeyli insanımız var. Təbii ki, kənarda başqaları da müəyyən ssenarilər hazırlayırlar, icraçıları da hazır. Kütlələr çox zaman həmin icraçıların oynadıqları o ssenariyə asanlıqla aldanırlar.
Halbuki, insanın könlünü fəth edən əsas güc insanlıqdır, yaxşılıqdır. Qüdsdə namaz vaxtı gələndə Həzrəti Ömər: “Mən namaz qılmalıyam” - deyir. “Ey möminlərin Əmiri, burada istədiyiniz yerdə namaz qıla bilərsiniz”,- söyləyirlər. Həzrəti Ömər cavab verir: “Əgər mən burda namaz qılsam, sonradan gələnlər Möminlərin Əmiri burda namaz qıldı deyə buranı məscid halına gətirərlər və bu da siz xristianların haqqına təzavüz olar” - deyir və bir qədər aralıdakı qayalıqların arasında namazını qılır. İnsanlığın İftixar tablosu belə, Hz. Əbubəkr belə, Hz. Ömər belə, Hz. Osman belə, Hz. Əli belə... Onlar sadəcə göründüyü qədər qəhrəman deyillər, hər birisi həm də könül qəhrəmanıdır, ruh qəhrəmanıdır, ruh abidəsidir. Biz bu idik. İstər daxildən, istərsə də xaricdən bizi pozdular, dəyişdirdilər, vəhşiləşdirdilər.
Terrorçu olan müsəlmanlıq vəsfini itirər
Müsəlmanlar arasından terrorçu çıxmazmı? Çıxar, amma müsəlmanlıq vəsfini itirər. Ona həqiqi müsəlman demək olmaz. Axı eləsinə necə həqiqi müsəlman deyə bilərsən ki?! Müharibənin belə müəyyən qanunları var, sizinlə savaşırlarsa, siz də savaşırsınız. Savaşmayan insanla savaşmazlar. İnsanlığın İftixar Tablosu müdafiə məqsədiylə girməyə məcbur olduğu müharibəyə başlamadan əvvəl öz ordusuna belə buyurardı: “Məbədlərə sığınmış insanlara toxunmayın, qadınlara toxunmayın, uşaqlara toxunmayın...” Sevimli Peyğəmbərimizin ən səhih, ən mötəbər hədis kitablarında bildirilən və qaynağı Qurandan gələn bu əxlaqını, bu qaydalarını, bu təlimlərini indiki bu insanların elədikləri ilə bir araya gətirmək mümkün deyil. Dinin ən dəqiq və qısa tərifi belədir: İnsanları öz iradə və ixtiyarları ilə yalnız xeyrə sövq edən ilahi qanunlar məcmusu.
Elə düşünürəm ki, bu düşüncə ən inkişaf etmiş demokratiyadan daha demokratik, daha ədalətlidir. Bəli, dinin tərifi budur. Müsəlman da dinin bu tərifinə, düsturuna boyun əymək məcburiyyətindədir.
Cənabi-Haqq uca dini İslamın yenidən könüllərimizə taxt qurmasını bu millətə lütf eyləsin! Hər kəsə qarşı hörmətlə davranmalıyıq, hər düşüncəyə anlayış göstərməliyik, amma birmənalı şəkildə qəbul etməliyik ki, müsəlmanlığın haqsız yerə cana qıymaqla, terrorla, məsum insanların canına qıymaqla heç bir əlaqəsi yoxdur, ola da bilməz. Cənabi-Haqq könüllərimizi hikmətlə nurlandırsın, abad eləsin! Bizi buyurduqlarına zidd olan hər cür hal və hərəkətlərdən qorusun! Peyğəmbəranə ömür yaşamağı, Peyğəmbərimizin yolunda yaşamağı, Onun yolunda yaşayanların yolunda yaşamağı... Cənabi-Haqq hər birimizə nəsib və müyəssər eyləsin!
- tarixində yaradılmışdır.