Fəthullah Gülənin dünyası-3

Qəzetimiz ötən sayılarda maraqla qarşılanan “Fəthullah Gülən dünyası” silsiləsini davam etdir. Bu sayıda da Faruq Mərcanın qələmə aldığı “Fəthullah Gülən” adlı bioqrafik kitabından növbəti yazını təqdim edirik.

“Nə üçün Dəmirəli dəstəkləmirsən?”

1974-cü ilin payızı idi. Bəzi dindarlar siyasi səhnədə Süleyman¬ Dəmirəlin dəstəklənməsini vacib sayırdı. Gülənə görə isə, siyasətdən tamam uzaq olmaqla dinə xidmət etmək mümkündü. Bu ərəfədə dostu Mehmet Əli Şəngül onu ziyarət edir. Gülən evdə xəstə yatırdı. Mehmet Əli Şəngüldən şkafın qapısını açmasını və üst-üstə yığılmış məktublardan birini götürüb oxumasını xahiş edir. Dostu Gülənin bu istəyini yerinə yetirib, məktublardan birini zərfdən çıxarıb oxumağa başlayır. Məktubda Gülən Dəmirəli dəstəkləmədiyi üçün tənqid edilirdi. Gülən: “Bizim bunlarla məşğul olmağa vaxtımız yoxdur”, – deyib həmin gün məktubların hamısını sobaya atır.

1970-ci illərdən bəri Gülən əleyhinə yazıları ilə tanınan “Cümhuriyyət” qəzetinin yazarı Hikmət Çətinqaya 1990-cı illərdə də eyni “kursu” davam etdirirdi. O illərdə Gülənin vəkili Feti Ün Çətinqaya haqda bir sənəd əldə edir. Çətinqaya 1981-ci ilin iyun ayında bir solçu təşkilatın üzvü olduğu üçün nəzarət altına alınmışdı. Xanımı Çətinqayanın “kəskin paranoyya” xəstəsi olduğuna dair Egey Universiteti Tibb fakültəsi psixiatriya klinikasından xəstəlik kağızı almış və aiddiyyat orqanlarına təqdim edərək onun azadlığa buraxılmasına nail olmuşdu. Çətinqaya 26 iyun 1981-ci ildə aparılan istintaqda kommunist olduğunu bildirərək, “1974-cü ildə Türkiyə Kom¬munist Partiyasına üzv olmaq istədim, yaşım çatmadığı üçün məni qəbul etmədilər”, – demişdi. Həmin sənədlərin vəkilində olduğunu öyrənən Gülən bunların Çətinqaya əleyhinə istifadə edilməsinə razı olmur. Gülən “Bir fikrə fikirlə cavab vermək lazımdır. Bir insanın şəxsi məsələlərindən və zəif cəhətlərindən yararlanmaq doğru deyildir”, – deyir.

Ona görə, yaxşı insan yolu cəhənnəmə düşsə belə, orada cəhənnəm zəbaniləri ilə söhbət etməyi bacaran insandır. Yaxşı insan kobraya da rəqs etdirə bilər, yetər ki, onun mahnısını bilsin. Əqrəbə də sözünü dinlətdirə bilər, əsas odur ki, üslubuna uyğun danışmağı bacarsın.

Pakistan Hindistanın tərkibindən çıxıb müstəqil olmuşdu. Gərginliyin kulminasiya nöqtəsinə çatdığı bu günlərdə müsəlmanlarla hindular arasında toqquşmalar baş verirdi. Bu toqquşmada səhvən və ya bir qəza üzündən bir hindli uşaq həyatını itirir, hindli ata isə qisas olaraq bir müsəlman uşaq öldürəcəyinə and içir. Ata fürsət düşən kimi bir müsəlman uşağa hücum edir, ancaq yaxındakılar müdaxilə edib uşağı xilas edirlər. Sonra da həmin adamı hindlilərin rəhbəri Qandinin yanına gətirirlər. Qandi ondan nə üçün günahsız bir uşağı öldürmək istədiyini soruşur. Hindli ata: “Onlar mənim övladımın canına qıydılar, mən də onlardan bir uşaq öldürüb qisasımı alacağam”, – deyir. Qandi ona yol göstərir: “Bilirsən ki, öldürdüyün uşaq sənin övladını geri qaytarmayacaq. Əgər ölmüş övladının yerini doldurmaq istəyirsənsə, onlardan bir uşaq al, övladlığa götür və öz övladın kimi bağrına bas”.

Gülənə görə, bu hadisənin həqiqət və ya rəvayət olması önəmli deyil. Əsas məsələ buradakı Qandi kimi yaxşı insan olmağı bacarmaqdır.

Bu yaxşı insanla yanaşı, qabağına çıxanı sancan, xasiyyəti başqalarına zərər vermək olan elələri də vardır ki, onları ilanlar aləminə qoysan, bəlkə də, oranın padşahı olarlar. Onlar bu nəhəng yer üzündə belə qəzəb və nifrətini basdırmağa məzar tapmazlar. Bir gül bağçasına girsələr də, gül yarpaqlarının üzərindəki çiçəkləri gör¬sələr də, ətrafı bürüyən ətri qoxulasalar da, əllərinə batan bir tikana görə “viran olsun, bu gül bağçası” belə deyə bilərlər.

Romalı sərkərdə Katon və Napoleon

Gülənin dünyasında ileyi-kəlimətullahın yeganə hədəfi insandır. O, 1998-ci ilin aprel ayında fransız jurnalist Nikol Popa verdiyi müsahibədə deyirdi: “Ən önəmli məsələ əxlaqi cəhətdən mükəmməl və fəzilətli insan olmaqdır. Fərabi kimi utopiya müəllifləri, fəzilətli şəhərdən bəhs edənlər şəhəri ön plana çəkmişlər. Halbuki insan həmişə birinci planda götürülməlidir. Şəhər, mədəniyyət, ölkə, bölgə ondan sonra gəlir... İslamın 98%-i fərd və ailənin həyatını, ictimai əxlaq və mənəvi dəyərləri ehtiva edir. Yalnız 2%-i dövlət işləri ilə əlaqədardır. 98%-i nəzərə almayıb o 2%-i müsəlmanlıq kimi təqdim etmək həm doğru deyildir, həm də 98%-ə hörmətsizlikdir... İslamı siyasi sistem kimi qəbul edənlərə baxıb 98%-i tərk edərək 2%-i İslam kimi təqdim etmək və sonra siyasi İslamdan danışmaq İslam həqiqətlərinə ziddir”.

Gülən 1999-cu ildə kanadalı yazar Fred Ridə (Fred Reed) verdiyi müsahibədə isə bunları dilə gətirirdi: “Həzrəti Əlinin bir kəlamı var. İkinci cümləsi çox təsiredicidir: “Sən özünü kiçik bir zərrə sanırsan, amma əslində bütün aləmlər sənin içində kök salıb”. Əgər inancımızın bizə öyrətdiyi kimi, insan bütün yaradılışın özü, əsası olaraq ən mükəmməl şəkildə yaradılıbsa, onda Allahı əks etdirən parlaq bir güzgüdür... Daha açıq desək, insan müstəsna varlıqdır... Əgər İslam bir inanc, ibadət və əxlaq dinidirsə, demokratik ölkələrdə heç kim belə bir sistemə etiraz edə bilməz. Lakin bu sistemə əhəmiyyət verməmək və İslamı sırf idarəçilik forması kimi qəbul edərək müxtəlif siyasi mövqelərə namizəd olmaq və bu istiqamətdə çalışmaq İslamın yanlış izahından başqa bir şey deyildir... İslamı cəmiyyətin böyük kəsimlərini əhatə edən, əsasən inanc, əməl və əxlaqa bağlı mütləq həqiqət kimi təqdim etməliyik. Eyni zamanda İslamın demokratiya ilə ziddiyyət təşkil etmədiyini ortaya qoymalıyıq. Bunu bacarmaq üçün insanlar digərqəm və təmənnasız olmalıdır. Gələcək nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bu gün insanlar öz şəxsi zövqlərindən vaz keçməli və rahatlıqlarını tərk etməlidir. Mən bu sözlərlə heç də həmin insanlardan olduğuma işarə etmirəm, lakin inanıram ki, bu vəzifəni layiqincə yerinə yetirən insanlar çıxacaq. Mən özümü Allahın inayəti və lütfü ilə bu tip işlərə qeyri-iradi və müvəqqəti sövq edilmişlərdən biri hesab edirəm”.

O hesab edir ki, İslamiyyət yaxşı vətəndaş və insanın yetişdirilməsində demokratiya üçün faydalı dinamiklərə sahibdir və demokratiya buna görə ona minnətdar olacaqdır. Problemi kamil insan həll edəcək. Bu səbəbdən də ən böyük sərmayə insana, kamil insana qoyulan yatırımdır.

Kamil insan eyni zamanda mücadilə və məfkurə insanıdır. Zərrə qədər mücadilə ruhuna sahib insan əlli qat bilikli dahidən güclüdür. Həzrəti İsanın həvariləri və Həzrəti Məhəmmədin səhabələri getdikləri ölkələrin dillərini bilmirdilər. Ancaq Həzrəti İsanın ölümündən otuz il keçməmiş davamçıları Romanı sarsıtdı. Çünki onlarda mücadilə insanının gücü vardı. Həvari və səhabələr bu yolda səmimi və cəsur olduqları üçün uğur qazanırdılar.

Səmimiyyət elə bir sirdir ki, buz dağlarını belə əridər. Həzrəti İsanın saf və səmimi ardıcıllarını – ilk dövrün xristianlarını meydanlarda aslanlara yem elədilər, ağaclardan asdılar, tonqal qalanmış xəndəklərə salladılar. Bütün bunlara baxmayaraq dinlərindən dönmədilər. Bu uzun mücadilədən sonra, nəhayət, uğur qazandılar: I Konstantin xristianlığı Romanın rəsmi dini kimi qəbul etdi.

İslamın ilk müsəlmanları qısa müddətdə tarixin axarını dəyişdilər. Həzrəti Osmanın zamanında Xəzər dənizini aşıb Amudəryaya çatdılar. Aral gölü ətrafı və Palantökən İslamı tanıdı. Həzrəti Əlinin dövründə bu mücadilə insanları İslam dinini Öküz çayına və Cəbəllütariq boğazına qədər yaydılar. Hətta müsəlman elçiləri Çin sarayına qədər gedib çıxdılar.

İslam mənbələri Həzrəti Məhəmmədin yüz min səhabəsindən bəhs etsə də, Mədinə qəbirstanlığında uyuyan səhabələrin sayı on mini keçmir. Demək ki, əksəriyyəti ileyi-kəlimətullah uğrunda yollara düşdü. Çünki Kəbədə ölüb orada dəfn edilmək Allahı anlatmaq üçün Pekinə gedib orada ölməkdən və dəfn edilməkdən daha xeyirli deyildir. Səhabə Allahın adını yaymaq üçün dünyanın ən ucqar bölgələrinə üz tutdu. Kənardan baxanlar onlara dəli deyirdi. Çünki onların əməlləri, fədakarlığı, səmimiyyəti, məfkurəyə sədaqəti nə ağılın, nə də xəyalların sərhədinə sığırdı. Məhz bunun üçün otuz il davam edən səhabə dövrü möhtəşəmlik mücəssiməsidir.

Gülənə görə, ruhən çökmüş bir ölkənin hər bucağını yüzlərlə zəfər tağı və əsgər heykəlləri ilə bəzəsən də, onun məzardan bir fərqi yoxdur. Romalı sərkərdə Katon karfagenliləri məğlub etdiyi zaman deyil, ordusu zəfər nərələri ilə paytaxta daxil olarkən sərkərdə atını və zirehini imperatora təslim edib, “Mən millətimə xidmət üçün döyüşmüşdüm, indi vəzifəm sona çatdı, kəndimə qayıdıram” dediyi zaman müzəffər idi. Bunun əksinə nəfsinin və zərərli ehtiraslarının əsarətindən xilas ola bilməmiş səfil ruh dünyanı fəth etsə belə, məğlub sayılır. Özünü dünyanın hakimi sanan Napoleonun filosof Molmeyin şəxsiyyətində elm və fəziləti çılğıncasına qamçılarkən ruhən düçar olduğu məğlubiyyət Vaterluda düçar olduğu məğlubiyyətdən daha acı və alçaldıcı idi.

Roma İmperatorluğu nə qədər ki möhtəşəm legionlara sahibdi, senatında qanunlar hakimdi, dini etiqadlara qarışmırdı, o qədər varlığını qoruyub saxlaya bildi. Neron gəlib xristianlara zülm etməyə başlayanda bu düşüncəsiz davranışları da Romanın süqutunu hazırladı. Bu, gücün, qüvvənin ağılı məğlub etməsi idi. Napoleonun dühasını dəlik-deşik edən, Böyük İsgəndərin başını gicəlləndirən, Hitleri dövrün dəli təkəsinə çevirən səbəb eyni idi: güc, qüvvət çılğınlığı. Halbuki əsl zəfər daxildəki ehtirasları cilovlamaq və azğın hislərə imkan verməməkdi. Fateh Sultan Mehmet azğın maddi gücün deyil, hərbi dühası ilə yanaşı bu ali ruh və inancın timsalı idi. Buna görə də İstanbula girişi Sezarın Romaya girişinə bənzəmirdi.

Fəzilət xalq arasında döşəkçə və ya yerdə oturar. Qürur isə möh¬təşəm taxtlara sığmaz. Qürur tərsinə çevrilmiş qübbəni andıran quyu kimidir. Fəzilət isə üfüq nöqtəsindən yayılan göy üzünə bənzər. Qürur cəhalətin “qeyri-qanuni” övladıdır. Fəzilət isə “hik¬mətin əsil-nəcabətli övladı”dır. Qürur zülm və istibdad, fəzilət isə azadlıq və bərabərlik tərəfdarıdır.

Həqiqi dəyərlərin alt-üst olduğu, etibarın, insanlığın pul, yay-qış evləri, şəxsi mənzil və villalarla ölçüldüyü bir cəmiyyətdə maddi dəyərlər vəhşi qladiatorlar kimi fəzilətə hədə-qorxu gəlirlər. Belə bir toplumda fırıldaqçıların, mənfəətpərəstlərin, iki addım önünü görə bilməyən fərasətsizlərin hakim olması təbii haldır. Belə bir toplum ruhən çökmüş sayılır.

“Fəthullah Gülən” Faruq Mərcan, Yənbu.